Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:07

İki daş arasında


Abbas Abbasov
Abbas Abbasov
-
«Müxtəlif səbəblərdən Azərbaycanı tərk etmiş və başqa ölkələrdə, xüsusən Rusiyada sığınacaq tapmış insanların taleyi ilə oynamağa son qoyun. Siz heç düşünürsünüzmü ki, sizin Rusiya Federasiyasına qarşı iyrənc və çirkin kampaniyanıza görə həmvətənlərimizi necə bir tale gözləyir?».

Bu bəyanatla iyunun 11-də Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri Abbas Abbasov çıxış edib.

«KORRUPSİYA VƏ İŞSİZLİYİ HƏLL ETMƏK ƏVƏZİNƏ...»

O, bildirir ki, Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti burada normal həyat sürür və bu ölkədəki şəraitdən razıdırlar:

«Onlar Azərbaycanda siyasi situasiyanı gərginləşdirməyə gətirib çıxaracaq hansısa qovğalarda iştirakçı olmaq istəmirlər. Məgər sizin seçki mübarizəsində aparmaq üçün başqa vasitəniz yoxdur? İstəyirsiniz Rusiyada da azərbaycanlılar sizin «cəhdləriniz» sayəsində öz hüquqlarını itirsinlər?».

Abbas Abbasov Rusiyada yaşayan azərbaycanlılara da müraciət edib. Onları taleləri ilə kimsənin oynamasına imkan verməməyə çağırıb:

«Korrupsiya və işsizlik kimi kəskin sosial problemləri həll etmək, keyfiyyətli tibb və təhsil imkanı yaratmaq əvəzinə onlar Rusiyanın timsalında özlərinə düşmən uydurublar. Onlar qəsdən Azərbaycandakı siyasi və ictimai stabilliyi pozmaq üçün bunu edirlər. Bu, ağlagəlməz nəticələrə və xaosa gətirib çıxara və iki qardaş xalqı bir birinə düşmən edə bilər. Biz Rusiyada yaşayan azərbaycanlılar buna ciddi etiraz edirik».

Elxan Şahinoğlu
Elxan Şahinoğlu
Abbas Abbasov son vaxtlar Rusiyadakı Azərbaycan Təşkilatlarının İttifaqı və «Azerros» təşkilatlarına qarşı Azərbaycan mətbuatında böhtanlar yazıldığını bildirir. «Bunun arxasında kimin durduğu bizə məlumdur. Onların adlarını Azərbaycan və Rusiyada da bilirlər. Biz bilirik ki, bu prosesi kim idarə edir və kim maliyyələşdirir» desə də, konkret adlar çəkmir.

«ABBAS ABBASOVUN BƏYANATI ZİDDİYYƏTLİDİR»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, müxalifət içində Rusiyanın siyasətini tənqid edənlər var. Bu cür tənqidçilərə hakimiyyət içində də rast gəlinir:

«Amma Azərbaycan hakimiyyəti sözdə Rusiya ilə heç bir problemin olmadığını bildirir. Halbuki problemlər var. Rusiya Ermənistanı silahlandırır. Son zamanlar Dağıstanda separatçı «Sadval» təşkilatına imkanlar yaradır. Bakı-Novorossiysk boru kəmərinin qapadılması, bunlar hamısı sırf təsadüfi ola bilməz. Abbas Abbasovun Azərbaycanda Rusiyanı tənqid edənləri hədəf götürməsi ziddiyyətlidir. Düzdür, biz başa düşürük ki, Rusiyada xeyli sayda azərbaycanlı çalışır. Abbas Abbasov ona da işarə edir ki, Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaransa və bu uzunmüddətli olsa, Rusiya azərbaycanlıları sıxışdıra bilər».

Araz Aslanlı
Araz Aslanlı
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı isə deyir ki, indi Azərbaycanda Rusiyaya qarşı 80-ci illərin ikinci yarısında olduğu kimi münasibət yoxdur:

«Ola bilsin ki, indi kimlərsə bu məsələyə daha həssasdırlar. Ya da kimlərinsə başqa maraqları var. Bəlkə konkret məqamlarla bağlı kimlərsə hansısa tənqidi fikirlər deyib. Amma ümumi kampaniyadan danışmaq, məncə, düzgün deyil. Azərbaycanda Rusiyadakı azərbaycanlıları birləşdirən təşkilatlara qarşı kampaniya varsa, bu, Rusiyadakı azərbaycanlılar üçün problem yaradacaq, bunun obyektiv səbəbləri mənə aydın deyil. Amma bu, sanki obyektiv səbəblərdən çox hədələməyə bənzəyir».

RUSİYA REGİONDA ƏN GÜCLÜ OYUNÇUDUR

«Mən Abbas Abbasovu çoxdan tanıyıram. Ancaq bunun nəyə hesablanmış bəyanat olduğunu başa düşmürəm».

Politoloq Vəfa Quluzadə Rusiyanın Azərbaycandakı tənqidlərdən qorxmadığını da bildirdir:
Vəfa Quluzadə
Vəfa Quluzadə
«Rusiya bizim regionda ən güclü oyunçudur. Heç də düşünmək lazım deyil ki, Rusiya Azərbaycanın bu gününə və sabahına biganə və laqeyddir. Daxildə siyasətlə məşğul olanlar bunu nəzərə almalıdır. Rusiyanın Azərbaycandan tam üz döndərdiyini demək düzgün deyil. Abbas Abbasov isə qorxmalı deyil. Artıq o, Rusiyada yaşayır, özü də kasıb adam deyil. Rusiya hakimiyyəti ona himayədarlıq edir, buna şübhə etmək lazım deyil. Hər bir güclü şəxsiyyətə, milyarderə Rusiya iqtidarı himayədarlıq etməsə, o, məhv olar. Nədən Abbas Abbasov narahatçılıq keçirir, bunu bilmirəm».

«İKİ DAŞ ARASINDA QALMIŞIQ»

«Far Center» İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə isə narahatçılığa əsas görür:

«Burda böyük bir problem var. Böyük insani, siyasi və strateji problem var. Həm Rusiya Azərbaycanı öz əsarəti altına qaytarmaq istəyir, ermənilərə kömək edir, cürbəcür yollarla sıxır, öz tərəfinə çəkir. Həm də orada 2 milyon azərbaycanlı iş tapıb.
Hikmət Hacızadə
Hikmət Hacızadə
Bu iki daş arasında qalmışıq və burda çox ehtiyatla tərpənmək lazımdır».

Bir müddətdir yerli və xarici mediada Azərbaycanla Rusiyanın münasibətlərində gərginlik yaşandığı barədə yazılar yer alır. Bu iddiaları irəli sürənlər Qəbələ RLS-in bağlanmasını, «Milyarderlər İttifaqı»nın Kremlin dəstəyi ilə yaranmasını, iki ölkə arasında yüksək səviyyəli görüşün keçirilmədiyini əsas gətirirlər. Ancaq xarici işlər nazirləri Elmar Məmmədyarovla Sergey Lavrov «Eurovision» mahnı müsabiqəsindən sonra görüşüblər. Həmin müsabiqədə Azərbaycandan Rusiyaya heç bir xal verilməyib, rəsmilər isə verilmiş səslərin «itdiyini» bildiriblər.
XS
SM
MD
LG