Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:34

Ötən 5 ildə Azərbaycanda ali təhsil: Nə dəyişib? Necə dəyişib?


Azərbaycan Dillər Universiteti, 2010
Azərbaycan Dillər Universiteti, 2010
-
5 ildə Azərbaycanda orta aylıq əməkhaqqı 268 manatdan 423 manata qədər artıb. Bu rəsmi rəqəmlərdir. Ekspertlər bu rəqəmlərlə razılaşmırlar, ölkədə əməkhaqlarının şişirdildiyini bildirirlər. Ötən 5 ildə ölkə üzrə təhsilhaqqısa azı 2 dəfə artıb. Belə olan halda illik təhsilhaqqını ödəmək nə qədər realdır?

Elxan Əsgərlinin universitetdə dərsi səhər saat 9-da başlayır. Dərslər bitəndən – gündüz saat 1-dən sonra evə gəlir və axşam saat 6-dək müəllimlərin tapşırıqlarını yerinə yetirir. Daha sonra işə – yanacaqdoldurma məntəqəsinə tələsir. Beləcə, illik təhsilhaqqını ödəməkdə ailəsinin yükünü azaldır. Aylıq maaşı 150 manatdır. Bu pulun bir qəpiyini xərcləməsə də, topladığı məbləğ illik təhsilhaqqını ödəməyə yetmir:

«İqtisadiyyat və idarəetmə fakültəsində mühasibat uçotu və audit ixtisası üzrə təhsil alıram. Təhsilhaqqı bir il üçün 2 min manatdır. Birinci il çox çətinlik çəkdim, çünki təhsilhaqqı dərhal ödənməliydi. Ailəm birtəhər, borc-xərclə çətinliyi aşmağıma yardımçı oldu. 2-ci kursdan başlayaraq, təhsilhaqqını iki dəfəyə ödəməyə icazə verilir. Amma bu da bizə asan başa gəlmir, axı ailəmizdə yalnız atam işləyir. O, mənim illik təhsilhaqqımı ödəmək və ailəsini dolandırmaq üçün, gərək, ayda 1500 manat alsın. Halbuki heç bunun dörddə birini də qazana bilmir».

BİRİLLİK TƏHSİL HAQQINI ÖDƏMƏK ÜÇÜN...

Elxan deyir ki, başqa tələbə dost və tanışları da eyni çətinliklə üzləşirlər. Təhsilhaqqını vaxtında ödəmək onlardan ötrü də müşkül bir işə çevrilir:

«Bizim qrupda 4-5 nəfər var ki, axşamlar işləyib səhər dərsə gəlir və elə auditoriyadaca yuxulayırlar. Yoxsa təhsilhaqqını başqa cür ödəmək mümkün deyil».

Rəsmi rəqəmlərə görə, Azərbaycanda orta aylıq əməkhaqqı 423 manat, amma dövlət ali təhsil ocaqlarında ortalama illik təhsilhaqqı 1500 manatdır. İllik təhsilhaqqı 800 manat olan da var, 3 min manat olan da. Məktəbi bitirən oğlanlar ali məktəbə qəbul olunmasalar hərbi xidmətə çağırıldıqları üçün ata-anaları onları oxutmağa üstünlük verirlər. Maddi imkanları yetərli olmasa da.

Xüsusi reportajlar - 19 noyabr 2013

Canlı müzakirə

Son 5 ildə ali təhsil ocaqlarında ixtisas qrupları üzrə təhsilhaqqı

Son 5 ildə ali təhsil ocaqlarında ixtisas qrupları üzrə təhsilhaqqı
Azərbaycanın büdcə təşkilatlarında çalışanların böyük əksəriyyəti müəllim, səhiyyə işçisi və ya polisdir. Müəllim və ya səhiyyə işçiləri 8 aylıq maaşını (onların orta aylıq maaşı müvafiq olaraq 288 və 177 manatdır), polislərsə 3 aylıq əməkhaqqını (polisin orta aylıq maaşı 572 manatdır) xərcləmədən toplasalar, övladlarının illik təhsilhaqqını ödəyə bilərlər.

