Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:25

Prezident öz qızını niyə sıxışdırır?


Türk aktyor Halit Ergenc və Özbəkistan prezidentinin qızı Gulnara Karimova nahar zamanı
Türk aktyor Halit Ergenc və Özbəkistan prezidentinin qızı Gulnara Karimova nahar zamanı
.
Son vaxtlar Özbəkistan deyəndə, ilk nöbədə ağla gələn, özünün Twitter müharibələri, İnterpol çəkişmələri və hətta atasına qarşı düşmənçilyi ilə prezident qızı Gulnara Karimova olur. Onun bu sayaq cəfəng məşhurluğu dünyanın ən repressiv rejimlərindən birinin üzərinə işıqmı salıb, yoxsa onu sadəcə olaraq ucuz medianın başlıqlarına gətirib? AzadlıqRadiosunun müxbiri Daisy Sindelar-ın reportajı bu barədədir.

Çin heyvan təqviminə görə 2013-cü il ilan ilidir. Lakin bu ən azı Özbəkistan üçün Gulnara ili də ola bilərdi.

Twitterdə saldığı hay-küydən tutmuş Gerard Depardieu ilə şit duetinədək ötməkdə olan ilin hadisələri göstərir ki, Gulnara Karimova qəzetlərin son səhifələrindəki əyləncədən xəbər başlıqlarının gündəlik maqnitinə çevrilib. O həmçinin atası İslam Karimovun hakimiyyəti altında baş verənlərin faş olunması üçün təkan verib.

GƏLƏCƏK PREZİDENT?

Karimovanın 2015-ci ildə hakimiyyəti atasından qəbul edəcəyi gözlənilir və buna görə də onun barəsində axmaq və ya ciddi – hər bir xəbərin öz əhəmiyyəti var. Lakin indi onun siyasi ulduzunun söndüyü barədə söz-söhbətin getdiyi bir vaxtda bəziləri sual edirlər: «Gulnara ili»ndə baş verənlər məqsədli bir şəkildəmi edilir və ya sadəcə bulvar mediasının camaat üçün istifadə etdiyi yemdir?

Human Rights Watch təşkilatının Avropa Mediası üzrə direktoru Andrew Stroehlein bildirir ki, Gulnaranın bu il ərzində Twitter fəaliyyəti, ölkədə həbsxana işgəncələrinin, məcburi əməyin və qanunsuz həbslərin olduğunu bir daha göstərib.

O deyir ki, Karimovanın məşhurluğu çox az hallarda dünya xəbərlərinin başlıqlarına çıxan və ətraf aləmdən təcrid olunmuş bu ölkə barədə çoxları üçün informasiya pəncərəsi olub. Lakin bunun insan haqlarının yaxşılaşmasına bir xeyri varmı? Bir o qədər də yox:

«Bu nə manada faydalı olub? Bəlkə Twitter mübadilələri onun insan haqları fəalları ilə kommunikasiyası kimi qəribə şeylərə xidmət edib? Bütün bunlar bizim məsələləri müzakirə etməyimizə imkan açıbmı? Bəlkə də qismən. Lakin fakt bundan ibarətdir ki, bunların heç biri Özbəkistanın özündə dəyişikliklərə gətirib çıxarmayıb. İnsan haqlarının pozulması məsələsinə gələndə, bu hələ də tamamilə qorxunc bir ölkədir. Təəssüf ki, bu, hələlik kiçik tamaşadır».

Özbəkistan prezidenti İslam Kərimov
Özbəkistan prezidenti İslam Kərimov
Karimovanın fəaliyyət dairəsi onun ərköyün və yüngül xasiyyətli, yoxsa dəmir iradəyə malik birisi olduğu barədə fikir yürütməyə imkan vermir.

RÜŞVƏT QALMAQALI

Belə görünür ki, Gulnara özünün daha yüngül əyləncələrindən – pop musiqisindən, moda dizaynerliyindən, yoqadan daha çox həzz alır. Lakin eyni zamanda o, rəqiblərin əlindən qəddarlıqla alınmış mülkiyyətlərdən və xarici investorlarla korrupsiyalı sövdələşmələrdən yaranmış sərvətin üstündə oturub.

