Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:11

Dostoyevsky Tolstoyun "Anna Karenina"sını tənqid edir - İLK DƏFƏ


Tolstoy və Dostoyevsky
Tolstoy və Dostoyevsky

Türklərə qarşı döyüşə yollanan könüllüləri alqışlayan slavyanofil Dostoyevski Tolstoyun müharibəyə qarşı çıxan qəhrəmanını sərt tənqid edir.

-

Dostoyevski yazır:

"Hə, sən demə, dərinlik burada imiş! Təkcə Rusiyanın taleyi ilə maraqlanmaq lazım imiş. Odur ki, slavyanlara nədəsə kömək eləmək, rusların eləməli olduğu iş hesab olunmur.

Belə olmasaydı, o deməzdi ki, təkcə Rusiyanın taleyi lə maraqlanmaq lazımdı, halbuki slavyanların dərdi ilə maraqlanmaq həm də elə Rusiyanın özünün taleyi ilə maraqlanmaq deməkdi. Knyaz rusların maraqlarını dar mənada düşünən bir dünyagörüşünə sahibdir".



Türklərə qarşı döyüşə yollanan rus könüllülərini alqışlayan slavyanofil Dostoyevsky Tolstoyun "Anna Karenina" romanında müharibəyə qarşı çıxan qəhrəmanları sərt tənqid edir.


F. M. DOSTOYEVSKY


YAZIÇININ GÜNDƏLİYİ


Aylıq nəşr

1877


əvvəli burda

YANVAR

Üçüncü fəsil


...Uşaqlar Levinin yanına qaçıb deyirlər ki, qonaqlar gəlib "biri də əlini bax, belə yelləyə-yelləyə danışır ".

Məlum olur ki, Moskvadan gəliblər. Levin onları ağacların altında əyləşdirir, onlara bal, təzə xiyar gətirir, qonaqlar o dəqiqə bala girişib, Şərq məsələsindən danışırlar: Hər şey, bilirsinizmi, ötən ildən başlayıb, yadınızdadırmı: Çernyayev, könüllülər, ianələr...

Söhbət tez qızışır, çünki hamı əsas məsələyə can atır. Qonaqlardan biri moskvalı professordu, mehriban insandı, amma küt adam təsiri bağışlayır.

Ondan başqa, gələnlərin arasında nəhəng ağıl və dərrakə sahibi, Levinin qardaşı Sergey İvanoviç Koznışev də var. Onun xarakteri romanda peşəkarcasına təsvir olunub və əsərin sonunda tam açılır (o, qırx yaşlarında bir adamdı). Sergey İvanoviç slavyançılıq fəaliyyətinə təzəcə və çılğınlıqla, həvəslə atılıb, komitə onun üzərinə xeyli məsuliyyət qoyub, odur ki, onun keçən il o qədər işi atıb, iki həftəliyə kəndə gəlməsini təsəvvür etmək çətindir. Düzdü, belə olmasaydı, xalq hərəkatı barədə söhbət də, hətta demək olar ki, romanın elə bu məsələyə həsr olunmuş səkkizinci fəsli də olmazdı. Sən demə, bu Sergey İvanoviç, iki-üç ay əvvəl Moskvada nəsə bir elmi kitab nəşr elətdirib, o bu kitabı çoxdanmış ki, hazırlayırmış və əsərə böyük ümidləri varmış.
"Anna Karenina"
"Anna Karenina"


Amma kitabın axırı biabırçılıqla qurtarıb, heç kim onun barəsində heç nə deməyib, o kitabı elə bil, heç görməyiblər. Elə bu vaxt Sergey İvanoviç ondan gözlənilməyən bir çılğınlıqla slavyançılıq fəaliyyətinə atılıb. Belə çıxır ki, bəlkə də, bu işə səmimi olaraq, qurşanmayıb, onun slavyanlara olan bütün ehtirası ambition rentree-dir* və siz o dəqiqə hiss edə bilərsiniz ki, Levin beləsinin üzərində qələbə çalmaya bilməz. Sergey İvanoviçi müəllif əvvəlki fəsillərdə artıq peşəkarcasına, komik çalarla işləyib, səkkizinci fəsildə isə tamam aydın olur ki, bu qəhrəmanı ancaq ona görə romana salıb ki, əsərin sonunda o, Levinin əzəmətini təmin eləsin. Amma bu da var ki, olduqca uğurlu obrazdır.

