Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:02

«Hamı bilir ki, prezidentin ailəsindən yazmaq olmaz»


Kəramət Böyükçöl və Xaliq Bahadır
Kəramət Böyükçöl və Xaliq Bahadır

Noyabrın 23-də yazar, tənqidçi publisist Rafiq Tağının ölümündən iki il keçir. Onun ölümündən sonra ədəbiyyatda nələr dəyişdi?

-

"Rafiq Tağıya axrıncı dəfə iynə vuran xanımın tapılmasını, kimliyini soruşuruq.

Çünki Rafiq xəstəxanadaykən üç gün ərzində biz onu görməmişdik, birdən-birə göydən enmiş kimi, gəldi iynəni vurdu və qeyb oldu".



Azərbaycanda tabu mövzular varmı?


Noyabrın 23-də yazar, tənqidçi publisist Rafiq Tağının ölümündən iki il keçir. Onun ölümündən sonra ədəbiyyatda nələr dəyişdi? Ədəbiyyat nələr itirdi? Yazarlar tabu mövzulara qarşı daha ehtiyatla yanaşmağa başladılar? Yoxsa bu ölüm yazarları daha da cəsarətləndirdi? Rafiq Tağının qatillərinin tapılması istiqamətində nələr edilir?

Bu haqda "Pen klub" verilişinin 14 noyabr tarixli buraxılışında. Yazıçı publisist Xaliq Bahadır, yazıçı Kəramət Böyükçöl, tənqidçi Cavanşir Yusifli, Rafiq Tağının qardaşı İlqar Tağı danışırlar. (Debatın mətni aşağıda)




Səadət Akifqızı

- 2005-ci ildə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov öldürüləndən sonra Azərbaycan jurnalistikasında özünüsenzura haqqında danışıldı və bu məsələ bir də Rafiq Tağının ölümündən sonra ədəbiyyat sferasında qabardıldı. Bu fikirlərdə həqiqət payı nə qədərdir?


Xaliq Bahadır

- Sözsüz ki, burda həqiqət payı var. Elmar Hüseynovu ondan ötrü öldürmüşdülər ki, Azərbaycanın başqa yazarlarını, başqa jurnalistlərini də susdursunlar. Ən azı özünüsenzura mühiti yaratsınlar. Bunu da etdilər, amma bütünlüklə edə bilmədilər, bunu bacarmadılar. Gənc yazarlar arasından yenə də özgür sözün üstündə duran, xalqa çatdıranlar oldu.


Kəramət Böyükçöl

Kəramət Böyükçöl
Kəramət Böyükçöl
- Ümumiyyətlə, əgər Elmar Hüseynovun, Rafiq Tağının qətli azad sözə qarşı bir addım kimi atılmışdısa, əksinə bu addım azad sözə, azad fikrə daha çox rəvac verdi və bu proses genişləndi. Rafiq Tağı təkcə iqtidar düşərgəsinin yazarları arasında deyil, eyni zamanda müxalif düşərgədə də nüfuza sahib idi. O hər iki cəbhənin fövqündə dayanan adam idi. Ona görə hesab edirəm ki, Rafiq Tağı o qədər söz deyib ki, onun sözü həmişə nümunəvi söz kimi xatırlanacaq.


S. Akifqızı

- Rafiq Tağıdan sonra ədəbiyyatda nə dəyişdi?


K. Böyükçöl

- İndi Azərbaycan cəmiyyətində nəyisə dəyişmək çox çətindir. Rafiq Tağının ölümünün nəyi dəyişməsini demək üçün hələlik iki il çox tezdir. Buna ən azı on beş il sonra cavab vermək lazımdır.


X. Bahadır

- Mən Kəramət bəyin dediklərini çox da düzgün saymıram. Kəramət bəy gəncdir, çox şeyləri bilmir, mənsə çoxdan jurnalistikadayam, ədəbiyyatdayam, daha çox şeylər bilirəm, mənə daha çox dövrlər bəllidir. Vaxtilə Azərbaycan jurnalistikasına çox böyük axın var idi. Mən ona özgürlük, demokratiya axını deyərdim. Mən özüm onun şahidi olmuşam.

Sözsüz ki, bu böyük axının səbəbkarı sovet dağılandan sonra yaranan Azərbaycan xalq hərəkatı idi. O hərakat dalğasında jurnalistikaya çoxlu sayda gənc gəldi. Fərqi yoxdur, jurnaslit ixtisası olan ya olmayan. Onların içindən xeyli istedadlı adamlar çıxdı. Bunlar yalnız jurnalistlər deyildi, hüquqşünaslar, iqtisadçılar və başqa ixtisas sahibləri idi. Birinin adını çəkə bilərəm, Hacı Zamin. O jurnalist deyil, iqtisadçıdır.

