Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:07

Sankt-Peterburqda Şah İsmayılın fərmanı tapıldı


Şah İsmayıl Xətai
Şah İsmayıl Xətai
-
Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun kitabxanasından Şah İsmayıl Xətainin fərmanı tapılıb.

AMEA Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov tapıntı ilə bağlı AzadlıqRadiosuna danışır.

- Paşa müəllim, lütfən, təzə tapıntı barədə bizi bilgiləndirin…

- Bizə iki sənəd gəlib Vaşinqtonda yaşayan həmvətənimiz araşdırıcı Həsən Cavadidən…

- Sizin institut həmin şəxslə işbirliyindədir?

- Maraqlı şeylər olanda, onlar bizimlə əlaqə qururlar. Təkcə Vaşinqtonla yox, bütün dünyada yaşayan azərbaycanlılarla əlaqə saxlamağa çalışırıq ki, xarici ölkələrdə olan əlyazmalarımızı əldə edə bilək.

BİRİNCİSİ—İTALYAN SƏYYAHININ «SƏYAHƏTNAMƏ»SİDİR

Fərmanın mətni

Fərmanın mətni

Əbülmüzəffər sözümüz

Əmiri-əzəm əkrəm Musa Dorğut oğlu inayət və şəfqətimiz ümidvar olandan sonra şöylə bilsün kim, iftixarül-əazim vəl-əyan Əhməd ağa Qaramanlu ol tərəfə göndərdük və ol yerin ixtiyarligini kəndunə şəfəqqət etdük. Gərək kim, müşarileyh sözümdən və məsləhətimdən çıxmasun və mütabiət və yardım ona qılsun kim, inşaallah-təala hər nə kim, etmək muradi və istəgi olsa, hasildür. Gündən-günə hər iş vaqe bolsa. Əhməd ağa ittifaqi ilə dərgahi-müəllamizə bildirsünlər kim, hər növ buyruğumuz olsa, əməl etsün, könlümüzə xoş dutub mərhəmətimizə əmrdar olsun.

Təhrirən 7 rəbiüləvvəl, sənə 917
Xətm
Qaldı budəfəki tapıntıya—biri Şah Təhmasibin dövründə Səfəvilər dövlətinə səfərdə olmuş venesiyalı bir səyyahın—Mikael Memberin «Səfərnamə»sidir. Vaxtilə italyan dilində yazılıb, sonra ingilis dilinə çevrilib. Həsən Cavadi fars dilinə tərcümə edib bizə göndərib. Xalqımızın mədəniyyət tarixinə dair çox maraqlı bir səfərnamədir.

İKİNCİSİ—ŞAH İSMAYILIN FƏRMANIDIR

İkinci sənəd isə surəti Sankt Peterburqdan—Şərqşünaslıq İnstitutunun kitabxanasından gətirilmiş Şah İsmayılın bir fərmanıdır. Bu fərmanda o, Əhmədağa Qaramanlu adlı şəxsi Səfəvilər dövlətinin vilayətlərindən birinə hakim təyin edir. Fərman «Əbülmüzəffər sözümüz» başlığı altında verilib. Bildiyimiz kimi, «Əbülmüzəffər» Şah İsmayılın künyəsidir (ləqəbidir). Tarixçilər bu adla Şah İsmayılı tanıyırlar. Sənəddə «Fərman» sözünün yerinə «Sözümüz» yazılıb. Bu da, sırf Azərbaycan türkcəsində olan bir sözdür və çox diqqətəlayiqdir.

BU SÖZLƏR ŞAH İSMAYILIN ANA DİLİNƏ MÜNASİBƏTİDİR

- Paşa müəllim, yəni indi hətta bizim işlətdiyimiz «Fərman» əvəzinə «Sözümüz» yazılıb?

- Bəli, bəli! Çox maraqlıdır. Özü də başlıqda gedib. Sonra… fərmanda «Əmr» əvəzində «Buyuruq» sözü gedib və biz indi də işlədirik bu sözü. Bu sözlər Şah İsmayılın ana dilinə - Azərbaycan türkcəsinə münasibətini aydın göstərir… Hicri tarixlə 917-ci il rəbiüləvvəl ayının 7-də, miladi tarixlə, yəni bizim tarixlə 1511-ci ilin 5 iyununda imzalanmış bu fərmanın dilinin sadəliyi, ən əsası siyasi terminlərin belə doğma dildə verilməsi diqqəti cəlb edir. Fikrimizcə, dünyanın müxtəlif kitabxanalarında saxlanan orta əsrlər—xüsusən də Səfəvilər dövrünə aid sənədlərin, fərman və məktubların aşkar edilməsi ana dilimizə dair belə münasibətin yeni nümunələrinin üzə çıxmasına səbəb ola bilər. Fərmanın mətninə diqqətlə baxanda, görürük ki, bir neçə ərəb-fars sözünü çıxsaq, mətnin Azərbaycan türkcəsində yazılmasına xüsusi diqqət yetirilib. 1511-ci ildə yazılmasına baxmayaraq, müasir oxucu bunu oxuyarsa, söhbətin nədən getdiyini həmin an başa düşə bilər.

