Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:16

Ədəbiyyat bu tərbiyəsiz ittifaqın qarşısında aciz qalıb...


İradə Musayeva
İradə Musayeva
-

Tənqidçi İradə Musayeva "Leyla" romanı haqda:

"Cavid, necə oldu ki, sən həqiqi ədəbiyyatın nə olduğunu bildiyin halda belə bir iş tutdun?

Vəziyyət o qədərmi gərgindir?

Və kütləvi oxucularından hərarətli, alqış dolu cümlələrə bürünmüş məktubları alırsanmı?

Və ən əsası-kitabların satılırmı? Kİmə?
"


Azadlıq Radiosunun "Oxu zalı"nda yazıçı Cavid Zeynallının yeni romanının müzakirəsi davam edir. (Romandan parça)


İradə Musayeva


ROMAN TƏKCƏ ƏDƏBİYYAT MƏSƏLƏSİ DEYİL…


Ədəbi mənzərəmiz durğunluq həddini müəyyən edən şkaladakı rəqəmin sürətindədir... 60-70 il öncə müəyyənləşdirilmiş ədəbi çevrədən iri bir addım atıb kənara çıxan yoxdur.

Ədəbi cəsarəti "ədəbi" əyləncə ilə qarışdıranlar nə qədər iddialı olsalar da, özlərini təsdiq edə bilmirlər. İstedadlılar isə, əlbəttə, var.

Ən çox roman janrına müraciət olunur. Ancaq 80 faiz bu janrın sonsuz imkanlarından yox, sadəcə adından istifadə edir.

Bizim bugünkü ziddiyyətlərlə dolu ictimai düşüncəmizi və real sosial-siyasi, ictimai-mədəni yaşantılarımızı, əslində, daha çox roman janrı aça bilər.

"Görünməz dalğalar"ı istedadlı müəllifin roman mətnindəki açıldıqca açıla bilən qatlar əks etdirə bilər.

Bu gün bizdə görünməyən mövzular var ki, yeni və geniş ədəbi təfəkkür tələb edir.

Və sözsüz ki, ictimai-siyasi, sosial bilgi, ədəbi istedad, səbr və zərgər dəqiqliyinə əsaslanan təsvir üsulu.

Roman təkcə ədəbiyyat məsələsi deyil, düşünürəm ki, müasir dünyanın işlərinə qarışa bilən, müəyyən mənada ona təsir göstərə bilən ictimai və siyasi gücdür...

Və həm də Amerika yazıçısı Pol Oster demişkən, roman – iki yad insanın tam məxfilik şəraitində görüşə biləcəyi yeganə yerdir. Yazıçı və oxucu kitabı birlikdə yazır. Heç bir digər sənət bunu edə bilməz. Heç bir başqa sənət növü insanın daxili dünyasının mahiyyətini belə əks etdirə bilməz. (Qəzetlərdən birindəki sorğuya cavabımı təkrarlamalı oldum.)


Cavid Zeynallıdan gözləmədiyim romanı oxumaq və hətta onun haqqında yazmaq məcburiyyəti mənə mənəvi əziyyət yaşatdı... Cavid özünün də bəyənməyəcəyi, mütaliəsinə, zövqünə, istedadına yaraşmayan əsər yazıb... Görəsən, niyə?

Roman janrının imkanlarından məişət macəraları fonunda istifadə ədəbiyyata qeyri-ciddi yanaşma cəhdi kimi görünür.

Artıq 20 ildən çoxdur ki, (təxminən Qarabağın alınması ilə üst-üstə düşən zamandan etibarən) Azərbaycanda şou bumu yaşanır. 20 ildən çoxdur ki, gözümüzün, qulağımızın, beynimizin, bir sözlə, bütün duyğularımızın pəncərəsi şouya açılır. Bazar iqtisadiyyatı ilə şou-biznes əlbir olub milləti salıb ayağının altına... Elm, ədəbiyyat nə qədər özünü toxgöz, qürurlu göstərsə də, bu tərbiyəsiz ittifaqın gücü qarşısında aciz, rəzil və suyumsuz görkəmindən xəcalət çəkir... Çünki elmin elmini, ədəbiyyatın ədəbini, həqiqətini öz “bazar həyasızlığı” ilə təkləyib, gərəksizləşdiriblər...

Cavid ciddi müəllifdir. Amma bu dəfə Varisin, E.Elatlının “bazarına” girib sosial sifarişi özü götürüb. Ədəbi prosesin tələb etdiyi yazıçı-oxucu mübadiləsinin qanunlarını pozub, ədəbi-estetik tələbata yox, qara bazar qiymətinə işləyib.

