Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:26

Leyla Yunus: «Cənab müstəntiqlər, siz hansı əsrdə yaşayırsınız?»


Leyla Yunus
Leyla Yunus

-

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Baş Prokurorluq və MTN-in jurnalist Rauf Mirqədirovla bağlı yaydığı bəyanata münasibət bildirib. Leyla Yunus öz açıqlamasında yayılan bəyanatı qeyri-peşəkar adlandırır:

«Mən stalinizm, makkartizm, maoizm dövrünün ruhuna uyğun ittihamlar gözləyirdim. Amma bu cür aşağı səviyyədə qeyri-peşəkarlıq, doğrusu, gözləmirdim. Sözsüz ki, Rauf Mirqədirovun günahkar olduğunu təsdiqləyən heç bir sübut yoxdur və ola da bilməz. Çünki o, heç vaxt Vətənimizin əleyhinə heç bir addım atmayıb».

Leyla Yunus açıqlamasında Rauf Mirqədirovun müstəntiqlərinə müraciət edərək, onların dövlət sirri kimi təqdim etdikləri məlumatların əslində açıq informasiyalar olduğunu xatırladır:

«Cənab müstəntiqlər, siz ümumiyyətlə hansı əsrdə yaşayırsınız? Hətta saxtalaşdıranda da çalışıb, bunu peşəkarlıqla və həqiqətə yaxın eləmək lazımdır. Siz bilmirsinizsə, izah edim ki, razılaşmaya görə, ATƏT ölkələri hərbi qüvvələr, silahlı qüvvələrin inkişaf planları və digər məlumatları mütəmadi olaraq, bir-biri ilə bölüşməlidir. Bu məlumatlarla ATƏT üzvü olan istənilən ölkənin rəhbərliyi tanış ola bilər. Həmçinin Ermənistan. Belə çıxır ki, bu məlumatları xaricə, o cümlədən Ermənistana ötürən xarici işlər və müdafiə nazirləri də həbs olunmalıdır».

Leyla Yunus müraciətinin sonunda Rauf Mirqədirovun işinin ölkədə hüquqi özbaşınalığın simvolu olacağını bildirir.

İyulun 16-da Baş Prokurorluq və MTN Rauf Mirqədirovla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, hələlik adları açıqlanmayan Azərbaycan vətəndaşları poçt vasitəsilə Baş Prokurorluğa disklər göndərib. Həmin disklərdə Rauf Mirqədirovun Ermənistanın xeyrinə casusluq etməsi haqqında sübutlar olduğu bildirilir.

XS
SM
MD
LG