Jurnaslistikaya axıb gələn bu adamlar yeni, özgür Azərbaycanı yaradırdılar. Ən azı demokratik Azərbaycan gedən yolu onlar açırdılar. Elman Hüseynovun ölümünün bir nədəni də o axını dayandırmaq, kimlərisə qorxutmaq oldu.


S. Akifqızı

- Rafiq Tağı daha çox publisist kimi tanınırdı, jurnalistikadan çox ədəbiyyata yaxın idi. Bəs onun ölümü ədəbiyyatda nəyi dəyişdi?


X. Bahadır

- Rafiq Tağı cəsarətli yazıları ilə Azərbaycan ədəbiyyatında seçilən, öndə gedən, mən deyərdim yeganə adam idi. O hər şeydən yazırdı, dindən tutmuş siyasətəcan, olduqca aktiv idi və o aktivlik onun başının bəlası oldu. Ancaq Rafiq Tağı gedəndən sonra bu prosesə son qoyulmadı. İndi o yolu davam edən gənc yazarlarımız var. Ən qorxulu diktatura belə o prosesin qarşısını ala bilməz, bir az korşaldır, yubadır, amma qarşısını ala bilmir.


S. Akifqızı


Səadət Akifqızı
Səadət Akifqızı
- Bilirik ki, Rafiq Tağı vaxtilə dinlə bağlı bir məqaləsinə görə həbs olunmuşdu. Ona qarşı olan hücumların kökündə motiv kimi dinlə bağlı yazılar götürülürdü, amma ölümündən sonra bu motiv haçalandı, bəziləri onun siyasi yazılarında prezidentə qarşı olan məqamları qabartmağa başladılar. Din və siyasi sahədə bu yazılardan sonra ədəbiyyatda həmin sahələrdə yazarlar özünüsenzura etməyə başladımı? Hakimiyyətin yüksək dairəsi haqda yazmaq tabu mövzusuna çevrildimi?


K. Böyükçöl


- Mən deyərdim ki, bu gün mənə Hüseyn Cavidin cəsarətindən daha çox Səməd Vurğunun qorxusu təsir edir. Mən jurnalistikada, ədəbiyyatda cəsarət anlayışına, sözünü demək, güclü olmaq, geri çəkilməmək anlayışlarına bir qədər başqa cür yanaşıram. İnsanın içində diri söz, ədəbi qəzəb ola bilər, amma o, eyni zamanda həyatında qorxa bilər, sözünü deməz. Bunu da çox təbii qarşılayıram, eyni zamanda qorxmayan, cəsarətli insanlara da əhsən deyirəm. Şəxsən mən özüm bu məsələdə çox qorxaq insanam. Mən Rafiq Tağının İslam dini, onun peyğəmbəri haqqında yazdıqlarının heç birinə haqq qazandırmıram. Mənim üçün o bu yazılarına görə deyil, kiçik, Çexov səviyyəli hekayələrinə görə maraqlıdır.


Xaliq Bahadır

- 2011-ci ilin dekabr ayının 3-də İctimai Palatının bir yığıncağı oldu, biz orda məsələ qaldırdıq ki, Rafiq Tağının ölümü ilə bağlı bir sayğı duruşu olsun. Bu məsələnin qarşısı alındı, biz azlıqda qaldıq, cəmi iki nəfər olduq. Güya orda olanların çoxu din adamlarıydı? Düşünürəm ki, bu toplumun bütövlükdə deqradasiyaya uğramasının göstəricisiydi. Siyasi liderlərin də, siyasətçilərin də din adamlarının da deqradasiyasıydı.


"BİRDƏN-BİRƏ GÖYDƏN ENMİŞ KİMİ GƏLDİ İYNƏNİ VURDU VƏ QEYB OLDU..."


S. Akifqızı

- Söhbətimizin bu yerində sözü Rafiq Tağının qardaşı İlqar Tağıya verək. İlqar bəy, R. Tağının ailəsi prezidentə müraciət edib. Mümkünsə bu barədə məlumat verərdiniz.

