Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:21

Azərbaycan solu «İşçi sinfinə salam!» deyir [Video]


Bakıda 1 may aksiyası
Bakıda 1 may aksiyası
-

Bir vaxtlar əksər ölkələrdə, Sovetlər Birliyinə daxil olan Azərbaycanda da 1 May – Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü və ya qısa adıyla Əməkçi Bayramı təntənə ilə qeyd olunardı. Ölkə müstəqilliyə qovuşandan sonra, deyəsən, həm işçi-fəhlə sinfinin, həm də sovetdənqalma ənənənin üstündən xətt çəkildi.

Bir möcüzə baş versə və heç 100 il deyil, 50-60 il öncənin Azərbaycanına qayıda bilsəydik, həmin sözləri plakat və transparantlardan oxuyardıq. Özəlliklə 1 may nümayişlərində...

Bu şüar və çağırışların insanların qəlbindən gəlməsi, yoxsa bolşeviklər tərəfindən ən müxtəlif solçu cərəyanlardan «çırpışdırılması», çətin ki, mübahisə predmeti sayıla. Daha doğrusu, çətin ki, Azərbaycanda mübahisə predmetinə çevrilə. Bolşeviklərə və işğalçı Qırmızı Orduya qarşı 1920-ci il Gəncə qiyamının qəhrəmanı polkovnik Cahangir bəyin yazdıqlarını, bütövlükdə götürəndə, danmaq çətindir: «Bolşeviklərin sinfi mübarizəni alovlandırmaq cəhdləri boşa çıxdı, axı Azərbaycan təbəqələri arasında düşmənçilik yox idi». Başqa sözlə, «işçi sinfinə salam» sözləri, sanki hamıya ünvanlanırdı... Bütün bunları doğru saysaq da, bir gerçək dəyişməz qalır: işçi sinfinin – fəhlələrin hakimiyyətə gəlişi ilə sosial sülh və ədalətin qələbə çalacağını düşünənlər – solçular var ki onlar hələ də 1 mayı bayram edirlər.

«SOLÇULAR TƏŞKİLATSIZ VƏ DAĞINIQDIRLAR»

Son zamanlar dünyada artmaqda olan solçu meyllər Azərbaycanda da hiss olunur. Özəlliklə gənclər, solçu baxışların mahiyyətini tam anlamasalar da, solçuluğa rəğbət göstərir, onları sayca çoxaldırlar.

Solçu baxışlı yazıçı-publisist Məmməd Süleymanovun fikrincə, Azərbaycan solçularının birinci özəlliyi onların yaşında əksini tapır:

«Onlar olduqca cavandırlar. Başqa sözlə, sovetdənqalma, sonradan partiya və ideoloji baxışlarını dəyişmiş insanlara, demək olar, rast gəlinmir.
Məmməd Süleymanov
Məmməd Süleymanov
Son illər 16-20 yaş arasında solçu yeniyetmələr və solçu gənclər xeyli artıb. İkinci özəllik odur ki, solçular təşkilatsız və dağınıqdırlar, ayrı-ayrı dərnəklərdə birləşiblər. Üçüncüsü, onlar hələ ki, heç bir siyasi ambisiya ortaya qoymayıblar və umacaqları nədir? – bilinmir».

Solçular sosial ədalət, bərabər hüquq və bərabər imkan sevdalısıdırlar. Onlar insanlar arasında gəlirin bərabər paylaşdırılmasını istəyirlər. Aşırı solçular, təbii ki, radikal tələblər səsləndirir və inqilab tərəfdarı olduqlarını hər fürsətdə dilə gətirirlər. Solun solu olan kommunistlər sosial ədalətin dərhal və sərt yollarla bərpasına təbii baxırlar.

«SOLÇULUĞU KOMMUNİZM KİMİ ANLAYIRLAR»

Fəlsəfə doktoru, prof. Əli Abbasov Azərbaycanda «solçular» deyərkən, məhz kommunistlərin ağla gətirildiyini düşünür. Filosofun fikrincə, özəlliklə gənclər solun geniş spektrindən xəbərsizdirlər:

«Bu, solçuluq deyil, sadəcə, siyasətə qarşı protestdir. Gənclərin çoxu solçuluğu tam anlamır, onu yalnız kommunizm kimi dərk edirlər. Bu üzdən solçuluğun məhz gənclərin arasında daha çox yayılmasına inanmıram. Bəlkə də yanılıram. Doğru düşünüb-düşünmədiyimi zaman göstərəcək».

Azərbaycanda solçu kimi tanınan bir neçə partiya və birlik və var: Sosial Demokrat Partiyası, Kommunist Partiyası, Solfront, Azərbaycan Sollar Birliyi, Qırmızı Gənclər Birliyi və s.

Cəmiyyətdə solçuluğu mövcud sistemə siyasi alternativ saymayanlar da var. Bu fikirdə olanların düşüncəsinə görə, inqilabi dəyişikliklə qurulan hakimiyyətə, əvvəl-axır, diktatorlar yiyələnir. Tarixdə buna yetərincə misal var. Axı inqilabların hakimiyyətə gətirdiyi idealist və dissident insanlar hakimiyyəti yönəldə bilmədiklərini görüncə, idarəçilik kürsüsünü başqasına ötürürlər.

