Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

"Hitler sovet ordusunu məğlub etsəydi belə, müharibəni uduzacaqdı"


Boris Sokolov
Boris Sokolov
-
«2-ci Dünya Müharibəsində Sovet İttifaqının rolunun yenidən dərk edilməsi».

Bu başlıqla Londonda dərc olunan kitabın müəllifi hərbi-tarixçi Boris Sokolov-dur. Onun tarixi araşdırmalarının nəticələri məsələyə Sovet, sonra da Rusiya tarixçilərinin yanaşması ilə kəskin ziddiyyət təşkil edir. MDB məkanında formalaşan vətənpərvərlik şüuru üçün Sokolov-un qaldırdığı məsələlər olduqca ağrılıdır, Sovet tarixçiləri bu mövzuların üstündən susmaqla keçiblər. AzadlıqRadiosu ilə söhbətində Boris Sokolov dünya tarixinin ən böyük humanitar fəlakəti sayılan müharibə haqda tarixi araşdırmalarından danışır:

- Mən 2-ci Dünya Müharibəsində Sovetlər Birliyinin iştirakının müxtəlif aspektlərini yenidən nəzərdən keçirirəm. Söhbət alman-sovet cəbhəsinin müharibədəki əhəmiyyətindən, Qərbin SSRİ-yə göstərdiyi iqtisadi yardımın, məsələn «Lend-liz»in (ABŞ-ın SSRİ-yə hərbi və ərzaq yardımı – red.) rolundan, sovetlərin müharibədəki itkilərinin əsl miqyasından və sovet hərb sənətinin xarakterindən gedir. Təbii ki, mən sovetlərin xarici siyasətinin mahiyyətindən, onun heç də sülhpərvər deyil, Hitlerin siyasəti qədər aqressiv olduğundan yazıram.

- Belə çıxır ki, Siz 2-ci Dünya Müharibəsi haqda hələ sovet tarixi məktəbinin yaratdığı müqəddəs məqamlara əl qaldırırsız?

- Bəli, belə baxanda, mən sovet dövründə formalaşan və hələ də mövcud olan stereotipləri təkzib etməyə çalışıram.

- Şərq (sovet-alman) cəbhəsinin 2-ci Dünya Müharibəsindəki roluna yenidən baxılmasını dediniz...

- Şərq cəbhəsindən danışanda, adətən unudurlar ki, hərbi əməliyyatlar ancaq quruda deyil, həm də dənizdə və havada aparılırdı. Məsələn, Lüftvaffe (Almaniyanın Hərbi Hava Qüvvələri – red.) ilə mübarizədə əsas rolu heç də Sovet İttifaqı oynamırdı, almanların əsas itkiləri Qərb koalisiyası ilə döyüşlərdə baş verir, Lüftvaffe əsas qüvvələrini də məhz bu istiqamətə cəlb etmişdi. Sovet İttifaqının dənizdə gedən qarşıdurmadakı iştirakı isə, ümumiyyətlə, cüzi idi, Sovet Hərbi Dəniz Qüvvələrinə qarşı alman donanmasının çox az bir hissəsi istifadə olunurdu. Ümumiyyətlə, hesab edirəm ki, 1942-ci ilin sonuna Sovet İttifaqı hətta məğlub olub öz müqavimət gücünü xeyli itirsəydi belə, müharibə yenə də antihitler koalisiyasının qələbəsi ilə başa çatacaqdı. Sadəcə olaraq, bu zaman Almaniya üzərində qələbə üçün atom bombasından istifadəyə ehtiyac yaranardı. Yəqin ki, müttəfiqlər bunu haradasa 1945-ci ilin sonuna həyata keçirərdilər.

- Yazırsınız ki, rəsmi tarixi mənbələr sovet hərbi itkilərini xeyli azaldıblar.

