Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:14

"Mikayıl Müşfiqin cinayət işinə baxdım, Səməd Vurğun ona qarşı ifadə..."


İlyas İsmayılov
İlyas İsmayılov
-

"Səməd Vurğunun özünü repressiya qurbanı saymaq olar"

Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun şair Səməd Vurğun haqda "dılğır" sözünü işlətməsi birmənalı qarşılanmayıb. Azərbaycanın keçmiş baş prokuroru İlyas İsmayılov şairin çuğulluqda günahlandırılmasını təkzib edir.


lyas İsmayılovdan Sərdar Cəlaloğluna cavab

“Sərdar bəy müsahibə verərkən Azərbaycan mədəniyyətinin, onun mənəvi genefondunun formalaşmasında misilsiz xidmətlər göstərmiş insanlar barəsində ehtiyatla danışmağa çalışmalıdır”.

Publika.Az xəbər verir ki, bu barədə Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun xalq şairi Səməd Vurğunla bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, “Səməd Vurğun kimi dılğırın biri” ifadəsini həm ciddi siyasətçi kimi Sərdar Cəlaloğluna yaraşdırmaq mümkün deyil, həm də nə qədər arqoik dildə yazılmasını nəzərə alsaq belə, bu fikir həqiqəti də ifadə etmir. Millət vəkili hesab edir ki, Səməd Vurğun Azərbaycan xalqının yetişdirdiyi ən böyük şairlərindəndir: “Əslində o, bizim milli sərvətimizdir. İlhamı bulaq kimi çağlayan, hətta bir neçə gün ərzində böyük poema yazacaq qədər mahir sənətkar olan bu adamın yeganə bədbəxtçiliyi sovet hakimiyyətinin ən repressiv dövründə yaşamış olmasıdır. Bununla belə, bütün çətinliklərə baxmayaraq o, ədəbiyyat xəzinəmizə misilsiz əsərlər vermiş, ölkəmizin dünyaya tanıdılmasında əvəzsiz xidmət göstərib. Xüsusilə, II Dünya müharibəsi dövründə onun qələmə aldığı əsərlər bütün dünyanın mübarizə apardığı alman faşizminə qarşı mübarizədə sözün həqiqi mənasında ideoloji silaha çevrilib. Təsadüfi deyil ki, onun müharibə illərində yazdığı “Ukrayna partizanlarına” şeirinin mətni dərc edilərək təyyarədən Ukrayna meşələrinə səpələnib partizanlara çatdırılıb”.
“Bu tendensiya yalnız Sərdar Cəlaloğluna da xas deyil”
Mikayıl Müşfiqin istintaq fotoları
Mikayıl Müşfiqin istintaq fotoları

Səməd Vurğunun şan-şöhrətinin yalnız keçmiş sovet məkanı sərhədləri daxilində deyil, bütün dünyaya yayıldığını diqqətə çatdıran İlyas İsmayılov bildirib ki, Sərdar Cəlaloğlunun Səməd Vurğunu bu cür qiymətləndirməsi, görünür, onun tarixi şərait və ədəbi yaradıcılıq əlaqələrini nəzərə almamasından irəli gəlir:

“Ümumiyyətlə, bu tendensiya yalnız S. Cəlaloğluna da xas deyil. Bütün cəmiyyətimiz nədənsə, tarixi şəxsiyyətlərə qiymət verərkən məsələlərə bu günün nöqteyi-nəzərindən yanaşırlar. Bu da şəxsiyyətlərin doğru qiymətləndirilməsində yalnış nəticələrə gətirib çıxarır. Məsələn, öz əqidəsi uğrunda nəinki ölümü, hətta dərisi soyula-soyula qətlə yetirilməyi belə gözə alan Nəsimi yazdığı “Dərdmənd etdin məni, ey dərdə dərman erməni, Olmuşam eşqin yolunda bəndə-fərman erməni” - şeirinə görə bu gün bizə azərbaycançılığı, müqəddəs dəyərləri bir erməni gözəlinə satan vətən xaini kimi görsənə bilər. Eynilə, S.Vurğunun “Vaqif” poeması da bu gün bəziləri üçün türkəsilli Qacara qarşı həqarət yağdıran ədəbiyyat nümunəsidir. Yazıldığı dövrdə isə Azərbaycanın İran istilasına, şahlıq üsul-idarəsinə qarşı dirənişin tərənnümü kimi dərk olunurdu.