___________
*fran. - uzun müddət gizli qalmış, üzə çıxmamış ambisiya



Uğursuz obrazlardan biri isə qoca knyazdır. O oturan kimi Şərq məsələsindən danışmağa başlayır. Amma onun uğursuzluğu təkcə Şərq məsələsindən danışanda deyil, roman boyu nəzərə çarpır.

O, romandakı müsbət qəhrəmanlardan biridir, missiyası özünün müsbət gözəlliyini, əlbəttə, reallığa xələl gətirmədən, əsərə qatmaqdır, təbii ki, onun da zəif, az qala gülməli tərəfləri var, amma olduqca ehtirama layiq zatdır. Romanın böyük ürəkli, sağlam təfəkkürlü adamıdır, amma onun sağlam təfəkkürlülüyü fonvizinsayağı təfəkkür deyil, bir sözlə, oxumuş eşşəkdir, sağlam təfəkkürdən başqa heç nəyi yoxdur. Yox, burada həm yumor var, həm də insani çalarlar. İşin əyləncəli tərəfi budur ki, bu qoca adam əsərdə öz iti ağlını nümayiş etdirməsi üçün nəzərdə tutulub. Həyat məktəbini keçib, bir çoxlarana atalıq edəndən sonra, o, qocalığına yaxın, ətrafına müdrik təbəssümlə baxır, amma bu təbəssüm heç də təvazökar və ziyansız təbəssüm deyil. O məsləhət verə bilər, amma onun ağlının oyunlarından qorxmaq lazımdır. Budur, bir dəfə də bədbəxtlik baş verir, iti ağlı nümayiş etdirməyə hesablanmış zarafat, heç də iti ağıllı adamın sözləri kimi deyil, əksinə, olduqca bayağı alınır.

Düzdü, o, roman boyu çox çalışır ki, nəsə ağıllı bir şey desin, amma bu, elə istək olaraq qalır və heç nə alınmır. Nəzakətli oxucu çalışır ki, onun hazırcavablıq cəhdlərini elə hazırcavablığın özü kimi qiymətləndirsin, amma ən pisi budur ki, bu adam, romanın ayrıca nəşr olunmuş səkkizinci fəslində çox da ağıllı olmayan (bu məsələdə knyaz israrlıdır), sinizmlə, xalqımızın və cəmiyyətimizin əleyhinə fikirlərlə dolu şeyləri demək üçün nəzərdə tutulub. Bu yerdə geniş ürəkli adam qəfildən rus xalqının əleyhdarına çevrilir. Onda bir klub müdaviminin qıcıqlığı, qocafəndi bir xılt var. Əslində, qoca knyazın siyasi nəzəriyyəsi heç də yeni deyil. Bunlar, onsuz da yüz dəfələrlə, hər dəqiqə eşitdiyimiz sözlərin təkrarıdır:

- Bax, məsələn, mən, - knyaz dedi. – Xaricdə yaşamışam, qəzetlər oxumuşam və etiraf edim ki, hələ bolqarlar məsələsinə qədər başa düşmürdüm ki, necə oldu, ruslar slavyan qardaşlarını qəfildən belə sevməyə başladılar, mənsə onlara qarşı heç nə hiss eləmirəm? Çox təəssüflənirdim, özümü nadan kimi hiss edirdim, (bu yerdə knyaz özünü nadan kimi hiss etdiyini deməklə, iti zəka nümayiş etdirməyə çalışır!), ya da düşünürdüm ki, Karlsbad mənə belə təsir edir (bu yerdə o sanki, möhtəşəm bir iti zəka nümayiş etdirir). Amma bura gələndən sonra sakitləşdim (bəs nədi?), görürəm ki, məndən başqa da slavyan qardaşlarla deyil, təkcə Rusiya ilə maraqlanan insanlar var...
Rusiya - Rus-Türk müharibəsi, 1877, rəssam Nikolay Orenburgsky
Rusiya - Rus-Türk müharibəsi, 1877, rəssam Nikolay Orenburgsky


