Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:56

Güləşi Olimpiya Oyunlarından çıxarırlar


-
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın qazandığı 10 medalın 7-si məhz güləşçilərin payına düşürdü, indi güləşi Yay Olimpiya oyunları siyahısından çıxarmaq istəyirlər.

Belə bir təklifi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi verib.

Təklif hələ yekun qərar deyil, tövsiyyədir. Ancaq təsdiq olunsa, 2020-ci ildən güləş Olimpiya oyunlarına daxil olan əsas idman növlərinin siyahısından çıxacaq.

RUSİYA, İRAN, TACİKİSTAN ...

Ənənəvi olaraq güləşdə çox güclü olan Rusiyanın, İranın, Qafqaz və Mərkəzi Asiya ölkələrinin güləş federasiyaları bu qərarın əleyhinə axıracan mübarizə aparcaqlarını deyiblər.

İran Milli Olimpiya Komitəsinin sədri Mohammad Aliabadi BOK-un bu addımını ölkənin idman proqramlarına ciddi zərbə adlandırıb.

O deyib ki, bu tövsiyyəni çox ciddi qəbul edir və buna ciddi də müqavimət göstərəcək. O Lozanna şəhərinə, BOK-un qərargahına gedəcəyini, BOK rəhbəri Jacques Roggeyə etirazını bildirəcəyini deyib.

Tacikistanda Milli Olimpiya Komitəsi bildirib ki, qərarın əleyhinə qalxacaq.
Son 3 Olimpiya Oyunlarlınbda Tacikistan cəmi bir medal qazanıb. Onu da qazanan məhz güləşçidir.

Tacikistan Milli Olimpiya Komitəsinin sədr müavini Kalikshoh Nematov deyir ki, bu qərar minlərlə gəncin ümidlərini öldürməkdir:

“Biz bu idmanın müdafiəsinə qalxacağıq. Çünki bizim çoxlu güləşçimiz var. Tacikistanda 1000 güləş zalı var. Ancaq çox adam şikayətlənir ki, güləşçilərin məşqinə yer tapılmır. Biz Beynəlxalq Güləş Federasiyası ilə birlikdə öz səsimizi ucaldacağıq.”

GÜLƏŞİ KARATE İLƏ ÜZ-ÜZƏ QOYURLAR

BOK-un 15 ölkədən ibarət İcra rəhbərliyi fevralın 12-də tövsiyyə edib ki, 2020-ci ilin Yay Olimpiya Oyunlarında idman növlərinin əsas siyahısından güləş çıxarılsın.
BOK bu qərarla bağlı təkid edir ki, bu yalnız tövsiyyədir. Qərar sentyabrda veriləcək.

Ancaq qərarla bağlı narahatlıq var ki, qəbul ediləcək qərar indiki tövsiyyəni formal olaraq yalnız təsdiqləyəcək.

Bu baş versə, bu o deməkdir ki, güləş 7 digər idman növü ilə rəqabət aparmalıdır ki, 2020-ci ilin Olimpiadasına düşə bilsin. Rəqib idman növləri karate, baseball və başqalarıdır.

GÜLƏŞÇİLƏR NARAZIDIR

Yaranan vəziyyət güləşin ənənəvi , xalq idman növü olduğu ölkələrə qətiyyən sərf etmir.

Qazaxıstan son Olimpiadalarda güləşdən 14 medal qazanıb.
Özbəkistanın qazandığı 21 medaldan 7-si güləşçilərin payına düşür.

Gürcüstanda güləş yarışına baxmağa gələnlər 10 min nəfərlik idman zalını doldura bilir.

Gürcüstan son Olimpiya oyunlarında 7 medal qazanıb, bunlardan 6-sı güləşçilərindir.

Azərbaycan Olimpiaya Oyunlarında müstəqillik dövründə 26 medal alıb. Bunlardan 14-ü güləşçilərin nailiyyətidir.
2012-ci ilin London Olimpiya Oyunlarında Azərbaycan güləşçiləri 7 medal qazanıb, o cümlədən 2 qızıl medal.

Rusiya da son olimpiadada 82 medal qazanıb, bunlardan 11-i güləşçilərin payına düşür.

Rusiya güləş federasiyasının prezidenti Mikhail Mamiashvili deyir ki, o, BOK-un qərarından məyus olub. Bu, onun üçün gözlənilməz qərardır.
Onun sözlərinə görə, o, Beynəlxalq Güləş Federasiyasından tələb edib ki, bu deyilənlərin baş verməsinin qabağını alsınlar.

Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Mais Musayev Azadl;q Radiosuna deyir: “ Biz Güləş Federasiyası olaraq ümid edirik ki, son qərar güləşin xeyrinə olacaq. Belə bir təklif 2005-ci ildə də irəli sürülmüşdü. O vaxt da təklif olunurdu ki, güləşi əsas idman növləri siyahısından çıxartsınlar. Ancaq sonda qərar güləşin lehinə oldu”
XS
SM
MD
LG