Səməd Vurğun da onu yazanda sözsüz ki, öz millətinin içərisindən çıxmış tarixi qəhrəmanı inkar etmək məqsədi güdmürdü. Məqsədi fars şovinizminin Azərbaycan xalqını assimilyasiya uğratmaq istəməsinə etiraz etmək idi. Və əsərdə bu tezis olduqca aydın şəkildə öz əksini tapırdı. Vaqifin Qacarla qarşılaşdığı səhnədə İran şahının Azərbaycan dilində şeir yazmağa ironiya ilə yanaşmasına verdiyi cavab bu mənada diqqətə layiqdir. Bu faktın özü də sübut edir ki, Səməd Vurğunun Şah Məhəmməd Qacara düşmən münasibətinin əsası heç də vətənə, millətə barmaqarası baxmağından irəli gəmirdi. Əksinə, Səməd Vurğun dövrün tələblərindən istifadə edərək Azərbaycan ədəbi dilinin formalaşmasında misilsiz xidmətlər göstərməyə çalışır, bunu həm əsərlərində təbliğ edir, həm də yazdığı şeirlərlə nümunələr yaradırdı”-deyə milllət vəkili hesab edir. Onun fikrincə, tarixi şəxsiyyətləri qiymətləndirərkən tarixi şəraitin nəzərə alınmaması hər şeydən əvvəl demokratik dünyagörüşə də zidd hadisədir və keçmişi inkar fəlsəfəsinə əsaslanır.
Səməd Vurğun
Səməd Vurğun

“Vaqifi qurtaran eyni tale Səməd Vurğunun da üzünə güldü”

İ.İsmayılov qeyd edib ki, keçmişin inkarı cəmiyyətlərin dəyişilməsi üçün ən vacib şərtlərdən sayılsa da bunun həddən ziyadə olması nəticə etibarilə vulqarizmə aparır ki, bu gün Sərdar Cəlaloğlunun da haqlı olaraq bəyənmədiyi sovet nəzəriyyəsi belə vulqarizmdən qaçmağa çalışırdı.

Millət vəkili bidirib ki, Səməd Vurğun öz dövrünün şairi idi və bəzi məqamlarda öz fikirlərini dövrün tələblərindən irəli gələn prinsiplərin əsasında çatdırır, oxucularda milli-mənəvi ruhun formalaşdırmağa çalışırdı: “Hətta bu xüsusiyyətinə görə onun az qala repressiyaya uğraması təhlükəsi belə yaranmışdı. Xüsusilə, 1953-cü ildə şairin üzərinə hücumların artdığı bilinən həqiqətlərdəndir. Həmin ildə şairin yazdığı “Aygün” poeması ciddi tənqid olunur, Azərbaycan Yazıçılar İttifaqı onu millətçilikdə günahlandıraraq haqqında Moskvaya məktublar göndərirdi. Moskvada çap edilmiş “Şairin hüquqları” məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirmişdi. Hətta bir ara kitabları kitabxanalardan, dram əsərləri səhnədən uzaqlaşdırılmışdı. Müasirlərinin bildirdiyinə görə şairə şəhərdən çıxmaq belə qadağan edilmişdi. Hər kəs repressiyanın növbəti qurbanının qətlə yetiriləcəyini gözlərkən şairi xoşbəxt bir təsadüf xilas etdi. Bu təsadüf Stalinin ölümü və yerli rəhbərliyin dəyişilməsi idi. Yəni, qələmə aldığı “Vaqif” əsərində Vaqifi qurtaran eyni tale Səməd Vurğunun da üzünə güldü”.

“Onu repressiya qurbanı saymaq olar”

İ.İsmayılov hesab edir ki, 1954-cü ildən sonra Səməd Vurğunun yenidən yüksəlişinin ikinci dövrü başlasa da, bu intibah da uzun sürmədi. Belə ki, o dövrün repressiyasından sağ qurtulmasına baxmayaraq, bu repressiya təhlükəsinin gətirdiyi mənəvi gərginliklər onun çox yaşamasına imkan vermədi. Millət vəkilinin sözlərinə görə, 1956-cı ildə dünyasını dəyişən Səməd Vurğunu da bu mənada repressiya qurbanı saymaq olar: “Sırf bu məsələyə görə bir şairə təhqiramiz söz demək nə qədər ədalətlidir, qərar verməyi Sərdar bəyin özünə buraxıram. Mən əslində cəmiyyətimizdə bəzən dəyərli tarixi şəxsiyyətlərə qarşı bu cür mövqe sərgilənməsini, hardasa, başa düşürəm. Böyük şəxsiyyətlər haqqında hansısa qüvvələr tərəfindən cəmiyyətə təlqin olunan dezinformasiyalar istər-istəməz vətəndaşlarımızı bu cür düşünməyə yönləndirir. Səməd Vurğun haqqında belə məqsədli dezinformasiyalar isə daha çox yayılıb. Hələ Azərbaycanın Respublika Prokroru işlədiyim zaman Səməd Vurğunun guya Mikayıl Müşfiqə qarşı ifadə verdiyi haqqında şayiələr yayılmışdı. Mən arxivdən Mikayıl Müşfiqin cinayət işini tələb etdim. Cinayət işiylə tanış olduqda deyilənlərin tam əksinə, Səməd Vurğunun onu bacardığı qədər müdafiə etdiyini gördüm. Yazıçılar İttifaqının sədri Anarı çağırıb işlə onu da tanış etdim. Bu gün də Anar müəllim mənim dediklərimi təsdiq edə bilər”.

İlyas İsmayılov dostu Sərdar Cəlaloğlunu fikirlərini ifadə edərkən bir qədər ehtiyatlı olmağa çağırır.

publika.az
XS
SM
MD
LG