Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:09

Amerikalı jurnalistin Suriyada gördükləri


Hələb şəhəri
Hələb şəhəri
-
Suriya Hava Qüvvələrinə məxsus hərbi təyyarənin endirdiyi raket məktəbin həyətinə düşüb. Məktəb binasının divarları çatlayıb. Bundan sonra uşaqlar içəri girib partaları, stulları parçalayıb evlərinə aparır.

Isam-al-Nadri oğlan məktəbi oduna görə talan edilir. Altıncı sinif şagirdi Ahmad deyir ki, «isinmək istəyirəm».

Hələb Suriyanın ən böyük şəhəridir. Artıq 6 aydır şəhərdə prezident Bashar Assad-in ordusu ilə üsyançılar arasında döyüşlər gedir.

Şəhərdə idarəçilik yoxdur. Ön cəbhədəki ərazilər uçulub-dağılıb. Şəhərin yaşayış məntəqələrinin çoxunda həftələrdir işıq yoxdur, su azdır. Hələb sakinləri benzin, qida, dava-dərman və qaz qıtlığından əziyyət çəkir. Xəstəliklər yayılır. Oduna görə parklardakı ağaclar da kəsilir. Bir vaxtlar hər iki tərəfi ağaclıqlar olan yollar indi ağac kötükləri ilə dolu olan prospektlərə çevrilib. Aylardır zibil yığılmır. Çörək üçün növbələr uzanır.

ÇÖRƏK YOXDUR

Yaxın Şərqin gözəl və tarixi şəhərlərindən biri olan Hələb indi məhrumiyyətlər içindədir. Şəhər sakinlərinin bəzisi Assad hakimiyyətinin geri qayıtmasını, bəziləri dini hakimiyyətin həsrətini çəkir. Gələcəyə ümidlə baxanlar da var.
Hələb şəhəri
Hələb şəhəri

Şəhərin üsyançıların əlində olan hissəsində çalışan həkim Ammar Diar Bakerly deyir ki, «yüksək maaşımızı, işimizi, cəmiyyətdəki yaxşı mövqeyimizi itirmişik. Qürurumuzu qorumaq üçün hər şeyimizdən keçdik. Azadlığımızı əldə etmək üçün bunlar belə azadır».

Ancaq hamı Ammar kimi düşünmür. İşsiz taksi sürücüsü Cohair İman Mustafa deyir ki, hər səhər dərman üçün klinikaya gedir: «Ancaq vermirlər. Çörək üçün saatlarla növbə gözləyirik. Ancaq çörək olmur». Mustafa sünnidir. Deyir ki, heç vaxt Assad rejimini dəstəkləməyib: «Ancaq inqilabdan əvvəl hər şey yaxşı idi».

«BEYNƏLXALQ ALƏM ÇƏKDİYİMİZ ƏZİYYƏTLƏRƏ GÜLÜR»

Suriyada 21 aydır davam edən qarşıdurmalar Hələbi iyul ayına qədər vurmamışdı. Ancaq iyul ayında Azad Suriya Ordusu şəhərə girdi. Hər şey bundan sonra dəyişdi. Rejim şəhərdəki nəzarəti itirməmək üçün ağır silahlardan istifadə etdi. Ancaq üstündən 6 ay keçəndən sonra ordu nəzarəti tam ələ ala bilməyib. Hələbin yarısında üsyançılar rahat gəzib-dolaşır. Şəhərdə qiymətlər qalxıb.
Hələb şəhərində döyüşlər
Hələb şəhərində döyüşlər
Zəruri məhsullar iyul ayına baxanda 3-12 dəfə bahalaşıb. Noyabr ayında üsyançılar şəhərin taxıl anbarlarını ələ keçirəndən sonra Hələbin un tədarükü kəsilmişdi. Çörək sexlərinin çoxu bağlanmışdı. Dekabr ayında bir neçə çörək sexi yenidən işə başlayıb.

Hələb sakinləri üçün qıtlıq ərzaqdan xəstəxanalara qədər uzanıb. Üsyançıların nəzarətində olan yaşayış məntəqələrində tibbi xidmət zəifdir. Noyabr ayında Dar-al-Shifa Xəstəxanası vurulandan sonra vəziyyət daha da pisləşib. Klinika və xəstəxanalarda çox az həkim işləyir. Onlar gündə yalnız 40 yaralıya xidmət göstərə bilir. Yoluxucu xəstəliklər yayılır. Həkim Bakerly deyir ki, əhali şəhərin döyüş olmayan hissələrinə sığınıb. Bir yerdə yaşamaq, içməli suyun azlığı və zibillərin uzun müddət yığılmaması yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır.

Həkim Muhammed-al-Hac isə deyir ki, indi Qərb Bashar Assad-in kimyəvi silahlardan istifadə edəcəyindən narahatdır: «Ancaq biz başqa yollarla ölürük. Top atəşi, ya da xəstəlikdən öldüyümüzü bilmirlər ki? Beynəlxalq aləm çəkdiyimiz əziyyətlərə gülür».
XS
SM
MD
LG