Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:06

Azərbaycanda ataların ərköyün balalarının bəlaları...


Qəza törətmiş Xalid Mədətov həbs edilib, atası da prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub.
Qəza törətmiş Xalid Mədətov həbs edilib, atası da prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub.
-
Azərbaycanda elə məmurlar var ki, onların övladları özlərindən daha çox tanınır. Az qala hər gün mediada vəzifəli şəxslərin, deputatların övladları haqqında geniş yazılara yer verilir. Amma bu, həmin məmur balalarının hansısa müsbət işləri ilə yox, daha çox onların törətdiyi özbaşınalıqlarla bağlı olur. Bəzən bu kimi yazılara «rəqiblərin sifarişi ilə yazılıb», «deyilənlər müxalifət qəzetlərinin uydurmasıdır» kimi münasibətlər bildirir. Amma elə hadisələr olur ki, «cidanı çuvalda gizlətmək olmur».

«ƏGƏR BİR DƏ BİLSƏM... O ADAM HƏBS OLUNACAQ, ATASI İŞDƏN QOVULACAQ»

Hətta ölkə prezidenti keçirdiyi müşavirələrin bir neçəsində vəzifəli şəxslərin övladlarının «qudurğanlıq» etməsinə diqqət çəkib. Prezidentin sonuncu belə xəbərdarlığı 2013-cü ilin fevralında olub:

«Vəzifəli şəxslərin övladları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Cəmiyyətdə kim onlara bu statusu verib? Necə deyərlər, onların güvəndiyi adamları vəzifəyə mən təyin etmişəm, lazım bildikdə mən də çıxaracam. Əgər bir də bilsəm kiminsə ailə üzvü haradasa xuliqanlıq edib, nadanlıq edib, özünü apara bilmir, o adam həbs olunacaq, atası işdən qovulacaq».

Prezidentin bu xəbərdarlığından sonra media belə-belə işlərdən az yazmayıb.

QƏZA TÖRƏDƏN OĞUL TUTULUB, ATA DA İŞDƏN ÇIXARILIB

Xalq artisti, tarzən Ağasəlim Abdullayevin həyata yoldaşı və nəvəsi də martın 15-i gecə belə olayların güdazına getdi. Yayılan rəsmi məlumata görə, avtomobil qəzasını törədən şəxs «Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyətin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov olub. Həmin vaxt onun içkili olduğu müəyyən edilib. Bu hadisədən sonra qəza törətmiş Xalid Mədətov həbs edilib, atası da prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub.

Prezidentin fevral xəbərdarlığından əvvəl İsmayıllıda otelin yandırılması və sakinlərin kütləvi etirazlara başlamasına da məmur övladlarının içkili vəziyyətdə baiskar olduğu bildirilir. Bu hadisə ilə bağlı bir nazir və bir icra başçısı vəzifəsindən çıxarılıb.

QIZIN ARDINCA AVTOMOBİLƏ ATƏŞ...

Amma heç də həmişə hadisələr belə sonluqla bitmir. Ötən il dekabrın 13-dən 14-ə keçən gecə iki qadının olduğu avtomobilə güllə atanlardan birinin də vəzifəli şəxs övladı olduğu iddia edilir.
Foto: Arxiv
Foto: Arxiv


Zərərçəkənlərdən birinin atası Novruz Cəfərovun AzadlıqRadiosuna dediyinə görə, qızının olduğu avtomobilə güllə atan deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov olub. Deputatın özü isə oğlu ilə bağlı yayılan məlumatları təkzib etmişdi.

MƏMUR BALALARININ AVTOMOBİL QƏZALARI...

Modern.az saytı da vəzifə sahiblərinin övladlarının son vaxtlar törədikləri avtomobil qəzaları ilə bağlı bəzi məlumatları üzə çıxarıb.

Bu məlumatlara görə, Kürdəmirdə Heydər Əliyev prospektində 66 yaşlı qadının ölümünə səbəb olan yol qəzasını Rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkilinin oğlu törədib.

Bərdə şəhər icra nümayəndəsinin oğlunun da adı avtoxuliqanlıq edən «şıltaq» məmur balalarının siyahısında yer alıb.