Cavid əsəri yazma səbəbini belə izah edir: “...məqsəd şou-biznes haqda yazmaq idi və mənə elə gəlir, bu mövzuda yazılan əsər yaxşı oxuna, adamlarda maraq yarada bilər. Çünki faktiki televiziyalarda şou proqramlara maraq həmişə böyük olur, hamı baxır və müzakirə edir. Buna görə düşündüm: bu mövzuda ortalığa bir əsər çıxartsam, nəsə səs-küyə səbəb ola bilər. Bir növ həmin həyatın pərdə arxasını öyrənmək baxımından maraqlı ola bilərdi. Səbəb bunlardır. Həm də bilirsiniz, cavab üçün özümü dağa-daşa salmayım: nəsə yazmalıyam, ya yox?”

Əgər səs-küyə səbəb olan əsərin ideyası bazar iqtisadiyyatı müğənnilərinin pərdəarxası həyatını öyrənməyə həsr olunubsa müəllif yanılıb. Çünki sağ olsun mətbuatımız , telekanallarımız və illərlə yığdığı pulu yarım saatın içində müğənninin çantasına basan xalqımız... Bütün bu adamlar imkan vermir ki , onlar diqqətdən kənarda qalsınlar. Yaşam tərzimizi ideoloqlarımız elə düşünüb hazırlayıb ki, onlarla yatıb onlarla oyanırıq.

Ona görə də heç bir pərdəarxası sirlərin açılışı qəhrəmanlığından söz gedə bilməz. Mənim qədər bu xəbərlərdən və görüntülərin tamaşasından qaçan adam yoxdur, yenə də xəbərlər dəftər-kitabın arasından, yemək reseptlərinin içindən, maqazin vitrinlərindən, qadın salonlarından, misal-məsələlərin cavabından- hər yerdən çıxır.
Cavid Zeynallı
Cavid Zeynallı


Deməli səbəb bu deyil, yəni pərdəarxasını açmaq... Bunun üçün daha peşəkar “mütəxəssislər “ var. Məsələn, İ.Mirzəyevin “Etiraf” verilişi onlarla “Leyla” tipli romanın işini görüb...

Cavid bizi inandırmağa çalışır ki, xalq naminə nə isə etmək istəyib. “Təəssüf ki, biz tələbələrimizi öz oxucumuza çevirə bilməmişik... Digər tərəfdən , Azərbaycan gəncinin sosial durumu, günü-güzaranı doğrudan da yazdığım gündədir”.

Doğrudanmı, Azərbaycan yazıçısından tələbələrimizin tələbi Leylaların həyatı, əyləncəli gecələri haqqında kitablardır?

Əsərin rahat təhkiyəsi Leylanın narahat həyatının hər halını bizə anladır. Leyla , əlbəttə, Azərbaycan reallığıdır. Onların düşdüyü bataqlığın zövqi-səfası da, cəfası da hər bir azərbaycanlıya məlumdur. Bu yolun qanunauyğunluqlarını heç kəs təkzib etmir.

Müəllif çox ciddi-cəhdlə xoşbəxt görünən bədbəxt qadının vəkili missiyasını yerinə yetirir. Ona görə də biz Leylaya Cavidin qəhrəmanı kimi yox, Cavidə Leylanın qurbanı kimi baxmaq məcburiyyətində qaldıq. O qəhrəmanına ədəbi mərhəmət yaradan bütün üsullardan ( uşaqlıqdan ögey ata əlinə düşmək, ananın göz yaşları içərisində keçən məşəqqətli həyatı, gənc və məsum qızın aldadılması , övlad itkisi və s. və i.a.) istifadə edib.

Yazar əsərin əvvəlində başın açdığı hadisələrin finalını hind filmlərinin ssenarisi əsasında tamamlayır. Hind filmlərində necə olur? Məsələn, yağış yağır, bütün günahkarlar bu yağışda çimib paklaşır, əxlaqsızlar düz yola qayıdır, oğrular tövbə edir, ayrılanlar birləşir, 20 il iflic vəziyyətdə arabada yaşayan adamlar durub gəzir, anadan kor doğulanlar əllərini titrədə-titrədə “mən görürəm” deyib qışqırır, itənlər tapılır, hətta ölənlər uzun ağ pərdələrin arxasından boylanır bu “olmazlar” dediyimiz “olar, olar!” məkanına...

