Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:23

Sabir Rüstəmxanlı: "Mən gənclərin o cür həbsini qəbul etmirəm"


Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı
-

“İlham Əliyev müasir düşüncəli adamdır... Axşam saat 6-dır, iş vaxtı qurtarır, çıxır gedir, daha hamısını əsir eləmir. İstəyir hamı normal həyatını yaşasın”.

“Kamal Abdulla Xətainin ruhunu incitməsin”.

"Yeri gəlmişkən, mən ziyalıya münasibətdə AzadlıqRadiosunun da mövqeyinə etirazımı bildirmək istəyirəm".

"O ziyalıların çoxu bu gün ayılıblar, mən 1988-ci ildən bu mübarizənin içindəyəm".


Azərbaycanda milli azadlıq hərəkatının liderlərindən olmuş şair Sabir Rüstəmxanlı Azadlıq Radiosunun “Pen klub” proqramının qonağıdır.


“Onda nə fərqi oldu?”


- Sabir bəy, bu günlərdə Azərbaycanda müstəqil düşüncəsinə görə bəzi tanınmış ziyalılarla “bizim olmayan adamlar“ kimi davranılmasına etiraz olaraq mətbuatda məqalə ilə çıxış etdiniz. Bu məqaləni yazmağa sizi nə vadar etdi?

- Düzü, bu məqalə bir ilə yaxındır yazılıb. O yazını itirmişdim. Amma sonra evdə bir qovluqdan tapdım. Baxdım ki, çap olunmalıdır. Bu yazıya görə təşəkkürlər də var, qınamalar da. Məqalənin ruhu, onun içindəki ağrı, vətəndaşlıq hissi qalıb bir qıraqda, yazırlar ki, niyə sizin ofisiniz var, filankəsin ofisi yoxdur? Bunun mənə, mənim yazıma nə dəxli var?

- Sizi məqaləni yazmağa vadar edən səbəbi demədiz amma...

- Bu yazının əsas ruhu odur ki, dövləti idarə edənlər bu dövlətin möhkəmlənməsini, müqavimət gücünün artmağını istəyirlərsə, bu gün üstümüzə gələn şərlə, düşmənlə daha arxayın mübarizə aparmaq istəyirlərsə, xalqın ağıllı adamlarını, düşünən insanlarını ətraflarına yığmalıdırlar. Haqqımızı, səsimizi-sorağımızı dünyaya çatdırmaq istəyiriksə, bunu bacaran aydınları incitmək olmaz. Onlar həmişə sözlərini deyən insanlardır. O adamlar sovet dövründə də döyülüb, qəribədir ki, müstəqillik dövründə də incidilir. Onda nə fərqi oldu?

- Bəlkə eyni təfəkkürlü hakimiyyətlərdir ona görə?

- Şübhəsiz təfəkkür və yanaşma tərzi burda rol oynayır. Mən bir çox yazıçı yoldaşlarıma, ziyalılarımıza münasibəti qəbul etmirəm. Hesab edirəm ki, bunu edənlər, özlərini sanki bu iqtidarın yanında göstərmək istəyənlər, əslində iqtidar üçün problem yaradırlar. Əslində bu, xalqı narazı salmaqdır, itələməkdir, xalqla öcəşməkdir. Bu, iqtidar-müxalifət davası deyil.

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


“Mənim yazıçı kimi borcumdur ki…”


- Sabir bəy, həmin məqalədə xalq yazıçısı Sabir Əhmədlinin Fəxri Xiyabanda dəfn olunmamasına, Bayram Bayramova etinasız münasibətə toxunmusuz. Milli Elmlər Akademiyasının prezidenti olmuş Eldar Salayevin şəklinin asılmamasına etiraz etmisiz.

