Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:14

ATƏT Ukrayna ilə bağlı Bakı Qrupu yaradıb


ATƏT Parlament Assambleyasının Plenar iclası
ATƏT Parlament Assambleyasının Plenar iclası

-

UKRAYNA İLƏ BAĞLI QƏTNAMƏ LAYİHƏSİ KEÇDİ

ATƏT Parlament Assambleyasının iyulun 1-də Bakıda keçirilən plenar iclasında Rusiyanın Helsinki prinsiplərini pozmasına dair qətnamə layihəsi qəbul olunub. Sənədin lehinə 92 nəfər səs verib.

Sənədin əsas müəllifi amerikalı senator Benjamin Cardin-dir.

Qətnamədə qeyd olunur ki, ATƏT PA « Rusiya Federasiyasının Ukraynaya münasibətdə Helsinki prinsiplərini aşkar və kobud şəkildə tapdamasını, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmasını pisləyir».

Assambleya hesab edir ki, «2014-cü il martın 16-da Krımda keçirilən referendum qanunsuz aktdır. Bunun nəticəsinin heç bir hüquqi qüvvəsi yoxdur».

Latviya nümayəndəsi Valdis Liepiņš qətnamə layihəsinə Sergey Maqnitsky Aktı ilə bağlı əlavə təklif etsə də, deputatlar bunun əleyhinə səs veriblər.

«DONDURULMUŞ MÜNAQİŞƏLƏRİN SAYI NƏ QƏDƏR ARTACAQ Kİ, DÜNYA AYILSIN?!»

ABŞ-ın ATƏT Parlament Assembleyasındakı (PA) nümayəndə heyətinin sədr müavini, konqresmen Benjamin Cardin təşkilatın sessiyasında Ukrayna ilə bağlı qətnamənin müzakirəsi zamanı Dünya Birliyini, o cümlədən ATƏT-i tənqid edib.

O diqqəti ATƏT regiondakı dondurulmuş münaqişələrdən danışıb:

«Axı biz dondurulmuş münaqişələrin sayını nə qədər artıracağıq ki, dünya ayılsın?! Azərbaycan, Gürcüstan, Moldova, indi də Ukrayna. Dağlıq Qarabağ münaqişəsi 22 ildir ki, inildəyir, sağaldan yoxdur. Siyahıda daha hansı ölkə var ki, belə dondurulmuş?! Biz Minsk Qrupuna böyük ümid bəsləyirdik, amma özünü doğrultmadı. Bəs bu ədaləti kim bərpa edəcək? Azərbaycan Gürcüstan, Moldova nə qədər dondurulmuş münaqişələrdən əziyyət çəkməlidir. Bu münaqişələr həll olunmalıdır. Biz bunları həll etməliyik. Rusiya Ukraynada bu münaqişəni yaratdı. Rusiya bu qətnaməni qəbul etməlidir».

Rusiya nümayəndəsi isə bildirib ki, bu münaqişəni Rusiya yaratmayıb.

«Cardinin hazırladığı layihə həqiqəti əks etdirmir. Cənab Cardin Rusiya Ukraynanın ərazisini işğal etməyib. Bu ölkədə qanuni prezident Yanukoviçin hakimiyyətdən devrilməsindən sonra baş verən hadisələrdir. Siz 16 min yəhudi Ukraynanı tərk edib. Bu Rusiyada deyil Ukraynada baş verən hadisələrdir. Ukraynada Rusiya səfirliyinə hücumlar olur, onların üzərində svastika işarələri olub».

Sənəd bəndlərlə səsverməyə çıxarılıb.

«RUSİYA İLƏ UKRAYNA BİR-BİRİNİ DÖYƏN ƏRLƏ ARVADA BƏNZƏYİR»

Ukrayna nümayəndə heyətinin rəhbəri Oleg Zarubinsky Rusiya nümayəndəsi Oleg Lebedevin çıxışına etiraz edib.

«Ukrayna heç kimin ərazisini işğal etməyib. Ukrayna tərəfinin elan etdiyi atəşkəs müddətində Ukrayna əsgərləri atəş açmayıb. Bu 10 gün ərzində 27 Ukrayna əsgəri öldürülüb, 60-a yaxın əsgər yaralanıb. Ukraynanın elan etdiyi atəşkəs qarşı tərəfdən pozulur. Burada populist çıxışlar etməyək, reallıqdan danışaq... Xalqların öz müqəddəratından danışılanda Krımı bura əlavə etmək olmaz. Krımda ruslar, tatarlar və başqa millətlər yaşayır».