Əsərdə hansı məsələlərdən nigaran idik? Əsmər Rəcəbin xəyanətinə görə xəstəlik tapmışdı, sağaldı? Görəsən, barışdılar? Klara şou –biznesin qara camaatına qan uddururdu, cəzasını aldımı? Rəcəb romanı yazıb qurtardımı, çap etdirə biləcəkmi? Məşhur olmaq istəyirdi, ola bilər? Leylanın pulu qurtarmışdı, borcu vardı, maşınını əlindən alacaqdılar görən necə oldu? Leylanın bibisi oğlu (birinci sevgilisi) Mehrab xaricdən gəlib Leylaya “ədalətli cinayət” -Vüqardan qisas almaq işində yardımçı olmuşdu, haqqını ala bildimi? Rəcəb iş tapdımı, işdən qovulmuşdu... Balaca qız-Ayselin ailəsini də unutmamışıq, imkan olsaydı, ona da yardım etsəydilər yaxşı olardı...

Bəli, Cavidin 357 səhifəlik romanı bu problemlərin üzərində qurulub... Cavidin intellektual potensialımız hesab edilən tələbə oxucusu bu “bəşəri” məsələlərin konfliktinin açılmasını sona qədər həyəcan içində izləyir yəqin ki...

Hə, tapançadan da nigaran idik, tapança xatalı şeydi... Yaddan çıxar, əl-ayaq altda qalar, xoşbəxt sonluqlara əngəl olar, qəflətən kiminsə əlində açılar, finalı pozar. Amma yox, müəllif əsərinin xeyli hissəsini tapançanı Leylanın evindən oğurlamaq uğrundakı əməliyyat-tədbir planına həsr edib, yadından çıxartmaz... Hələ İsmayıl dayının qəbrini ziyarət etmək də var axı... S.S.Axundovun “Qaraca qız” əsərindəki Piri babaya oxşayan İsmayıl dayı... Hər işdə halalllıq yaxşı şeydi...

Görək, müəllif bu işləri necə yoluna qoyur:

“ Mayın əvvəllərində Əsmər tam sağaldı, işə çıxırdı. Onu hər gün qarşılaya bilməsəm də, vaxt tapdıqca zəncirini qırmış it kimi Akademiyanın qarşısına götürülürdüm. Yenə küskündü, hər kəlməsindən qəzəb, qısqanclıq tökülürdü. Hər şeyə dözərdim; axı, bizim ulduzumuz barışacaqdı... Yoxumu var bilən bu Allah bəndəsindən sarı başım nələr çəkdi, nələrə dözdüm...

Mənim romanla əlləşən vaxtlarımda Leylanın köhnə biznesmen dostlarından biri peyda olub, öz dediyinə görə, yaxşı pul qoparıb ondan. Vüqarın ölüm işi araşdırılanda Mehrabın hesabına 80 min manat yatırdıb, Türkiyəyə yola salıb. Həmin günlərdə mən romanımı bitirib şad-şalayın Bakı küçələrində veyillənir, Leylanın təzə-təzə üzə çıxan dostlarının “halal” pulu ilə yeyib-içir, gödənimi doldururdum. Bir roman yazmaq nə olan şeydir, elə bil, göyləri mənə vermişdilər. Axmaq ağlımla xəyal qururdum ki, Əsməri qoltuğuma vurub kübar cəmiyyətlərinə gedəndə adamlar bu qüdrətli sənətkarın qarşısında təzim edib, təbəssümlərini əsirgəməyəcəklər.

Əlbəttə, bunlar xam xəyal, daha doğrusu, zarafatdır, amma nədənsə içimə bir ümid dolmuşdu: aylarla əziyyətinə qatlaşdığım bu əsər həyatıma uğur bəxş edəcək. Çoxları üçün əlçatmaz olan bir qadının, ehtiyac içində çabalayan, min bir əziyyətə qatlaşan zavallı bir oğlanın həyat hekayəti hamı üçün maraqlı olmalıydı. Leyla kitabın böyük tirajla nəşr, reklam xərclərini boynuna götürdü. Kitab hələ çıxmamış, saytlarda, televiziyada, qəzetlərdə, metroda, avtobuslarda reklam kampaniyaları başladı.

Həmin gün yaz yağışı yağdı. Hava sakitdi, kitabı nəşriyyata təhvil verib evə qayıdanda, özümdə cəsarət tapıb günün günorta çağı yataqxananın zirzəmisinə girdim. Tapançanı çantama qoyub xəlvət, ustufca əkildim. Leyla maşını birbaş Zuğulbaya sürdü. Yepyekə bir daşın üstündə dayanıb dənizdən qalxan yosun ətrini ciyərlərimizə çəkdik, yaz yağışının altında o oxudu, mən uzaqlara baxıb kövrəldim. Kaş Əsmər də yanımızda olardı... Axı, Leylanın tək-təkcənə oxumağını çoxdan arzu edirdi. Gələrdimi yəni?! Olardımı belə şey?!

