Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:55

Avropa İttifaqı və ABŞ Ukraynaya görə Rusiya ilə toqquşdu


ABŞ dövlət katibi John Kerry
ABŞ dövlət katibi John Kerry

Münhendə keçirilən sammitdə Vaşinqtonla Moskva arasında kəskin söz atışması olub.

Ötən şənbə Münhendə keçirilən illik Təhlükəsizlik sammitində Vaşinqtonla Moskva arasında Ukraynanın gələcəyinə dair məsələnin müzakirəsində kəskin söz atışması olub.

Avropa Şurasının prezidenti Herman Van Rompuy deyib ki, “Ukraynanın gələcəyi Avropa İttifaqı ilə birlikdədirdir”, Birləşmiş Ştatların dövlət katibi John Kerry isə bəyan edib ki, ABŞ Ukraynanın “demokratiya uğrunda mübarizəsini dəstəkləyir”.

Öz növbəsində Rusiyanın xarici işlər naziri Sergei Lavrov Qərb ölkələrini zorakı etirazlarla bağlı ikili siyasət yürütməkdə ittiham edib.

Təhlükəsizlik konfransı hərbi və siyasi məsələlərin müzakirə edildiyi illik tədbirdir.

Vaxt Avropaya işləyir

Cənab Van Rompuy konfransın açılış nitqində Avropa İttifaqının Ukrayna ilə yaxın əməkdaşlığına dair assosiasiya sazişi təklifindən söz açıb.

“Təklif yerindədir və vaxt bizə işləyir. Ukraynanın gələcəyi Avropa İttifaqına məxsusdur” – deyib Herman Van Rompuy.

Cənab Kerry Mərkəzi və Şərqi Avropada, həmçinin Balkanlarda baş verən bəzi meyllərdən narahatlığını bildirib.

O deyib: “Vətəndaşların istəkləri yenidən korrupsiyanın və oliqarx maraqlarının tapdağı altına düşüb – bu maraqlar siyasi müxalifəti və fərqli düşüncəni boğmaq, siyasətçiləri və media qurumlarını satın almaq, ədliyyənin müstəqilliyini zəiflətmək üçün ixtiyarlarındakı puldan istifadə edirlər”.

“Heç bir yerdə demokratiya, Avropa gələcəyi uğrunda mübarizə, bu gün Ukraynada olduğundan daha mühüm deyil – deyib dövlət katibi – Birləşmiş Ştatlar və Avropa İttifaqı bu döyüşdə Ukrayna xalqı ilə həmrəydir”.

John Kerry deyib ki, Ukrayna xalqının geniş çoxluğu salamat və firavan bir ölkədə azad yaşamaq istəyir və onlar istəklərini həyata keçirəcək partnyorlarla olmaq istəyirlər.

Mətbuatın yazdığına görə, Moskvaya işarə edən dövlət katibi vurğulayıb ki, ukraynalıların gələcəyi, bir ölkə ilə, xüsusuən də onları nəyəsə məcbur edən ölkə ilə qurula bilməz.

Sergei Lavrov: “Heç Kerry-dən gözləməzdim”…

Daha sonra çıxış edən Rusiya xarici işlər naziri Lavrov deyib ki, “seçim məsələsi Ukraynanın boynuna zorla qoyulub və Rusiya bu işə qarışmaq niyyətində deyil”.

“Zorakılığın qızışdırılması ilə demokratiyanın nə əlaqəsi var? - deyib Sergei Lavrov, - biz niyə burada hökumət binalarını zəbt edənlərin, polisə hücum edənlərin, iqrçi, anti-semit və nasist şüarlar səsləndirənlərin pislənməsini eşitmirik?”

"Nə üçün bir çox görkəmli Avropa siyasətçiləri belə hərəkətlərə haqq qazandırırlar, lakin öz ölkələrində qanunun hər hansı şəkildə pozulmasına qarşı sərt cəzalardan istifadə edirlər?” – deyə sual verib Rusiyanın xarici işlər naziri.

İnterfax agentliyinin verdiyi xəbərə görə, Sergei Lavrov, belə bir çıxışı “təcrübə və sağlam düşüncəyə malik John Kerry-dən gözləmədiyini” deyib.

Yanukovych-in yeganə güzəşti qalıb – istefa vermək

Şənbə günü cənab Kerry Ukrayna müxalifətinin nümayəndələri, liderlər Arseniy Yatsenyuk və Vitali Klitschko ilə görüşüb. Onun həmçinin Ukraynanın xarici işlər naziri Leonid Kozhara ilə də görüşü olub.

Münhenə səfər etməzdən əvvəl John Kerry bildirmişdi ki, prezident Viktor Yanukovych-in kompromisləri “hələlik adekvat islahat səviyyəsinə çatmayıb”.

Cənab Yatsenyuk, bundan bir qədər əvvəl prezidentin təklif etdiyi baş nazir postundan imtina etmişdi.

Hazırda həkim bülletenində olan prezident Yanukovych böhranı aradan qaldırmaq üçün anti-etiraz qanunlarını ləğv etməyə, həbsdə olan etirazçılar üçün amnistiyaya və hətta öz kabinetinin tam tərkibdə istefasına da razılaşıb.

Lakin müxalifət israrla Yanukovych-in istefasını və erkən prezident seçkilərinin keçirilməsini tələb edir.
XS
SM
MD
LG