Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:16

George Friedman: «ABŞ Azərbaycana özünü qorumaq üçün silah satmalıdır»


Azərbaycan - prezident İlham Əliyev STRATFOR-un rəhbəri George Friedman-la görüşür.
Azərbaycan - prezident İlham Əliyev STRATFOR-un rəhbəri George Friedman-la görüşür.
-
ABŞ-da yerləşən “Stratfor” Araşdırmalar Mərkəzinin rəhbəri George Friedman hesab edir ki, Amerikanın Ukrayna böhranında özünü necə aparmasından regionun gələcək taleyi asılı olacaq.

ABŞ Rusiya ilə “fərdlər əleyhinə mənasız sanksiyalar” dili ilə də danışa bilər, Rusiya ilə konfrantasiyaya getmək yolunu da seçə bilər.

Əgər ikinci yolu seçməsə, yəni Rusiyanı yerinə oturtmağa nail olmasa, onda Rusiya ətrafındakı ölkələr - Estoniyadan Azərbaycana qədər – bundan belə bir qənaətə gələcəklər ki, əgər ABŞ kənardan baxırsa və Avropa daxilində fikir ayrılığı varsa, elə gedib Rusiya ilə dil tapmalıdırlar. Bu da Rusiyanın regiondakı gücünü artıracaq, Rusiyanın Avropanın içərilərinə doğru nüfuz etməsinə yol açacaq.

George Friedman yazır ki, halbuki ABŞ bu hegemonluğun qarşısını almaq üçün 3 müharibə etməli olub: (1-ci Dünya Müharibəsi, 2-ci Dünya Müharibəsi və Soyuq Müharibə). İndi yenidən buna imkan vermək, 1 əsrlik strategiyanın süqutu demək olardı.

Friedman-a görə, indiki vəziyyətdə Rusiyanın Ukrayna ilə bağlı iki seçimi var. Ya geri çəkilməli – bu da inandırıcı görünmür, ya da Baltik dövlətləri, Moldova və Qafqazda Qərb üzərində sürətli diplomatik və siyasi qələbələr qazanmaqla tutduğu yola davam etmək.

Araşdırma Mərkəzinin rəhbəri yazır ki, Estoniya-Azərbaycan xəttindəki ölkələr Rusiyanın gücü ilə üzbəüz dayanaraq öz müstəqilliklərini qorumağa çalışırlar. Bu məsələdə NATO bir alyans olaraq onlara lazımi köməkliyi edə bilməz. Çünki alyansın bəzi ölkələri düşünür ki, belə məsələlərə müdaxilə etməyə, buna maliyyə ayırmağa xüsusi ehtiyac yoxdur.

George Friedman-a görə, bu məsələdə ABŞ təşəbbüsü öz əlinə almalı, sözügedən ölkələri NATO-dan yan keçərək qorumaq üçün strategiya işləyib hazırlamalıdır.

Ukraynanı uduzan Rusiya bunun əvəzini Baltik dövlətləri, Moldova və Qafqazda çıxmağa çalışa bilər. Buna görə də ABŞ həmin strategiya və müttəfiqlik münasibətlərini Polşa, Rumıniya və Azərbaycan kimi mühüm dayaqlar üzərində qurmalıdır.

George Friedman düşünür ki, ABŞ-ın bu yeni müttəfiqlik strukturunda Qafqazda Azərbaycan əsas dayaq olmalıdır. Azərbaycan müsəlman dövləti olsa da, dünyəvi dövlətdir. Həm regionda radikal islamçılığın, cihadçılığın yayılmasının qarşısını ala bilər, həm də Gürcüstanı dəstəklədiyi üçün Avropa üçün bir enerji dəhlisizi rolunu oynayır.

Qonşu Ermənistanda rus qoşunları yerləşir, onun Moskva ilə uzun müddətli anlaşması Dağlıq Qarabağda, Azərbaycanda gərginliyi artıra bilər. Əvvəlcə bu, ABŞ üçün birinci dərəcəli əhəmiyyətə malik məsələ deyildi, indi birinci dərəcəlidir. Gürcüstanın və onun limanlarının təhlükəsizliyi ittifaqa Azərbaycanın da cəlb edilməsini tələb edir.

George Friedman hesab edir ki, Azərbaycan daha böyük strateji məqsədlərə xidmət edə bilər. Çünki Rusiya qazından xeyli asılı olan Şərqi Avropa üçün yeganə iri alternativ enerji mənbəyi və dəhlizidir. Ona görə də Avropanın mərkəzinə sürətlə alternativ kəmərlərin çəkilməsi ilə yanaşı Azərbaycan özünü müdafiə etməsi üçün hərbi avadanlıqla təmin edilməlidir (özü də başqa dövlətlərdən fərqli olaraq bunun pulunu ödəməyə pulu var)

George Friedman yada salır ki, bəziləri ABŞ-ın dəyər verdiyi demokratik dəyələrin heç də hamısını bölüşməyən ölkələrin belə ittifaqa cəlb edilməsinin düzgün olmayacağını deyə bilərlər. Bəlkə də bu doğrudur. Amma bu da var ki, Soyuq Müharibə dövründə ABŞ Şahın idarə etdiyi İran, eləcə də Türkiyə, diktaturanın mövcud olduğu Yunanıstan kimi ölkələrlə ittifaqa girib. Bundan başqa 1971-ci ildən sonra Çin ilə. İndi Azərbaycan tənqid edilir. Halbuki əgər enerji Azərbaycandan yox, Rusiyadan gəlsə, Ukrayna hadisələrinin sonu faciə ilə bitəcək. George Friedman düşünür ki, ABŞ Dövlət Departamenti Azərbaycana münasibətdə tənqidlərində sərt olmamalıdır, çünki indi realpolitik vaxtıdır.

George Friedman qeyd edir ki, ABŞ daha çevik siyasət yürütməli və Azərbaycan, Polşa, Rumıniya kimi ölkələri həm silah, həm də təlimlərlə gücləndirməlidir. Bu ölkələrə hava hücumundan müdafiə sistemləri, hücum vertolyotları, rabitə avadanlığı ilə köməklik edilə bilər.
XS
SM
MD
LG