Təhsilhaqqının ödənməsi də məsələnin tam həlli deyil. Tələbənin geyimi, kitab-dəftəri, nəqliyyat xərci də var, axı. Öz yaşadığı yerdən uzaqda oxuyanlar üçün, az qala, illik təhsilhaqqı qədər başqa xərc də qalır – ev kirayəsi. Azərbaycanda dövlət universitetlərinin yataqxanalarında ya qaçqın və köçkünlər yaşayır, ya da onları söküb yerində nə vaxtsa yenilərini tikəcəklər.
Foto: Arxiv
Foto: Arxiv
Özəl universitetlərdə isə yataqxanadan söhbət belə getmir (Qafqaz Universitetini çıxmaqla)...

XÖRƏKPAYLAYAN, FƏHLƏ, MÜHAFİZƏÇİ ÇALIŞAN TƏLƏBƏLƏR...

Rəhman Məmmədli Naxçıvandan gəlib. Bakıda – bir neçə tələbə yoldaşıyla kirayə ev tutub qalır. Deyir, dövlət hesabına təhsil alsa da, yaşam, nəqliyyat və başqa gündəlik xərclərini ödəməkdə ailəsinə bir az yardımçı olmaqdan ötrü dərsdən sonra işləyir. İşləyir deyəndə ki, yolötənlərə müxtəlif reklam vərəqləri paylayır. Təəssüflənir ki, yolda durub vərəq paylamaqdansa gərəkli bir kursa gedib özünü gəlişdirə bilmir. Özəlliklə payladığı vərəq xaricdə təhsil, ya da hansısa kursların reklamı olanda, elə onu paylaya-paylaya öz təhsilini düşünür. Ayda aldığı təqaüdsə yalnız onun nəqliyyat xərclərinə yetir:

«Bir tələbə, yeməsə-içməsə, təkcə nəqliyyat və aylıq kirayəhaqqını ödəyə bilməsi üçün aya 200 manata ehtiyac duyur. Universitetin tədris korpusları da şəhərin mərkəzindədir. Mərkəzdə kirayə bahadır deyə, kənarda qalırıq. Onda da nəqliyyat xərcimiz çoxalır. Bir tələbənin xərcini ödəmək üçün, gərək, ailəmiz maddi yardım etsin. Ailənin də çətinliklərini görəndən sonra məcbur qalıb özüm işləyirəm. Belə vəziyyətdə olan tələbələr az deyil. Qrup yoldaşlarımın çoxu dərsdən sonra işləyirlər. Çoxu ofisiant işləyir, aralarında mühafizəçi çalışan da var, yük daşıyıb fəhləlik edən də».

ÖTƏN 5 İLDƏ ƏMƏKHAQQI 40 FAİZ, TƏHSİL HAQQI AZI 60 FAİZ ARTIB

Rəhmanın oxuduğu ixtisas üzrə illik ödəniş məbləği 2 min manatdır. Deyir, ödənişli oxuyanların vəziyyəti onunla müqayisədə qat-qat çətindir.

İllik təhsilhaqqını ödəmək üçün işləyən qızlar da az deyil. Amma söhbətləşdiyimiz tələbə qızlar müsahibəyə razılıq vermədi. Kimi öz qrup yoldaşlarının onun işlədiyini bilməsin deyə, kimi də danışmağın nəyisə həll etməyəcəyinə görə. Deyirlər, onsuz da qorxa-qorxa işləyirlər ki, birdən qarşılarına tanışları çıxar.


Azərbaycanda 2008-ci ildə orta aylıq əməkhaqqı 268 manat, 2013-cü ilə gözlənilən orta əməkhaqqı 440 manatdır. Yəni, ötən 5 ildə orta aylıq əməkhaqqı 40 faiz artıb, amma orta təhsil haqqı azı iki dəfə artıb. Bir şeyi də diqqətə almaq lazımdır ki, orta əməkhaqqı göstəricisi yetərincə şərtidir. Bu yazıdakı cədvəllə nəzərə salsanız, görəcəksiniz ki, müəllimlərin, həkimlərin maaşı ölkə üzrə orta aylıq əməkhaqqından 2 dəfə azdır.