Sənədlərdən bəlli olur ki, hazırda o, İsveçrə, İsveç və Fransada başlanmış cinayət təhqiqatında əsas fiqurdur. Bəzi iddialara görə o, həmçinin İsveçin telekommunikasiya nəhəngi TeliaSoneranın Özbəklistan bazarına daxil olması üçün rüşvət istəyib. Şirkətin özbək filialı olan UCell Karimovanın “Fund Forum” xeyriyyə cəmiyyəti və hər il keçirilən style.uz festivalının maliyyələşdirilməsini davam etdirir.

Eyni zamanda Karimova beynəlxalq səhnədə də müəyyən legitimlik qazana bilib. O hətta prezidentin varisi kimi tanınmazdan əvvəl BMT-nin Cenevrə ofisində səfir olub.

Belə görünürdü ki, yaxşıca cilalanmış və dünya görmüş Karimova 2005-ci ildə Əndicanda törədilmiş qətliam, şagirdlərdən pambıq yığımında qul kimi istifadə olunması barədə ittihamlara tutarlı cavablar verə bilər. Yeri gəlmişkən, bu kimi məsələlərə görə onun dizaynı 2012-ci ildə Nyu York Moda Həftəsində boykot edilmişdi.

Uzun illər Özbəkistanın həbsxanalarında saxlandıqdan sonra Fransaya qaça bilmiş insan haqları fəalı Mutabar Tadjibaeva deyir ki, Karimovanın Cenevrədəki ofisinin yerini tapa bilməyib. Onun 20 milyon dollarlıq villasına yaxınlaşdıqda isə polis tərəfindən sorğu-suala çəkilib:

Bir neçə ay əvvəl Gulnara Karimova özünün idman edən zaman çəkilmiş fotolarını Twitterdə yerləşdirmişdi
Bir neçə ay əvvəl Gulnara Karimova özünün idman edən zaman çəkilmiş fotolarını Twitterdə yerləşdirmişdi
«Builirsinizmi, sultan qızı olduğuna görə istədiyini etməyə ixtiyarı olduğunu düşünən şahzadə haqqında nağıllar var. Gulnara belə bir personajdır. O Özbəkistanın BMT-dəki səfiri ola biləcək birisi deyil. O heç çoxsaylı diplomlara malik alim də deyil. O özünü haqlı olub-olmamasına baxmayaraq başqalarının üstünə çığıran adi küçə qadını kimi aparır».

KARİMOVLAR AİLƏSİ ÖZ ARALARINDA BARIŞIĞA GƏLƏ BİLƏRMİ?


Ötən ay Karimovlar klanındakı çəkişmələrin yeni təfərrüatları bəlli oluib. Gulnara öz bacısı Lola Karimova-Tillyaevanı cadugərlikdə və anaları Tatianaya qarşı cadu etməkdə günahlandırıb. Nəhayət Gulnaranın korrupsiyaya qurşanmasından və cinayətlərindən saysız-hesabsız şikayətlər İslam Karimova çatdırılıb.

O zamandan bəri Gulnara Karimova öz cangüdənlərindən məhrum edilib, yaxın ətrafı həbs olunub, ona məxsus tele-radio kanallar bağlanıb. Onun “Fund Forum” da daxil olmaqla bir sıra təşkilatlarına qarşı təhqiqat aparılır. Bu qurumlardan biri - TerraGroup Media holdinq şirkətinə məxsus bank hesabı isə dondurulub.

Karimovanın ölkədəki mülkiyyəti üzərinə hücum o qədər gözlənilməz və genişmiqyaslı olub ki, bu sərəncamın şəxsən prezident tərəfindən verilməsi barədə düşünmək qalır. Əgər belədirsə, ata-bala arasında çox ciddi ixtilaf yaranıb. Hərçənd Twitter-lə silahlanmış Karimova hələ də atasını Stalinlə, özünü isə Stalinin bədbəxt övladları ilə müqayisə etmək imkanındadır.