- Cəmil Həsənlinin bu gün işsiz-gücsüz qalmasına, tənqid hədəfinə çevrilməsinə də toxunmuşam. Cəmil Həsənlinin bir sıra yazıları var ki, tarixi hadisələrə aydınlıq gətirir. Bu gün erməni saytlarında bu yazılara cavabları izləyirəm. Bundan sonra Cəmil Həsənliyə özümüzdə də eyni münasibəti görəndə mat qalıram, bu necə olur? Bir alimə yanaşmada bizim erməniylə münasibətlərimiz üst-üstə düşür? Vaxtilə Bəxtiyar Vahabzadəyə çoxlu hücumlar vardı. Onda mən yazdım ki, Bəxtiyar Vahabzadə kimi şairlər millətin əsəb nöqtəsidir, ona toxunmaq olmaz. Elçibəyin xəstəliyi haqda məqalədə yazmışdım ki, o, fiziki xəstəlik deyil, vətən sevgisi xəstəliyidir, eyni zamanda, gördüyü haqsızlıqların yaratdığı xəstəlikdir. Mən “Azərbaycan” qəzetinin redaktoru olmuşam. Həmin vaxt Moskvadan qayıtmış, burda haqsızlıqla üzləşmiş Heydər Əliyevi müdafiə edən ilk yazını da mən çap etmişəm. Mənim yazıçı kimi borcumdur ki, harda bir Azərbaycan aydınına, insanına haqsız təzyiq varsa, onu müdafiə edim. Bir də açıq-aşkar olan şeylər var. Sabir Əhmədli Azərbaycanın xalq yazıçısı idi. Fəxri Xiyabanda dəfn edilmək onun haqqı idi. Ailəsi dəfn etməyə aparanda dedilər ki, saxlayın, baxarıq. Bir gün saxlatdırdılar. O biri gün dedilər ki, biz yer vermirik, gedin harda istəyirsiz dəfn edin. Bu məni çox incitdi. Yəni hakimiyyətdə belə münasibət var, filankəs müxalifətdədirsə, istəyir Allahın bacısı oğlu olsun, istəyir Azərbaycana sənət adamı olaraq nələrsə qazandırsın, fərqi yoxdur, başqa partiyadadırsa, bizim adam deyil. Bu nə deməkdir? Mən qayıtdım maraqlandım ki, niyə belə oldu? Açıq-aşkar dedilər ki, o bizim adam deyil. Nə cür bizim adam deyildi? Axı bu sovet dövründə yazdığı romanlara görə tənqid olunurdu. Müstəqil Azərbaycanın Sabir Əhmədliylə nə problemi ola bilər? Sənət adamı özünə də müxalifətdə durmalıdır. Və sənət adamının müxalifətdə durması hökumətə, dövlətə düşmənçilik deyil. Mənim demək istədiyim bu idi.

Şahnaz Bəylərqızı və Sabir Rüstəmxanlı
Şahnaz Bəylərqızı və Sabir Rüstəmxanlı


“İlham Əliyev müasir düşüncəli adamdır”


- Sabir bəy, hökumətdən hansısa reaksiya gəldimi bu yazıya?

- Deputat həmkarlarımdan bəzisi dedi ki, sən deyə bilirsən, sənə o azadlıq... Sənin o azadlığın var bir yazıçı kimi, amma biz bunu düşünsək də, deyə bilmirik. Dərindən düşünülsə və təhlil olunsa ancaq “sağ ol” deyilməlidir.

- Həmin məqalədə yazırsız ki, İlham Əliyev müasir düşüncəli siyasətçidir və ziyalılara bu cür münasibəti o istəməzdi. Məşhur ensiklopediya iclası yadınızda olar. Heydər Əliyev haqda ensiklopediyada gedən tənqidi fikrə görə professor İsmayıl Vəliyevi İlham Əliyev iclasdan qovdu. Bundan sonra hökuməti tənqid edən, ona müxalif olanları belə aqibət gözləməsi normal deyilmi? Bu cür rəftar əslində dövlət başçısının münasibətindən qaynaqlanmırmı?