2008-2009-cu illərlə müqayisədə 2013-2014-cü tədris ilində ixtisaslar üzrə təhsilhaqqı ən azı 2 dəfə artıb. Məsələn, beş il öncə Bakı Dövlət Universitetində Riyaziyyat fakültəsində təhsilhaqqı 500 manat idisə, 2013-cü ildə 1200 manat olub. Həmin universitetin ən bahalı ixtisası – hüquqşünaslıq təhsili 5 il öncə 1500 manat idisə, indi 3 min manatdır.
Rövşən Ağayev
Rövşən Ağayev
Tibb Universitetində ən bahalı ixtisas müalicə işidir. 2008-ci ildə bu ixtisasa yiyələnmək üçün ildə min manat ödəmək yetərdisə, indi 3 min manatı gözdə çıxarmalısan.

AZƏRBAYCANDA ALİ TƏHSİL ÇATIMLI DEYİL...

Son 5 ildə təhsil haqlarının artım cədvəlində regionlarda yerləşən universitetlərin də yeri diqqət çəkir. Gəncə, Sumqayıt və Lənkəran dövlət universitetlərində təhsilhaqqı elə paytaxt Bakıdakı qədərdir. (Cədvəl: Son 5 ildə ali təhsil ocaqlarında ixtisas qrupları üzrə təhsilhaqqı)

İqtisadçı Rövşən Ağayev deyir ki, ölkədə orta aylıq əməkhaqları şişirdilmiş olsa da, hətta şişirdilmiş məbləğ də təhsilhaqqını ödəməyə çatmır. O üzdən bir çox valideyn təhsilhaqqını ya bankdan götürdüyü kreditlə, ya da kimdənsə tapdığı borcla ödəyir:

«Təhsilin dəyəri yalnız təhsilhaqqı ilə ölçülmür. İllik təhsilhaqqının üzərinə yaşam, kitabxana, nəqliyyat və digər xərclər də əlavə olunmalıdır. Belə olan halda Azərbaycanda təhsilhaqqının digər ölkələrlə müqayisədə qat-qat yüksək olduğunu görürük. Məsələn, hansısa Qərb universitetində ödənilən illik təhsilhaqqının bir qismi tələbəyə aylıq təqaüd, başqa bir hissəsi kitabxana, yataqxana xərclərinin ödənməsi şəklində geri qayıdır. Üstəlik, dövlət tələbələrə ayrıca imtiyaz və güzəştlər verir. Hər aya, azı, 150 manatdan kirayəpulu, nəqliyyat və digər xərclər də illik təhsilhaqqının üzərinə gəlinməlidir. Azərbaycanda təhsilhaqqı hər il artır, amma bunun müqabilində tələbəyə gərəkli xidmətlər göstərilmir. Bir ailənin illik gəlirinin 30-40 faizi təkcə təhsilhaqqının ödənməsinə gedir».

TÜRKİYƏNİN DÖVLƏT UNİVERSİTETLƏRİNDƏ ÖDƏNİŞLİ TƏHSİL LƏĞV OLUNUB

Rövşən Ağayev Avropanın bəzi ölkələrindən misal çəkərək deyir ki, məsələn, Almaniya, Polşa, Çexiyada təhsil ya tam ödənişsizdir, ya da cüzi – rəmzi pul ödənilir. Ekspertin sözlərinə görə, həmin ölkələrdə insan kapitalına investisiya qoyulur və ölkə üçün yüksək ixtisaslı mütəxəssis hazırlanır.

Təhsilin pulsuz olduğu ölkələr sırasına Türkiyə də qoşulub. Ötən ildən bəri orada bütün dövlət universitetlərində ödənişli təhsil ləğv olunub.