Hə, sən demə, dərinlik burada imiş! Təkcə Rusiyanın taleyi ilə maraqlanmaq lazım imiş. Odur ki, slavyanlara nədəsə kömək eləmək, rusların eləməli olduğu iş hesab olunmur. Belə olmasaydı, o deməzdi ki, təkcə Rusiyanın taleyi lə maraqlanmaq lazımdı, axı slavyanların dərdi ilə maraqlanmaq həm də elə Rusiyanın özünün taleyi ilə maraqlanmaq olardı. Knyaz rusların maraqlarını dar mənada düşünən bir dünyagörüşünə sahibdir. Bunu eşitmək mümkün deyil, bunu min dəfə eşidirsən, bəzi çevrələrdə isə elə bunu eşidirsən. Amma budur, iki dəqiqə əvvəl başlanan söhbətdə daha bədxassəli bir şey var. Qoca knyaz Sergey İvanoviçdən soruşur:

- ... İsa xətrinə, mənə izah edin, Sergey İvanoviç, bu könüllülər hara gedir, kiminlə vuruşmağa gedir?..

- Türklərlə, - Sergey İvanoviç sakitcə, gülümsəyərək, cavab verdi...

- Axı türklərə kim müharibə elan edib? İvan İvanoviç Raqozov və qrafinya Lidiya İvanovna ilə madam Ştall?

Budu, dişinin altındakı zəhəri buraxdı. Gördüyünüz kimi, o, söhbəti Karlsbad məsələsindən bəri elə buna gətirib çıxarmağa çalışırmış. Amma bu artıq başqa qəbildən olan söhbətdi, knyazın bu barədə danışmağa başlaması isə sanki heç yaxşı olmadı. Əlbəttə, bu da yeni ideya deyil, amma onu təkrarlamaq nəyə lazım idi? Ötən qış bir çoxları (kimə lazım idisə) iddia edirdilər ki, Rusiyada kimsə türklərə müharibə elan edəcək. Bunu deyirdilər, amma söhbət gəzib-dolaşırdı, fırlanıb, onu kəşf edənlərin özünə qayıdırdı. Çünki Rusiyada demək olar ki, ötən ildən bəri heç kim türklərə müharibə elan eləməyib və bunu idda eləmək ən azından, mübaliğədir. Düzdü, Sergey İvanoviç sonra söhbəti zarafata salır, amma məsum və vicdanlı Levin əsl enfant terrible* kimi kyazın dilinin altındakıları deyir.

- Heç kim müharibə elan eləməyib, insanların öz yaxınlarının dərdlərinə ürəkləri yanır və onlara kömək eləmək istəyirlər, - Sergey İvanoviç deyir.

- Axı knyaz köməkdən yox, - Levin qaynatasını müdafiə eləməyə başladı, - müharibədən danışır. Knyaz deyir ki, mülki insanlar hökumətin qərarı olmadan müharibədə iştirak edə bilməzlər.

________
*fran. nadinc, dözülməz uşaq


Baxın, Levini nə narahat edir? Katavasovun axmaq hoqqasından sonra məsələ daha da aydınlaşır. Baxın, Levin daha sonra nə deyir:

- Bəli, mənim nəzəriyyəm belədir: bir tərəfdən, müharibə elə heyvani, qəddar və dəhşətli bir şeydi ki, xristian bir yana, heç bir insan, müharibəni başlamağı öz üzərinə götürməyi istəməz, bu ancaq hökumətlərin səlahiyyətindədir və onların da bu yola ət atması qaçılmazdır. O biri tərəfdən də, elm də, sağlam təfəkkür də deyir ki, hökumət işində, xüsusilə də müharibə məsələsində vətəndaşlar öz şəxsi iradələrindən imtina edirlər.

