Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:03

Lavrov: «Avrasiya İttifaqının Dağlıq Qarabağ münaqişəsinə heç bir dəxli yoxdur»


Sergey Lavrov və Elmar Məmmədyarov
Sergey Lavrov və Elmar Məmmədyarov
-
İyunun 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra mətbuat konfransı keçirib.

Sergey Lavrov Avrasiya İttifaqı haqqında danışarkən bildirib ki, Avrasiya İttifaqı tərəfdaşlar üçün həmişə açıqdır. Ancaq Avrasiya İttifaqının Dağlıq Qarabağ münaqişəsinə heç bir dəxli yoxdur:

«Avrasiya İttifaqını Rusiya, Qazaxıstan və Belarus yaradıb. Dağlıq Qarabağ beynəlxalq danışıqların predmetidir. Bu münaqişə beynəlxalq prinsiplər əsasında həll olunmalıdır. Ermənistan bildirib ki, Ümumdünya Ticarət Təşkilatına beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində qəbul olunub. Ermənistan Avrasiya Birliyinə da BMT-də qəbul olunmuş sərhədləri çərçivəsində qəbul ediləcək».

Lavrov deyib ki, Azərbaycanın, başqa bir ölkənin Avrasiya İttifaqına daxil olmasına müsbət yanaşarlar. Rusiyanın xarici işlər naziri azərbaycanlı həmkarı ilə Yaxın Şərqdə, Suriyada, İraqda baş verənləri də müzakirə etdiklərini, terrorçuluğun həm Rusiya, həm Azərbaycan, həm də Avropa üçün təhlükə olduğunu bildirib. Sergey Lavrov Həştərxanda keçiriləcək Xəzər sammitinə hazırlığın da müzakirə olunduğunu bildirib.

«AZƏRBAYCAN VƏ RUSİYA ARASINDA ƏLAQƏLƏR STRATEJİ XARAKTER DAŞIYIR»

Elmar Məmmədyarov bildirib ki, görüşdə əməkdaşlığın daha da dərinləşdirilməsi yolları müzakirə olunub. O, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin də müzakirə olunduğunu bildirib:

«Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir. Mövcud status-kvo qəbuledilməzdir və məsələni ölü nöqtədən tərpətmək yolları müzakirə olundu».

Elmar Məmmədyarov bildirib ki, iki ölkə arasında parlament diplomatiyası da mühümdür. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Rusiyada səfərdə olub, Rusiya deputatları da yaxın vaxtlarda Azərbaycana səfər edəcəklər. Azərbaycanın xarici işlər nazirinin sözlərinə görə, görüşdə təkcə iki ölkə arasındakı münasibətlər deyil, Yaxın Şərq və Ukraynada baş verənlər də müzakirə olunub.

RAZILIQ NƏ QƏDƏR TEZ ƏLDƏ OLUNSA...

Sergey Lavrov da deyib ki, Azərbaycan və Rusiya strateji tərəfdaşdır. İki ölkə arasında əməkdaşlıq ikitərəfli və çoxtərəfli formatda inkişaf edir. Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşünü xatırladıb:

«Praktik addımların atılması ilə bağlı nə qədər tez razılıq əldə olunsa, həm Azərbaycan və Ermənistan, həm də region üçün çox yaxşı olar».

TEZLİKLƏ ATƏŞ DAYANDIRILMALIDIR

Sergey Lavrov Ukrayna hadisələrı haqqında danışarkən bildirib ki, indi faciəli hadisələr baş verir, dinc adamlar ölür.

«Dünən Rossiya telekanalının iki jurnalisti Ukraynada həlak olub. Tezliklə atəş dayandırılmalı, Cenevrə prinsipləri çərçivəsində danışıqlar aparılmalıdır».

Sergey Lavrov deyib ki, Luqansk və Donetsk vilayətlərində hərbi vəziyyətin elan olunması zorakılıqları daha da artıracaq.

PETRO POROSHENKONUN ATƏŞKƏS HAQQINDAKI TƏKLİFİ


Rusiyanın xarici işlər naziri Ukrayna prezidenti Petro Poroshenko «atəşkəs bütün ölkə ərazisini əhatə etsə, bu yaxşı təklifdir», - deyib.

«Ancaq bir tərəfdən atəşkəs haqqında danışırlar, digər tərəfdən aqressiya davam edir. Atəşi dayandırmaq lazımdır. Ukrayna hakimiyyətinə qarşı çıxan könüllülər, şərqi Ukrayna təmsilçiləri ilə danışıqlar aparılmasını gözləyirik».

FRANSA PREZİDENTİNİN TƏKLİFİ


Suallara cavabında Elmar Məmmədyarov Fransa prezidenti Fransua Hollandenin Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqda təklif verdiyini, Fransa tərəfdən bu görüşün təşkili haqqında cavab gözlədiklərini deyib.

Sergey Lavrovun səfər proqramına prezident İlham Əliyevlə görüş də daxildir.
XS
SM
MD
LG