Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:41

NİDA-çı gənc: «Demokratiyanın təhlükəsi nədən ibarətdir?»


NİDA-çıların məhkəməsi
NİDA-çıların məhkəməsi
-
Fevralın 6-da 8 NİDA-çının işi üzrə məhkəmə prosesi keçirilib. Şahidlərin dindirilmə mərhələsi MTN-də antiterror mərkəzinin bölmə rəisi Qasım Tağıyevlə davam edib.

Məhkəmə başlarkən vəkil Nemət Kərimli vəsatət qaldırıb. O, əvvəlki məhkəmədə şahid Qasım Tağıyevin ifadəsində ziddiyyətlərin olduğunu, bir çox sualı «bilmirəm, xatırlamıram» deyə cavablamasını əsas gətirərək ambulator-psixiatrik ekspertiza aparılmasını istəyib. Hakim vəsatəti təmin etməyib.

Prosesdə MTN zabitinin istintaqa ifadəsi, Şahin Novruzlunun evində axtarış aparılması haqda məhkəmə qərarı və onun evində tərtib edilən protokol səsləndirilib. Daha sonra şahid vəkillərin suallarını cavablandırıb.

«DEDİKLƏRİNİZƏ DİQQƏT EDİN»

Vəkil Elton Quliyev mütəxəssis rəylərinin açıqlanmasını istəyib. O, şahiddən protokol tərtib edən zaman eyni möhürdən eyni vaxtda 2 yerdə istifadə edilməsinə aydınlıq gətirməsini istəyib. Şahidə baxış keçirən zaman neçə hal şahidinin olması barədə də sual ünvanlanıb. Vəkilin sualını hakim narazılıqla qarşılayıb:

«Sual xətrinə sual verməyin. Sübutlar gətiriləcək, hər şey aydın olacaq. Niyə şou yaradırsınız?».

Elton Quliyev hakimdən ifadələrinə diqqət yetirməsini istəyib.

Vəkil Xalid Bağırov evə baxış keçirilən zaman qeydə alınan videolara məhkəmədə baxılmasını xahiş edib. O, Şahin Novruzlunun evinə baxış zamanı Qasım Tağıyevin İbrahim Lənbəranski ilə telefon əlaqəsi saxlayıb-saxlamamasını araşdırmaq üçün vəsatət qaldırmaq istəyib.

Hakim etiraz edib: «Vəsatət vermə hüququnuzu heç kim əlinizdən almır. Sadəcə, siz özünüzü reklamla məşğulsunuz».

Bu fikirlər vəkillərdə narazılıq doğurub. Xalid Bağırov hakimdən ifadələrində diqqətli olmağı tələb edib:

«Siz özünüzü məhkəmə boyu antireklam etmisiniz. Sizin kim olduğunuz artıq bizə bəllidir. Xahiş edirəm ifadələrinizə diqqət yetirin».

«BƏLKƏ RAZYANADIR...»

Məhkəmədə ifadə verən MTN zabiti Azər Məcidov Məmməd Əzizovun evində baxış keçirdiyini bildirib:

«Baxışda Məmməd özü də iştirak edib. Narkotik aşkarladıq, protokol tərtib etdik. Daha nələr aşkarladığımızı tam dəqiq xatırlamıram, hamısı protokolda qeyd olunub».

Məmməd Əzizov zor tətbiq edilərək saxlandığını və evə gətirilərək axtarış edildiyini deyib:

««Torqovı»da gəzirdim. Arxadan yumruq vurdular, sonra bir də vurdular. Gətirdilər evə. Bütün evi axtarandan sonra giriş qapısının yanındakı şkafı açdılar. Orda otlar vardı. Mən də hətta əyilib iylədim ki, görəsən bu nədir? Bəlkə razyanadır... O evə 4 gün idi köçmüşdüm».

«ÜZÜNÜZDƏ VİCDAN ƏZABININ NİŞANƏLƏRİNİ GÖRÜRƏM»

NİDA-çı Rəşadət Axundov mənzildən çağırış tipli təhlükəli vərəqlər aşkarladıqlarını deyən MTN zabiti Azər Məcidova sual ünvanlayıb:

««Təcili demokratiya tələb olunur!!!» yazılmış vərəqlərdə çağırış var? Demokratiyanın təhlükəsi nədən ibarətdir? Ancaq bir şeyi əlavə etmək istəyirəm. MTN-dən bura şahid qismində gələn üçüncü şəxssiniz. Ancaq ilk şahidsiniz ki, üzünüzdə vicdan əzabının sindromlarını görürük. Buna görə də təqsirləndirilənlər adından sizə təşəkkür edirəm...».

R.Axundovun bu sözlərinə şahid gülümsəməklə cavab verib...

Məhkəmə fevralın 7-də davam edəcək.

NİDA üzvləri ötən ilin mart-aprel aylarında həbs olunublar. Onlar qanunsuz silah saxlama, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştiraketmə cəhdində günahlandırılırlar.

İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar. «Azad Gənclik» Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.
XS
SM
MD
LG