Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

Masallıda «Subaylar Klubu» yarana bilər


Masallıda «Subaylar Klubu» yarana bilər
Gözlə

No media source currently available

0:00 0:07:01 0:00

Masallıda «Subaylar Klubu» yarana bilər

-

Masallı rayonun Musaküçə kənd sakini Yusif Allahverdiyev imkansızlıqdan ailə qurmayan minlərlə Azərbaycan gəncindən biridir. Onun 32 yaşı olsa da, hələ atasının himayəsində yaşayır. Yusif orta təhsillidir, əsgərliyini də başa vurub. Özünün dediyi kimi, əsgərlikdə elə-belə deyil, kişi kimi xidmət edib. Hətta orduda 3 ay artıq qalıb. Onun fikrincə, Azərbaycanda gənc adamlar yalnız hərbi xidmət dövründə yada düşürlər. Qalan vaxtlarda gənclərlə, olsa-olsa, siyasət məqsədi ilə maraqlanırlar. Real heç nə yoxdur. Nəticədə, onun kimi kasıb ailələrdə böyüyən gənclər ailəsiz qocalırlar. Axı kənddə yaşı ötmüş, evlənə bilməyən gənclərə eynən qocalar kimi baxırlar:

«EVLƏNMƏ İSTƏYİRƏM, AMMA...»

«32 yaşım var, evlənmək istəyirəm. Neçə-neçə gənc mənim vəziyyətimdədir. Nə danışmağa sözüm var, nə də səsimizə səs verən. Cənab prezident bölgələrdə iqtisadiyyatın gücləndiyini deyir. Bizim bölgəmizdə heç bir inkişaf yoxdur. İstər bələdiyyədə, istər xəstəxanada, istərsə ərazi nümayəndəliyində».

Yusif gecə-gündüz həyətyanı sahədə çalışdığını söyləyir. Di gəl, əkin-biçin onun tələbatını ödəmir. Ev-eşik qurmağa torpaqdan pul çıxarmaq mümkün deyil. Onun fikrincə, evlənmək istəyən gəncin ilk növbədə işi olmalıdır:

«Birinci növbədə gəncin işi olmalıdır. Gərək mən işlə təmin ediləm. Belə olmazsa, necə ailə quracağıq? Bu dəqiqə bizim çayxanada mənim kimi neçəsi oturub, iş yoxdur işləməyə. Gəncə dəstək lazımdır. Ev lazımdır, şərait yox, imkan yox. Gənc gərək işləyə, axşam evinə çörək gətirə».

«EV TİKMƏYƏ İMKAN HANI?»

Ortaya bir sual da çıxır: Toy etməyə, iş tapmağa, ev tikməyə nə qədər vəsait lazımdır? Yusif bu suala tərəddüdsüz cavab verir:

«Bir toya, məsələn, həyət toyuna (mağar toyu nəzərdə tutulur – red.) azından 5-6 min manat lazımdır. Ev tikməyə imkan hanı? Vəzifəli məmurlarımız gənclərə dəstək olmalıdır, yəni gənclərə iş yeri açılmasına ayrıca diqqət yetirməlidir. Yoxsa gənclər çayxanayla ev arasında ömür çürüdəcəklər».

Yadigar Allahverdiyev
Yadigar Allahverdiyev

Yusifin atası Yadigar Allahverdiyev həyətdə gördüyü işinə ara verib AzadlıqRadiosunun suallarını cavablayır:

«Hər bir ata-ana övladının xoş gününü arzulayır. Özüm ev tikmişəm. İndi 65 yaşım var, şəkər xəstəliyindən əziyyət çəkirəm. Şəkər xəstələrinə ayrılan dərmanı güclə alırıq. Gedib növbəyə dururuq rayon xəstəxanasında. O dərmanı alanadək həyəcan keçiririk. Başqa işdə çalışmağa qadir deyiləm. Övladımın evlənmək vaxtı keçir. Onun taylarının uşağı var. İki göz ev tikmişəm, təmir edib oğluma verməyə imkanım çatmır. Yoldaşım da pensiyaçıdır. Yaşı keçmiş adamlarıq. Bizə nə lazımdır? Yaşamaq. Sağ olsun prezidentimiz, bizə vəsait ayırır, maddiyyat yaradır, ancaq bizim kimi insanlara gəlib çatmır. Biz bu vəsaitdən yararlanmamışıq».