Bakıda Fəhlə heykəli
Bakıda Fəhlə heykəli
POST-TOTALİTAR CƏMİYYƏTDƏ SOLÇU DÜŞÜNCƏNİN FƏSADLARI

Solçuluğu gözdən salan başqa məqamlar da var. Məsələn, solçu düşüncə Azərbaycan kimi post-totalitar cəmiyyətdə adamı yenidən dövlətdən asılı duruma salır. Beləcə, şəxsiyyətə pərəstiş ayıb sayılmır, tədricən şəxsi təşəbbüsün gərəksizliyi düşüncəsi hakim kəsilir. Ən dözülməzi odur ki, plüralizm ortadan qalxır, liberal-demokratik baxışlar gülüş hədəfinə çevrilir, hüququn aliliyini avtoritar qanunların basqısı əvəzləyir, insan hüquq və azadlıqları məhdudlaşdırılır. Aşırı solçuluq insanların dolanışığını da çətinləşdirir, vergilər çoxalır, çox çalışmağa maraq azalır.

Bütün bunlar baxmayaraq, Məmməd Süleymanov solçuluğu təkcə Azərbaycanda deyil, bütün dünyada ən perspektivli ideologiya sayır:

«İndi olduqca perspektivli 2 ideologiya var. Biri solçuluqdur, o biri də islam. Amma nəzərə alsaq ki, islam ümumbəşəri, qlobal dəyər deyil, ümumbəşəri dəyər kimi yalnız sol qalır. Xüsusən Azərbaycanın indiki vəziyyətində, kim nə deyir-desin, sinfi mübarizəni heç kim ləğv etməyib. Vəhşi kapitalizm və onun gətirdiyi bəlalar hər yeri bürüyüb. Bir neçə ildən sonra Azərbaycan xalqı borc burulğanından qurtula bilməyəcək. Bütün bunlar və istehlak cəmiyyətinə get-gedə artan nifrət ondan xəbər verir ki, Azərbaycanda solçuluq günü-gündən nəinki kəmiyyətcə, hətta keyfiyyətcə də artacaq. Solçuluq nəinki Azərbaycanda, bütün dünyada ən perspektivli ideyadır. Çünki yeganə ideologiyadır ki, ümumbəşəri dəyərlərə tapınır və sosial ədalətsizliyə nifrət aşılayır».

AZƏRBAYCAN SAĞA BAXSIN, YA SOLA?

Azərbaycan cəmiyyətində yetərincə tanınmayan solçuların perspektivinə prof. Əli Abbasov da inanır:

«Perspektiv siyasi mühitdən asılıdır. Azərbaycanın iqtisadi inkişafı böhrana düşərsə, solçuluq ideyası, istər-istəməz, önə çıxacaq. Biz artıq görürük ki, neftdən asılı problemlər var. Neftin qiyməti qalxıb-düşəndə, onun təsir güçünü hiss edirik.
Erkin Qədirli
Erkin Qədirli
Ümumi dünya proseslərini nəzərə alsaq, solçuluq öz yerini tapmalıdır. Bu, yaxın 3-5 ilə ola bilər. Resurs olmalıdır – insanlar və maliyyə. Hələ ki, heç biri yoxdur».

Azərbaycan sağa baxsın, ya sola? Bu sual daim ictimai müzakirələr doğurub. Belə müzakirələrdən birində solçu Məmməd Süleymanovun opponenti olan REAL-çı Erkin Qədirli sağsız və ya solsuz cəmiyyətin fəsadlarından söz açıb:

«Özəl mülkiyyət, sahibkarlıq, yəni sağın çevrəsi inkişaf etməsə, solun çevrəsi inkişaf edə bilməyəcək. Axı kim açır iş yerlərini? Sahibkarlar. Kim işçinin hüquqlarını pozur? Sahibkarlar. Sahibkar iş yeri açır, işçinin hüququ pozulanda, həmkarlar yığılır. Həmkarların yaranması üçün birləşmə, toplaşma azadlığı, ifadə azadlığı, məhkəmə müstəqilliyi olmalıdır. Bunlar olmasa, həmkarlar təşkilatı da yarana və mənim hüquqlarım qoruna bilməz».

Dünyada hakimiyyətdə təmsil olunan solçular da var, 1 may bayramını küçələrdə polislə toqquşmada keçirənlər də. Məsələn, qonşu Türkiyə, hər il olduğu kimi, bu dəfə də solçular öz varlıqlarını göstərmək üçün 1 may fürsətini qaçırmayıblar. Və hər il olduğu kimi, bu dəfə də ya meqapolis İstanbulda, ya da irili-xırdalı digər şəhərlərdə solçu qüvvələrlə polis arasında gərginlik yaşanıb. Amma sual çıxır: Biz Azərbaycanda da belə bir gərginlik istəyirik?

Erkin Qədirlinin fikrincə: «Azərbaycanın sağlam, güclü sol, eləcə də sağ partiyalara ehtiyacı var. Bunlar bir-birini əvəzləyərək, yarışaraq hakimiyyətə gəlməlidirlər. Ancaq sağ olarsa və ya sol olarsa, dərin böhrana düşəcəyik».
XS
SM
MD
LG