Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:01

Xudat sakinləri: «Yağışlar başlayanda evlərimizə vedrə-vanna düzürük»


«Konservzavod»un yaşayış massivindəki mənzillərdən biri
«Konservzavod»un yaşayış massivindəki mənzillərdən biri
-

«22 ildir ki, 2-ci qrup əliləm. 3 dəfə əməliyyat olunmuşam. İmkanım yoxdur ki, bu tavanı düzəldim. 1600 manat xərci var. Yoldaşım insult keçirib, özüm də xəstə. Dərmanlara pul çatdırmıram, bu evi necə düzəldim?».

Xaçmaz rayonunun Xudat şəhərində hamı buranı - «Konservzavod»un yaşayış massivi kimi tanıyır. Burada sovet dönəmində fəaliyyət göstərən Konserv Zavodunun balansında olmuş yaşayış binaları var. Var deyəndə ki... Sakinlərin ifadəsi ilə desək – «divarları var, tavanı yox kimi bir şeydir». Binalarda yaşayanlar deyirlər ki, qış gəldi, otaqlarını vedrələr, vannalar «bəzəyir». Çünki yağan yağışlar yararsız tavanlardan düz evin içərisinə axır. 5 nömrəli binanın 6-cı mənzilinin sakini Gülcənnət Şükürova deyir ki, onlara sahib çıxan hökumət qurumu yoxdur. Binalar dağılıb əldən gedir. Sakinlər hökumətdən yardım istəyirlər ki, küçədə qalmasınlar. Ancaq demələrinə görə, onlara cavab verilir ki, maliyyə imkanı yoxdur, evlərinizi özünüz təmir etməlisiniz.

«20 İLDƏN ÇOXDUR Kİ, BU EVLƏRİN DAMINA QIR TÖKÜLMÜR»

Gülcənnət Şükürova: «Bu evlər 70-ci illərdə Konserv Zavodunla işləmiş işçilərə növbəlilik qaydasında verilib. 20 ildən çoxdur ki, bu evlərin damına qır tökülmür. Zavod bağlandı, binalara baxmadılar, dağılıb əldən gedir. Ən çox xərci isə üçotaqlı evlər aparır».

Hafizə Murtuzəliyeva
Hafizə Murtuzəliyeva
Qonşu binada yaşayan Hafizə Murtuzəliyeva da eyni problemdən gileylənir. Deyir, baxımsızlıqdan və su sızmalarından mənzillərin tavanları, divarları, döşəmələri sıradan çıxıb. Onun sözlərinə görə, rütubətdən bina sakinləri ilin 12 ayını xəstə yatırlar:

«Zavod bağlanandan binaları təmir edən olmayıb. Heç kəs gəlib maraqlanmır. Özümüz də bir iş görə bilmirik, çünki təqaüdlə dolanırıq. Hökumət təmir etməlidir. Tək biz deyilik, binada bütün evlər bu gündədir».

10-cu binanın sakini Hökümə Orucovanın isə deyəsən «bəxti» bir balaca gətirib. Bu işlərlə birbaşa məşğul olmalı qurumun – inzibati ərazi idarəsinin məsul şəxslərindən biri onun qonşusu olub. Deməsinə görə, xahiş-minnətlə evini təmir etdirə bilib:

«JEK»İN RƏİSİ QONŞUMUZ OLUB»

«80-ci illərdən burdayıq. «JEK»in rəisi qonşumuz olub. Onun köməkliyi ilə evimizi təmir etmişik. Bir az yoldaşım kömək etdi, bir az onlar. Birtəhər düzəltdik. İndi başımıza su tökülmür».

Telfənisə Əzizova
Telfənisə Əzizova
Həmin binada yaşayan Telfənisə Əzizova isə deyir ki, yağış yağanda qonşuları kimi o da mənzilinə vedrələr düzür:

«Tol» da vurmuşuq, xeyri yoxdur, yenə su damır. Yağış yağanda binanın girişi də su ilə dolur. Ailədə 6 nəfərik, azyaşlı nəvələrim də burda yaşayır. Bilmirik dərdimizi kimə deyək, nə edək».

İCRA BAŞÇISI DEYİR Kİ...

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev isə sakinlərin dedikləri ilə razılaşmır. O, həmin binalarda son iki ildə şiferlənmə işlərinin aparıldığını deyir:

- «1950-ci ildən bu tərəfə tikilən binalardır, indiyə qədər şiferlənməmişdi. Bərbad vəziyyətdə idi. Son iki ildə biz o binalarda şiferləmə işləri aparmışıq. Bircə bina da qalmayıb, hamısını şiferləmişik.

- Ancaq biz o binalarda çəkiliş apararkən mənzillərə tavandan su damdığının şahidi olmuşuq. Sakinlər otaqlara vedrə, vanna düzürlər.

- Onlar özəlləşdirilmiş evlərdir. Biz binanı düzəldirik, evlərin içərisini özləri düzəltməlidir. Evləri təmir etmək bizlik deyil».

HÜQUQŞÜNAS RƏYİ...

Su sızan tavanlar...
Su sızan tavanlar...
Hüquqşünas Namizəd Səfərov isə icra başçısından fərqli olaraq sakinlərin tələbini haqlı sayır. O, deyir ki, indiki vəziyyətdə sakinlər komissiya tələb edə bilərlər. Mənzillərin tavandan axan yağış sularından yararsız vəziyyətə düşdüyü təsdiqini tapsa, o zaman evləri icra hakimiyyəti təmir etdirməlidir:

«Hətta icra başçısının dediyi kimi, hazırda binanın damı təmir olunubsa, təsdiqini tapsa ki, mənzillərə zərər bundan əvvəl – yəni binaların tavanının pis gündə olması səbəbindən dəyibsə, mənzillərin təmir məsələsi icra hakimiyyətinin üzərinə düşür».
XS
SM
MD
LG