Etirazları artıq hazır olan Sergey İvanoviç və Katavasov ikisi də birdən danışmağa başladı.

- İroniya da elə burasındadı ki, atam, bəzən hakimiyyət vətəndaşların iradəsini yerinə yetirməyəndə, cəmiyyət öz iradəsini ortaya qoyur, - Katavasov dedi.

Amma, görünür, Sergey İvanoviç, bu etirazla razı deyildi...

Bir sözlə, söhbətdə qeyd və təlqin olunur ki, doğrudan da Rusiyada hakimiyyətdən qıraqda kimsə ötən ildən bəri türklərə müharibə elan edib. Ağıllı Levin başa düşə bilərdi ki, Katavasov axmaqdı, Katavasovlar hər yerdədi, ötən ilki hərəkat isə məhz Katavasovlar kimilərinin ideyalarına qarşı başlanılıb – bu hərəkat, nəsə bir müxalifətçilik oyunu deyil, bizim əsl milli, rusvari hərakatımız idi. Amma Levin dediyinin üstündə durur, o axıra qədər öz ittihamını davam etdirir, onun üçün dəyərli olan şey həqiqət deyil, özünün düşündüyüdür. Bu məsələ ilə bağlı öz mülahizələrini, o, görün, necə bitirir:
Lev Tolstoy
Lev Tolstoy


... O, (Levin) Mixaylıç və xalqla varyaqların missiyasından danışır: "Bizi knyazlıq elan edin və bizə hökm edin. Biz sizə sevinə-sevinə və tam tabe olarıq. Bütün zəhməti, bütün alçalmaları, bütün qurbanları biz öz üzərimizə götürərik. Amma biz hökm çıxara, qərar verə bilmərik ". Sergey İvanoviçin sözlərinə görə, indisə xalq nə vaxtsa belə baha qiymətə aldığı hüquqdan imtina edirdi.

O demək istəyir ki, əgər ictimai rəy ədalətli hakimdirsə, onda niyə inqilab, kommuna da slavyanların xeyrinə başlanılan hərəkat kimi qanuni deyil?..

Eşidirsiniz? Heç bir anlayış, heç bir gün kimi aydın fakt bu cənabları fikrindən daşındıra bilməz. Yuxarıda dedim ki, yaxşı olardı, knyazla Levin heç bir ittiham irəli sürməsinlər. Axı kimə aydın deyil ki, onladan biri təhqir olunmuş izzəti-nəfs sahibi, biri isə paradoksçudur. Əslində, bəlkə də elə Levin də təhqir olunmuş izzəti-nəfs sahibidir, çünki insanların izzəti-nəfsinin nə ilə təhqir oluna biləcəyi hələ məlum deyil! Bu arada aydın məsələdir ki, ittiham absurddur, bir də ki, axı belə ittiham ola bilməz, bu ittiham mövcud ola bilməz.


II. TOUT CE QUI N'EST PAS EXPRESSEMENT PERMIS EST DEFENDU*

Türklərə qarşı müharibə ötən il elan olunub. Özü də Rusiyada yox, ruslar tərəfindən yox. Slavyan torpaqlarında, mülkədar slavyan knyazları, yəni hakimləri knyaz Milan Serbski və knyaz Nikolay Çernoqorski tərəfindən verib.

Səbəbi də Türkiyənin ona tabe olan slavyanlara, o cümlədən hersoqovinalılara qarşı eşidilməmiş təzyiqləri, vəhşilikləri, talanları və işgəncələri olub – vəhşiliklərə məruz qalanlar axır ki, onları incidənlərə qarşı qiyama qərar veriblər.

___________
*fran. O şeyə ki əsaslı şəkildə icazə verilməyib onu qadağan olunmuş saymaq lazımdır



Hersoqovinalıların məruz qaldıqları eşidilməmiş təzyiqlər və işgəncələr bütün Avropaya məlumdur. Bu dəhşətlərin xəbərləri bizə, Rusiyaya, əvvəl ziyalı təbəqəyə, sonra da xalqa çatdı. Bu işgəncələrin dəhşətləri hər yerə çatdı.

