Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:50

Ukrayna hadisələri Azərbaycanı tənqidlərdən xilas edəcəkmi?


Polis Bakıda müxalifət fəalını saxlayır, 12 oktyabr 2013
Polis Bakıda müxalifət fəalını saxlayır, 12 oktyabr 2013
-
Luke Johnson və Carl Schreck

ABŞ rəsmiləri bildiriblər ki, Ukraynadakı böhranla əlaqədar Azərbaycana potensial olaraq Avropanı Rusiyanın qaz asılılığından qopara biləcək əsas oyunçu kimi baxılsa da, Birləşmiş Ştatlar insan haqlarının vəziyyətinə görə Bakıdan hesabat tələb etməlidir.

Merilend ştatından olan demokrat senator Ben Cardin AzadlıqRadiosuna verdiyi bəyanatda deyib:

«Mən qəti əminəm ki, biz Azərbaycanla enerji məsələlərində sıx işlədiyimiz kimi, bütün regionda təhlükəsizliyin tərkib hissəsi kimi bu ölkədə insan haqlarının tənəzzül etməkdə olan vəziyyəti ilə də məşğul olmalıyıq».

Kreml mart ayında Krımı ilhaq etdikdən sonra Qərb liderləri Rusiyanın geosiyasi təsir imkanlarını məhdudlaşdırmaq məqsədilə Avropa Birliyinin Rusiyadan Ukrayna ərazisi ilə nəql olunan qazdan asılılığını azaltmaq ehtiyacından danışırlar.

ABŞ dövlət katibi John Kerry də daxil olmaqla, Avropa Birliyi və ABŞ rəsmiləri Azərbaycanın Bakı yaxınlığından başlayıb Rusiyadan yan keçməklə Türkiyə ərazisi ilə Xəzər qazını Cənubi Avropaya nəql edən «Cənub Qaz Dəhlizi» vasitəsilə oynaya biləcəyi mühüm rolu açıq şəkildə qeyd ediblər.

Bu arada Azərbaycan da ABŞ siyasiləri üçün müxtəlif tədbirlər keçirərək özünü Vaşinqtona Avropanın enerji təhlükəsizliyini təmin edəcək mühüm oyunçu kimi təqdim etməyə çalışır.

Lakin bu cəhdlər, fəalların və təhlilçilərin təbirincə deyilsə, Azərbaycanda azadlıqların pisləşdiyi bir vaxta təsadüf edir. Onlar deyirlər ki, bu meyl son vaxtlarda iki tanınmış insan haqları fəalının, habelə vətənə xəyanətdə ittiham olunan jurnalistin Türkiyədən Bakıya gələrkən həbs olunması ilə daha qabarıq görünür.

Karneqi Mərkəzindən Cənubi Qafqaz üzrə ekspert Thomas De Waal bu həftə yazdığı məqalədə qeyd edir ki, Azərbaycan prezidenti İlham Əliyevin tənqidçilərinin təqibi arxasında «Bakı hökumətinin Azərbaycanın enerji təchizatçısı kimi əvəzedilməz olduğuna və buna görə də Qərbin tənqidindən sığorta olunduğuna inamı dayana bilər».
Richard Morningstar
Richard Morningstar


«OTAQDA FİL»

ABŞ-ın Bakıdakı səfiri Richard Morningstar bu həftə Vaşinqtonda keçirilən tədbirdə demokratiya və insan haqlarını müzakirə etməkdən yayınmayıb və ikitərəfli münasibətlərdəki məsələləri «otaqda fil»lə müqayisə edib.

O, aprelin 30-da Hyustonda mənzillənmiş Azərbaycanın Dostları Assosiasiyasının keçirdiyi tədbirdə deyib:

«Biz bu məsələlərdən boyun qaçıra bilmərik. Belə görünür ki, biz eyni şeylər barədə müxtəlif cür danışırıq. Biz bizik, bizim güclü demokratik dəyərlərimiz var, odur ki, biz bu dəyərlərin pozulduğunu və ya problemlə üzləşdiyini görəndə, bunu deyirik və deməkdə davam edəcəyik».

Bu qrupu Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) maliyyələşdirir. Xarici Təşkilatların Qeydiyyatı Aktındakı məlumata görə, Azərbaycanın imicini təbliğ etmək məqsədilə «APCO Worldwide» PR firması ilə iki ay müddətinə 46 min dollarlıq müqavilə imzalayıb.

Pensilvaniya ştatından olan respublikaçı-konqresmen Charlie Dent özünün ABŞ-Azərbaycan əlaqələrini tərifləyən çıxışında insan haqları məsələsinə toxunmasa da, AzadlıqRadiosuna bildirib ki, heç nə bu məsələdə Bakıya təzyiq göstərməyi ABŞ-a qadağan edə bilməz.

«Biz əlbəttə bu barədə danışa bilərik. Biz məzəmmət olunacaq rəftar görəndə, heç nə ABŞ-ın bu barədə danışmasının qarşısını ala bilməz» – deyib konqresmen.
Azərbaycan Amerika Alyansı Ağ ev və konqresmenlər üçün nahar verir- 14 noyabr 2012
Azərbaycan Amerika Alyansı Ağ ev və konqresmenlər üçün nahar verir- 14 noyabr 2012
Ağ evin yaxınlığında yerləşən otelin bərbəzəkli ziyafət salonunda keçirilən tədbirin sponsorları arasında enerji nəhəngləri - BP və «ConocoPhillips» də vardı.