Tam və ya yarımtəqaüd qazanan tələbələr yataqxana və yeməklə təmin edilir və nəqliyyatda xüsusi güzəştlər qazanır. Üstəlik, tibbi sığortaları olur və aylıq təqaüd alırlar. Bu üstünlük özəl universitet tələbələrinə də şamil olunur.
Nilufer Narlı
Nilufer Narlı

Türkiyənin tanınmış özəl ali təhsil müəssisəsi Bahçeşehir Universitetinin prorektoru Nilufer Narlı deyir ki, burada illik təhsilhaqqı 7-12 min manat civarındadır. Amma imtahanlarda yüksək bal toplayan tələbələrə 50-100 faiz endirimlər olur:

«Biz tələbələrimizə, öz işlərini qura bilsinlər deyə, hər cür imkan yaradırıq. İndi Türkiyədə universitetlərarası rəqabətdə keyfiyyətli təhsillə yanaşı, mütəxəssislərin daha yaxşı hazırlanması və onlara tələbat göstəricilərinə üstün diqqət yetirilir. Tələbələrə ancaq diplom vermirik. Onların gələcəkdə yaxşı bir iş tapıb öz karyeralarını qurmaları bizim əsas hədəfimizdir. Ödənilən təhsilhaqqı qısa müddətdə geri qaytarılır. Öz sahələrinin mütəxəssisləri ola bilmələri üçün tələbələri xüsusi proqramlarla təmin edir, onların ən yaxşı professorlardan dərs almalarına çalışırıq».

Türkiyədə dövlət universitetlərində təhsil tam ödənişsizdir, amma Azərbaycanda dövlət və özəl ali təhsil müəssisələrində təhsilhaqqı arasında ikiqat fərq gözə çarpır.

ALİ MƏKTƏBLƏRİN PROBLEMLƏRİ HƏLL OLUNACAQ

Təhsil Nazirliyinin hazırladığı Yeni Təhsil Strategiyası ölkədə istər orta, istərsə ali məktəblərdəki problemlərin tezliklə həllini və təhsilin keyfiyyətcə artırılmasını hədəf götürüb. Bu strategiyanı oktyabrın 24-də prezident təsdiqləyib.

Yeni strategiyada ali təhsilə yanaşma dəyişib. Bundan sonra dövlət universitetlərində qəbul planı ləğv olunur. Hansı ixtisaslar üzrə nə qədər tələbənin hazırlanmasını universitetin özü müəyyənləşdirəcək. Dövlət büdcəsindən vəsait ancaq tələbələrin sayına görə ayrılacaq.

Azərbaycanın dövlət ali təhsil müəssisələrində 2010-cu ildən adambaşına maliyyələşdirmə sistemi tətbiq olunur. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali təhsil ocağı bir nəfərin hazırlığı üçün tələb olunan vəsaiti müəyyənləşdirir. Dövlət büdcəsindən həmin tələbələrin sayına uyğun vəsait ayrılır. 2012-ci ilin dövlət büdcəsində ali təhsilə 117 milyon manat vəsait ayrılıb.


Bu cədvəl ancaq dövlət büdcəsindən ayrılan vəsaiti əks etdirir. Dövlət müəssisələrinin büdcəsinə ödənişli təhsilhaqqından da vəsait daxil olur. Universitetlərdən bildirilir ki, vəsaitin böyük hissəsi – 85-87 faizi əməkhaqqının ödənilməsinə, qalan qismi isə digər xərclərə sərf edilir.

İLLİK BÜDCƏSİ 23 MİLYON MANAT OLAN BDU...

Ötən il Bakı Dövlət Universitetinə dövlət büdcəsindən 9 milyon, ödənişli təhsilhaqqından 14 milyon manat vəsait daxil olub. Universitet rektorunun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov deyir ki, 2010-cu ildə adambaşına təhsilin maliyyələşdirilməsinə keçiddən sonra, digər dövlət universitetləri kimi, BDU da hər tələbənin təhsilhaqqını müəyyənləşdirib. Burada humanitar ixtisaslarda bir tələbənin illik təhsili 2 min 700 manata, texniki ixtisaslarda 3 min 100 manata başa gəlir:

«Amma fizika, biologiya, kimya və digər texniki ixtisaslar üzrə təhsilhaqqı 1400 manatdır. Əslində, bir tələbə üçün universitetin çəkdiyi xərc illik təhsilhaqqından, azı, 2 dəfə çoxdur».