Məlumatlar gəlir ki, yüz minlərlə adam, qocalar, hamilə qadınlar, taleyin ümidinə buraxılmış uşaqlar öz ev-eşiklərini buraxaraq, ac-susuz, yalınayaq Türkiyədən çıxaraq, qonşu ölkələrə, özü də hara gəldi pənah aparıblar – onların ancaq bir məqsədi olub – sağ qalmaq.

Knyazlar, kilsə, kilsə xadimləri məzlumların dərdini aləmə car çəkərək, ianə toplamağa başlayıblar. Bizim xalq da onlara yardım etməyə başlayıb, ianələr müəyyən yerlərdə, jurnal redaksiyalarında, keçmiş slavyan komitələrinin şöbələrində toplanmağa başlayıb, özü də bunda qeyri-qanuni, ya da qeyri-əxlaqi heç nə olmayıb. Əksinə, cəsarətlə demək olar ki, ancaq yaxşı tərəfləri olub. Türkiyə ilə müharibə aparan slavyan kyazlarına gəlincə, bu müharibədə nə Rusiyanın, nə də rusların günahı yoxdur. Düzdü, o mülkədar knyazlardan biri, konkret olaraq, knyaz Milan Serbski, tam müstəqil mülkədar olmayıb, hansısa vassal tabeliyi ilə sultana bağlı olub. Buna görə də, rus qəzetlərinin birində onu bərk qınayırmışlar ki, o, qiyamçıdı və onu tamam biabır eləmək, ağlını başından almaq üçün yazıblar ki, o öz ağasına qarşı çıxıb.

Amma bütün bunlar knyaz Milanın şəxsi işidir, bu işlərə görə də özü şəxsən cavab verməlidir. Rusiya və ruslar isə ötən ilə qədər heç bir müharibə elan eləməyiblər və sultanın yanında da heç bir günahları yoxdur. Bu arada ianələr durmadan axırdı, amma bu artıq başqa məsələdir. Amma qəfildən, həmin vaxt bekar olan, hələ çox da qocalmayan rus generallarından biri, təzəcə general-mayor rütbəsi almış, amma Orta Asiyadakı uğurlu fəaliyyəti ilə kifayət qədər məşhur olan zat könüllü şəkildə Serbiyaya gedərək, knyaz Milana öz xidmətlərini təklif edib. O, serb ordusuna sərkərdəlik etməyib (belə olsaydı, xəbər bütün Rusiyaya yayılardı), sadəcə xidmətə qəbul olunub.
Dostoyevsy - Yazıçının gündəliyi
Dostoyevsy - Yazıçının gündəliyi


Bax, rus könüllülərinin axını bundan sonra başlandı, axı əvvəllər də, yəni Çernyayevə qədər də belə şeylər olmuşdu. Bununla yanaşı, bütün Rusiyanın həvəslə verdikləri ianələr də toplanmaqda idi. bütün ötən il ərzində, könüllülərin sayı o qədər də çox, yəni minlərlə deyildi, amma onları Serbiyaya yola salmağa bütün Rusiya, xüsusilə də xalq, qəzəbli Levinin dediyi kimi, strütskilər deyil (o, bütün könüllüləri strütskilər hesab edir) əsl xalq çıxmışdı.

Amma məsələ belə deyildi, bu hadisələr küncdə-bucaqda baş vermirdi, məsələ hamıya məlumdur, hamı, yəni bütün Rusiya görə və əmin ola bilərdi ki, bu, yaxşı, alicənab işdir. Xalqın o qədər alicənab, gözəl, şüurlu üzü ortaya çıxdı ki, ötən il rus xalqının slavyanların xeyrinə ayağa qalxmağı şübhəsiz ki, Rusiya tarixinin ən qürurverici səhifəsi olaraq qalacaq.

Əslində, xalqı Levinlərdən müdafiə etmək, Levinlərə sübüt etmək ki, o adamlar strütskilər, çılğınlar deyildi, əksinə, öz işlərini bilən adamlar idi – bunu sübüt eləmək, məncə artıqdır və hətta deyim ki, xalqı təhqir etməkdir. Əsas odu ki, bütün bunlar açıq, hamının gözü qarşısında baş verib, elə heyrətamiz, xarakterik faktlar elan olunub, qeyd olunub ki, hamının yadında qalıb və daha heç vaxt unudulmayacaq və mübahisə yeri qoymayacaq.

