Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:53

Sevinc Babayevanın dəfn olunduğu deyilir


Sevinc Babayeva
Sevinc Babayeva
-
Sevinc Babayevanın meyiti ailəsinə təhvil verilib. Bu barədə APA-ya mərhumun oğlu Ayxan Məmmədov məlumat verib. Onun dediyinə görə, mərhum dekabrın 30-da dəfn ediləcək. Ayxan Məmmədov anasının harada dəfn olunacağını açıqlamayıb.
Türkiyədə vəfat edən Sevinc Babayevanın cənazəsi Bakıya dekabrın 30-da səhər saatlarında gətirilib.

EKSPERTİZA...
Türkiyə xəstəxanasında vəfat etmiş Sevinc Babayevanın meyiti İstanbul Ədliyyə Tibb İdarəsində məhkəmə-tibbi ekspertizasından keçirilib.

Bu barədə AzadlıqRadiosuna Baş Prokurorluqdan məlumat verilib.

Məlumatda qeyd edilir ki, ekspertiza müayinəsi yekunlaşdırılıb və cənazənin Bakıya göndərilməsi üçün müvafiq tədbirlər görülür.

Həmçinin bildirilir ki, Sevinc Babayeva 2012-ci ilin avqustunda Azərbaycan Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında «Kəskin ağciyər emboliyası» diaqnozu ilə müalicə olunub.

Baş Prokurorluq bildirir ki, ekspertizanın nəticəsi barədə Türkiyədən cavab alındıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

XƏSTƏXANADAN AÇIQLAMA GƏLDİ

Sevinc Babayevanın öldüyü xəstəxana açıqlama verib. «BBC Azərbaycanca» bu haqda yaydığı xəbərdə deyilir ki, dekabrın 26-da Esenyurt Dövlət Xəstəxanasının Təcili Yardım Servisinə gətirilən 39 yaşlı Məryəm Solmaza CPR (süni nəfəsvermə) tətbiq edilib. Amma xəstənin reanimasiyaya yerləşdirmək lazım olduğundan o, «Medicana International»a göndərilib.

«Xəstəxanada onun fiziki müayinəsi aparılıb, bütün hematoloji və biokimyəvi analizləri, tomoqrafik müayinə nəticələri qiymətləndirilib. Xəstə süni tənəffüs cihazlarına bağlanıb, bütün həyati funksiyaları monitorla izlənib, ürəyinin fəaliyyətində çatışmazlıq olduğundan dərmanlar verilib».

Xəstəxana adından yayılan məlumatda deyilir ki, xəstənin ürəyi dörd dəfə dayanıb:

«Birinci dəfə saat 18:21-də ürəyi dayansa da, CPR tətbiqi ilə 4 dəqiqə sonra ürəyi normal ritminə dönüb. Ancaq saat 18:30-da xəstənin təkrar ürəyi dayanıb, CPR tətbiq olunub, 10 dəqiqə sonra ürəyi işləyib. Bütün dəstəklərə rəğmən, xəstənin ürəyi saat 18:45-də yenidən dayanıb. Bütün müdaxilələrə baxmayaraq, saat 19:15-də xəstənin həyati funksiyaları dayanıb və xəstəmiz həyatını itirib».

«Medicana International» bildirir ki, xəstə Esenyurt Dövlət Xəstəxanasında şübhəli şəxs qismində qəbul edilib, buna görə də Prokurorluq ölümlə əlaqədar yarılma qərarı verib.

Məlumatda ölüm səbəbinin məhkəmə orqanları tərəfindən müəyyən ediləcəyi deyilir.

«NİYƏ ÖLKƏDƏN ÇIXARIRDILAR?»

Hüquqşünas Əyyub Kərimov Sevinc Babayevanın ölümünün gözlənilən olduğunu, «çox şey bildiyi üçün aradan götürüldüyünü» söyləyir. O, hətta başqa ölüm hallarını da istisna etməyib.

Hüquqşünas Aslan İsmayılov isə deyir ki, Sevinc Babayevanın ölkəni tərk etməsi haqda xəbər çoxdan yayılıb – onun beynəlxalq axtarışa verilməsindən xeyli öncə. Ancaq onun ölkəni saxta sənədlə tərk etməsini də istisna etmir:

«Ancaq mən o fikirlə razılaşmıram ki, onu hakimiyyət aradan götürmək istəyib. Öldürmək fikirləri olsa, burda öldürərdilər, niyə ölkədən çıxarırdılar? Məsələ də onda beynəlxalq miqyasa çıxmazdı. Ancaq istənilən halda istintaq üçün araşdırılası xeyli məsələ var. Sevinc niyə video yayılandan dərhal sonra ölkədən gedib? Kim ona kömək edib? Orda kimlərlə qalıb?».

SEVİNC BABAYEVA XƏSTƏXANAYA BAŞQA ADLA DAXİL OLUB

Baş Prokurorluq barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi qaldırılmış və axtarışda olan Sevinc Babayeva haqda məlumat yayıb.

Məlumatda onun Türkiyədə «Medicana International» xəstəxanasında öldüyü deyilir. Həmçinin, onun xəstəxanaya başqa adla daxil olduğu və orda ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Məlumatda o da deyilir ki, Baş prokuror Zakir Qaralov Türkiyə Ədliyyə Nazirliyinə müraciət edərək Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşlarının ekspertizada iştirakı barədə məsələ qaldırıb. Bundan sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyəyə ezam olunublar.

Baş Prokurorluq araşdırmaların, o cümlədən ekspertizanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirir.

GÜLƏR ƏHMƏDOVA: «SEVİNC BABAYEVANIN ÖLÜMÜ ALLAHIN ƏCƏLİDİR»

- Bu, Allahın əcəlidir, Sevinc xəstə idi. Allah kömək etmədi ona.

