Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:03

Thomas de Waal: «Yaxşı olardı ki, erməni yazıçıları da Xocalı ilə bağlı etiraf etsin»


Thomas de Waal
Thomas de Waal
-

"Əgər ermənilər Əkrəm Əylisliyə kömək etmək istəyirlərsə, konfliktə görə Azərbaycan tərəfini ittiham etmək əvəzinə, Əkrəm Əylislinin atdığı cəsarətli addımı onlar da atmalıdırlar".

"Əkrəm Əylisli ilə bağlı baş verənlər mənə sovet dövründə “Doktor Jivaqo” romanına görə Boris Pasternakın başına gələnləri xatırladır".


ABŞ-dakı Sülh Uğrunda Karnegi Fondunda çalışan tanınmış jurnalist, "Qara bağ" kitabının müəllifi Thomas de Waal-ın Azadlıq Radiosuna müsahibəsi


"Mən indiyəcən Ermənistanda belə bir cəsarətli addım atan şəxs görməmişəm"

- Cənab de Waal, siz Cənubi Qafqazdakı prosesləri uzun müddətdir yaxından izləyən azsaylı xarici ekspertlərdənsiz. Azərbaycanda tanınmış bir yazıçının birdən-birə tabuları qırması, Azərbaycanın da konflikt zamanı zorakılıqlar törətdiyindən danışması, tərəfləri sülhə çağırması və çoxluğun buna etiraz etməsi – bütün bunlar Vaşinqtondan necə görünür?

- Bu, Azərbaycan cəmiyyətinin öz tarixini, problemlərini analiz etməyə nə dərəcədə hazır olmadığını göstərir. Özü də bu, münaqişə tərəflərinin hər ikisi, həm Azərbaycan, həm də Ermənistan cəmiyyətləri üçün səciyyəvi haldır. Mən Əkrəm Əylislinin romanını cəsarətli addım sayıram. O bunu siyasətçi, yaxud jurnalist kimi yox, sənətkar kimi edib. Sözünü bədii əsərlə deyib. Deyib ki, mənim yaşadığım cəmiyyət də pis işlər görüb, buna görə məsuliyyət daşıyırıq, və bunu etiraf etməliyik. Bu, çox yetkin və cəsarətli hərəkətdir. Mən indiyəcən Ermənistanda belə bir cəsarətli addım atan şəxs görməmişəm. Təəssüf ki, Əylislini bir cəsarətli vətəndaş kimi alqışlamaq əvəzinə təzyiqlərə məruz qoyurlar, kitablarını yandırırlar. Ayrı-ayrı insanların qəzəblənməsi başadüşülən ola bilər. Amma Əkrəm Əylisliyə qarşı kampaniyanın önündə hökumətin özünün getməsi təəssüf doğurur. Azərbaycan hökuməti sülhdən danışmağı xoşlayır, hətta minlərlə erməninin Bakıda rahat yaşadığını xatırladır. Təəssüf ki, münaqişə haqda cəsarətlə danışan yazıçıya qarşı təzyiqlər tamam fərqli təsəvvür yaradır, fərqli mesaj verir.

"Bu mənə “Doktor Jivaqo” romanına görə Boris Pasternakın başına gələnləri xatırladır"

Əkrəm Əylisli
Əkrəm Əylisli
- Bu günlərdə bir hakimiyyətyönlü partiyanın rəhbəri yazıçının qulağını kəsənə mükafat da boyun olub. Eyni zamanda dövlət televiziyasında Əkrəm Əylisliyə qarşı nifrət çıxışları yayımlanır. Bundan əvvəl isə prezident onu “xalq yazıçısı” adından məhrum etmişdi. Bu, Azərbaycanın beynəlxalq imicinə necə təsir edir?