BDU-nun 18 min 500 tələbəsi, 4 min müəllim və professor heyəti var. Məzahir Sultanov ildən-ilə artan təhsilhaqqının keyfiyyətə təsirindən də danışaraq bildirir ki, BDU-da həm maddi texniki bazası, həm də müəllimlərin peşəkarlığı, tədrisin səviyyəsi inkişaf edib:
Bakı Dövlət Universiteti
Bakı Dövlət Universiteti

«Məsələn, bizə irad tutulur ki, reytinqlərdə yoxuq. Ali məktəblərin reytinqini müəyyənləşdirən şərtlərə baxırıq, adicə bizim bir yataqxanamız olsa, reytinqdə azı 10 pillə irəliləyərik».

Müşavirin sözlərinə görə, BDU-nun yataqxanası boşaldılıb. İndi onun yerində yeni və müasir yataqxana kompleksinin tikilməsi nəzərdə tutulur.

Məzahir Sultanov deyir ki, BDU ölkə ali təhsil müəssisələrində ən yüksək əməkhaqqısı olan universitetdir. Onun sözlərinə görə, 2008-ci ildə orta aylıq əməkhaqqı 275 manat idisə, indi 550 manata çatıb. Hazırda bu universitetində maaşlar 320-800 manat arasında dəyişir.


SON 5 İLDƏ MÜƏLLİMLƏRİN MAAŞI NƏ QƏDƏR ARTIB?

Tibb Universitetində orta təhsilhaqqı 3 dəfə - 850 manatdan 2 min 500 manata qədər artıb. Amma universitetin müəllimlərinin əməkhaqqı 11 faiz artıb. 32 ildir universitetin farmakologiya fakültəsinin müəllimi, dosent Aydın Əliyev deyir ki, 2008-ci ildə təxminən 480-500 manat maaş alırdısa, indi onun aylıq maaşı 530 manatdır:

«2008-ci ildən bəri maaşımız təxminən 30-50 manat artıb. Professorların maaşı 100 manat. Əlbəttə, illik təhsilhaqqı ilə müqayisədə bizim aylıq əməkhaqlarının artımı çox azdır. Ümumiyyətlə, müəllimlərin maaşı çox azdır. 32 illik stajım var, dosentəm, ayda 530 manat maaş alıram. Əməkhaqqı çox azdır».

Bakı Dövlət Universitetində çalışan bir neçə müəllimlə söhbətdən də aydın olur ki, ötən 5 ildə əməkhaqlarının artımında elə də dəyişiklik olmayıb. Maksimum 10 faiz artım olub.

İqtisad Universitetində vəziyyət fərqlidir. Ötən 5 ildə müəllimlərin əməkhaqqı orta hesabla 150-170 manat artıb.

DÖVLƏT VƏTƏNDAŞIN CİBİNƏ GİRİR...

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri, Türkiyənin Kars Universitetinin müəllimi Vurğun Əyyub Azərbaycanda adambaşına maliyyələşmə sisteminə keçidi doğru addım sayır. Amma o, yeni qəbul olunan təhsil strategiyasında ali təhsillə bağlı yazılanları anlamadığını da söyləyir. V.Əyyubun fikrincə, bu strategiya ya hansısa dildən Azərbaycan dilinə hərfi tərcümə olunub, ya da müxtəlif sənədlərin birləşməsindən hazırlanıb deyə anlaşılmır:​

«Mən dəfələrlə demişəm: dövlət müəssisələrində pullu təhsil, sadəcə, dövlətin vətəndaşların cibinə girməsidir. Təhsil ya ödənişli olar, ya da ödənişsiz. Bunların hər ikisini bir yerdə necə oxutmaq olar? Müəllimlərin vəziyyətini vətəndaşın hesabına yaxşılaşdırmağa çalışır, beləcə, ali təhsil ocağının bütün xərclərini ödəmək istəyirlər. Bu, tam məntiqsizlikdir. Dünyanın bir çox dövlət ali təhsil ocaqları pulsuz təhsilə keçir. Mənim işlədiyim Kars Universitetində təhsilin keyfiyyəti, müəllimlərin aldığı əməkhaqqı, universitetdəki şəraiti Azərbaycan ən yaxşı universiteti ilə müqayisə edilə bilməz. Adicə bu universitetin klinikasında yaradılan şərait Bakıdakı xəstəxanalarda belə yoxdur».

