Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:08

Ramazanla bağlı doğru və yanlış bilinənlər


Pakistanda mədrəsədə Razaman ayı boyuncə qızlara Quranın qısaldılmış versiyaları öyrədilir
Pakistanda mədrəsədə Razaman ayı boyuncə qızlara Quranın qısaldılmış versiyaları öyrədilir

-
RAMAZAN NİYƏ ÖZƏLDİR?


“11 ayın sultanı” kəlməsi hədislərdən əxz olunub. Peyğəmbər kəlamlarında Ramazan digər ayların ağası, seyidi adlandırılır”. Bunu İmam Cümə Məscidinin imam cüməsi Hacı Şahin Həsənli deyir.

“Islam və demokratiya” verilişinin qonağı olan Hacı Şahin Həsənli bildirir ki, bu ayın üstünlüyü yalnız oruc tutmaqla əlaqəli deyil:

“Son səmavi kitab Qurani-Kərim məhz bu ayda nazil olunub. Ona görə hədislərə görə, bu ayın adını həmişə hörmətlə, ehtiramla çəkmək lazımdır”.

verilişi tam olaraq buradan dinləyə bilərsiz


NİYƏ AZƏRBAYCANDA RAMAZAN GEC BAŞLADI?

Bu il Azərbaycanda Ramazan ayının digər ölkələrə nisbətən bir gün gec - 9-dan 10-a keçən gecə başlandı. Hacı Şahin Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Qazilər Şurasının bu məsələyə həsr edilmiş iclasında iştirak etdiyini deyir:

“Quran ayəsinə görə, Ayı gördüyünüz zaman oruc tutmaq lazımdır. Teleskopla görünsə belə, gözlə görünməsi vacibdir. Bəzi insanlar isə deyir ki, elm inkişaf etdikcə, Ayın hərəkətini, mövqeyini bilmək asandır. Amma elm bunu da qabaqcadan deyə bilir ki, filan mövqedə olmasına baxmayaraq, Ayın gözlə görünməsi mümkün deyil”.

RAMAZANDA NAMAZ NƏ VAXT QILNMALI?

İlahiyyatçı bu cür fikir ayrılıqlarına normal yanaşır. Çünki hamı eyni cür düşünsə, tolerantlığın da anlamı qalmazdı.

“Müxtəlifliyin özündə də bir gözəllik var. Bəziləri azanı daha gec qəbul edir, namaz qılır. Həmin iclasda ortaq azan vaxtlarının tərtib olunması da təklif olundu. Azan tez qəbul edən namazı daha gec qıla bilər. Yəni, bu məsələdə biri digərinə güzəştə gedə bilər. Amma bəzi prinsipial məsələlərdə fərqlər olub və onlara normal yanaşmaq lazımdır”.

BAYRAMI NƏ VAXT QEYD ETMƏLİ?

Ramazanın başlanğıcındakı fərqlilik özünü bayram günündə də göstərəcək. Qonaq deyir ki, məhz buna görə Ramazan bayramı rəsmən 2 gün qeyd olunur.

“Bəzən eyni məzhəb arasında da bəzi məsələlərə fərqli yanaşılır. 2 gün ərzində kimsə bayram namazını gec, kimsə tez qıla bilər. Mən bunda faciə görmürəm. Bunu ixtilaf həddinə çatdırmaq düzgün deyil. Kim nə vaxt düzgün hesab edirsə, o gün də bayram eləsin, digəri ilə işi olmasın”.

QMİ sədrinin müavini Hacı Fuad Nurulla isə “İslam və demokratiya” verilişindəki müsahibəsində bu tarix dəyişikliyini inanclardakı müxtəlifliklə izah edir.

“Mən bunu məzhəb, təriqət yox, şəriət fərqləri adlandırardım. Cəfəri əqidəsinə söykənən insanlar yaşadığı üfüqdə ayn görünməsi təsdiq olunandan sonra oruca başlayır. Bəzi təriqətlərdə isə dünyada yeni ayın görünməsi kifayət edir. Budur, mübahisə yaradan amil”.

Hacı Fuadın sözlərinə görə, Azərbaycan əhalisinin əksəriyyəti cəfəri məzhəbinə aid olduğundan, onlar yaşadıqları üfüqdə Ayı görməyincə, bayram etmirlər.

“Digər şəriət nümayəndələri üçün isə Atlantik okeanı, Hind okeanı, Amerikada görünməsi kifayət edir, bu zaman onların bayram etməyə ixtiyarları çatır”.