- Güman ki bu məsələdə hökumət daha çox daxili auditoriyanı fikirləşir. Amma müasir dövrdə belə məsələlər bir ölkənin sərhədi daxilində qalmır. Və hökumət belə məlumatların Azərbaycanın dünyadakı imicinə necə təsir etdiyini də düşünməlidir. Bu mənə sovet dövründə “Doktor Jivaqo” romanına görə Boris Pasternakın başına gələnləri xatırladır. “Pravda” qəzetində zəhmətkeş məktubları çap olunurdu, məktub müəllifləri deyirdilər ki, biz romanı oxumamışıq, amma qətiyyətlə pisləyirik... Bu həm də İranın Salman Rüşdinin kitablarını qadağan etməsini xatırladır. Bütün hallarda çox təəssüf doğuran haldır. Əkrəm Əylisli Azərbaycan cəmiyyətində tolerant kəsimi təmsil edir. Təəssüf ki, onun səsi eşidilmir.

"Əgər ermənilər Əkrəm Əylisliyə kömək etmək istəyirlərsə..."

- Amma eyni zamanda Ermənistanda elələri də var ki, Əkrəm Əylislinin sülh mesajını belə yozurlar: baxın, hətta Azərbaycan yazıçısı da bunu etiraf edir, münaqişədə zorakılıq edənlər azərbaycanlılar olublar, deməli bu münaqişədə ermənilər haqlı, azərbaycanlılarsa haqsızdır. Bu yanaşma haqda nə düşünürsünüz?

- (gülür) Bu, sülhə fayda verən yanaşma deyil. Düzgün yanaşma o olardı ki, hansısa bir erməni yazıçısı da erməni birləşmələrinin Xocalıda, yaxud müharibənin hansısa başqa mərhələsində törətdiklərini etiraf edərdi. Buna oxşar şeyləri yalnız amerikalı Markar Melkonyanın (Qarabağ savaşında öldürülmüş erməni terrorçusu Monte Melkonyanın qardaşı) kitabında görmüşəm. Amma Ermənistanın özündə bu mövzu tabudur. Əgər ermənilər Əkrəm Əylisliyə kömək etmək istəyirlərsə, konfliktə görə Azərbaycan tərəfini ittiham etmək əvəzinə, Əkrəm Əylislinin atdığı cəsarətli addımı onlar da atmalıdırlar.

- Bəziləri isə deyir ki, müharibənin vurduğu yaralar hələ sağalmayıb, konfliktin alovu sönməyib, ona görə də Əkrəm Əylislinin belə bir kitab yazması əslində sülhə yox, münaqişənin yenidən qızışmasına xidmət edir...

- Təbii ki bu bir polemikadır və belə arqumentlər də səslənə bilər. Amma bütün hallarda bu polemika mədəni axarda getməli, televiziyada, qəzetlərdə aparılmalıdır. Amma kitab yandırmaq ibtidai, bəsit bir şeydir.

"Minsk qrupu Əkrəm Əylisli ilə bağlı nəsə desə, yerinə düşərdi"

Thomas de Waal-ın son kitabı da Cənubi Qafqaz haqqındadır. 2011
Thomas de Waal-ın son kitabı da Cənubi Qafqaz haqqındadır. 2011
- Əlbəttə ki, bu bir romandır. Amma sizcə, münaqişənin həlli üçün tərəflərin sülhə hazırlanmasının vacibliyindən daim danışan ATƏT-in Minsk qrupu, yaxud başqa beynəlxalq qurumlar məsələyə münasibət bildirməlidirmi?

- ATƏT-in Minsk qrupunun mandatına həm də sülhə çağıran insanlara dəstək vermək daxildir. Mən bilmirəm Əkrəm Əylisli məsələsində onlar bunu hansı formada edə bilərlər. Amma düşünürəm ki, nəsə demələri yerinə düşərdi. Xüsusən də Əkrəm Əylislinin həyatı üçün təhlükəli təhdidlərin səsləndiyi indiki məqamda. Bəlkə də bunu Minsk qrupunun həmsədri olan ölkələr ayrı-ayrılıqda edə bilər. Necə ki Ramil Səfərov məsələsində Ağ ev açıqlama yaymışdı.