İlqar Tağı
İlqar Tağı

İlqar Tağı

- Bizim müraciətimiz dördüncü müraciətdir. Səbəb də istintaq orqanından narazılığımızdır. İki il ərzində heç bir nəticə əldə edilməyib. Həkimlər məsuliyyətdən uzaqlaşdırılıb. Bir sıra vəsatətlərimizə cavab verilməyib. İstintaq zamanı toplanan materiallar arasında elə məqamlar var ki, bizə bildirilmir. Tutaq ki, həkimlərin fəaliyyəti ilə bağlı sorğu edirik, Rafiq Tağıya axrıncı dəfə iynə vuran xanımın tapılmasını, kimliyini soruşuruq. Çünki Rafiq xəstəxanadaykən üç gün ərzində biz onu görməmişdik, birdən-birə göydən enmiş kimi, gəldi iynəni vurdu və qeyb oldu. Orda əvvəl görmədiyimiz, tamam başqa bir adam idi. Heç vurduğu iynənin tərkibini də görməmişik. Sonra başqa adamlar var ki, onların verdiyi ifadələrlə tanış olmaq istəyirik etmirlər.


S. Akifqızı

- Siz deyirsiniz ki, həmin tibb bacısını görməmişdiniz. Sonradan xəstəxanaya gedib o tibb bacısını görə bildinizmi?


İlqar Tağı

- Xeyr, onu daha sonra görməmişik, hardan gəldi, nə iynə vurdu, iynənin tərkibi nəydi, soruşmuşuq, amma hələ də bizə deyilməyib. Əgər bu adi dərmandırsa nə dərəcə istintaq sirri ola bilər ki, bizə tərkibini bildirmirlər.

S. Akifqızı


- Xaliq bəy, siz Azərbaycan ədəbiyyatında tabu mövzuları konkretləşdirərdinizmi. Nələrə toxunmaq ciddi təpkiyə gətirib çıxara bilər?


"SORUŞANDA Kİ, NİYƏ ORDU HAQQINDA YAZMIRSAN, DEYİRƏM QORXURAM..."

X. Bahadır

- Bunu bilməyə nə var, ən azı jurnalistikada olanlar bilir ki, prezidentin ailəsindən yazmaq olmaz. Sözsüz ədəbiyyatla jurnalistika bir-birindən elə də uzaq deyil, burda varsa orda da var. Rafiq Tağı bir yandan yazıçıydısa, digər yandan da jurnalist idi. Biz hamımız Rafiq Tağının, Elmar Hüseynovun başına gələnləri anlayırıq, duyuruq.


S. Akifqızı

- İndi telefon xəttində tənqidçi Cavanşir Yusiflidir. Cavanşir bəy, özünüsenzura, tabu mövzular arasında sərhəd varmı?

Cavanşir Yusifli
Cavanşir Yusifli

Cavanşir Yusifli

- Onu deyə bilərəm ki, senzura iki cür ola bilər, biri var siyasi rejimlə əlaqədar olan senzura, biri də var insanın öz daxili senzurası. Bu sənin özündən asılı olan bir şey deyil, hər şeyin fövqündə olan, sənə diqtə edən bir şeydir. Bu, dünyagörüşü ilə əlaqədardır. Bizdə bu cür mübahisələr ona görə yaranır ki, bir solaxay əsər yazılır, ənənəvi düşüncəyə, təsvir üsullarına zidd bir əsər olur. Bu zaman ortaya çıxan mübahisələr əsərin problematikasının, bütöv sisteminin ortaya çıxartdığı bir mübahisə deyil, əslində əsərin özünün sənətkarlıq baxımından zəif olması ilə əlaqədardır. Əslində əsər ustalıqla yazılsa, istənilən mövzu bir anın içində önəmli bir şeyə çevrilə bilər.


S. Akifqızı

- Azərbaycan ədəbiyyatında hansı mövzular tabu mövzular hesab olunur?


C. Yusifli

- Əslində bizdə hansı mövzuların tabu olduğunu danışmaq elə də aktual məsələ deyil, bu dəqiqə daha aktual olan məsələ yazmaq problemidir. Tabu mövzular bundan sonra gündəliyə düşəcək şeylərdir. Məncə bizdə siyasi mövzular tabu deyil. Zümrüd Yağmurun sırf siyasi məsələlərdən bəhs edən romanı çap olundu, biz onu müzakirə etdik, yaxud milli kitab müsabiqəsində ilk dəfə mükafat alan Pərviz Cəbrayılın “Yad dildə” romanı siyasi motivlər üzərində yazılan roman idi. Bizdə insanlar nəyə maraq göstərirlərsə onu da yazırlar, məncə bunlar tabu deyil.