Sabiq deputat Gülər Əhmədova AzadlıqRadiosuna Sevinc Babayevanın ölümü ilə bağlı belə deyib.

- Onun xəstə ürəyinə bu şeylər çox təsir etdi. Axtarışdaydı. O da xəstə qız idi. Çox qorxurdu. Onun videoları var, baxa bilərsiz.

- Gülər xanım, Sevinc Babayevanın öldürülməsi haqda şübhələr səslənir. Siz nə düşünürsüz bu haqda?
Gülər Əhmədova
Gülər Əhmədova

- Axmaq adamlar axmaq-axmaq şeylər danışırlar. Mən bu cür axmaq şeyləri eşitməkdən yorulmuşam. Ona görə də, onların səviyyəsinə düşüb şərh verməyəcəyəm. Allah rəhmət etsin! Allah ailəsinə səbir versin, Allah oğlunu da xoşbəxt etsin, anasının ömrünü ona versin...

- Gülər xanım, bütün bunlardan sonra Siz həyatınızın təhlükə altında olduğunu düşünürsüzmü?

- Xeyr, təhlükə hiss etmirəm...

KONSUL AZƏRBAYCAN HÜQUQ-MÜHAFİZƏ ORQANLARI ƏMƏKDAŞLARININ TÜRKİYƏYƏ GETMƏDİKLƏRİNİ DEYİR

Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov APA-ya deyib ki, Sevinc Babayevanın ölümünün dəqiq səbəbini müəyyən etmək üçün dekabrın 29-da meyitin tam tibbi müayinəsi keçiriləcək:

«Yalnız bundan sonra ölümün konkret səbəbi bilinəcək. Tam müayinə başa çatandan, sənədləşmədən sonra meyit Azərbaycana yola salınacaq».

Baş konsul Sevinc Babayevanın meyitinin tanınması prosesində iştirak etdiyini bildirib:

«Oğlu da, qardaşı da burdadır. Qadın burada vəfat edib».

Diplomatlın dediyinə görə, Sevinc Babayeva bir gün öncə ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya müraciət edib:

«Məlumata görə, qadın xəstəxanaya ağır vəziyyətdə daxil olub. Onu xilas etmək mümkün olmayıb».

Baş konsul Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşlarının faktla əlaqədar Türkiyəyə getmədiklərini deyib.

Sevinc Babayevanın İnterpol tərəfindən axtarışda olması, Türkiyəyə hansı şəraitdə getməsi barədə suala cavabında Həsən Zeynalov deyib:

«Mən bu barədə nəsə deyə bilmərəm. Bunlar hüquq-mühafizə orqanlarının işidir».

«XƏSTƏXANA DANIŞMAĞA SƏLAHİYYƏTLİ DEYİL»

«Biz bu mövzuda açıqlama verə bilməyəcəyik. Bütün sualları İstanbuldakı konsulluğa verin. Ailənin də istəyi budur. Onu müalicə edəcək həkimin də informasiya verməyə haqqı yoxdur».

Foto: Arxiv
Foto: Arxiv
AzadlıqRadiosuna «Medicana International» xəstəxanasından belə deyirlər. Haqqında cinayət işi açılan Sevinc Babayevanın dekabrın 28-də müalicə üçün bu xəstəxanaya müraciət etdiyi və burda öldüyü bildirilir. «Sevinc Babayevanın ölüm səbəbi nədir? Zəhərlənərək ölüb, yoxsa ürək çatışmazlığından?» sualı da cavabsız qalır.

Kimliyini açıqlamayan xəstəxana rəsmisi «Sevinc Babayevanın ölümü haqda məlumatların Bakıda şübhələrə yol açıb. Onun həkimi sualları cavablamaqla bu şübhələrə son qoya bilməz?» sualına aydınlıq gətirmədi:

«Üzgünəm. Amma bütün suallara ancaq konsulluq cavab verəcək, xəstəxana isə bu haqda danışmağa səlahiyyətli deyil».

PROKUROR: «ONUN ÜRƏK XƏSTƏLİYİNDƏN ÖLDÜYÜNÜ DEMƏK TEZDİR»

Bu arada APA İstanbulun Böyük Çəkməcə rayonunun prokuroru Fuad Arının ölüm faktına dair ilkin fikrini yayıb. Prokuror bildirib ki, hələlik xəstənin ölüm səbəbi bəlli deyil:

«Həkimlərin verdiyi məlumata görə, o, uzun müddət ürək xəstəsi olub, ürək ağrılarından və sancılardan əziyyət çəkib. Amma onun məhz bu xəstəlikdən öldüyünü söyləmək hələ tezdir».

Sevinc Babayevanın nəşi dekabrın 29-da İstanbulda ədliyyə tibb ekspertizasında müayinə olunmalıdır. Prokurorluq yalnız bundan sonra ölümün dəqiq səbəbini açıqlaya bilər.

Məlumatda deyilir ki, xəstəxanada ölən azərbaycanlı qadının üzərində ilkin müayinə və baxış aparılıb. Bu prosesə Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov və mərhumun qohumları da qatılıblar:

«İlkin baxış zamanı ölənin Azərbaycan vətəndaşı Sevinc Babayeva olduğu müəyyənləşib. Ancaq xəstəxanaya müraciət edən zaman onun üzərində hər hansı sənəd olmayıb».

Sevinc Babayeva kitabxana müdiri olub. Azərbaycan ictimaiyyəti onu ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı videolardan sonra tanıyıb. Həmin videolardan onun və keçmiş millət vəkili Gülər Əhmədovanın deputat seçilmək istəyən rektordan bir milyon dollar alıb Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə çatdırdığı anlaşılır. Bu videolar yayıldıqdan sonra cinayət işi açılıb.
XS
SM
MD
LG