Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:51

İcra başçisinin müavini: “Bu adamlar iğtişaşların qarşısını almaqda bizə kömək edib”


Məhkəmə binasının qarşısı
Məhkəmə binasının qarşısı
-
Yanvarın 27-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrində ittiham olunanların məhkəməsi şahid ifadələri ilə davam edib. Günün birinci yarısında 11 nəfər mülki şəxs ifadə verib.

Onlardan biri də rayon icra hakimiyyətinin müavini Rövşən Ağayev olub (İsmayıllı hadisələri zamanı o icra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini olub).

O, müttəhimlərdən bir neçəsini tanıdığını bildirib, amma həmin hadisələr zamanı tanıdığı həmin şəxslərin əslində ixtişaşların qarşısının alınmasında polisə və icra hakimiyyətinin nümayəndələrinə yardım etdiklərini deyib.

Müavin bu adamların həbs olunmasının başa düşülən olmadığını bildirib. Rövşən Ağayev “Çıraq” oteli yanan zaman otelin arxasından qaranlıqda adamlara daş atan təxribatçı dəstələrin olduğunu bildirib.

ŞAHİD: “MƏNDƏN İŞGƏNCƏ ALTINDA İFADƏ ALINIB”

Şahidlərdən Samir Nuriyev İsmayıllı rayon prokurorluğunda videokamera qarşısında işlədiyi mağaza sahibinin əleyhinə ondan ifadə alındığını deyib. O bildirib ki, həmin vaxt kameranın arxasında İsmayıllı rayon polisləri dayanıblarmış.

Samir Nuriyevin dediklərindən:

“Onlara sərf etməyən söz deyəndə, kameranı söndürüb məni döyürdülər, işgəncə verirdilər. Özü də bu işgəncələr prokurorun yanında baş verirdi. Onlar buna heç bir reaksiya vermirdilər”.

Daha sonra İsmayıllı hadisələrinə görə həbs olunan Müsavat başqanının müavini Tofiq Yaqublu bir neçə gün əvvəl avtomobil qəzasına düşən ailə üzvləri ilə telefon danışığına imkan verilməməsinə etirazını bildirb. Vəkil Nemət Kərimli Tofiq Yaqublunun həyat yoldaşının əməliyyat olunacağını bildirib və bu səbəbdən onun həbsinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət qaldırıb. Lakin hakim bu vəsatəti qəbul etməyib.

Proses davam edir.

2013-cü il yanvarın 23-də İsmayıllıda “Çıraq” otelinin inzibatçısı və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırıb.

Yanvarın 24-də yerli sakinlər rayon icra başçısının istefası tələbilə etiraz aksiyasına başlayıb və bir qədər sonra hadisələr təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilib.

18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları qəbul etmir.
XS
SM
MD
LG