- Mən öz təcrübəmdən, müşahidəmdən çıxış edirəm. Məsələn, İlham Əliyev Milli Məclisin deputatı olanda fasilələrdə, çıxışlarda, ünsiyyətdə tənqidə açıq olduğunu, tənqidi qeydləri sərbəst qəbul etdiyini, bəzən də onlarla çox rahat razılaşdığını görmüşəm. Və yaxud apardığı iclaslarda baxıram ki, çox yumşaq, hətta bizi əsəbiləşdirəcək dərəcədə yumşaq rəftar edir. Halbuki o adamların qüsurlarını görür, bilir. İnterneti, sosial şəbəkəni izləyir. Bu baxımdan o, yeni düşüncəli adamdır. Yəni əskilərdən fərqlənir. Axşam saat 6-dır, iş vaxtı qurtarır, çıxır gedir, daha hamısını əsir eləmir. İstəyir hamı normal həyatını yaşasın. Amma o ensiklopediya məsələsi fərqli olmuşdu. Mən o situasiyanın yalnız Heydər Əliyevlə bağlı tənqid nəticəsində yarandığını düşünmürəm. Görünür, dialoqda istədiyi cavabları ala bilməmişdi.

- Sizcə, bu əsas verirmi, yaşlı professoru iclasdan bu şəkildə qovsun?

- Vallah...

- İlham Əliyev təxminən bunu da söylədi ki, hələ mən burdayam, siz Heydər Əliyev haqda bunu yazırsız...

- Yox, təəssüf ki, mən o proqrama baxmamışam. Amma dövlət təcrübəsində belə işlər də olur, kimisə iclasdan anındaca çıxarıblar. Bir epizodla deyil ki... Mənim düşüncəm belə deyil ki, İlham Əliyev bütün keçənlərə görə kimdənsə intiqam alsın. Sadəcə, ona “xidmət” göstərənlərin işidir bu.


“Bu, hakimiyyət üçün böyük problem yaradır”


- Saytımızın istifadəsçisi Xeyrulla yazırdı: “Sabir Rüstəmxanlı bu uzunluqda məqalə əvəzinə bircə cümlə ilə məhdudlana bilərdi: “İlham Əliyev müasir düşüncəli adamdır”. Buna kimin şübhəsi var? Türmədəki gənclər buna danılmaz sübutdur...”

- Şübhəsiz, mən gənclərin o cür həbsini qəbul etmirəm. Həmin məqalənin ruhu da odur ki, bu gənclərin də, günahsız adamların həbsi də, xaricdə oxuyub gələn uşaqlarımızın iş tapmaması da hakimiyyət üçün də böyük problem yaradır. Çünki bu narazılıqlar üst-üstə gələndə böyüyür. İlham Əliyev bu ölkənin prezidenti kimi imkan tapıb bu məsələlərlə məşğul olmalıdır. Azərbaycandan bu cür istedadlı gənclər, xaricdə oxuyub gələn beyinlər qovulur. Niyə belə olmalıdır? Mən də bunu yazmışam və cavabı eşitmək istəyirəm.

Sabir Rüstəmxanlı və Sabir Əhmədli
Sabir Rüstəmxanlı və Sabir Əhmədli

“Elçin baş nazirin müavini kimi bununla ardıcıl məşğul olmalıdır”


- Dinləyici yazır ki, Sabir Əhmədliylə bağlı niyə Anar, Elçin Əfəndiyev, Çingiz Abdullayev səslərini çıxarmadılar? Mən bu suala onu da əlavə edim ki, Rüstəm İbrahimbəyov, Rafiq Əliyevə qarşı kampaniya başlananda onların münasibətini gözləyirdinizmi?

