Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:20

Naxçıvanda məcburi kartof əkdirilir?


Foto: Arxiv
Foto: Arxiv
-
Naxçıvanda büdcədən maliyyələşən təşkilatlara və ticarətçilərə məcburi kartof əkdirilir. Bu haqda AzadlıqRadiosuna bir qrup müəllim və ticarətçi xəbər verib. Onların sözlərinə görə, hər təşkilata çalışanların sayına görə əkin sahəsi ayrılır. Çalışdırdığı obyektin həcminə dayanaraq, ticarətçiyə də (30 kv.metrə 1 ha) sahə ayırırlar. Gördükləri işin nəticəsində hamıdan plan tələb olunur.

«ADAM TUTURAM Kİ, ƏKİB-BECƏRSİN»

Şərur rayonundan olan ticarətçi Bahadur Hüseynov deyir ki, çalışdırdığı ərzaq dükanı cəmi 30 kvadratmetrdir, amma Naxçıvanın İqtisadi İnkişaf Nazirliyi ona da bir hektar kartof əkmək öhdəliyi qoyub:
«2 ildir bizə də kartof əkdirməyə başlayıblar. İşlətdiyin obyektin hər 30 kvadratına görə 1 hektar əkməlisən. Bizə toxumluğu güzəştli verirlər: 50 qəpiyə. Əkməyəndə dükanın qazını, işığını kəsirlər, yersiz yoxlamalar aparırlar. Ona görə də məcburuq əkməyə. Müəllimlərin işi yaxşıdır. Onlar çoxdur, yığışıb yoluna qoyurlar. Mən tək ilboyu 2 min manatadək pul xərcləməliyəm. Özüm gedə bilmirəm deyə, adam tuturam ki, əkib-becərsin. Məhsul yetişəndə özümüzə satdırıb, pulunu da bazar qiymətindən alırlar».

«BİCƏ KİLOSUNUN DA ÜZÜNÜ GÖRMÜRÜK»


Babək rayondakı məktəblərdən birində çalışan müəllimin sözlərinə görə, (təzyiqə məruz qalamamaq üçün kimliyinin açıqlanmamasını xahiş edib) kartof əkmək üçün onlara hər il bir hektar sahə ayrılıb:

«Bezdiriblər bizi. Əvvəl pazı (çuğundur) əkdirirdilər, indi keçiblər kartofa. Bir hektarı məcburi əkməliyik. Yazda kilosu 10 qəpik olan toxumluq kartofu İqtisadi İnkişaf Nazirliyi bizə 75 qəpiyə satır. Bir hektar üçün 2 ton yarım toxumluq alınır. Bu da 2 min manata yaxın pul edir. Sonra bunun gübrəsi var, suyu var, texnikası var... 3 min manatı keçir. Hamısının xərci bizim belimizdən çıxır. Üstəlik, gedib özümüz becərməliyik. Buna görə hər il maaşımızdan 50-100 manat tutulur. Hələ bir plan da qoyurlar. Məhsul vaxtı gələndə, bircə kilosunun da üzünü görmürük. Hamısını aparıb satırlar. Görün, Naxçıvanda neçə məktəb var. Hamısı bizim günümüzdədir. Elə bil, sovet dövründə yaşayırıq. O vaxt da müəllimlərə məcburi barama becərtdirirdilər».

«SİZƏ YALAN MƏLUMAT VERİBLƏR»

Naxçıvan Muxtar Respublika İqtisadi İnkişaf Nazirliyindən heç kimə zorla kartof əkdirmədiklərini bildirirlər:

«Bizdə soyuducu anbarlar var. Digər məhsullar kimi, toxumluq kartof da orada saxlanır. Biz ümumiyyətlə əkin işinə baxmırıq».

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən də müəllimlərə zorla kartof əkdirilməsi ilə bağlı deyilənləri təkzib etdilər:

«Sizə yalan məlumat veriblər. Belə şey ola bilməz».
XS
SM
MD
LG