Vurğun Əyyub
Vurğun Əyyub
10 İLDƏ TƏHSİLHAQQINDAN BAŞQA NƏ DƏYİŞİB?

Vurğun Eyyub təhsilhaqqının artırılmasını bir şərtlə qəbul edə bilərdi, universitetlərdə təhsilin keyfiyyəti artsaydı. Onun fikrincə, təhsilhaqqı artır, amma təhsilin keyfiyyətində dəyişiklik yoxdur.

Günel Məmmədova 2007-ci ildə Azərbaycan Xarici Dillər Universitetinin ingilis-dili müəllimliyi fakültəsini bitirib. İllik təhsilhaqqı onun qəbul olunduğu il 800 manat idi, indi bu ixtisasda ödənişli təhsil 2 min 500 manat olub. Günelin indi də bu universitetdə oxuyan tanışları var. Deyir ki, düz 10 il öncə olduğu kimi – indi də dərsləri eyni müəllimlər, eyni tədris üzrə aparır:

«Mən qəbul olunanda ailəm çox tərəddüd elədi. Bilmədilər məni oxutsunlar ya yox. Qohumlarımızın köməkliyi ilə birinci il təhsilhaqqını ödəyə bildik. Hələ də o günlər yadıma düşəndə özümü pis hiss edirəm. Hərdən öz-özümə sual verirəm ki, dəyərdimi bir kağız parçasından ötrü o qədər əziyyətə? İndi bizim qohumlardan, tanışlar var orda oxuyan. Maraqlananda görürəm ki, eyni 10 il əvvəl necə idisə, indi də eynidir. Həmin müəllimlər, həmin proqram. Dəyişən bir şey var: təhsilhaqqı. Mən qəbul olan ili 800 manat idi, indi 2 min 500 manat».

Günel çox istəyərdi ki, Xarici Dillər Universitetində, heç olmasa, bir dərsi xaricdən gələn müəllim deyəydi. Belə olsaydı, bəlkə də tələbələr universiteti bitirəndən sonra, ya da elə oxuduqları vaxt hazırlıq kurslarına getməzdilər.

ORTA AYLIQ ƏMƏKHAQQI 440 MANAT, ORTA İLLİK TƏHSİLHAQQI 1500 MANATDIR

Qayıdaq Bakı dövlət Universitetinə. Burada rektorunun maliyyə məsələləri üzrə müşaviri ayda 400 manat maaş alır. Onun qızı ildə 1800 manat ödəyərək, elə həmin universitetin beynəlxalq münasibətlər fakültəsində oxuyur (indi 1-ci kursa getsə, artıq 2 min manat ödəyəcəkdi). Müşavir qızının təhsilhaqqını ödəyərkən ailəcə üzləşdiyi çətinliklər barədə sualı belə cavablayır:

«Çətindir, əlbəttə. Maddi baxımdan çətindir, amma mənim yoldaşım da işləyir. Özü də o, məndən çox qazanır. Bu baxımdan, bizim ailə elə də çətinlik çəkmir. Amma bütövlükdə, əlbəttə, çətindir».

Dördnəfərlik ailənin ayda azı min manat gəliri varsa, demək, təhsilhaqqının ödənməsi böyük problem yaratmır. Amma söhbət ayda 200-300 manatlıq ailə büdcəsindən gedirsə, onda necə? Təbii ki, ritorik sual deyil.

Araşdırma davam edəcək.
XS
SM
MD
LG