FARS DİLİ SARAYDA MÜHÜM ROL OYNAYIB, AMMA…

- Paşa müəllim, indinin özündə də müzakirələr, mübahisələr gedir ki, Səfəvi sarayında Azərbaycan türkcəsi işlənməyib…

- Mən bu suala belə cavab verərdim: Heç şübhə yoxdur ki, fars dili Səfəvi sarayında mühüm rol oynayıb. Amma əlimizdə tariximizə dair kifayət qədər sənədlər yoxdur. Bax, bu sənəd niyə Sankt-Peterburqdan gəlir? Çünki bu sənədlər rus işğalı zamanı Ərdəbildən, Təbrizdən götürülüb və ora aparılıb. Vaxtilə Abbasqulu Ağa Bakıxanov da aparılan sənədlərin siyahısını tərtib etmişdi. Qalib ölkə həmişə məğlubun var-dövlətini, o cümlədən də əlyazmalarını aparırdı… Odur ki, bizim əlyazmalarımızın, sənədlərimizin çoxu ölkəmizdə deyil. Bizim institutda cəmi 12 min əlyazma var. Halbuki dünyada bundan qat-qat çoxdur! Bizim farsdilli abidələrimiz də olub - əlyazmalar, məktublar və s. Amma bu, heç bir vaxt türkdilli sənədlərin, yazışmaların üstündən xətt çəkməyib.

TÜRK DİLİ FARS DİLİNİ ÜSTƏLƏMİŞDİ!

Azərbaycan türkcəsinə Şah İsmayılın zamanında xüsusi diqqət verilib. Bu dil əməlli-başlı fars dilini üstələyibmiş! Hətta Şah Abbas dövründə, deyilənə görə, əksinə, fars dili türk dilini üstələyibmiş. Xeyli xarici ölkə səfirlərinin şəhadətləri var ki, sarayda adamlar türkcə danışırdılar və türkcə danışmayana yaxşı münasibət bəsləmirdilər… Bax, belə fikirlər var. Orta əsrlərdə Səfəvilər dövlətinə, Azərbaycana gəlmiş Avropa səyyahları bunu söyləyirlər. Bir sözlə, o dövrün tarixini yazmaq üçün şübhəsiz ki, yeni-yeni sənədlər əldə etmək lazımdır.

- Bəlkə elə Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun kitabxanasını daha ciddi araşdırmaq lazımdır?

- Onu da sizə deyim ki, hələ çox şeylər də əldə olunub… O demək deyil ki, əlimizdə heç nə yoxdur?! Özləri əlimizdə olmasa da, surətləri bizdədir! Amma birdən elə şeylər çıxır ki, təəccüblənirsən!

QADINLARIN KİŞİLƏRDƏN FƏRQİ… AĞZINDAKI YAŞMAQ…

- Paşa müəllim, Venesiya səyyahının –Mikael Memberin səfər qeydləri çap olunacaqmı?

- Biz onu plana salıb tərcümə edəcəyik. Çünki, dediyim kimi, çox maraqlıdır. Orada deyilir ki, Azərbaycan türkləri digər türklərdən daha qonaqpərvərdirlər... Elə bil, bu gün yazılıb. Azərbaycan qadınlarından, görün, nə yazır? Deyir, onların kişilərdən fərqi üzündəki yaşmaq idi. Onlar at belində cəngavərlik edirdilər! Bizdə orta əsrlərlə bağlı yanlış təsəvvür var. Guya qadınların hüquqları əlindən alınıbmış… Halbuki orada göstərilir ki, qadınlar çox döyüşlərdə iştirak edirdilər. Bunu biz demirik, italyan səyyahı deyir…

- Paşa müəllim, bizi çox maraqlandırdınız, lütfən, onu tez dilimizə çevirin…

--Yaxşı!!!
XS
SM
MD
LG