«BOĞAZACAN SUYA GİRİRİK...»

Kənd sakininin sözlərinə görə, yayda qamış tədarük edir, payızda, qışda da həsir toxuyub satır, birtəhər, vəziyyətdən çıxırlar:

«Kəndimizin əsas dolanışığı çöldən gətirdiyimiz qamışdır. Ondan həsir toxuyuruq. Qamışı biçib hazırlamaq üçün boğazacan suya giririk. Niyə giririk? Çörəyimizin dərdindən giririk.

Məmmədağa Eynullayev
Məmmədağa Eynullayev

Sabah başqasına ağız açmayaq, birinə möhtac olmayaq deyə, giririk».

«SON İLLƏRDƏ RUSİYAYA GETMƏK DƏ ÇƏTİNLƏŞİB»

«Masallı Ziyalıları» cəmiyyətinin sədri Məmmədağa Eynullayev kəndlərdə çox sayda evlənmə yaşı ötmüş qız və oğlanların olduğunu deyir:

«Kəndimizin çoxlu problemi var. Xüsusən gənclərin problemləri daha qabarıqdır. Əksəriyyəti işsizdir. Çoxumuz şəxsi təsərrüfatla məşğul adamlarıq. Gənclər də o cümlədən. Bu təsərrüfatda onların payına 7-10 sotluq torpaq düşür. Bu torpaq sahəsi ilə də dolanmaq mümkün deyil. Cavanların əksəriyyəti bir tikə çörək qazanmaq üçün Rusiyaya gedir. Son illərdə bu da çətinləşib. Yaşıötmüş çox cavanımız var. Mənim övladımın da yaşı 30-u keçib, hələ evlənməyib. Evlənməyə şərait yoxdur. Ümidsizlik içində qıvrılırlar. Dövlətdən kənd cavanlarına heç bir yardım yoxdur. Təbii ki, belə şəraitdə evlənənlərin də sayı get-gedə azalacaq».

İCRA BAŞÇISI: «BU 250 MİN MANATLA İŞLƏR DƏ GÖRÜLÜBSƏ...»

Masallı rayonunun icra başçısı Rafil Hüseynov iyulun 22-də jurnalistlərlə görüşdə bildirmişdi ki, rayonda mənzilə ehtiyacı olanlar var:

Rafil Hüseynov
Rafil Hüseynov

«Bu gün qəbula gələnlərin də bir neçəsi tələb qoyur ki, mənə ev tikilməlidir. Əlbəttə, icra hakimiyyəti dövlət müəssisəsidir, dövlət büdcəsinin idarə olunmasında iştirak edir və ondan qırağa çıxa bilməz. Kimə xoş da gəlməsə də deməliyəm: Büdcə elədir ki, ona dəyib-toxunmaq olmaz. Bir ay saytlarda məndən yazdılar ki, milyonlar götürüb. Təmir-tikintiylə bağlı 3 ildə daxil olan vəsait 340 min manatdır. Bunun Əlavə Dəyər Vergisini çıxsaq, qalır 200-250 min manat. Bu 250 min manatla işlər də görülübsə, ondan necə milyonlar qazana bilərəm? Sosial təşəbbüs ola bilər. Uşaq bağçasını kimsə tikmək istəyirdi, tikmədi. İndi biz tikirik. Aralarında elələri var ki, həqiqətən, ona ev tikilməlidir. Amma o evi kim tikəcək? Axı bu, mənim imkanım daxilində deyil».

İcra başçısı evsizliklə bağlı icra aparatına azı 300 gənc ailənin müraciət etdiyini deyir.

ÖTƏN İL 12 MİNDƏN ÇOX «BƏY»İN AZI 35 YAŞI OLUB...

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 2011-ci ildə yaşı 35 və daha çox olan kişilərlə 11 min 808 nikah bağlanıb. 2013-cü ildə bütövlükdə 86 min 852 evliliyin 12 min 186-da bəylərin yaşı 35 və daha yuxarı olub. Nikah bağlayan gəlinlər arasında yaşı 35-i ötənlərin sayı da artıb.

Yeri gəlmişkən, Yusif Allahverdiyev Masallıda «Subaylar Klubu» yaratmaq istəyir. İş yeri kimi deyil, sadəcə, sözügedən problemə diqqət çəkmək üçün...

XS
SM
MD
LG