"AŞKARDA YEYİB-İÇMƏK DÜZGÜN DEYİL"

Hacı Fuad Nurulla deyir ki, digər müsəlman ölkələrindən fərqli olaraq, hələlik Azərbaycanda insanların Ramazanla bağlı kifayət qədər dini biliyi yoxdur.

“Bilmirlər ki, gündüz vaxtı aşkarda yeyib-içmək düzgün deyil. İnsan oruc tutmursa belə, xəlvət yerə çəkilməlidir, Ramazanın ehtiramını pozmamalıdır. Mən belə insanları görəndə, yaxınlaşıb deyirəm”.

ORUC TUTMAYİB İFTAR SÜFRƏSİ AÇSAM?

Hacı Fuad Nurulla kütləvi iftar süfrələrinin açılmasının Azərbaycanda da ənənəyə çevrilməsinin tərəfdarıdır.

“İftar açmağı başqa məramla edənlər də var. Digər ölkələrdə adi müğənninin, digər peşə sahibinin iftar süfrəsində iştirakı hadisəni kütləviləşdirir. Bunu böyük savab olduğunu bilirlər. Bizdə də təbliğ edilsə, insanların iftar mədəniyyəti güclü olardı”.

Hacı Şahin Həsənli deyir ki, oruc tutmayıb, yalnız iftar süfrəsi verməklə müsəlmanın borcu silinmir:

“Oruc tutan insan digərinə iftar versə, bunun faydası daha çox olar. Kütləvi iftar süfrələrinin bir üstün cəhəti də ondadır ki, burada zənginlərlə ehtiyacı olan insanlar bir araya gəlir. Ramazan bir tərəfdən də insanları sosial bərabərliyə dəvət edir”.

NAMAZ QILMAYANIN ORUC TUTMASI...

Namaz qılmayan adamın orucu qəbuldurmu? Bu sual da Ramazan ayında tez-tez eşidilir. Hacı Şahin Həsənli deyir ki, namaz və oruc - müsəlmanın üzərinə qoyulan ayrı-ayrı vəzifələrdir.

“Amma biz heç kəsi oruc tutmaqda məyus etməməliyik. Hər halda, insan vacib əməllərdən birini icra edir və heç olmasa bu vəzifə onun boynundan götürülür. Bu, insanı Allaha yaxınlaşdıran bir vasitədir. Gələcəkdə namaz qılmağa başlaya da bilər”.


ORUC TUTUB, RAMAZANDA RÜŞVƏT ALAN

Rüşvət alıb-verməyə gəlincə, qonaq bildirir ki, bu kimi bəzi əməllər şəriət nöqteyi-nəzərindən orucu batil etmir, amma orucun dəyərini azaldır.

“Məsələn yalan, qeybət, kiminsə haqqını tapdalamaq, zülm etmək, rüşvət almaq. Bunlar günah sayılır. Əgər halal olan şeylər də Ramazan ayında haram buyurubsa, bu o deməkdir ki, bu ayda günahdan ümumiyyətlə uzaq durmaq lazımdır”.


ANCAQ ƏHYA GECƏLƏRİ ORUC TUTMAĞIN SAVABI

"Yalnız əhya günlərində oruc tutmaq düzgün deyil. Dində belə bir qayda yoxdur ki, Ramazanın müəyyən günlərini tutub, digərlərini tutmayasan".


RAMAZANDA CİNSİ YAXINLIQ QADAĞAN DEYİL

"Ramazan ayında cinsi əlaqənin qadağan olunması haqda hökm yoxdur. Ramazan ayına aid qadağalar sübh azanından şam azanına qədərki müddətə aiddir. İnsan oruc olduğu müddətdə bu əməllərdən çəkinməlidir".


YATARAQ ORUC TUTMAQ

"Oruc tutanın yuxusu da ibadətdir. Amma səhərdən axşama kimi yatmaq orucu batil etməsə də, onun dəyərini azaldar".


BU İL FİTRƏ MƏBƏĞİ NƏ QƏDƏRDİR?

"Fitrə məbləği hər bir ailə üzvü üçün 3 manat hesablanıb. Fitrə zəkatı müsəlmanlara verilməlidir. Yardım kimi ayrı din ardıcıllarına sədəqə verilə bilər. Amma fitrə vacib zəkatdır və müsəlmana verilməsi şərtdir".


RAMAZANLA BAĞLI ORTAYA ÇIXA BİLƏN BÜTÜN SUALLARIN CAVABLARI İSLAM VƏ DEMOKRATİYA VERİLİŞİNİ DİNLƏYƏ BİLƏRSƏN.

Həs kəsin fikir fərqli ola bilər, sən də şərhlərini paylaş, səssiz qalma!

XS
SM
MD
LG