Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:46

ABŞ Azərbaycana qədim xalçalar bağışladı


Foto: Arxiv
Foto: Arxiv
-
«Biz prezidentin «Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında» fərmanını əsas tutaraq, təbliğat işi aparırıq və bu təbliğatın nəticəsində bu iki qədim Azərbaycan xalçası artıq bizim muzeydədir».

Bu sözləri qədim Azərbaycan xalçalarının Vətənə qayıtması münasibətilə düzənlənən təqdimat mərasimində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağızadə səsləndirib.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, ABŞ-ın Şərq xalçası və tekstili üzrə Çikaqo cəmiyyətinin üzvü, mərhum Qrover Şiltsin kolleksiyasından iki ədəd qədim «Ədahalı» (Qarabağ, XVII əsrin sonu) və «Səlyan Xiləsi» (Şirvan, XIX əsr) Azərbaycan xalçaları Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə təqdim olunub.

Təqdimat mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev Azərbaycan xalçalarının yenidən vətənə qayıtmasını əlamətdar hadisə olduğunu deyib:

«Xalçaları belə nəfis şəkildə qoruyub saxladıqları və yenidən Azərbaycana hədiyyə etdikləri üçün Qrover Şiltsə və onun həyat yoldaşı Beverli Şiltsə təşəkkürümü bildirirəm. Əminəm ki, hələ dünyanın çox yerlərində Azərbaycanın tarixi xalçaları var və biz onların da vətənə qaytarılması üçün tədbirlər həyata keçirəcəyik».

Təqdimat mərasimində iştirak edən xarici qonaqlardan biri--İtaliyadan Şərq Xalçaları üzrə Akademik Komitənin sədri Alberto Boravelli xalçaların Azərbaycana hədiyyə edilməsini təqdirəlayiq hal hesab etdiyini deyib:

«Xalça tədqiqatçısı kimi Avropa və Amerikada keçirdiyim mühazirə və seminarlarda xalça kolleksiyaçılara onlarda olan xalçaları məxsus olduqları ölkələrə hədiyyə etmələrini tövsiyə edəcəyəm».

Tədbirdə həmçinin Koos de Conqun xalça sənəti haqqında yazdığı «Əjdaha və at» kitabı muzeyə hədiyyə olunub.

Təqdimat mərasiminin sonunda qonaqlar xalça muzeyində açılmış sərgiyə baxıblar.
XS
SM
MD
LG