- Əkrəm Əylislinin romanı ilə bağlı yaranan bu böyük ajotajın içində həm də müəyyən diskussiya cücərtiləri sezilir - azərbaycanlılar ermənilərlə yanaşı yaşaya bilərmi mövzusunda. Ümumilikdə erməni xalqının düşmən elan edilməsinə etiraz edənlər də var. Bu baş verənlər sizcə, münaqişənin həllinə hansısa formada müsbət impulslar verir, yoxsa əksinə?

- Əkrəm Əylisli ilə bağlı baş verənlər göstərir ki, Azərbaycan cəmiyyəti 20 il əvvəlki kimi travmalıdır, qəzəb içindədir və heç nə eşitmək istəmir. Bu məsələdə Gürcüstanla paralellər aparmaq olar. Bir neçə il əvvəl Gürcüstanda Mamuka Araşidze adlı bir siyasi şərhçi demişdi ki, bəlkə də Gürcüstan Abxaziyanın müstəqilliyini tanımalıdır. Onun bu sözləri Gürcüstan cəmiyyətində qəzəblə qarşılanmışdı, o, televiziyalarda tənqid olunmuşdu. Amma bu polemika söz atışmasından o yana getməmişdi, heç kim siyasi şərhçini öldürməklə hədələməmişdi. Məncə, bəzən Azərbaycan onunla eyni problemi yaşayan Gürcüstana baxıb nümunə götürməlidir. Baxmalıdır ki, orada hansısa fikrə necə dinc şəkildə reaksiya verirlər.

"Cəmiyyətlər hələ ki sülhə hazır deyillər"

- Siz özünüz də yazarsınız və Qarabağ münaqişəsi haqda “Qara bağ” kitabını yazmısınız. Həmin kitab da tənqid edilmişdi, sizi münaqişəyə birtərəfli yanaşmada ittiham etmişdilər. Əlbəttə siz əcnəbisiniz, Azərbaycanda, yaxud Ermənistanda yaşamırsınız, amma kitabının belə tənqid olunması yazıçıya nə kimi hisslər yaşadır?

- O kitaba görə məni çox tənqid etmişdilər. Ermənilər məni BP və həmin şirkətin çalışdığı Azərbaycan üçün çalışmaqda suçlamışdılar. Azərbaycanlılar isə erməni lobbisinə xidmət etməkdə. Məncə, münaqişədən yazan adam belə reaksiyaların olacağına normal yanaşmalıdır. Əlbəttə, belə kitabı yazanda gərək sözləri diqqətlə seçəsən ki, insanların heysiyyatına toxunmasın, amma həm də gərək acı həqiqəti deyəsən. Onu da deyim ki, tənqidlərlə yanaşı mən bölgədəki insanlardan çoxlu dəstək məktubları da almışdım. Onlar kitabımı oxumuşdular və həmin kitabın sülhə töhvə olduğunu düşünürdülər. Əlbəttə ki, yazıçı üçün ən böyük mükafat elə budur.

- İndi həm Azərbaycan, həm də Ermənistan prezident seçkiləri ərəfəsindədir, Qarabağ danışıqları sanki arxa plana keçib və dalana dirənib. Eyni zamanda Xocalı aeroportu ilə bağlı mübahisə səngimir. Sizcə, sülh danışıqlarından yaxın vaxtlarda nəsə gözləmək olarmı?

- Əylisli məsələsi göstərdi ki, cəmiyyətlər hələ ki sülhə hazır deyillər. Biz görürük ki, son illərdə proses eyni ssenari üzrə gedir. Həmsədrlər hansısa planla gəlirlər, amma tərəflər onu məqbul saymırlar və sanki hansısa dairə içində hərəkət beləcə təkrarlana-təkrarlana davam edir. Belə görünür ki, artıq başlıca məqsəd sülhün əldə olunmasından daha çox müharibənin yenidən alovlanmasına imkan verməməkdir.
XS
SM
MD
LG