Martın 17-də Tərtərdə bir gəncin ölümlə nəticələnən yol qəzasını da rayon icra başçısının müavininin oğlu törətdiyi bildirilir. Saytın yazdığına görə, oğula bir söz deyilməsə də, məmur vəzifəsindən uzaqlaşdırılıb.

Ağdam rayonu ərazisində qeydə alınan avtoxuliqanlıq hadisəsində də Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Ağdam şöbəsinin müdirinin oğlunun adı çəkilir. Məmur övladı «facebook» profilində yol qəzasında günahkar olduğunu yazsa da, şöbə müdiri oğlunu deyil, yük maşının sürücüsünü günahkar sayır.
Arif Əliyev
Arif Əliyev


«PREZİDENTİN BARMAQ SİLKƏLƏMƏYİNİN SƏMİMİLİYİNƏ ŞÜBHƏ İLƏ YANAŞIRAM»

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev prezidentin hədələrinə, barmaq silkələməyinə baxmayaraq baş verənləri cəzasızlıq mühitinin mövcudluğu ilə izah edir:

«Övlad görəndəki onun atası üçün cəzasızlıq mühiti var, o da atası kimi davranır. Mənəvi əyləncələr yoxdur. Prezidentin barmaq silkələməyinin səmimiliyinə də şübhə ilə yanaşıram. Çünki gördüyüm və başa düşdüyüm qədər bu cür hərəkətlərin qarşısını almaq olduqca sadədir. Öz övladlarına kart-blanş verən məmurlar vəzifəsiz heç nədirlər. Onların var dövləti, bugünkü nüfuzu yalnız onların vəzifəsidir. Əgər o, məmurların biri-ikisi normal cəzalandırılsaydı, indi belə hadisələr olmazdı. Sizi əmin edirəm ki, həmin məmurlar bundan sonra qısa bir zamanda öz övladlarının ipini yığışdırardılar ki, bizim mövqeyimiz yalnız o kreslonun üzərində qurulub. Dəyərlər «kimin pulu çoxdur», «kimin maşını daha böyükdür» prinsipi ilə ölçülür. Qalan insanlarla ikinci dərəcəli insanlar kimi qavranılır. Ona görə, onlar polisi də döyə bilər, maşını yolun ortasında da saxlaya bilər. Çünki cəzalandırılmırlar».

Arif Əliyevə törədilən çoxsaylı qanunsuzluqlar arasından «təsadüflərin» cəzalandırılması ilə problemləri həll etməyi mümkünsüz sayır:

«Biz dəfələrlə şahid olmuşuq ki, «elə edəcəm, belə edəcəm». Söhbət ondan getmir ki, prezident əlinə ağac alıb o hadisələri törədənləri bir-bir vurmalıdır, bu, sadəcə bir prinsip olaraq qəbul edilməlidir».
Mehman Əliyev
Mehman Əliyev

«VƏZİYYƏTİ DƏYİŞMƏK ÜÇÜN BİRİNCİ NÖVBƏDƏ ATALARDAN BAŞLAMAQ LAZIMDIR»

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bu məsələlərdə əsasən valideynləri günahkar sayır:

«Məmur təbəqəsi qeyri-qanuni yolla varlanır. Bu hadisələri törədənlərin ataları qanunları pozur və bu davranışlar da övladlarına keçir. Özbaşınalıq, cəzasızlıq sistemi daxilində bu belə də olmalı idi. Onlar hər gün qanunları pozur, bu pozuntuların hamısı bağışlanır və uşaqlar da bu mühitdə böyüyür. Hesab edirlər ki, onlar üçün də hər şey keçiləcək. Özlərini başqalarından üstün tuturlar. Bu, tərbiyədir, mənəviyyatdır».

Mehman Əliyevin fikrincə, baş verənlərin qarşısını almaq, vəziyyəti dəyişmək üçün birinci növbədə atalardan başlamaq lazımdır:

«Onda övladlar da dəyişə bilər. Hədələmək yol deyil, əsas qanundur. Qanun ya işləyir, ya da işləmir. Qanunlar işləyəndə onda məmur da, onun övladı da qanun qarşısında bərabər olur. Bununla da problem aradan qaldırılır. Elə bir sistem yaradılmalıdır ki, orda prezidentdən tutmuş süpürgəçiyə qədər hamı qanun qarşısında eyni məsuliyyət daşısın».
XS
SM
MD
LG