Əslən Özbəkistandan olan Alisher Ilkhamov London Universitetində Şərq və Afrika Tədqiqatları Məktəbində çalışır. O deyir ki, Karimovanın neçə körpü yandırmasına baxmayaraq, onun ayaq üstə qalması üçün bircə körpü – hazırkı prezidentə aparan körpünün salamat qalması vacibdir:

Gulnara Karimova və bacısı Lola Karimova-Tillyaeva
Gulnara Karimova və bacısı Lola Karimova-Tillyaeva
«Ola bilər ki, onun hələ də müəyyən ambisiyaları var. Və ola bilər ki, o, bütün ixtilafları bir tərəfə atıb, atası ilə korlanmış münasibətlərini yenidən qursun. Çünki onun üçün siyasi və elə cismani mənada salamat qalmağın yeganə yolu ölkədəki siyasi mövqeyinin bərpa olunmasıdır. Xüsusilə də İslam Karimovdan sonra. Çünki onun gələcəkdə nəyin hesabına mövcud olacağı qeyri-müəyyəndir».

«HAKİMİYYƏTƏ KİM GƏLİRSƏ, GƏLSİN, KARİMOVLARDAN QİSAS ALINACAQ»

Əgər Karimovanın iflası barədə deyilənlər həqiqətdirsə, bu Özbəkistanda hakimiyyətin ötürülməsi dramasını daha da kəskinləşdirəcək. Belə olduqda İslam Karimovun postunu tutacaq üç mümkün namizəd qalır: baş nazir Shavkat Mirziyoev, onun müavini Rustam Azimov və məxfi polisin rəhbəri Rustam Inoyatov. Lakin onlardan heç biri inanmır ki, 75 yaşlı Karimov səhhətinin bərbadlığına baxmayaraq 2015-ci ildə keçiriləcək seçkidə öz postunu təhvil verməyə hazır olsun.

Bir çoxları inanırlar ki, Karimova atası hakimiyyətdən getdikdən sonra onu və bütünlükdə ailəni cinayət məsuliyyətindən xilas etməyə qabil olan yeganə şəxsdir. (Bəzi müşahidəçilər belə bir fikir yürüdürlər ki, hazırkı ailə dava-dalaşı Karimovun düşmənlərini azdırmaq və Gulnaranın hələ də hakimiyyətin ötürülməsi üçün atasının əsas seçimi olduğunu göstərmək üçün oynanan siyasi tamaşadır.)

Prezident postunun nə vaxtsa Karimovsuz ola biləcəyi perspektivi bəzilərində islahat ümidləri, bəzilərində isə xaos qorxusu yaradır. Lakin insan haqları fəalı Tadjibaevaya görə bir məqam tam aydındır: «Hakimiyyətə kim gəlirsə, gəlsin, Karimovlardan qisas alınacaq».

Məhz buna görə də fəallar belə bir ehtimal irəli sürürlər ki, Karimova hələ də öz rolunu oynaya bilər: Ən azı qurban kimi. Brüsseldə mənzillənmiş İnsan Haqları Naminə Beynəlxalq Tərəfdaşlıq təşkilatından Ann-Sofie Nyman deyir ki, Gulnaranın yaxşı işıqlandırılmış yüksəliş və enişlərində az da olsa müsbət cəhətlər var. Lakin əgər avtoritar atanın qızı bir vaxtlar onun uğurlarını təmin etmiş kriminal avtokratiyanın ovuna çevrilsə, onda bu, Özbəkistan rejiminin nə qədər qaba ola biləcəyinə dair yaxşı bir dərs olacaq:

“Bir növ maraqlıdır ki, ona aid media qurumları bağlanıb. Bu isə onu göstərir ki, Özbəkistan rejimində hətta ən yüksək mövqe tutanlar da repressiv siyasətlərin qurbanı ola bilərlər. Bu həmçnin indi ölkədə baş verənlərin rəmzi əlaməti kimi də qəbul edilər bilər. Bu ölkədə heç kəs salamat deyil”.
XS
SM
MD
LG