AZAY QULİYEV: «UKRAYNANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ TAM DƏSTƏKLƏYİRİK»

«Biz Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyirik. Ukrayna ilə yanaşı başqa ATƏT üzvü olan Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyü də pozulub. Biz birgə toplaşıb bu məsələ ilə bağlı birgə layihə hazırlamalıyıq və bununla göstərməliyik ki, ATƏT-in prinsiplərinə doğurdan da sadiqik. Həm də hesab edirəm ki, bu proseslərə amerikalı konqresmen, ABŞ nümayəndə heyətinin rəhbəri Christopher Smith və ATƏT-in Cənubi Qafqaz üzrə nümayəndəsi Joao Soares də dəvət etməliyik».

«RUSİYA İLƏ UKRAYNA BİR-BİRİNİ DÖYƏN ƏRLƏ ARVADA BƏNZƏYİR»

Litva nümayəndə heyətinin üzvü Vilija Aleknaite Abramikiene Rusiya ilə UKraynanı bir-birini döyən ərlə arvada bənzədib.

«Bu iki ölkədən bir-birini döyən ər-arvad kimi danışıram, Rusiya nə qədər bu hadisələrə müdaxilə etsə Ukrayna - həyat yoldaşı ondan qaçacaq. Krımın işğalından sonra Litva, Latviya və Estoniya deyə bilər nə qədər düzgündür. Biz NATO-ya qoşulmasaydıq kim bilir nə olacaqdı. Sual yaranır - Rusiya hakimiyyətinin əsas məqsədi budur? Müdafiə xərclənən pullar güclənəcək Rusiya buna nail olmaq istəyir? Rusiya Ukrayna xalqı üçün enerji böhranını hazırlayır? Destruktiv siyasətdən uzaqlaşmağa çağırmaq istərdim».

UKRAYNA İLƏ BAĞLI BAKI QRUPU YARADILIB

ATƏT Parlament Assembleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində baş tutan plenar iclasında Ukraynadakı böhranın həlli ilə bağlı Bakı Qrupu yaradılıb.

Bunu iclasda çıxış edən ATƏT PA prezidenti Ranko Kirovkapiç bildirib.

O deyib ki, Ukrayna ilə bağlı proseslər apreldən başlayıb və apreldə Vyanada Ukrayna və Rusiya parlamentarilərinin iştirakı ilə birgə müzakirələr aparılıb:

«Orada yaradılan ATƏT PA Vyana Qrupu bu günədək müəyyən müsbət irəliləyişlərə də nail olub. Amma daha irəli getmək üçün biz Bakıda keçirilən bu toplantıda Ukrayna böhranının aradan qaldırılması üçün Bakı Qrupu yaratdıq. Bu qrupa Vyana Qrupundan fərqli olaraq bura digər ölkələr də daxil ediləcək. Qrup böhranın aradan qaldırılması, sülh danışıqlarının bərpası üçün lazımı işləri görəcək».

ATƏT PA prezidenti vaxtında Ukraynadakı hadisələrə reaksiya verib fəlakətin qarşısını almaq lazımdır.

«UKRAYNAYA SÜLH LAZIMDIR»

İclasa sədrlik edən ATƏT PA-nın prezidenti Ranko Krivokapic Ukrayna prezidentinin iyunun 25-də elan etdiyi atəşkəsin davamlı olacağına ümid bəslədiyini deyib.

«Biz tədricən öz müşahidəçilərimizi Ukraynaya göndərəcəyik. Bu iş şəffaf şəkildə olacaq. Hesab edirəm ki, biz Ukraynada sülhə, sabitliyə nail olacağıq».

Kanada nümayəndəsi Rusiya ilə Ukraynanın dost bir ölkə olduğunu deyib.

«Amma dostlar belə davranmamalıdır. Biz gücdən istifadəni pisləyirik. Biz Ukraynaya dəstək olmalıyıq ki, o öz ərazi bütövlüyünü bərpa etsin».

Polşalı nümayəndə Rusiyanın Ukraynada apardığı qeyri-qanuni əməlləri ATƏT prinsiplərinə zidd adlandırıb.

«Biz buna dözə bilmərik. Böhran sona yetməyənədək dayanmamalıyıq. ATƏT-in bütün üzv dövlətləri bu prosesə cəlb olunmalıdır».

Almaniya nümayəndə heyətinin rəhbəri Doris Barnett deyib ki, ölkəsi UKraynanın nə şərqində, nə də qərbdə muzdlu döyüşçülərin olmasını, orda müharibə getməsini istəmir.

«Ukraynaya sülh lazımdır. Regionda müharibələr, qarşıdurmalar təkrarlanmamalıdır».

