Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:38

Vahid Əhmədov: «Demokratik düşüncəli insanlar vəzifəyə gəlməlidir»


«Bos Shelf» şirkətində tətil
«Bos Shelf» şirkətində tətil
-
SOSİAL TƏLƏBLƏR

«Deyirlər ki, burada fəhlələr 350 manat maaş alır. 1990-cı ildən bəri işləyirəm, mən burada 350 manat maaş görməmişəm».

Bunu martın 18-də «Bos Shelf» şirkətinin tətil edən fəhlələrindən biri deyir. Həmin gün fəhlələr maaşların azlığına və tibbi sığortanın olmamasına etiraz olaraq tətilə çıxıblar. Şirkət və ARDNŞ rəhbərliyi onlarla görüşüb, ancaq fəhlələr tələbləri yerinə yetirilməyəcəyi halda yenidən tətil edəcəklərini deyiblər.

«Bos Shelf» şirkətinin işçiləri bir neçə il öncə də tətil etmişdilər. 2007-ci ilin fevralında neftçilər iş yerlərinin azaldılmasına, onlara kompensasiya verilməməsinə etiraz edirdilər.

Bir müddət əvvəl «Siyəzən Broyler»in işçiləri də maaşlarının yubadılmasına etiraz aksiyası keçirdilər.

Bu ilin əvvəlində İsmayıllı rayonunda baş verən etirazların da kökündə sosial tələblər dayanırdı.

BİRİNCİ KATİBLİYİN DƏYİŞƏN ADI

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna deyir ki, bu etirazlar idarəetmə sistemində illərdir yığılıb qalan problemlərin yaratdığı böhranı, regional idarəetmə sisteminin köhnəldiyini göstərir.

Yeni qaydaların tətbiqinə isə hökumətin siyasi iradəsi çatmır. İqtisadçı bələdiyyələrin seçkili orqanlar kimi fəaliyyət göstərə bilməməsini, böyük şəhər bələdiyyələrinin yoxluğunu, Azərbaycanın Avropa Xartiyasına qoşulmasına baxmayaraq, yerli özünüidarəetmənin həmin standartlara cavab vermədiyini sadalayır:

«Bizdə hər şey mərkəzləşdirilmiş qaydada idarə olunur, sadəcə birinci katibliyin adı dəyişib. Artıq bu model işləmir. Köklü konstitusion islahatlar lazımdır. Hökumətin buna siyasi iradəsi çatmır, həm də bu islahatlardan ciddi şəkildə qorxur».

KADR İSLAHATINDA DEMOKRATİK DÜŞÜNCƏ
Vahid Əhmədov
Vahid Əhmədov

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da son etirazları yerlərdə sosial narazılığa, sosial tələblərin ödənməməsinə bağlayır. Deputat yerli idarəçilik sistemində dəyişikliklərin vacibliyi ilə razılaşdığını bildirir. Onun fikrincə, yerli orqanlara, bələdiyyələrə bəlli çərçivədə səlahiyyət vermək lazımdır:

«Ciddi kadr islahatı aparmaq lazımdır. Demokratik düşüncəli insanlar vəzifəyə gəlməlidir. Gənc, xaricdə oxumuş kadrlarımız var. Demirəm ki, bütün vəzifədə oturanları dəyişək. Bəzi yerlərdə dəyişiklik lazımdır. İstər müxalifət, istər hakimiyyətdə olan gənclərdən istifadə olunmalıdır. Cəmiyyətdə xüsusilə bir dialoqa ehtiyac var. Bu dialoqsuz durumumuz gərgin ola bilər».

İsmayıllı etirazlarından sonra bir neçə rayonun icra başçısı dəyişdirildi. Ancaq müşahidəçilər bunu çıxış yolu saymır, məhz idarəetmə formasının dəyişilməli olduğunu vurğulayırlar.
«Siyəzən Broyler»in işçilərinin aksiyası - 7 mart 2013
«Siyəzən Broyler»in işçilərinin aksiyası - 7 mart 2013

Etiraz aksiyalarında diqqət çəkən bir məqam da özəl şirkət işçilərinin icra hakimiyyəti qarşısında toplaşması oldu. İcra başçısı etirazçılarla görüşüb problemlərinin vəd olunacağına söz verdi.

Natiq Cəfərlinin fikrincə, bu, Azərbaycanda məmur oliqarxiyasının qurulmasını göstərir. Yəni, iri özəl şirkətlərin arxasında dövlət məmurları dayanır. Əslində icra strukturunun kommersiya qurumuna təsiri sıfır dərəcədə olmalıdır:

«Sivil ölkələrdə bu tip müəssisələrdə problem yarananda, bu, həmkarlar komitəsi ilə müəssisə rəhbərliyi arasındakı danışıqlar vasitəsilə həll olunur. Ancaq «Siyəzən Broyler»in işçiləri də anlayırlar ki, müəssisənin arxasında iri məmurlar, icra strukturu dayanır. Ən absurdu isə odur ki, icra hakimi də söz verir ki, onların problemi həll olunacaq».

Natiq Cəfərli
Natiq Cəfərli
RƏQABƏT MƏCƏLLƏSİ

Deputat Vahid Əhmədov isə bu problemi ölkədə Rəqabət Məcəlləsinin hələ də qəbul olunmaması ilə izah edir. O, 2006-cı ildə ölkə prezidentinin həmin qanun layihəsini parlamentə göndərməsinə baxmayaraq, hələ də qəbul olunmamasını xatırlayır:

«Çünki Azərbaycandakı monopoliya buna imkan vermir. Hakimiyyətdəki maraqlı qüvvələr bu qanunun qəbuluna imkan vermir. Ancaq cəmiyyət də, dünya da inkişaf edir. Dünyada demokratik proseslər ön plana çıxır. Biz bunları görüb təhlil etməliyik. Elə bir şərait yaratmalıyıq ki, insanlar normal sahibkarlıqla məşğul ola bilsinlər».

Vahid Əhmədov sahibkarlıqla bağlı qanunların icrasında problemlər olduğunu deyir.

İqtisadçı Natiq Cəfərli isə ciddi addımlar atılmayacağı halda sosial tələblərlə keçirilən etirazların ciddi siyasi və sosial partlayışa gətirib çıxara biləcəyini düşünür. O, Azərbaycanın gələcək modelini artıq sürdürülə bilməyən bir iqtisadi model kimi görür və bu səbəbdən dəyişikliklərin qaçılmaz olduğunu düşünür.
XS
SM
MD
LG