X. Bahadır

- Məndən tez-tez soruşurlar niyə ordu haqqında yazmırsan, orda bu qədər faciələr baş verir, əsgərlər öldürülür. Deyirdim qorxuram. Bunu lağla deyirdim. Çünki indiyə qədər ordudan çoxlu yazılar yazmışam, qabaqlar o yazılar gedib. Sonradan yazılara senzura qoyuldu. Nəyə görə? Çünki, kim Müdafiə Nazirliyindən yazırdısa Səfər Əbiyəv onu məhkəməyə verirdi və məhkəməni də udurdu. Buna görə sonradan məhkəmələrin qorxusundan məcbur olub mənim yazılarımı qəzetə vermədilər. İndi görün “Azadlıq” qəzetinin başına nə oyunlar açılır. Onu müxtəlif yollarla susdurmağa çalışdılar, susdura bilmədilər. Axırda məhkəmələrə əl atdılar.


"MƏN KƏRAMƏT BƏYIN O YAZISINI ƏKRƏM ƏYLISLININ “DAŞ YUXULAR”I KIMI AZƏRBAYCAN XALQINA BÖHTAN SAYIRAM..."

K. Böyükçöl

- Onu deyim ki, Azərbaycan cəmiyyətində kəskin aqressiya ilə qarşılanan mövzular var, nəinki tabu. Heç hakimiyyət dairəsi tərəfindən deyil, insanların özü tərəfindən aqressiya göstərilir. Əslində hakimiyyət tənqidlərə qarşı elə də böyük təpki vermir. Tutaq ki, mənim “Çöl” romanım. Mən orda siyasi məsələlərə çox toxunmuşam. Orda 16-cı əsr və 21-ci əsr Koroğlusundan danışılır. Xalq bu qəhrəmana etibar edir, o, Suriya, Türkiyə, Amerikaya səfərlər edir. Qarabağ uğrunda işlər görür. Axırda məlum olur ki, sən demə Koroğlunun bütün məqsədi Kəlbəcəri alıb, qızıl külçələri üstündə zavod tikmək imiş. Artıq cəmiyyətin qəhrəmanı “maşşenik”ə çevrilir.


X. Bahadır

- Kəramət bəy, o “maşenniki” siz yaratmısınız, sizin kimi yazıçılar yaradıb. Siz bu xalqa böhtan atırsınız.


S. Akifqızı

- Xaliq bəy, lütfən izah edin, o nədə böhtan atır ki, xalqa?


X. Bahadır

- Qarabağla bağlı böhtan atır. Mən Qarabağda çox olmuşam, gedib gəlmişəm, orda bizim çoxlu qəhrəmanlarımız olub, komandirlərimiz olub, döyüşçülərimiz olub, siyasətçilərimiz olub. Mən Kəramət bəyin o yazısını Əkrəm Əylislinin “Daş yuxular”ı kimi Azərbaycan xalqına böhtan sayıram, nəyə görə sən qəhrəmanlığı vermirsən, onsuz da bizim dünyada düşmənlərimiz çoxdur. Siz Koroğlunu da təhqir edirsiniz.

S. Akifqızı

- Cavnşir bəy, Xaliq bəy özü elə təpki göstərdi ki, niyə qəhrəmanı olduğu kimi yox, istədiyin kimi göstərirsən. Əkrəm Əylislinin “Daş Yuxular”ının adı çəkildi. Vaxtilə onu oxuyan da, oxumayan da yazıçıya qarşı səlib yürüşünə başladı. Sizcə, yazıçıya qarşı o təzyiqlər ədəbiyyatdan alır, yoxsa ədəbiyyata verir?


C. Yusifli

- Məncə, nə o əsərin özü, nə də onun ətrafında aparılan müxtəlif müzakirələrin ədəbiyyata dəxli yoxdur. Biri var kimlərinsə istəyilə, ya da hardasa qərar tutan ideoloji istəklə əsər yazmaq, bunlar şübhəsiz ki, ədəbiyyat deyil, amma biri də var yazıçı dediyi kimi yox fərqli şəkildə yazır. Buna ədəbiyyat deyilir. Fikrimcə, xalqın müqəddəratı, xalqlararası münasibət, siyasi məsələlərə gələndə artıq tabu ortaya gəlir.

S. Akifqızı


- Xaliq bəy, siz özünüz bayaqdan senzura, tabu kimi mövzulardan danışırsınız. Amma Kəramət bəy romanının qısaca sujetini verdi, siz ona qarşı dözümlü ola bildinizmi? Tabu kimi yanaşdınızmı?


X. Bahadır

- Xalqla bağlı, ölkəylə bağlı, dövlətlə bağlı elə məsələlər var ki, onlar hər şeydən yüksəkdə durur. Biz torpaqlarımızı almaq üçün hər yola əl atmalıyıq. Bizim çox yaxşı komandirlərimiz öldürülüb, Kəlbəcərin qızılı uğrunda vuruşan erməniləriydi, azərbaycanlılar deyil...
XS
SM
MD
LG