Amma xalq barədə hələ sonra danışarıq. Hər şey, hər yerdə necə baş verirsə, elə də baş verdi. düzdü, hələ biz o könüllülərin arasında nə qədər (əgər belələri varsa) bu alicənab işə qarınlarının ucbatından qoşulan əyyaş-avaralar olduğunu saymırıq, amma heç onların da utandırılası, söyüləsi bir şeyləri yoxdu.

Amma ötən ilki könüllülərin hamısının əyyaşlar, avaralar və itirilmiş adamlardan ibarət olduğunu iddia eləmək ən azı mənasızdır, çünki, bir də təkrar edirəm, bu hadisə gizlində deyil, hamının gözü qarşısında baş verirdi. Hər halda, ötən il qonşu dövlətdə, ruslardan kənarda kiminsə müharibə elan etməyi heç də yaxşı olmadı.

İvan İvanoviç Raqozov və qrafinya Lidiya İvanovna hətta istəsələr də, türklərə müharibə edə bilməzdilər. Hələ bu bir yana dursun, onlar heç könüllüləri buna çağırmadılar, heç kimi müharibəyə şirnikləndirmədilər, hamı müharibəyə tam könüllü gedirdi ki, bu da hamımıza məlumdur. Amma onların könüllülərə cani-dildən kömək eləməyi, bundan əlavə, fağırlara, əzabkeşlərə, şikəst olanlara yardım üçün slavyan torpaqlarına pul göndərdikləri doğrudur.

Eyni zamanda, onlar müharibəyə könüllü gedənlərə də pul yardımları edirdilər – hə, olub, bu da olub, özü də lap həvəslə edirdilər ki, qaniçən türklərin boynunu tez bura bilsinlər! Amma əsas sual budur ki, bunu müharibə elan etmək kimi qəbul etmək olarmı? Əgər cavab «yox»dusa, hakimiyyət tərəfindən bu qadağan olunubmu, yəni döyüşən xristianlara pul yardımı etmək və türklərin məhvini istəmək qadağan olunubmu? Yenə də düşünürəm ki, qadağan olunmayıb, çünki hadisələr açıq baş verib, hamı görüb, hamı iştirak edib, könüllülər də hökumətdən xarici pasportlarını alıblar. Bilmirəm, bəlkə də belə bir qanun var ki, insanlar hakimiyyətin qərarı olmadan müharibədə iştirak edə bilməzlər, yəni, öz hökmdarlarının icazəsi olmadan xarici hökmdara xidmət edə bilməzlər. Bəlkə, belə bir qanun doğrudan da var, köhnə də olsa, hələ dəyişdirilməyib, amma hökumət özü istəsə bu qanundan yararlana bilərdi, burada Levinlik nə var ki? Bütün bunların Levinə nə dəxli var? Bununla belə, onu narahat edən məhz budur;
Mikhail Chernyayev
Mikhail Chernyayev


- Pardon monsieur, mais il me semble que tout se qui n'est pas expressement defendu est permis.
- Au contraire, m-r: tout ce qui n'est pas expressement permis est defendu.

Tərcüməsi:
- Hə, mənə elə gəlir ki, əsaslı qadağan olmayan hər şeyi qanuni hesab etmək olar.
- Əksinə, nəyə ki, əsaslı icazə verilməyib, onu qadağan olunmuş hesab etmək olar.