Ətrafda bir inni-cinni gözə dəymirdi. Tapançanı var gücümlə dənizə atdım, bu vahiməli, üzüsoyuq dəmir parçası qırçın ləpələrin arasında görünməz oldu. Qayıdanda yolumuzu İsmayıl dayının məzarından saldıq, bu əməlisaleh kişinin ruhuna dualar oxuduq. Axşam Leyladan yenə pul xahiş elədim: Balaca qızcığazın - Ayselin ailəsi üçün...”

Bütün bunlar əsərin “epiloq” hissəsində yazılıb... Səhifə yarımda ...

Müəllif bu əsərində ədəbiyyatşünaslar və tənqidçilərin söz demək imkanını əlindən alıb. Özü demiş, ideya yox, ideyadan yazsınlar, (“Leyla”da ideya baxımından kim nə istəyir, onu çıxartsın. Məndən soruşsanız “Leyla”nın ideyası nədir, konkret cavab verə bilmərəm, Ümumiyyətlə, bu haqda düşünməmişəm”), sətiraltı, oxucunun anlamaqda çətinlik çəkdiyi dərin mənalar yox, açsınlar, sənətkarlıq baxımından yeniliklər yox, “kəşf etsinlər” ... Əsərdən sitatlar gətirib müəllifin danışdığı nağılı təzədən danışmaq isə elə əsərdəki “bulvar ədəbiyyatı estetikasına” qoşulmaq olardı...

Mən kitabı oxuyub qurtarandan sonra bircə şey haqqında düşünürdüm: Cavid niyə belə yazdı?

Yəni əsər yox, müəllif haqqında düşünürdüm. Leylanın şou-musiqi bataqlığından Cavidin ayaq basdığı şou-ədəbiyyat bataqlığının fərqi varmı?

Vaxtilə jurnalistlər Leylanın prototipi olan müğənnini dövrəyə alıb soruşanda ki, necə oldu ki, heç kəsin soyunmadığı həddə soyundunuz? (yəqin ki “bu qədərmi utanmadınız?” - demək istəmişdilər) –sualını müğənni sanki “siz nə cəsarətli qadınsınız, bunun sirrini açın, lütfən” –anlamında qəbul etmişdi... Hətta qohum-qardaşınız bu addımı necə qiymətləndirdi?- sualı da cavabsız qalmadı və müğənni təxminən belə cavab verdi ki, mən günlərlə ac qalanda heç bir qohumum bir “məmməd” vermədi. Mən də bildiyim kimi yaşadım, hamısından üz çevirdim. Bu soyunmaqla özünü tanıdan, populyarlaşdıran toy müğənnisinin “həqiqəti” idi... Leylanın sadaladığı “həqiqətlərdən” sadəcə biri...

Cavidə sual veriləndə ki, romanında aqressiya var bu nədəndir? Cavab verir ki, “bilmirəm, bəlkə mənim yaratdığım qəhrəmana, həyata içimdə bir aqressiya var. Bu onun sübutu ola bilər. Qəhrəman it günündə yaşayırsa, onun düşüncəsi də elə olmalıdır. Rəcəb başqa şey düşünə bilməz. Yataqxanada yaşayan insan villada yaşayan insanlara böyük sevgi, mərhəmətlə yanaşa bilməz. Bu saxta ədəbiyyat olacaq. O başqa məsələ ki, əsərdə həmin məsələlər baxımından əndazəni aşmışam, insanlara qarşı dəhşətli aqressiya nümayiş etdirmişəm”.

Mən jurnalistlərin həmin müğənniyə verdiyi suala bənzər suallar vermək isəməzdim Cavidə.

(Məsələn, Cavid, necə oldu ki, sən həqiqi ədəbiyyatın nə olduğunu bildiyin halda belə bir iş tutdun? Vəziyyət o qədərmi gərgindir? Və kütləvi oxucularından hərarətli, alqış dolu cümlələrə bürünmüş məktubları alırsanmı? Və ən əsası-kitabların satılırmı? Kİmə? Yəqin ki artıq fərqi yoxdur...)

Cavidə uğur diləmək məncə gec deyil... Şəxsən mən onun istedadına inanıram.
XS
SM
MD
LG