Latviya nümayəndəsinin rəhbəri Vineta Porinizə deyib ki, Rusiyanın imperialist hərəkətləri pislənməlidir.

«Ən mühüm məsələ sərhədlərin bölünməməsi məsələsidir. 1940-cı ildə Latviya Rusiyanın işğalına məruz qalıb. Qoşunlar bizim ölkəmizdə yerləşdirilmişdir. İndi Ukraynaya edilən təhdidlər o vaxt bizə qarşı da olmuşdur. Ukraynada aparılan münaqişə dayandırılmalıdır».

Layihənin əsas müəllifi Benjamin Cardin Ukraynanın Donetsk, Luqansk şəhərlərində ağır silahlardan istifadələrə başlandığını deyib.

«Digər ölkələr baxır ki, görək ATƏT Ukrayna məsələsində hansı tədbirlər görəcək. Biz bu məsələ ilə bağlı qəti danışmalıyıq»

Azərbaycan nümayəndə heyətinin üzvü Bahar Muradova deyib ki, Azərbaycan 22 ildir özü ilə bağlı narahatlığını dilə gətirir, amma onun bu narahatlığı beynəlxalq aləmdə lazımı dəstəyini ala bilmir.

«Biz bu məsələdə öz narahatlığımız və mövqeyimizi demişik. Cardinlə söhbətimiz oldu ki, bütün münaqişələrlə bağlı ümumi bir sənəd hazırlansın. Biz bu məsələ ilə Bakı qrupunun yaradılmasını, proseslərin başlanmasını müsbət qarşılayırıq. İstəmirəm ki, bu da ATƏT-in Minsk qrupunun taleyini yaşasın. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu prosesdə yaxından iştirak etmək istəyirik».

Ukrayna nümayəndəsi Oleksandr Stoian Ukraynaya qarşı vuruşan separatçılara yardımlara diqqət çəkib.

«Separatçılara yardım olmasaydı onlar heç vaxt Ukraynaya qarşı vuruşmazdılar. Xahiş edirəm ki, Putinə müraciət edin Ukraynaya müdaxilə dayandırılsın, separatçılar maliyyə yardımı dayandırılsın».

Rusiya nümayəndəsi müzakirələr zamanı Rusiyaya qarşı fikirlərlə razılaşmadığını deyib.

«Ukraynadakı vəziyyətə diqqət çəkmək istəyirəm. Məncə, Ukraynanın şərqində federallaşma ilə bağlı referendumun keçirilməsinə şərait yaradılsa idi indi vəziyyət bu həddə gəlib çıxmazdı. Rusiyada federasiyalar var və bu idarəetmədə ölkəyə heç bir problem yaratmır. Amerika nümayəndələri beynəlxalq hüququn universallığından danışırlar, amma İraqın işğalı ilə da bunu demək olarmı? Biz beynəlxalq hüququn pozulması ilə bağlı iradları elə ölkələrdən eşidirik ki, onlar özləri bu hüquqları daha çox pozurlar. Son olaraq onu deyim ki, Rusiya UKraynadakı proseslərin sülh yolu ilə həll olunmasını istəyir»

«RUSİYA BUDAPEŞT RAZILAŞMASININ PRİNSİPLƏRİNİ POZUB»

ATƏT PA-nın iyulun 1-də keçirilən ikinci plenar iclasında «Ukraynada vəziyyət» mövzusunda xüsusi müzakirələrə başlanılıb. Müzakirələr ABŞ nümayəndə heyətinin üzvü Benjamin Cardinin hazırladığı «Helsinki prinsiplərinin Rusiya Federasiyası tərəfindən aydın, kobud və düzəlməyən pozuntuları»na dair 20 bəndlik sənəd üzərində aparılıb.

Məruzəçi hesab edir ki, Helsinki yekun aktına görə üzv ölkələri bir-birinə qarşılıqlı hörmət etməli, onların suveren hüquqlarını, sərhədlərin pozulmaması prinsiplərini tanımalıdır. Eyni zamanda onun daxili işlərinə qarışmamalı, güc tətbiq etməməli, beynəlxalq hüququn tələblərinə əməl etməlidir.

Layihədə deyilir ki, Rusiya 1994-cü ildə Ukraynanın təhlükəsizliyi ilə bağlı Budapeşt razılaşmasını imzalasa da, 2014-cü ilin fevralından etibarən bu prinsipləri pozub. Martın 16-da Krımda referendum keçirib. Ukraynanın şərq hissəsində beynəlxalq hüquqa zidd olaraq ölkənin daxili işlərinə müdaxilə edib və anneksiya siyasətini həyata keçirib.

