Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:45

Dostoyevski müsəlmanlar haqda: "Məscidə görə öz kilsəmizi sökməliyik?"


Fyodor Dostoyevski
Fyodor Dostoyevski
-

Rus yazıçısı Fyodor Dostoyevski "Yazıçının gündəliyi" adlanan publisistik əsərinin 1876-cı ildə çap edilən hissəsində müsəlman-türklər və müsəlman-tatarlar haqda da yazıb:


"Rus torpağı ruslara məxsusdur - yalnız ruslara. Bu torpaq - rus torpağıdır və onun bircə qarışı da tatarlara məxsus deyil.

Vaxtilə rus diyarını min bir əzab-işgəncəyə məruz qoymuş tatarlar bu torpağa gəlmədirlər.

Amma tatarları məğlub edən, öz torpaqlarını onlardan geri alan və tatarların özlərini fəth edən ruslar iki əsrlik işgəncəyə görə onlardan qisas almadılar, müsəlman-türklər onlara heç bir pisliyi keçməmiş qeyri-müsəlman rəiyyəti alçatdıqları kimi ruslar tatarları alçatmadılar, əksinə onlara özlərinin malik olduqları vətəndaşlıq haqlarına bərabər haqlar verdilər. Elə bərabərlik ki, siz ona heç çox maarifpərvər saydığınız Qərbin ən sivil ölkələrində də bəlkə rast gəlməzsiniz.

Bəlkə də rusiyalı müsəlman bəzən hətta rusun özüylə də müqayisədə daha üstün imtiyazlara malik olub - rus torpağının yiyəsi olan rusdan... Rus tatarın inancını da aşağılamayıb, onu sıxışdırmayıb, qovmayıb və inanın ki, əsl rus insanının ürəyindəki belə geniş, belə humanist dini dözümlülüyə siz Qərbin, hətta dünyanın heç bir yerində rast gəlməzsiniz.

Ona da inanın ki, rus tatardan yox, tatar rusdan kənar gəzməyi xoşlayır (məhz müsəlmanlığına görə). Tatarların qonşuluğunda yaşamış hər bir kəs bunu sizə təsdiqləyər...

Buna baxmayaraq rus torpağının sahibi - yalnız rusdur (velikorus, malorus, belorus - fərqi yoxdur) və bu, həmişə belə olacaq. Və əgər ehtiyac yaranarsa, pravoslav-rus müsəlman-türklərlə savaşmalı olarsa, inanın ki, rus heç vaxt imkan verməz ki, öz torpağında kimsə ona "veto" desin.

Tatarlarla münasibətlərdə həddən ziyadə incə davranmaq. yəni tatarın yanında hətta heç kəsin xətrinə dəyməyəcək, içdən gələn ən dərin, qeyri-ixtiyari hissləri (məsələn əzablara düçar edilmiş slavyanın halına acımaq - heç olmasa bir dindaş kimi) büruzə verməyə cürət etməmək, bundan başqa rusun mahiyyəti, gələcəyi və ən başlıcası məqsədi olan şeyləri hər vasitəylə tatardan gizlətmək - bütün bunları rusdan tələb etmək gülünc və alçaldıcıdır...

Mən öz inancıma sadiq olmağım, öz dindaşlarımın halına acımağımla tatarı necə təhqir edə bilərəm? Mənim günahım nədir ki, bizim türklərlə bütün savaşlarımız onun anlamında daim dini səciyyə kəsb edir. Rus İslamın əsas anlayışlarını dəyişə bilməz ki.

Deyirsiz ki, "incə davran, nələrisə gizlət, çalış heysiyyatına toxunmayasan"... Amma bir iş də var ki, əgər o belə həssasdırsa, onda məscidinin yerləşdiyi küçədə pravoslav kilsəsinin olmasını da özünə təhqir saya bilər. Bəlkə onda onu təhqir eləməmək üçün kilsəni sökək?

Rus öz torpağından qaçası deyil ki. Rus stolun altına girib kirimişcə dayansın ki, gözə görünməsin ki, nə var-nə var rus torpağında kişik qardaşı tatar da yaşayır?.."
XS
SM
MD
LG