Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:48

Xaçmazda təhsil şöbəsinin müdirinin oğlu məktəbin qarşısındakı parkı alıb...


Məktəbin qarşısındakı park
Məktəbin qarşısındakı park
-

«Rayon təhsil şöbəsinin müdirəsi bu parkı qanunsuz yolla əldə edib. Torpaq Məcəlləsində xüsusi maddə var ki, ümumi istifadədə olan torpaq sahələri fərdi qaydada fiziki şəxslərə satıla bilməz. Ancaq Mədinə Nurməmmədova bu torpağı əldə edərək, oğlunun adına sənədləşdirib».

Xaçmaz bələdiyyəsinin üzvü Turab Ələkbərov rayon təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədovanı məhkəməyə verməyə hazırlaşır. Rayonun Heydər Əliyev prospektindəki 3 saylı tam orta məktəbin qarşısındakı kiçik parkda başlayan tikinti işləri həm Xaçmaz sakini, həm də bir bələdiyyə üzvü kimi onu narahat edib. Turab Ələkbərov şagirdlərin və valideynlərin istifadə etdikləri bu kiçik park sahəsinin vaxtilə bələdiyyənin balansında olduğunu deyir. Bələdiyyə üzvünün sözlərinə görə, bir də xəbər tutublar ki, park hasarlanır, rayon təhsil şöbəsinin müdiri orda oğluna obyekt tikdirməyə hazırlaşır:

Məktəbin qarşısındakı park
Məktəbin qarşısındakı park
«PARKIN ƏRAZİSİNİ BAŞQASI ALMAQ İSTƏYƏNDƏ MƏDİNƏ XANIM ETİRAZ ETDİ Kİ...»

«Məktəb 50 ilə yaxındır fəaliyyət göstərir. Qarşısındakı bu kiçik park həm məktəblilərin, həm də ümumi istifadə torpaq sahələrinə aiddir. Kiçik bir park da olsa əhalinin istifadəsində idi. Mədinə Nurməmmədova özü vaxtilə həmin orta məktəbin direktoru idi. Təqribən 4-5 il əvvəl bu kiçik parkın ərazisini başqası almaq istəyəndə Mədinə xanım etiraz etdi ki, ordan şagirdlər, valideynlər istifadə edir, satıla bilməz. Ancaq bu yaxınlarda ortaya sənəd çıxdı ki, sən demə, parkın ərazisini bu yaxınlarda özü alıb. Ərazini indi alsa da sənədləşmənin tarixini saxtalaşdıraraq, 2005-ci ilə qeyd etdirib».

Bələdiyyə üzvü deyir ki, kiçik park məktəbin giriş hissəsinin yaxınlığına düşür. Bir qədər əvvəl kiçik parkı hasarlamaq istəyəndə qarşıdurma da yaranıb:

«TORPAQ SAHƏSİ BƏLƏDİYYƏNİN BALANSINA QAYTARILMALI VƏ ÜMUMİ İSTİFADƏYƏ VERİLMƏLİDİR»

«102-yə zəng vurdum, polis gəldi, sənədləri təqdim etdim, dedim ki, bu sənədlər qeyri-qanuni yolla əldə edilib. Torpaq sahəsi bələdiyyənin balansına qaytarılmalı və ümumi istifadəyə verilməlidir».

Bələdiyyə üzvünün sözlərinə görə, polis məsələnin məhkəmə predmeti olduğunu bildirib və məhkəməyə müraciət etməsini tövsiyə edib.

Rayon təhsil şöbəsinin müdiri isə bələdiyyə üzvünün ittihamlarını rədd edir:

«ÖZÜ DƏ MƏNİM ADIMA DEYİL Kİ, UŞAĞIN ADINADIR»

Mədinə Nurməmmədova
Mədinə Nurməmmədova
- «Hansı xəritə ilə təsdiqlənir ki, ora məktəbə aiddir? Sağı da, solu da götürülüb, tikilib, mən götürəndə məlum oldu ki, məktəbin yeridir? Sağına da baxın, soluna da. Boş yer kimi ortada qalıb. Oranın şagirdə heç bir maneçiliyi yoxdur.

- Torpaq yeni alınsa da, şikayətçi deyir ki, alqı-satqı köhnə tarixə - 2005-ci ilə rəsmiləşdirilib...

- Bələdiyyə torpağı olub. Hansı tarixdə alınıbsa, o tarixə də sənədləşib. Kim gördü ki, mən oranı nə vaxt aldım, nə vaxt sənədləşdirdim? Deyirlər başqa şeydir, fakt başqa. Özü də mənim adıma deyil ki, uşağın adınadır».

Torpaq sahəsində tikinti aparılmasına dair sərəncamı Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev verib.

İcra başçısı Şəmsəddin Xanbabayev:

«ÖZÜM DƏ İSTƏYİRƏM TİKSİNLƏR Kİ, O KÜÇƏ DÜZƏLSİN»

- «Orda park yoxdur ki. Oranın eni 15 metrdir, o enlikdə yerdə park olmur. Orda hamısı tikintilərdir. Şahmat məktəbi, bələdiyyə binası tikmişik, iki bank binası tikilib. Bələdiyyə torpağı idi, hər bir kəsin də ixtiyarı var ki, oranı alsın.

- O torpaq sahəsinin satılmamışdan əvvəl statusu necə idi?

Şəmsəddin Xanbabayev
Şəmsəddin Xanbabayev
- Yolkənarı boş yer idi. Bir neçə inzibati bina tikmişik. Özüm də istəyirəm tiksinlər ki, o küçə düzəlsin. Orda 2 mərtəbəli, gözəl arxitekturalı binalar tikmək lazımdır ki, küçəyə yaraşıq versin. Oralar məktəbin qarşısı deyil. Biz heç vaxt məktəbin qarşısını kəsə bilmərik».

İndi bələdiyyə üzvü rayon təhsil şöbəsinin rəhbərinin məktəb qarşısındakı ərazini zəbt etdiyini, qarşı tərəf isə həmin ərazinin məktəbə aidiyyəti olmadığını iddia edir. Bələdiyyə üzvü isə iddialarını Xaçmaz rayon Məhkəməsinə çıxaracağını deyir.
XS
SM
MD
LG