Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:00

O "kişi"nin ayağını qırmaqdan özümü güclə saxladım...


Günel Eyvazlı
Günel Eyvazlı
-

Qadın bədəni istismar olunur.

Dahiyanə əsər dedikdə, estetik zövq dedikdə nədənsə qadın təsvirini bizlərə nümayiş etdirirlər.

Kitab üzlərini, mağaza örtüklərini, reklam bloklarını ecazkar qadın bədəni bəzəyir...



Günel Eyvazlı


FEMİNİZM DALĞASI, YOXSA...?


Bu mövzu çoxdan məni narahat edirdi, yəqin qismət bugünə imiş. İlk öncə feminizm haqqında qısa arayış vermək istəyirəm.

Feminizmin ilk dalğası XIX əsrin sonu-XX əsrin birinci yarısına təsadüf edir. Onun əsas məzmunu cinslərin hüquq bərabərliyinə nail olmaq uğrunda mübarizədən ibarətdir. XX əsrin ortalarından etibarən feminizmin ikinci dalğası başladı. Onun əsasında qadınların kişilərlə faktiki bərabərliyi uğrunda mübarizə dururdu. 70-ci illərin ortalarında və sonunda Qərbdə, xüsusilə ABŞ-da hərəkat daha kütləvi xarakter aldı. 80-ci illərin ortalarında feminizmin təsiri bir qədər azalır, tədqiqatçılar bunu Qərb ölkələrində neokonservativ istiqamətin möhkəmlənməsi, həmçinin feminizmin öz daxilində yaranan kəskin özünütənqidlə izah edirlər.

SUAL???

Dünən seçki hüququndan, səs vermək hüququndan məhrum qadın, müəssisələrdə kişilərlə bərabər çalışmaq hüququndan məhrum qadın bu gün nə istəyir?
ABŞ - New York-da feminist parad - qadınların səsvermə hüququ uğrunda, 1912
ABŞ - New York-da feminist parad - qadınların səsvermə hüququ uğrunda, 1912

Yaxşı sualdır, elə deyilmi. Az sonra cavablandıracağam.

Az qala feminizm ifadəsi, çılpaq qadın ifadəsi ilə sinonimlik təşkil etməyə başlayıb. Avropa ölkələrində baş verən kütləvi mitinqlərdə ortalığa buraxılan bir neçə çılpaq qadın qrupu hüquq bərabərliyi uğrunda dayanmadan mübarizə aparır.

Necə də cəsarətlidirlər, fədakardırlar. Beləmi düşünürsünüz?

Yenə də hədəf qadındır! Bu işlərin arxasında xüsusi siyasətin olması şübhəzdir.

1. Cəmiyyətimizə fikir verdikdə müxtəlif ayrılmaların baş verdiyini görürük. Cəmiyyətdə müxtəlifləşmə var. Hətta Allah anlayışı belə, inam belə şaxələnib. Deist, ateist, dindar, nə bilim nələr və.s kimi anlayışlar məişətimizə daxil olub. Demək ki, Allah, din haqqında söhbət açan kimi münaqişə etməyə kifayət qədər mövzumuz var.

2. Mentalitet məsələlərinin abartılması. Toy adətlərinin, məişət söhbətlərinin gündəmə gəlməsi. Bakirəlik mövzularında ifrata varılma və.s. Yəni mentalitet dedikdə didişmək üçün kifayət qədər mövzumuz var.

3. Mən sizə N sayda istər siyasətdə, istərsə də bir çox başqa mövzularda misallar gətirə bilərəm.

Əfəndilər, qloballaşma buna deyilir. Qlaballaşma nəticəsində əxlaq dediyimiz normalar mifə çevriləcək, mental dediyimiz normalar (doğrusu bu mentalitet məsələsi məni də bəzən qıcıqlandırır - 21-ci əsr Azərbaycan gəncini, orta əsrin feodal babası idarə edir. Mənim millətimin gəncinin üzərində Avropa geyimləri var. Azərbaycan gənci üzdən çox intellektual və müasir görünür, amma, nə yazıq ki, kafası hələ də köhnə meyarlarla işləyir. Subyektiv fikrimdi) bizdən get-gedə uzaqlaşacaq. Bu mübarizədə adətlərinə, köklərinə sarılanlar qalib gələcək.
İsveçrə - FEMEN qrupundan olan qızlar qadınlara qarşı ayrı-seçkiliyə belə etiraz edirlər: qiymət birkası taxaraq, Sürix, 10 noyabr 2011
İsveçrə - FEMEN qrupundan olan qızlar qadınlara qarşı ayrı-seçkiliyə belə etiraz edirlər: qiymət birkası taxaraq, Sürix, 10 noyabr 2011

Əxlaqsızlıq niyə təbliğ olunur?

Bu mövzunu elə feminist dalğası üzərində genişləndirəcəyəm. Az qala qadın bədəni istismar olunur. Dahiyanə əsər dedikdə, estetik zövq dedikdə nədənsə qadın təsvirini bizlərə nümayiş etdirirlər. Kitab üzlərini, mağaza örtüklərini, reklam bloklarını ecazkar qadın bədəni bəzəyir.

Sizcə niyə?

Bütün bunlar yenə də qadını sıxışdırmağa, cəmiyyətdən təcrid etməyə yönəlib.

