Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:56

Hakim Gülər Əhmədovanın məhkəməyə məcbur gətirilməsinə lüzum görmədi...


Əvəz Zeynallı
Əvəz Zeynallı
-
Əvəz Zeynallı:

- Şahidlərdən kim gəlib?

Hakim:

- Keçən dəfə elan elədik, Aydın Heydərov xəstədir, Gülər Əhmədova da həmçinin məhkəmə iclasına gələ bilmir. Bizə daxil olmuş telefonoqramda göstərilib ki, Gülər Əhmədova stress vəziyyətindədir.

Əvəz Zeynallı:

- O telefonoqramın bir surətini də bizə verin.

Hakim:

- Evdəki işçisi deyir ki, xəstədir, gələ bilmir.

Əvəz Zeynallı:

- Hansı xəstəxanadadır?

Hakim:

- Məhkəməyə gələ bilmir. Xəstədir. Bizə məlumat belə daxil olub.

Əvəz Zeynallı:

- Deməli, yenə gəlmədi.

Hakim:

- Gəlmədi.

«HEÇ BİR HƏKİM GÜLƏR ƏHMƏDOVAYA XƏSTƏLİK ARAYIŞI VERMİR»

Noyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə məhkəmə prosesi davam edib. Əsas şahid hesab olunan keçmiş deputat Gülər Əhmədovanın məhkəmə iclasına bu dəfə də gəlməməsi Əvəz Zeynallının narazılığına səbəb oldu. O bildirdi ki, Gülər Əhmədovanın ifadəsi əsasında bir ildən artıqdır həbsdədir. Əvəz Zeynalının deməsinə görə, Gülər Əhmədova bir dəfə məhkəmədə ifadə versə də, onun və müdafiəçilərinin suallarını cavablandırmadan zalda qalmaqal yaradaraq çıxıb gedib:

Əvəz Zeynallı:

- Hər gün istintaq təcridxanasından gözümün qabağında dustaqları yüksək şəkərlə məhkəməyə gətirirlər. Gülər Əhmədova hətta həkim arayışı da göndərə bilmir məhkəməyə. Çünki heç bir həkim ona arayış vermir. Üç dəfə elan elədi ki, insult keçirib, mətbuat araşdırdı, məlum oldu ki, yalan danışır.

Hakim:

- İndi də deyir ki, insult keçirib, evdən çıxa bilmir.

Əvəz Zeynallı:

- Elşad Abdullayevin bacısı oğlu müsahibəsində bildirdi ki, Gülər Əhmədova Amerikadadır. Bu qadın Amerikanı, Avropanı gəzir, ancaq bu məhkəmədən yayınmaq üçün min bir bəhanə uydurur. Bir halda ki, belədir, o zaman Gülər Əhmədovanın adını ittiham aktından çıxarın.

Prokuror Ramazan Hadıyev isə etiraz etdi. Bildirdi ki, Gülər Əhmədova məhkəmədə ifadə verdiyi üçün onun ifadəsi sübutlar siyahısında
qalmalıdır.

Prokuror:

- Onun məhkəməyə məcburi gətirilməsinə ehtiyac yoxdur.

Əvəz Zeynallı:

- Mənim burda bağırmağım, başımı divara vurmağım xoşunuza gəlirsə, bunu hər gün edin.

Hakim:

- Başını divara niyə çırpırsan ki, sözünü de, vəssalam.

Əvəz Zeynallı:

- Bu adam mütləq gəlməlidir. Gülər məhkəməyə gəlmir, istintaq vaxtı məndən oğurlanmış telefonlarımdan hələ də xəbər yoxdur. Vüqar Məmmədov Dubaydadır, o biri şahid Belarusdadır. Məhkəməm may ayının 14-də başlayıb, bu gün 7-ci aya keçir ki, siz 7 adamı bura gətirə bilmirsiniz. Hansı ki, həmin 7 adamı istintaq bir günə dindirib.

«BİR HAKİMİN Kİ, ÜSTÜNƏ PROKUROR QIŞQIRIR...»

Yerindəcə keçirilən müşavirədə qərar çıxarıldı ki, Gülər Əhmədova və Aydın Heydərov ifadə verdiklərinə görə məhkəməyə məcburi gətirilmələri təmin olunmasın.

Əvəz Zeynallı:

- Başa düşmədim, belə çıxır ki, gəlməyəcəklər deməli?

Hakim:

- Onların gətirilməsi mümkün olmadığına görə məhkəmə belə qərara gəldi. Onların ibtidai istintaqda və məhkəmə iclasında verdikləri ifadələrin sübutlar siyahısından çıxarılması zərurəti yaransa, bu məsələlər sonda yekun qərar qəbul olunarkən müşavirə otağında müzakirə olunacaq. Ona görə də, mən sənə ifadə verməyi təklif edirəm. Ancaq bu da sənin hüququndur, ifadə verə də bilərsən, verməyə də.

Əvəz Zeynallı:

- Ramella xanım, bu gün çıxartdığınız qərar nə vaxtsa Sizin karyeranızda mənfi rol oynayacaq.

Sonra Əvəz Zeynallı vəsatətlərini verdi. O, məhkəmə tərkibinə və dövlət ittihamçısına etiraz etdi.

Əvəz Zeynallı:

- Ramella Allahverdiyeva hakim davranışlarına riayət edə bilmir. Prosesi idarə etmək, şahidləri iclasa gətizdirmək,
ədaləti bərpa etmək mümkün olmur. Prosesdə iştirak etməli olan şahidlər başqa-başqa ölkələrə qaçıblar. Prokuror hər iclasda təxribatla məşğul olur. Hakimlər isə siyasi mahiyyətli işi idarə edə bilmirlər, haradansa sifariş gözləyirlər. Nə prokuror, nə də hakimlər şahidləri dindirməkdə maraqlıdır, üzə duran şahidlərə havadarlıq edirlər. Bir hakimin ki, üstünə prokuror qışqırır, mən bu hakimdən ədalətin bərpasını gözləmirəm.

Hakim heyəti müşavirə otağında vəsatətləri müzakirə etdikdən sonra onların təmin olunmadığını bildirdi.

Əvəz Zeynallının daha bir neçə vəsatəti də təmin olunmadı.

Məhkəmə iclası noyabrın 20-də davam edəcək.

Əvəz Zeynallı ötən il oktyabrın 28-də həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Bu ittihamlar sübut olunsa, Əvəz Zeynallı əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Keçmiş millət vəkili Gülər Əhmədovanın özü də indi ittihamlarla üzləşib. Keçmiş universitet rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayev Gülər Əhmədovanı deputat seçilməsi əvəzində ondan 1 milyon dollar rüşvət tələb etməkdə təqsirləndirir. Bu məsələ ilə bağlı video yayılandan sonra Gülər Əhmədova deputat mandatından imtina edib.
XS
SM
MD
LG