Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:46

Qapa gözlərimi, əzizim, bəlkə uyuyam...


Yaşar Bünyad
Yaşar Bünyad
-

Yaşar Bünyad


QAPA GÖZLƏRİMİ

İynə ucu boyda
işığa həsrət gözlərim
dikilib bir nöqtəyə...
Zülmətin əlindən qopmur əlim-
Dartınıb
qaranlığın əlindən qaçıram...
Hara?!

Üstümə qonub ölüm,
Qarşıda nə var,
nə bilim?

O nöqtə boyda işıq da solur,
Taqətim yox, əl uzadım...

Bilirəm,
Sənin gözlərin dolub
Yanağıma düşən damladan...

Deyəsən,
məni itirirsən
Mən işığı itirən kimi.

Göz yaşınla
islat, yu məni
rahatlansın canım.
Qayıtsın itmiş röyam,
Qapa gözlərimi,
əzizim,
bəlkə uyuyam...


ƏSİRLİKDƏ ZORLANAN QIZ

"Vağzalı"sız köçən
o qədər qız var ki,
Barmaqları xınasız,
"xeyir-dua"sız zorlanan
o qədər qız var ki..,
-deyə ,
təsəlli vermə özünə.
Sən başqasan,
əsirlikdə zorlanan qız.

...Döşəyinə
səpmədilər qızılgül ləçəklərini,
Sevə-sevə öpmədilər dodağından.
Qırmızı lent yerinə
qara his bağladı
kerosin lampası
gərmə qoxulu,
uçuq fermanın küncündəki "gəlin" otağında.

Bakirəliyini alıb
Bir "maqazin" boşaltdılar şərəfinə.
İçinə dolduqca iyrənc hərarət
bərəldi gözlərin
gavur qucağında.
Kirli divarda
dırnaq izlərindən axan qanla yudun
xına görməyən barmaqlarını.
Səninlə əlləşən gavur
kişilərin hayıfını səndən aldı.
Gör neçə kişi
sənə borclu qaldı?!
Qorxdun,
özünə qıymadın.
Canını gəzdirə-gəzdirə
yaşayacaqsan çoxları kimi.
İyrəndiyin gavurdan doğacaqsan
gavur balasın.
Döşündə süd qurumamış
əlindən alacaqlar,
Qısır
bir fransıza satacaqlar
döğduğun körpəni.
Döşlərin şişəcək,
Körpəni "istəyəcək",
Qara göz yaşı töküb
ovacaqsan gözünü,
İçində
öz əllərinlə boğacaqsan özünü...

Əvvəl nə haqqın olub,
İndi nə haqqın var ki,
əsirlikdə zorlanan qız?!
Sən ki,
düşmən altındasan-
Namusun kimi,
Torpağın kimi...
XS
SM
MD
LG