Doğrusu, bu artıq məndə ikrah doğurur. Bu qədər rəzillik, bu qədər alçaqlıq olmaz. Yetər. Bir zamanlar düşünürdüm ki, yalnız Azərbaycanda vəziyyət acınacaqlıdır. Amma, yox. Bu tendensiya bütünlükdə dünyada gedir. Rusiyada əxlaqsızlıq o qədər artıb ki, abort eləmək məqsədi ilə 14-15 yaşlı yeniyetmə qızlar növbəyə düzülür.
Niyə belə olur? Səbəb nədir?

Kişilərmi qadınları pozdu, qadınlarmı kişiləri məhv elədi? Cavab, zəncirvari surətdə bir-birinə sarılaraq sonsuzluğa doğru davam edir.

Azərbaycanda ailə münaqişəsi zəminində nə qədər qadın öldürüldüyünün fərqinə varırsınızmı? Demək, sivil şəkildə məsələni çözmək bizdə qeyri-mümkündür. Arvad duzu vaxtında süfrəyə gətirmədi deyə, əclaf kişi (üzr istəyirəm ifadəmə görə) öz həyat yoldaşının qarnına bıçaq zərbəsi vurub, onu qətlə yetirdi. Bu hadisə 2 ay bundan öncə Azərbaycanda baş verib.

İnanın ki, Azərbaycanda hansı kişiyə yaxınlaşıb sual versən ki, “Həyat yoldaşından razısanmı?” Hamı yektinliklə görün nə sadalayacaq. Yaxşı yemək bişirir, paltarımı yuyur, evimi təmiz saxlayır (və ya əksinə) və.s. Azərbaycan kişisi həyat yoldaşı haqqında deyil, qulluqçu haqqında olan məziyyətləri önə çəkir.
Bakıda azad qadın heykəli
Bakıda azad qadın heykəli

Amma, mən belə bir cavab istəyərdim. Biz bir-birimizi çox yaxşı anlayırıq. Asudə vaxtlarımızı birgə keçirməyi sevirik. Tərbiyəli, savadlı övladlar böyüdürük. Ev işlərini birgə görürük və.s. Ev işlərini, yemək bişirməyi hansı qadın bacarmır ki? Amma, məhz bu qulluqçuya məxsus səbəbləri önə çəkməklə özünüzün zəifliyini isbat etmiş olursunuz.

Mənim heç kimi təhqir etmək fikrim yoxdur. Amma, mən uşaq arabasını özü sürən, yoldaşına kömək edən kişilərə hörmət edirəm. Mən öz həyat yoldaşını qiymətli tutan kişilərə hörmət edirəm. Yoxsa ki, bu yaxınlarda yolun ortasında gözümün önündə arvadına təpik atan “kişinin” arvadına dəyən ayağını qıra bilərdim. Özümü güclə saxladım.

Günah həm də “Arvadı bu küncdən vurarsan, o küncə qaçar” kimi deyimlər üzərində ailəsini guya qoruyan, ailə daxilində 5 qəpik hörməti olmayan qadınlardadır. Günah savadsızlıqdadır. Ailəni qorumaq hər kəsin müqəddəs borcudur. Həm kişinin, həm qadının. Amma, zorakılıq olduğu halda ailə qorumağı absurd sayıram.

Üzdəniraq xanımların cəmiyyətdə təbliği, əxlaqsızlığın daha da genişlənməsinə səbəb olur. Ədəbiyyat, mətbuat yalnız əxlaqsız qadınları reklam edir desəm yanılmaram. Bu tərbiyəni televiziyadan alan yeniyetmə özünə belələrini kumir seçir. Belələrinə bənzəmək istəyir. Yadımdadır, orta məktəbdə oxuyanda Latın Amerikası filmləri televiziyalarımıza yeni ayaq açmışdı. Həmişə düşünürdüm, belə filmlər gec-tez məişətimizə öz təsirini göstərəcək. İndi gəzintiyə, filana getdikdə görürsən ki, cütlüklərin 70 faizini 14 yaşdan yuxarı yeniyetmələr təşkil edir. Mən demirəm ki, bu pis haldır. Amma, mənə elə gəlir ki, o yaşda olan gənc hələ dərs, savad haqqında düşünməlidir. Gələcək haqqında planlar qurmalıdır. Və ya, cibində bahalı telefonlar gəzdirən azyaşlılar gördükdə millətin gələcək halına acıyıram. Günah, əlbəttə, valideyndədir. Biz də şagird olmuşuq. Valideynlərimiz mobil rabitə vasitəsi ilə deyil, əyani şəkildə bizə nəzarət edərdilər. Valideynimizin xofu, onlar yanımızda olmasa belə üzərimizdə idi. Sonra bu xof hörmətə keçdi. Müəyyən yaş dövründən sonra, gözəl tərbiyə almış gəncin növbəti hərəkətləri və addımlarından narahat olmağa ehtiyac yoxdur. Çünki bünövrəsi gözəl qoyulub.

Məsələni feminizmdən başlayıb, bu istiqamətdə davam etdirdiyimə görə üzr istəyirəm.

Yuxarıda belə bir sual vermişdim.

Dünən seçki hüququndan, səs vermək hüququndan məhrum qadın, müəssisələrdə kişilərlə bərabər çalışmaq hüququndan məhrum qadın bu gün nə istəyir?

Məncə, 21-ci əsrin qadını özünə qarşı hörmət istəyir, kağıza yazılmış yalançı hüquq bərabərliyi yox.

Amma, hörmətli qadın, sənə cəmiyyətdə sənin özünü necə təqdim etməyinin müqabilində hörmət edirlər. Özünü sev, özünə hörmət et, özünü qoru, özünü yüksəkdə tutmağı bacar. Belə olduğu halda heç vaxt zərbə altında qalmayacaqsan.
XS
SM
MD
LG