Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:36

Ermənistan mətbuatı Əkrəm Əylislinin qalmaqallı romanı haqda


Əkrəm Əylisli
Əkrəm Əylisli
-
Əkrəm Əylislinin Azərbaycanda dartışma və fikir ayrılığı doğuran, hətta parlamentin diqqətini çəkən «Daş yuxular»ı Ermənistanda da müzakirə mövzusuna çevrilib.

«Qolos Armenii» qəzeti bu romanı Azərbaycan yazıçısının Sumqayıtda, Bakıda yaşananlarla bağlı tövbəsi – etirafı adlandırır. Qəzetə görə, «Əkrəm Əylislinin yeni əsəri vətəndaş «qəhrəmanlığıdır»» və «Daş yuxular» Azərbaycandakı yalan təbliğatını tam üzə çıxarır. «Əkrəm Əylisli az qala 100 ildir Türkiyənin və iki on illikdir Azərbaycanın cəsarət etmədiyi addımı atıb. O, qəddar və qanlı həqiqəti söyləyib». Qəzet belə yazır.

«Armenia today»in fikrincə, Azərbaycanda Əliyev rejiminin tərəfdarları «Daş yuxular» kitabı ilə bağlı əsl isterika yaradıblar:

«Əylislinin «günahı» ondadır ki, bədii əsərində ermənilər haqqında pozitiv mülahizələr söyləyir».

Müharibə haqqında hekayələr yazan erməni yazıçısı Ara Nazaretyan AzadlıqRadiosuna müsahibəsində bildirib ki, «Daş yuxular» romanını oxumasa da, müharibə mövzusuna üz tutan yazıçılar həssas davranmalıdırlar.

- Sizcə, yazıçı müharibə haqqında necə yazmalıdır? Özəlliklə döyüşən xalqlardan birini təmsil edərkən...

- Mən düşünürəm ki, yazıçının milli kimliyi önəm daşımır – yazıçı humanist olmalıdır, axı. Yazıçı hər yerdə, hər addımda insani şeylər, xeyirxahlıq axtarmalı və göstərməlidir. Müharibə hər şeyi dağıdır və yəqin bəşəriyyətin yaratdığı ən pis şeydir. Müharibə yolu ilə nəsə düzəltmək, qurmaq mümkün deyil. Müharibənin yardımı ilə nəyisə həll etmək çətindir, müharibədə hər şey dağılır.

- Siz də müharibə haqqında yazırsınız. Kimsə sizi Azərbaycanyönümlü olmaqda suçlayıb?

- Yox, belə şey olmayıb. Ancaq mənim hekayələrimi oxuyan, müəllifin erməni olduğunu bilməsə, ağlına da gətirməz ki, erməni yazıb. Yəni, bu hekayələrdə açıq-aşkar erməniyönümlülük yoxdur. Hekayələrdə kimsə öldürür, kimsə qalib gəlir, kimsə yenilir. Müəllifin adını göstərməsən, heç kim bilməz ki, onu yazan ermənidir, azərbaycanlıdır, ya bəlkə rusdur. Bu yazılarda mən insan taleyini, insani sualları müzakirəyə çıxarmışam. Hər yazıçı da bu cür yazmalıdır. Ancaq əgər yazıçı başlasa ki, azərbaycanlılar məğlubdur, ermənilər qalibdir və s., bu, artıq yazıçılıq deyil, ədəbiyyat deyil, bu, yəqin ki, publisistikadır. Yazıçı Günəş Yerə baxdığı kimi hamıya bərabər baxmalı, bərabər yanaşmalıdır. Yazıçı baxışı bu cür olmalıdır. Kim haqlıdır, kim haqsızdır – bu, artıq siyasətdir.

- Müharibə etmiş xalqların ədəbiyyata baxışı da fərqli olur?

- Mən deyə bilmərəm ki, insanlar müharibə haqda yazılanlara necə yanaşmalıdır. Hər kəs özünəməxsus şəkildə qəbul edəcək. Mənim hekayələrimdə müharibə təbliğatı, lovğalıq, qalib-məğlub söhbəti yoxdur. Adi insan hekayətləridir, müharibədəki insan taleləridir.

Yazıçı Pərviz Cəbrayılsa "Azadlıq" qəzetində çap edilən məqaləsində qeyd edir ki, Ermənistanda Ə.Əylislinin romanını düzgün yozmayanlar, anlamayanlar da var: "Iş ondadı ki, erməni tərəfi də öz “vətənşüvənliyindədi”. Barışıq heç bir rəsmi tərəfə sərf eləmir. Çünki onlar qəsb elədiyi torpaqları əldən buraxmaq istəmir, bunlar qəsb elədiyi hakimiyyəti. Əkrəmə qarşı münasibətləri daha da körükləmək üçün Levon Məlik-Şahnazaryan adlı bir erməni müəllifin Azərbaycan oxucularına təqdim olunmuş yazısından da görünür ki, hər iki tərəfin “vətənpərvərliyi” hardasa üst-üstə düşür: “Akram Aylisli - bolşoy pisatel i qumanist, meçuyuşisya v poiskax putey primireniə zakavkazskix turok i armyanskoqo naroda”. Gözəl! Lakin bu cümlədən dərhal sonra müəllifin Əylislini elə bizimkilər kimi necə yanlış anladığı üzə çıxır: “On ponimaet, çto mir mojet nastupit tolko pri uslovii otkaza Azerbaydjana ot prityazaniy na armyanskuyu zemle, a takje iskrennosti v otnoşeniyax s armyanskimi qosudarstvami”.
Görünür ki, həm Azərbaycan, həm Ermənistan belə “vətənpərvərlərin” işğalından azad edilməyənə kimi işimiz çətin olacaq"
XS
SM
MD
LG