Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:57

ABŞ səfirliyi: «Ramiz Mehdiyevin «25 faiz»lə bağlı dedikləri yalandır»


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
-

ABŞ səfirliyi AzadlıqRadiosuna bildirib ki, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «25 faiz»lə bağlı dedikləri yalandır.

R.Mehdiyev demişdi ki, «ABŞ rəsmiləri onlara prezident seçkilərində Milli Şuranın namizədinə 25, YAP namizədinə isə 74-75 faiz səs verməyi tövsiyə ediblər».

Ramiz Mehdiyev bunu jurnalistlərə açıqlamasında deyib:

«Guya səslərin bu cür bölgüsü ABŞ Dövlət Departamentinin gözündə balanslı hesab olunacaq. Nəticələr məlumdur. Göründüyü kimi, bu, sadəcə, dost məsləhəti deyil, ciddi xəbərdarlıqdır. Belə çıxır ki, biz şəffaf deyil, saxta seçkilər keçirməli idik. Təəssüflə bildirirəm ki, biz tərəfdaşların arzusuyla prezidentliyə namizədlər arasında səs bölgüsü aparmalıydıq».
Ramiz Mehdiyev bunun Azərbaycan xalqının və seçicilərinin şərəf, eləcə də milli qürurunun təhqir olunması kimi qiymətləndirib.

Amerika səfirliyi isə belə bir şey olmadığını və bütün bunların yalan olduğunu bildirir.

Ramiz Mehdiyev jurnalistlərə açıqlamasında onu da bildirib ki, «barışmaz müxalifət» ictimaiyyətə bircə dənə də saxtalaşdırılmış bülleten təqdim etməyib:

«Təkcə bu fakt onu göstərir ki, seçkilər şəffaf və ədalətli olub. İlham Əliyev təkcə həmvətənləri arasında deyil, Azərbaycanın hüdudlarından kənarda da böyük nüfuz və etimad qazanıb. O, prezident vəzifəsində olduğu on il ərzində dəfələrlə siyasi bəsirət və uzaqgörənlik nümayiş etdirib. Mürəkkəb məsələləri dəqiq həll etmək bacarığını təsdiqləyib».

«BU, AZƏRBAYCANA TƏZYİQ VASİTƏSİDİR...»

Ramiz Mehdiyev deyir ki, 9 oktyabr seçkilərini 100-dən çox ölkədən 1295 müşahidəçi izləyib:

«Onların hamısı seçkilərin şəffaflıq səviyyəsini, seçicilərin öz iradələrini sərbəst ifadə etməsi prinsiplərinə riayət olunmasını yüksək qiymətləndiriblər. Təəssüflər ki, qərəzlilik halları da olub. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda seçkilərə heç vaxt bu cür mənfi qiymət verməyib. Bu təşkilatın ilkin hesabatına daxil edilmiş faktlar mahiyyət etibarilə Milli Şura nümayəndələrinin yaydıqları güman və yalanların nəticəsidir. Bu mərkəzlərin hər ikisi bir məqsədlə - Azərbaycana təzyiq göstərmək üçün öz fəaliyyətlərini sıx əlaqələndirirlər. Amma belə bir təzyiq üçün nə əsas var, nə səbəb, nə də sövqedici motivlər».
XS
SM
MD
LG