Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:32

«Freedom House»: «Azərbaycan korrupsiyayla ən zəif mübarizə aparan ölkədir»


«Ölkələr yol ayrıcında» hesabatının redaktoru Kris Uolker, 2 may 2006
«Ölkələr yol ayrıcında» hesabatının redaktoru Kris Uolker, 2 may 2006

Avqustun 3-də «Freedom House» təşkilatı «Ölkələr yol ayrıcında» adlandırdığı illik hesabatını açıqlayıb. Hesabat 2004-cü ilin noyabrından 2005-ci ilin noyabrına qədər olan dövrü əhatə edir. Otuz ölkəni əhatə edən bu hesabatda idarəetmənin əsas komponentləri, qanunun aliliyi, vətəndaş azadlığı, antikorrupsiya və şəffaflıq ön plana çəkilib. Keçmiş sovet ölkələri sırasında Ukrayna və Gürcüstan kimi ölkələr islahatların keçirilməsi baxımından alqışlansa da Azərbaycanla Qazaxıstan korrupsiya ilə ən zəif mübarizə aparan ölkələr kimi xarakterizə edilir. Bu sənəddə korrupsiya ilə mübarizdə Azərbaycan Zimbabve, Yəmən , Qazaxıstan və Bəhreynlə eyni cərgədə göstərilir.


Sözügedən hesabatın redaktoru Kris Uolkerə görə, bu ölkələr öz «nöqsanlı institutlarını», həmin institutlar da sovet dövrünün xüsusiyyətlərini saxlayır.


«Azərbaycan nəhəng enerji sərvətindən istifadə etmək mərhələsindədir. Ona görə də xeyli suallar var ki, ölkənin institutları bu artan resursları geniş ictimaiyyətin maraqlarına uyğun konstruktiv istifadəyə aça biləcəkmi».


Korrupsiyanın səviyyəsilə bağlı bu və indiyə qədər ki hesabatlara münasibət bildirən iqtisad elmləri doktoru Zahid Məmmədova görə nə qədər ki, vətəndaşların əksəriyyəti öz problemlərini şəxsi tanışlıq və rüşvət verməklə həll etməyə çalışacaq, Azərbaycan gələcəkdəki hesabatlarda da indikindən yaxşı yerlərdə olmayacaq.


Hakim Yeni Azərbaycan Partiyasında Siyasi Şuranın üzvü, millət vəkili Aydın Mirzəzadə isə bu hesabatın qərəzli olduğunu düşünür. Onun sözlərinə görə, «Freedom House» təşkilatı bütün hesabatlarında Azərbaycana qarşı qərəzli münasibət bəsləyir: «Açığını deyim ki, bu təşkilatın Azərbaycanda artıq nüfuzu qalmayıb, çünki obyektivlikdən uzaq, gedən prosesləri görməmək, Azərbaycanı hər hansı geridə qalmış bir ölkə ilə bərabərləşdirmək cəhdi onu göstərir ki, həmin təşkilat real rəqəmlərə, real vəziyyətə deyil, daha çox siyasi simpatiyaya üstünlük verir».


Azərbaycanda artan resursların ictimaiyyətə açıq olub-olmayacağı barədə fikirlərə gəlincə, Aydın Mirzəzadə hesab edir ki, buna ən yaxşı cavab hesabatın redaktoru Uolkerin Azərbaycana gəlişi ola bilər. «Əgər bu sual onu maraqlandırırsa elə gəlsin Azərbaycanda bu sahədə görülən işlərlə tanış olsun, mənə elə gəlir ki, bu ən yaxşı cavab olar. Azərbaycan hesabatı ilk növbədə öz xalqı qarşısında verir, cəmiyyət də bütün görülən işlərdən xəbərdardır»


Dünya Bankının bu günlərdə açıqlanan hesabatında da keçmiş sosialist ölkələrində korrupsiyanın azalmaqda olduğunu göstərilsə də bu ümumi meylin əksinə olaraq bəzi ölkələrdə, o cümlədən Azərbaycanda korrupsiyanın bir az da artdığı deyilirdi.


XS
SM
MD
LG