Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:23

Keçmiş icra başçısının çıxışını «Youtube»da yayan şəxs dindirildi


Müttəhimlər Xaşmaz rayon Məhkəməsində
Müttəhimlər Xaşmaz rayon Məhkəməsində
-
Fevralın 21-də Xaçmaz rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə 1 mart Quba hadisələrinə görə tutulan jurnalistlərin və rayonun bələdiyyə sədrinin məhkəməsi davam edib. Prosesdə şahidlər Vahid İbrahimovun, Binəli Tosoyevin, Tariyel İbrahimovun və Emin Kərimovun çarpaz dindirilməsi keçirilib.

Vəkillərin təklifi ilə əvvəlcə Quba rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri olmuş Tariyel İbrahimov təkrar ifadə verib.

Onun ifadəsinə görə, 2011-ci il noyabrın 22-də Heydər Əliyev Mərkəzində keçirilən müşavirədən sonra icra başçısı Rauf Həbibovun müavini Sahib Məmmədov ona tapşırıq verib ki, başçının çıxışının yerli TV-lərdə yayımlanmasının qarşısını alsın. 3 ay sonra isə başçının çıxışı «Youtube»da yayılıb:

«Fevralın 26-da icra başçısı Rauf Həbibov dedi ki, mənim çıxışımı camaata başqa cür çatdırırlar. Tapşırdı ki, araşdırma aparaq. Ondan bir gün əvvəl isə «Xəyal TV»nin icraçı direktoru Vüqar Qonaqov iltizam yazmışdı ki, həmin çəkiliş «Xəyal TV»nin deyil. Rauf müəllim tapşırdı ki, axtarın, həmin çəkilişi tapın».

QUBANIN İMAMI VƏ AXUNDU MƏHKƏMƏ QARŞISINDA

Tariyel İbrahimov ifadəsində daha sonra göstərib ki, bölgə müxbirləri - Emin Kərimovdan və Binəli Tosoyevdən başçının çıxışını «Youtube»a yerləşdirən mənbəni tapmaqda kömək istəyib:

«Fevralın 28-də Binəli ilə Emin başçı ilə görüşüb həmin materialı şəxsən ona təqdim etdilər. 22 noyabr 2011-ci ildə keçirilən müşavirənin tam çəkilişi və internetə yerləşdirilən 1 dəqiqə 18 saniyəlik material idi».

Sonra Tariyel İbrahimovun ifadəsi əsasında vəkillər digər şahidləri sorğu-sual etdilər.

Məhkəmə Quba rayonunun imamı Elnur Əfəndiyev və rayonun axundu Mirələsgər Mirməmmədovu da dindirib. Onlar Rauf Həbibovun çıxış etdiyi müşavirədə olduqlarını və icra başçısının qubalıları təhqir etdiyini, bələdiyyə sədri Elxan Əliyevin onlarla birgə camaatı sakitləşdirməyə çalışdığını bildirdilər.

QUBANI QARIŞDIRAN ÇIXIŞI YAYAN «DJ. MUSTAFA» DİNDİRİLDİ

Məhkəmə «Dj. Mustafa» niki ilə Rauf Həbibovun çıxışını «Youtube»da yayan Mustafa Nurullayevi də dindirib. Fiziki qüsurlarına görə danışa bilməyən şahidin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Şahid ifadəsində göstərib ki, videonu ona «Eniqma» mağazasında işləyən Rövşən Məmmədov adlı şəxs verib, o, da internetdə yayıb.

EKSPERTLƏR TƏSDİQLƏDİLƏR Kİ...

Sonra Rauf Həbibovun çıxışı olan videonun ekspertizasını keçirən Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri Altay ƏsədovLətif Əliyev ifadə verib. Onlar internetdə yayılan videodakı sözlərin Rauf Həbibovun çıxışında söylədiyini, həmin çıxışın Rauf Həbibovun ümumi çıxışı olan videodan kəsilərək götürüldüyünü, çıxışa hər hansı əlavələrin olunmadığını və təhrifə yol verilmədiyini bildiriblər.

Məhkəmə prosesi fevralın 22-də davam edəcək.

Quba hadisələri ilə əlaqədar bütövlükdə 30 nəfər məsuliyyətə cəlb edilib. Onlardan 24 nəfərinə hökm oxunub. 6 nəfərə 4 ildən 5 ilədək həbs cəzası verilib. Qalanları isə 3 il şərti cəzalandırılaraq məhkəmə zalından azad edilib.

Hazırda bu hadisəyə görə tutulan yerli telekanalın əməkdaşlarının məhkəməsi davam edir.

2012-ci il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbilə aksiya keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.

Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu vəzifəsindən azad edib.
XS
SM
MD
LG