- Rəhmətlik Sabir Əhmədliyə yer ayrılması ilə bağlı Anar bəzi səviyyələrdə danışıq aparmışdı. Yəni tam kənarda qalmamışdı. Amma küll halında Sabir Əhmədlinin AYB ilə münasibətləri də yumşaq deyildi. O, cod, sözgötürməyən bir adam idi. Yazıçı kimi onlar bir-birini həmişə yüksək qiymətləndiriblər. Elçin Əfəndiyevə, Rafiq Əliyevə gələndə bu sualı onlara vermək lazımdır. Mən bunu soruşa bilmərəm. Amma müəyyən məqamlarda müdafiə etdiklərini görmüşəm. Mənim yanaşmam bir ayrıdır, onların yanaşması ola bilsin bir ayrı. Elçin baş nazirin müavini kimi bu cür hallarla, yazıçıların qayğıları ilə ardıcıl məşğul olmalıdır. Bu vacibdir. Bu problemlərin hamısı ona bağlıdır, onun səlahiyyəti çərçivəsindədir...
Yeri gəlmişkən, mən ziyalıya münasibətdə AzadlıqRadiosunun da mövqeyinə etirazımı bildirmək istəyirəm. Hökumətin siyasəti ilə üst-üstə düşməsə də, bəlli oxşarlıq da müşahidə olunur. Goreşənlik lazım deyil.

- Nəyi nəzərdə tutursuz?

- Bizdə qəribə tendensiya yaranıb, Babəkdən, Xətaidən başlamış Mirzə Fətəli Axundzadəyə, Mirzə Cəlilə qədər hamısı haqda yaraşmayan sözlər deyilir. Bu, Azərbaycanı köksüz qoymaqdır. Bütün tariximizin üstündən xətt çəkmək, bizi ədəbiyyat, tarix yarada bilməyən, şəxsiyyəti olmayan millətə çevirmək istəyirlər. Sizdə də son vaxtlar Mirzə Cəlil, Axundzadə, Nəriman Nərimanov haqda müzakirələr gedir. Olsun, müzakirə yaxşıdır, amma bu müzakirələr işi bilən, yüksək peşəkarlar səviyyəsində aparılsın. Bu günün gözü ilə baxıb demək olar ki, niyə Nizami vətənpərvər olmayıb, Azərbaycan haqda şeir yazmayıb? Ancaq hər şeyə dövrün kontekstində qiymət vermək lazımdır. Biz keçmişimizə hörmətlə yanaşnalıyıq.

- Bizim müzakirə etdiyimiz məsələlər AzadlıqRadiosundan öncə ayrı-ayrı müəlliflər tərəfindən mətbuata çıxarılıb, haqqında danışılıb. Biz hər dəfə bir prinsipə əməl etmişik ki, qarşı tərəfi də dinləyək, balanslı müzakirə aparaq, peşəkarların iştirakı ilə fərqli baxışları ortaya qoyaq. AzadlıqRadiosunun həmin şəxsiyyətlərlə bağlı problemi yoxdur. O ki qaldı, Cavanşirlə, Babəklə bağlı səslənən fikirlərə, vaxtilə həmkarınız Nəsib Nəsibli bunu parlamentdə deyib.

- Nəsib Nəsibzadə bir dəfə Milli Məclisdə deyib ki, Babək azərbaycanlı deyil. Mən dedim ki, Nəsib, sən bu MM-də oturanların 15 faizinin etnik kimliyini müəyyənləşdir, ondan sonra səninlə Babəki müzakirə edərəm. Sən min il öncə Azərbaycan torpağında yaşamış, Azərbaycana xidmət etmiş, ərəb istilasına qarşı 25 il mübarizə aparmış bir kişiylə bağlı sual edirsən: bu türk idi, talış idi? Bu nə deməkdir, nə mənası var axı? Bu adam sənin ölkənə xidmət edib. Çox maraqlıdır, ən qatı müsəlman ölkəsi İranda Babək adına yasaq qoya bilmirlər. Nə molla, nə dindar sataşır. Amma biz sataşırıq, bizim tarixçilər sataşır. Babək tariximizin çox parlaq şəxsiyyətidir, onu inkar etmək olmaz. Tarixçinin göz qabağında olan, bildiyimiz şeyi inkar etməsini qınamaq lazımdır... Nəriman Nərimanov da Azərbaycanın böyük yazıçısıdır, maarifçisidir. Ağır şəraitdə fəaliyyət göstərib. Ola bilsin səhvləri də olub. Amma Leninə “mən sənə inanmaqda yanılmışam”, Orcokenidzeyə şillə vuran, Stalinlə yola getməyən, sonda zəhərlənib öldürülən, aldadılan bir adamdır. Bolşeviklər Azərbaycana gələndə prosesin qarşısını almağın mümkünsüzlüyünü görüb o şərtlər daxilində işləmək istədi. Nərimanov da qıraqda qalsa, nə olacaqdı? O Moskvaya gedəndən sonra Kirov gəldi, Dağlıq Qarabağ Muxtar Vilayətini yaratdı.