Sənəddə Ukraynanın suverenliyini, beynəlxalq hüquq çərçivəsində təsbit olunan ərazi bütövlüyünü tanıdığını qətiyyətlə bəyan edir. Layihədə üzv ölkələr Rusiyanın Krımı işğalını pisləməyə və Rusiyanın Ukraynaya müdaxiləsinə son qoyulmasına çağırılır.

«UKRAYNADA TERROR TƏŞKİLATLARI YOXDUR, ƏGƏR VARSA ONLARI GÖSTƏRİN»

İyulun 1-də Bakıda davam edən ATƏT PA-nın 23-cü sessiyasında Siyasi və təhlükəsizlik məsələləri üzrə ümumi komitədə terrorizmlə mübarizəyə dair qətnamə müzakirə edilib.

Rusiyalı deputat Nikolay Kovalevin hazırladığı layihə ilə bağlı digər rusiyalı deputat Oleq Lebedev çıxış edib. O, terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın vacib olduğunu deyib.

«İndi terrorizmlə mübarizə dövrün tələblərinə cavab vermir. Artıq bizim gözümüzün qarşısında terror təşkilatları digər fəaliyyət metodlarına transformasiya olur, fəaliyyətlərini daha da təkmilləşdirirlər. Terrorçu qruplar elmi tərəqqinin inkişafından yararlanırlar və bunun nəticəsində kiber cinayətkarlıq güclənir Onlar öz məqsədlərinə çatmaq üçün sosial şəbəkələrdən geniş istifadə edirlər. Onların maliyyələşməsi də mürəkkəbləşib. Ona görə də beynəlxalq aləm terrorçu təşkilatların İKT-nin inkişafından istifadəyə imkan verməməlidir və bu sahədə gücləndirməlidir».

Azərbaycan nümayəndə heyətinin üzvü Bahar Muradova deyib ki, bəzi ölkələr terrordan öz məqsədləri, qanuni hakimiyyətlərin devrilməsi, iqtisadi maraqlar üçün istifadə edirlər.

«Hətta bəzi terrorçu dəstələri dəstəkləyirlər. Bu isə bizi ciddi narahat edir. Biz hesab edirik ki, bu məsələ təkcə müzakirə mövzusu olmamalıdır, konkret əməli işlər görülməlidir. Terror hər birimizi təhdid edir. Azərbaycan bütün terrorlara qarşıdır və antiterror koalisiyasında iştirak edir. Bu səbəbdən belə bir layihənin qəbul olunması vacibdir və biz bu sənədə səs verəcəyik».

Rusiya nümayəndəsi isə Ukraynanın şərqində Rusiyadan olan terrorçuların olması barədə deyilənlərin doğru olmadığını deyib. Suriyada, İraqda baş verən hadisələri törədənlərin terrorçular olduğunu deyib.

«Amma Ukraynada terror təşkilatları yoxdur. Əgər varsa onda onları göstərin. Hesab edirəm bizim təklif etdiyimiz layihə mühüm bir layihədir. İstənilən yerdə terroçuların fəaliyyətlərinə imkan yaranıb, bu konfransda biz bu mövzuda konsensus yaratmağa çalışmalıyıq. Biz ATƏT üçün terrorizm anlayışını müəyyən etməliyik!».

Latviya nümayəndəsinin təklif etdiyi düzəlişə rusiyalı nümayəndə etiraz edib.

Düzəliş səsə qoyulub. Amma bu zaman səslərin sayılmasında problem yaranıb. Müzakirələrə sədrlik edən Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyevə etirazlar olub. Səsvermədən sonra lehinə və əleyhinə verilən səslərin sayının açıqlanmaması narahatlıq yaradıb. Düzəliş yenidən səs qoyulub, lehinə 29, əleyhinə 35 nəfər səs verib. 10 nəfər bitərəf qalıb. Nəticədə düzəliş qəbul edilməyib. Azərbaycan ümumiyyətlə səsvermədə iştirak etməyib.

Rusiya nümayəndələrinin hazırladığı layihənin 10-cu bəndinə edilən yeganə düzəlişin müəllifi Latviyadan olan deputat Valdis Liepinsdir.

Litva və İsveçli deputatların da müdafiə etdiyi düzəlişdə Rusiyada daxil olmaqla ATƏT-in bəzi bölgələrində ultramillətçiliyi və nasizim meyllərinin qalxmasından, həmçinin gözlənilən terror təhdidlərindən və bu qüvvələrdən təşkilata üzv ölkələrdə, o cümlədən Ukraynada qanuni hakimiyyətlərinin devrilməsində istifadə edilməsindən narahatlıq ifadə olunur.

XS
SM
MD
LG