Demokratların Konqresdəki lideri Nancy Pelosi, respublikaçı-senator Kelly Ayotte, Konqres demokratları qrupunun sədri Xavier Becerra və respublikaçı millət vəkili Ileana Ros-Lehtinen də daxil olmaqla hər iki partiyadan olan vəzifəli millət vəkilləri də nitq söyləyiblər.

Bu tədbir aprelin 11-də senatda keçirilən «Ukrayna böhranı şəraitində Avropanın enerji təhlükəsizliyi» adlı brifinqin ardınca keçirilmişdi. Bu tədbirə Konqres adamları və xarici diplomatlar da qatılmışdılar. Burada SOCAR-ı ABŞ-da təmsil edən Rauf Məmmədov da iştirak edirdi.

Ohayo ştatından olan və tədbirin keçirilməsinə yardım edənlərdən biri, respublikaçı-konqresmen Michael Turner, 58 həm-sponsoru olan «Cənub Qaz Dəhlizi» qətnaməsini dəstəklədi.

«YERİYƏ-YERİYƏ SAQQIZ ÇEYNƏYƏN» ABŞ DİPLOMATLARI

ABŞ Dövlət Departamenti ən son illik insan haqları hesabatında bildirir ki, ötən il Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılması halları artıb. Jurnalistlər və insan haqları fəalları hakimiyyət tərəfindən «təhdid, həbs və zorakılıqla» üzləşirlər.

Fevral ayında açıqlanmış hesabatda həmçinin «qanunsuz həbslər» və «siyasi motivli məhbus edilmələr»in ötən il Azərbaycanda əhəmiyyətli problem yaratdığı qeyd olunur və Azərbaycan lideri Əliyevin təkrar prezident seçilməsi ilə nəticələnmiş seçki kampaniyası tənqid edilir.
Mehriban Əliyeva və İlham Əliyev prezident seçkisində səs verir - 9 oktyabr 2013
Mehriban Əliyeva və İlham Əliyev prezident seçkisində səs verir - 9 oktyabr 2013
Hesabatda deyilirdi ki, «seçki kampaniyasına repressiv siyasi mühit kölgə salıb» və «namizədlər üçün oyun meydanı verilməyib».

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elmar Abdullayev bu hesabatın bitərəf və qiymətləndirmənin dəqiq olmadığını bildirib.

Cənab Abdullayev mart ayında «Trend» agentliyinə deyib ki, «bu hesabat şübhəli mənbələrin əsassız ittihamlarını əks etdirir və sənədin obyektiv olması üçün Azərbaycanda heç bir dövlət orqanı ilə əməkdaşlıq edilməyib».

Konqresin insan haqları ilə məşğul olan işçilərindən birinin dediyinə görə, millət vəkilləri ABŞ diplomatları ilə əlaqədə olurlar ki, «yeriyə-yeriyə saqqız çeynəməyi» bacardıqlarını, yəni enerji və Azərbaycandakı insan haqları məsələləri ilə eyni vaxtda məşğul ola bildiklərini göstərsinlər.

«Biz Dövlət Departamenti ilə işləyirik ki, «bizə qaz lazımdır» kimi mesajlarla yanaşı, öz mesajlarımızın da çatdırılmasına nail olaq» – deyib Konqres işçisi AzadlıqRadiosuna.

«ONLAR ƏKS İSTİQAMƏTDƏ HƏRƏKƏT ETMƏLİDİRLƏR»

Clinton administrasiyası zamanı ABŞ-ın Azərbaycandakı səfiri olmuş Richard Kauzlarich deyir ki, Azərbaycan təqiblər həyata keçirməkdənsə, ölkədəki insan haqlarının vəziyyətini yaxşılaşdırsa, özünü Qərb üçün daha cazibədar partnyor kimi təqdim etməkdə daha böyük uğur qazana bilər.
Matthew Bryza
Matthew Bryza


«Əgər azərbaycanlılar strateji partnyor kimi Azərbaycanın cazibədarlığını artırmaq istəyirlərsə, onlar əks istiqamətdə hərəkət etməlidirlər: siyasi məhbusları azad etməli, mediaya giriş üzərindən məhdudiyyətləri qaldırmalı və ümumən insan haqlarının vəziyyətini yaxşılaşdırmalıdırlar» – deyib Kauzlarich AzadlıqRadiosuna.

Azərbaycanda çalışmış başqa bir keçmiş səfir Matthew Bryza AzadlıqRadiosuna bildirib ki, Vaşinqtonun enerji əməkdaşlığı xatirinə insan haqlarına görə Bakını tənqid etməyəcəyinə inanmır.

«Düşünürəm ki, ABŞ rəsmiləri bunlara ayrılmaz məsələlər kimi baxırlar. Mən onu da bilirəm ki, bu barədə ədalətsiz düşünən çox sayda insan var. Yəni, «ABŞ Azərbaycanda demokratiya və insan haqlarına heç vaxt diqqət yetirməyib, hələ gələcəkdə bundan da az diqqət yetirəcək». Düzünü desəm, mən bu cür münasibəti bölüşmürəm» – deyib Bryza.

ABŞ-ın Bakıdakı səfiri Richard Morningstar bu həftə Vaşinqtonda keçirilən tədbirdə etiraf edib ki, onun Azərbaycanda insan haqlarına dair tənqidi çox güman ziddiyyət yaradacaq:

«Bilirəm ki, bəziləriniz dediklərimlə razılaşmaya bilərsiniz. Lakin mən yalnız inandığımı, siyasətimizin nə olduğunu və Azərbaycanın həqiqi dostu kimi münasibətləri möhkəmləndirməyə nə qədər can atdığımızı deyə bilərəm».
XS
SM
MD
LG