- Bəli, mənim hesablamalarıma əsasən, rəsmi statistika Qızıl Ordunun itkilərini təqribən 3 dəfə azaldıb. Ölən və həlak olanların real sayı 26.9 milyona yaxın idi. Bu, almanların Şərq cəbhəsindəki itkilərindən təqribən 10 dəfə çox idi.

- Bəs (itkilər arasındakı) belə böyük fərqin səbəbi nə idi?

Sovet lideri Iossif Stalin, ABŞ prezidenti Harry S.Truman və Britaniyanın Baş naziri Winston Churchill, 1945
Sovet lideri Iossif Stalin, ABŞ prezidenti Harry S.Truman və Britaniyanın Baş naziri Winston Churchill, 1945
- Sovet İttifaqı dalğavarı hücum taktikası istifadə edirdi: düşmənin qüvvəsini nəzərə almadan imkan daxilində çoxlu canlı qüvvəni döyüşə atırdı ki, onun bütün qüvvələrini, ilk növbədə isə sursatını tükəndirsin. Düşmənin neytrallaşdırılmasına yönələn belə ardıcıl hücumlara, demək olar ki, heç bir hərbi hazırlığı olmayan əsgərləri göndərirdilər. Onların döyüş şəraitində özünü necə aparmaq haqda təsəvvürləri olmadığından, çox böyük itkilər baş verirdi.

- İndiyə qədər gizli qalan sənədlər varmı ki, onların açıqlanması ilə 2-ci Dünya Müharibəsi haqda bütün təsəvvürlər dəyişsin?

- Bunun üçün artıq dərc olunan sənədlər də kifayətdir. Məsələn, bütün müharibə boyu Qızıl Orduda yaralananların sayının dinamikası haqda aylıq hesabatlar var. Eyni zamanda 1942-ci ildə hər ay nə qədər əsgərin öldüyünü əks etdirən sənədlər var. Bu 2 statistikanı tutuşdurmaqla artıq müəyyən alqoritm tərtib etmək olar.

- Düzgün anladımsa, «Lend-liz» müqaviləsi əsasında Sovet İttifaqının Qərb müttəfiqlərindən aldığı yardımın həcmi da gizlədilirdi.

Sovet tankı
Sovet tankı
- Belə bir fikir var ki, «Lend-liz» üzrə yardımın həcmi Sovet iqtisadiyyatının ümumi həcminin 2 faizini təşkil edirdi. Lakin mənim hesablamalarıma görə, bu yardımın həcmi qat-qat artıq idi və sovet ÜDM-nin az qala yarısına bərabər idi. İzah edim: o zaman ABŞ-ın ÜDM-i 100 milyard dollara yaxın idi. Təxmin etsək ki, sovet ÜDM-i 15 milyard idi (Amerika iqtisadiyyatından 6-7 dəfə az. 2 ölkə arasındakı iqtisadi fərqin nisbəti 1980-ci illərdə də bu qədər idi), o zaman «Lend-liz» təchizatının qiyməti 30 milyard ABŞ dollarına yaxın alınır. Başqa sözlə, sovetlərin müharibə dövründə illik ÜDM-nin 2 qat misli həcmində. Razılaşın ki, yetərincə sanballı rəqəmdir.

- Belə bir tezis var ki, alman faşizmi üzərindəki qələbədə həlledici rol Sovet İttifaqına məxsusdur. İndi dedikləriniz əsas verirmi ki, bu tezisi yalanlasın?

- Belə deyək ki, tezisə düzəlişlər edirəm. Quru qoşunlarını götürsək, elədir: Alman ordusu itkilərinin ¾-ü alman-sovet cəbhəsinin payına düşür. Lakin Lüftvaffe və Kriqsmarineni (Alman hərbi donanması) də nəzərdən keçirsək, havada və dənizdə əsas rolu Qərb müttəfiqləri oynayıblar. Təkbətəkə qalsaydı – «Lend-liz», 2-ci cəbhə olmasaydı, Sovet İttifaqı Almaniyanın öhdəsindən 100 faiz gələ bilməzdi.
XS
SM
MD
LG