Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:27

Bakıda ilk ictimai kitabxananın 120 ili tamam oldu


Arxiv foto
Arxiv foto

Qəzet və jurnalların çoxu milyonçu H. Z. Tağıyevin hesabına alınırdı.

-

Azərbaycanda ilk ümumi açıq milli kitabxananın–«Nəriman qiraətxanası»nın 120 illiyi tamam olur.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, bu kitabxana-qiraətxananın əsasını 1894-cü ildə Nəriman Nərimanov qoyub.

O, görkəmli ziyalılardan S. M. Qənizadə, H. Mahmudbəyov, S.Vəlibəyov, Ə. Axundov, Ə. Cəfərzadənin yaxından köməyi ilə Xaqaninin, Nizaminin, Füzulinin, Sədinin, Hafizin, Firdovsinin, A. Bakıxanovun, M. F. Axundovun, M. P. Vaqifin, Q. B. Zakirin, S. Ə. Şirvaninin və b. əsərlərini, eləcə də, jurnal və qəzet komplektlərini toplamağa başlayıb.

Bakı qubernatorunun icazəsi ilə Qorçakov küçəsində 1894-cü il avqustun 1-də ilk kütləvi milli qiraətxana açılıb.

«Nəriman qiraətxanası» qısa müddət ərzində təkcə Zaqafqaziyada deyil, Rusiya və Şərq ölkələrində rəğbətlə qarşılanıb.

O dövrdə kitabxana-qiraətxananı lazımi ədəbiyyatla təmin etmək olduqca çətin idi.

Buraya Kəlküttə, İstanbul, Sofiya, Qahirə, Tehran, Təbriz və digər şəhərlərdən xeyriyyə yolu ilə qəzet, jurnal və kitablar göndərilirdi.

Qəzet və jurnalların çoxu milyonçu H. Z. Tağıyevin hesabına alınırdı.

N. Nərimanov qiraətxananı yalnız yaşatmaq deyil, həm də onun imkanlarını genişləndirmək, gənc nəslin mənəvi tərbiyəsi üçün bir baza yaratmaq istəyirdi.

Bu məqsədlə kitabxananın yanında gənc ədəbiyyat həvəskarlarının, gənc aktyorların dərnəkləri təşkil edilmişdi.

Dərnəklərdə həm bədii əsərlər oxunub müzakirə edilir, həm də Azərbaycanın teatr mədəniyyəti tarixində xüsusi rol oynamış əsərlər tamaşaya qoyulurdu.

Tamaşadan yığılan pullar qiraətxanaya verilirdi.

İlk milli qiraətxana dörd il fəaliyyət göstərib.

Çar hakim dairələri gənclərin qiraətxana ətrafında sıx toplaşmasından ehtiyat edərək, 1898-ci ilin oktyabr ayında onu şübhəli siyasət ocağı kimi bağlatdırıb.

Buna baxmayaraq, milli mədəniyyətin yüksəlişində ilk cığır açan «Nəriman qiraətxanası» Azərbaycan xalqının ictimai fikrində yeni səhifənin başlanğıcı olub.

XS
SM
MD
LG