Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:37

Ukrayna müxalifəti: qan tökülməsi dayandırıla bilər


Foto (Arxiv)
Foto (Arxiv)
-
Ukrayna müxalifətinin lideri Arseniy Yatsenyuk prezident Viktor Yanukovych-lə danışıqlardan sonra bəyan edib ki, ölkədə innən belə qan tökülməsinin qarşısının alınmasına “çox böyük” imkan var.

Yatsenyuk müxalifətin digər liderləri - Vitali Klitschko və Oleh Tyahnybok-la birlikdə prezidentlə cümə axşamı bir neçə saat danışıqlarda olub. Danışıqlar gecəyarı başa çatıb.

Bundan bir gün əvvəl, çərşənbə günü müxalifət Yanukovych-ə yeni prezident seçkilərinin çağırılması üçün cümə axşamınadək vaxt vermişdi.

Bu tələbin ardınca Yanukovych parlamentin gələn həftə toplanmasına göstəriş verib.
Ədliyyə naziri Olena Lukash prezidentin internet saytında yaydığı bəyanatda bildirib ki, müxalifət son danışıqlarda “ekstremist hərəkətləri pisləməkdən imtina edib”.

Lukash həmçinin deyib ki, böhran danışıqlarının keçirilməsi üçün etirazçılar zəbt etdikləri hökumət binalarını tərk etməlidirlər. O həmçinin qeyd edib ki, nümayişçilər üçün “amnistiya” verilməsi mümkündür.

Hökumət geri çəkilir?

Cümə axşamı Ukraynanın baş naziri Mykola Azarov deyib ki, Kiyev şəhərində nümayişlərin keçirilməsini məhdudlaşdıran və parlament tərəfindən keçən həftə qəbul edilmiş qanunlara müxalifətin iştirakı ilə yenidən baxıla bilər.

Cənab Azarov Reuters agentliyinə müsahibəsində bildirib ki, Avropa Şurasının və Venesiya Komissiyasının ekspertləri qanunlara dəyişikliklər prosesinə kömək edə bilərlər.

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Stefan Fuele bu cümə günü Ukrayna rəsmiləri ilə danışıqlar üçün Kiyevə gəlir.

Ötən çərşənbə qüvvəyə minmiş yeni anti-etiraz qanunları icazə verilməmiş küçə aksiyalarında iştirak üçün kəskin şəkildə artırılmış cərimələr və hətta həbsxana cəzaları nəzərdə tutur.

Qanunvericilik həm də adamların çadır və tentlər qurmasına, plakat və səsucaldanlardan istifadə etməsinə qadağan qoyur.

Qərb Kiyevlə sərt danışır

Cümə axşamı Almaniya kansleri Angela Merkel Yanukovych-i yeni qanunvericiliyi ləğv etməyə çağırıb.

Xanım Merkel Ukrayna prezidenti ilə telefon söhbətində ona müxalifətlə “ciddi danışıqlar” keçirməyi tövsiyə edib.

Cümə axşamı ABŞ-ın vise-prezidenti Joe Biden də Yanukovych-lə telefon söhbətində Ukraynadakı böhranı müzakirə edib. O xəbərdarlıq edib ki, Kiyevdə bundan sonra da qan tökülməsi ABŞ-Ukrayna münasibətlərinə ciddi təsir göstərə bilər.

Bundan bir qədər əvvəl Vaşinqton xəbərdarlıq etmişdi ki, etirazçılara qarşı zorakılığa cavab olaraq Ukraynaya sanksiyalar tətbiq oluna bilər. Ötən çərşənbə üç nəfərin həlak olduğu xəbər verilmişdi. Onlardan ikisi odlu silah yaralarından ölüb.

Ağ Evin sözçüsü Jay Carney cümə axşamı Kiyevdə baş vermiş zorakılıqlarla bağlı narahatlıq ifadə edib.

“Bu vəziyyət Ukrayna hökumətinin Ukrayna xalqının narazılıqlarını ciddi qəbul edib onları dinləmək istəməməsi ucbatından baş verib. Biz hökuməti zorakılıqdan çəkinməyə və hökumətlə müxalifət arasında dialoqa çağırırıq” – deyib Carney.

Bu arada Qərbi Ukraynada antihökumət etirazçıları Lvov əyaləti qubernatorunun qərargahına hücum edərək onu istefa verməyə məcbur ediblər.

Qubernator Oleh Salo bu vəzifəyə Yanukovych tərəfindən təyin edilmişdi.

Ukraynada etirazlar ötən noyabrda Yanukovych Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamaqdan imtina etdikdən və Rusiya ilə daha sıx münasibətlər qurmaq planını elan etdikdən sonra başlanıb.

Bu qərarına görə Moskva Yanukovych hökumətinə 15 milyard dollarlıq yardım paketi təqdim edib.
XS
SM
MD
LG