Bu – Fransada qanun adamının qanunu pozmaqdan vəcdə gələn adamla qısa və komik dialoqudur. Amma bu axı qanun adamıdı və qanunun yanındadı ki, onu izah və müdafiə etsin, onun işi budur. Bəs, Levinə nə gəlib? O bəyəm bu sahədə mütəxəssisdi? O elə hey hansısa hüququn itirilməyindən qorxur. Öz aramızdı, əzilmiş xristianlara rəhmi gələn xalq öz çarının haqlı olduğunu bilirdi, onun əleyhinə heç nə eləmirdi və ürəyində də çarının yanında idi. Hə, xalq bunu bilirdi. Könüllülərin əlinə silah verənlər də belə fikirləşirdi. Heç kim ürəyində belə fikirləşmirdi ki, hökumətin əleyhinə nəsə edir. Çarın sözünü səbirsizliklə və böyük ümidlə gözləyirdilər, hamı da hiss edirdi eşidəcəyi sözü təxmin etməkdə yanılmayıb. Müharibə elan etrməkdə ittiham etmə nəsə fantastik bir şeydir, bu fikir öz-özünə uduzub və onu dəstəkləmək mümkün deyil.

Amma Levin və knyaz özləri xalqı bu ittihamdan qoruyurlar. Onlar xalqın ötən ilki hərəkatda iştirakını rədd edir. İddia edirlər ki, xalq heç nə başa düşmürdü, başa düşə də bilməzdi ki, bu məsələ jurnalistlər tərəfindən daha çox abunəçi toplamaq üçün süni şəkildə qabardılmış və roqozovların qəsdən təşkil elədiyi bir iş idi.

- Şəxsi fikirlər burada heç bir rol oynamır, - Sergey İvanoviç dedi. – Bütün Rusiya, xalq öz iradəsini ifadə edəndən sonra fərdi fikirlərin heç bir mənası yoxdur.

- Məni bağışlayın. Amma mən belə bir şey görmürəm. Xalq heç nə bilmir,- knyaz dedi.

- Yox, ata? Bəs, kilsədəki bazar günləri ayinləri? – söhbətə qulaq kəsilən Dolli dilləndi...

- Nə bazar günü ayinləri? Rahibə deyirlər ki, moizəsində filan şeyi desin. O da deyib. Onlar heç nə başa düşmədilər, bütün moizələri eşidəndə olduğu kimi ancaq kökslərini ötürdülər, - knyaz dedi. – Sonra da onlara dedilər ki, kilsədə insanları xilas etmək üçün ianə yığırlar, xalq da bir qəpiyindən keçdi. İanə verənlər pulu nə üçün verdiklərini heç özləri də bilmədilər.

Bu, olduqca naqolay, faktın əleyhinə gedən bir fikirdi və knyazın dodaqlarından bunu eşitmək başadüşüləndir: bu fikir xalqın əvvəlki hamilərindən olmuş, keçmiş təhkimçidən gəlir, o adam ki nə qədər mehriban biri olsa da, öz qullarına yuxarıdan aşağı baxmaya və özünü onlardan yuxarı hiss etməyə bilməzdi. "Köks ötürdülər, amma heç nə başa düşmədilər ".
Bu da keçmiş təhkimçi kimi təsvir edilməyən Levinin fikri.

- Soruşmaq lazım deyil, - Sergey İvanoviç dedi, - biz yüzlərlə və yüzlərlə adam görürük ki, Rusiyanın dörd bir yanında hər şeylərini atıb, xeyir bildikləri işə xidmət etməyə yollanırlar – onlar öz fikirlərini və məqsədlərini qəti, aydın şəkildə ifadə edirlər. Onlar son qəpiklərindən keçir, özləri könüllü olaraq müharibəyə gedirlər və bunu nə üçün elədiklərini çox yaxşı bilirlər. Bəs, bu nə demədir?

- Məncə, bu o deməkdir ki, - yavaş-yavaş qızışmağa başlayan Levin dedi, - səksən milyonluq xalqın arasında indiki kimi yüzlərlə yox, on minlərlə öz ictimai yerini itirmiş, ağılsız adam həmişə tapılar ki, Puqaçova da qoşular, Xivəyə, Serbiyaya da gedər.

- Mənsə sənə deyirəm ki, onlar ağılsız adamlar deyil, xalqın ən yaxşı nümayəndələridir! - Sergey İvanoviç elə əsəbiləşmişdi ki, elə bil öz ləyaqətini müdafiə edirdi. – Bəs ianələr? Bu məsələdə xalq öz iradəsini açıq göstərdi.