Kamal Abdullanın "Şair və şair" pyesinin premyerası, 23 may 2013
Kamal Abdullanın "Şair və şair" pyesinin premyerası, 23 may 2013


“O, Xətainin ruhunu incidəndə mən də Kamal bəyi əsəri ilə bağlı incidərəm”


- Mayın 22-də sizi Kamal Abdullanın Milli Akademik Dram Teatrında premyerası olan “Şah və şair” tamaşasında gördük. Tamaşa haqda fikirləriniz.

- Siz bu gün bütün münaqişəli məsələlərlə bağlı məndən fikir öyrənmək istəyirsiz. Əlbəttə, yazıçı dostumu təbrik edirəm. Amma şəxsən mən tarixə o cür yanaşmıram. Şah İsmayıl Xətaiyə o cür yanaşmanın da tərəfdarı deyiləm. 32 Osmanlı sultanından 28-i şeir yazıb. Azərbaycanda 5 dövlət başçısı şeir yazıb, 7 Türküstan hakimi şeir yazıb. Bu şeir yazmaq ayrı məsələdir. İndi demək olar ki, bunların hamısının oxşarı var idi, savaşa biri gedirdi, şeiri də o biri yazırdı? Doğru deyil axı. Xətai mürşidi-kamil idi, ağlı da yüksək idi, ürəyi, ruhu da, qılıncı da, şeiri də güclü idi. İndi deyirlər ki, guya bu Təbrizə girəndə pozğunluq edib. O uşaqbaz, əxlaqsız olsaydı, on minlərlə mürid ona inanıb arxasınca gedərdimi? Xətai nur parçası idi... Bunlar toxunulmaz şeylərdir. Əsərin yaxşı tərəfi var, tarixə yeni yanaşma-filan. Amma Şah İsmayıla bu cür ikili yanaşmanın tərəfdarı deyiləm. Kamal mənim qələm dostumdur, inciməsin, niyə o Xətaninin ruhunu incidir? O Xətainin ruhunu incidəndə mən də Kamal bəyi əsəri ilə bağlı incidərəm.


“Milli Şura 4-5 il bundan əvvəl yaranmalı idi”


- Yenidən siyasətə qayıdaq. Daha bir dinləyici sualı var: “Oktyabrda prezident seçkilərində kimin yanında olacaqsız? Ziyalıların, yoxsa hakimiyyətin?”

- Mən öz yanımda olacam. O ziyalılardan öncə mən özüm bu mübarizənin içində olmuşam. O ziyalıların çoxu bu gün ayılıblar, mən 1988-ci ildən bu mübarizənin içindəyəm. Bunu yazanlar kar, kor deyillər ki? Prezident seçkilərinə gələndə, ola bilsin öz namizədimizlə gedək. Əgər demokratik düşərgənin vahid namizədi olsa, real güclər birləşib ölkədəki vəziyyəti dəyişmək yönündə səmimi, etibarlı hərəkat başlasalar mən də o prosesdə olaram. Bu birliyi bu gün yaratmaq da çox gecdir. Bu işi keçən seçkilərdə uduzduğumuz günün sabahı başlamalıydıq. Milli Şura 4-5 il bundan əvvəl yaranmalı idi. Bu gün birləşmək çağırışı mübarizə deyil, Allah ümidinə iş görməkdir.

İZLƏ
XS
SM
MD
LG