- Bu "xalq" elə mücərrəd bir sözdür ki, - Levin dedi. – Volost* mirzələri, müəllimlər, bir də mujiklərdən mində biri məsələnin nə yerdə olduğunu başa düşər, ya da başa düşməz. Qalan səksən milyon isə, Mixaylıç kimi, nəinki öz iradələrini ifadə etmirlər, heç öz iradələrinin nədən ibarət olduğunu anlamırlar da. Bizim nə haqqımız var ki, buna, xalqın iradəsi deyək?

_____________
*inqilabaqədərki Rusiyada inzibati-ərazi vahidi (ən kiçiyi)



Ümumiyyətlə, birdəfəlik qeyd etmək lazımdır ki, ötənikli hərəkatdan danışanda onun «xalqın iradəsi» sözünü işlətməsi yersizdir, çünki bu heç nəyi dəqiq ifadə eləmir. Ötən il nümayiş olunan xalqın iradəsi deyildi, əvvəla, xalqın rəhminin, ikincisi Məsih sevgisinin, üçüncüsü də onun bir növ günahlarını etiraf etməyinin ifadəsi idi – məncə, bu məsələni ancaq belə izah etmək olardı.

Bunu sonra izah edərəm, amma indi əlavə eləməliyəm ki, Levinin dilindən ötən ilki hərəkat barədə "Puqaçovun dəstəsinə qoşulmaq" ifadəsini eşitməyə çox şadam. Ən azından, ona görə ki, bu fikirləri mən heç cürə müəllifin öz ayağına yaza bilmərəm, buna da dəhşətli dərəcədə sevinirəm, çünki başa düşürəm, burada müəllif özünün yaradıcı hüquqlarından istifadə edib. O hiss eləyib ki, çılğın ipoxondrik Levin, yəni özünün yaratdığı bədii obraz, bu yerdə öz xarakterini göstərməyə, yəni ötən il müharibəyə gedən könüllülər, onları yola salanlar və xalq barədə kobud ifadələr işlətməyə bilməzdi. Bununla belə, ötən ilki hərəkata görə xalqın kütlükdə və axmaqlıqda ittiham olunması faktının doğrudan da var olmasını, həmçinin, Puqaçovun dəstəsi barədə eyhamların da yox olmadığını nəzərə alaraq, qərara alıram ki, mümkün qədər qısa ifadələrlə məsələni izah etməyə çalışım.

Ötən il xalqımızın slavyanlara kömək məsələsində anlaqlı olub-olmaması məsələsini necə dəyərləndirmək lazımdır? Çünki, məlum çevrələrdə bu məsələni əməlli-başlı tapmacaya çeviriblər: "Necə oldu ki, nə coğrafiyadan, nə də tarixdən başı çıxmayan xalq, slavyanlarını adını eşidən kimi, onlara böyük sevgi ilə yanaşmağa başladı!"

Bu sual təkcə məlum çevrələrdə deyil, qoca knyaza bənzər bir çox ağsaqqaların çevrəsində də müzakirə olunur. Odur ki, gördüyünüz kimi, Levin də bu suala həvəslə müraciət elədi, axı bu sualla məlum adamların məlum məqsədlər üçün süni şəkildə hərəkatı qızışdırma fikrini də dəstəkləmək mümkündür. Düzdü, Sergey İvanoviç xalq hərakatının anlaqlılığını Levindən müdafiə edir, amma olduqca pis müdafiə edir. O da qızışır, özü də yuxarıda qeyd elədiyim kimi, gülməli boyalarla təsvir olunur. Bu arada, xalqın əzilmiş xristianlara rəhm hissinin nə qədər anlaqlı olması məsələsi o qədər aydındır, o qədər dəqiq müəyyən edilə bilər ki, mən də bu məsələni, dolaşmamaq üçün, tapmaca kimi qalmasın deyə, izah etməkdən çəkinmədim.

ardı var

Tərcümə Günel Mövlud
XS
SM
MD
LG