Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:20

"Ölkədə oxucu az deyil, sadəcə, onları bir yerə toplamaq lazımdır"


-

"Xanım yazarların şəklini bəyənirlər, amma şeirini oxumurlar..."

"Sovet dövrünün reallığı indiki gəncləri maraqlandırmır".

"Tələbənin heç bir kitab almağa da pulu çatmır. Ona görə belə qruplarda başqaları ilə kitabları dəyişə bilirlər"

Deyirlər Azərbaycanda kitab satılmır, kitab oxunmur. Bahadır, kitab mağazası azdır.

Bəs sosial şəbəkələrdə kitab, ədəbiyyat qrupları niyə belə çoxdur? Onların minlərlə, bəzən on minlərlə üzvü kimlərdir, nə oxuyurlar?

«Pen klub» proqramının qonaqları «Gənc yazarlar ədəbiyyatı» səhifəsinin yaradıcısı, şair Elçin Aslangil, «Kitabsevərlər» qrupunun yaradıcısı Rəşad Babalı«İkinci əl kitabları oxumağı sevənlər» qrupunun yaradıcısı Faiq Mahmudovdur.

Səadət Akifqızı

- Rəşad bəy, sizdən başlayaq, Facebookda kitab təbliğ edən səhifənin yaradılmasına ehtiyac hardan yarandı?

- 2009-cu ildə Facebookda əsasən ictimai-siyasi qruplar yaradılırdı, ancaq kitab qrupları yox idi. Qərara aldım ki, “Kitabsevərlər” adlı bir qrup yaradım. İstəyirdim insanlara çatdırım ki, ölkədə oxucu az deyil, sadəcə, onları bir yerə toplamaq lazımdır. Oxucuların belə, bir yerə toplanması kitab oxumağa stimul verir.

Keçən ilə qədər, qrupda cəmi altı min nəfər toplanmışdı, indi isə 24 min nəfər üzvümüz var. Bu qrupda elə peşə sahibləri, elə tip insanlarla tanış oldum ki, onların kitabla maraqlanmalarını təsəvvür edə bilməzdim.

Gördüm ki, insanlar kitab oxuyur. Əslində insanların çevrəsində özləri kimi kitab oxuyanlar olsaydı, kitablarını paylaşmaq imkanları olsaydı, onda oxumağa daha çox stimul olardı. Bir müddət sonra biz virtual aləmdən reala çıxdıq, həftə sonları qrup üzvləri olaraq görüşüb kitab müzakirələri etməyə başladıq.

Səadət A.

- Elçin bəy, sizin yaratdığınız “Gənc yazarlar ədəbiyyatı”nda daha çox yazarları təbliğ edirsiniz. Buna ehtiyac necə yarandı?

Elçin Aslangil

- Mən 2009-cu ildə Facebookda yenicə qeydiyyatdan keçmişdim, bir şeyi müşühidə etdim ki, gənc yazarlara öz sözlərini demək üçün bir publika lazımdır. Saytlar onlar üçün çox əzəmətli görünürdü. Gənclər istədikləri mətnləri çap etdirə bilmirdilər. Buna görə də belə bir səhifə yaradıb, müəlliflərin şeirlərini dərc edərək, özlərini də tag etməyə başladıq. İndi 5500-dən çox üzvümüz var, əksəriyyəti aktivdir, çünki çoxu yazanlar özləridir. (Ardı aşağıda)

soldan sağa: Rəşad Babalı, Elçin Aslangil, Faig Mahmudov
soldan sağa: Rəşad Babalı, Elçin Aslangil, Faig Mahmudov

Səadət A.

- Faiq bəy, sizin qrupunuz “İkinci əl kitabları sevənlər”dir. Burda kitabları oxuyub sonra satmaq istəyən istifadəçilərmi toplaşıb?

Faiq Mahmudov

- Başqa ədəbiyyat səhifələri kitabı təbliğ edir. Amma mənim yaratdığım qrup kitabın işləməyən tələbələr və gənclər üçün əlçatan olması üçün fəaliyyət göstərir. Şagirdlərin və tələbələrin hər həftə kitab almağa imkanı çata bilməz. Bizim qrup kitab satışından daha çox, istifadəçilərin kitabları bir-biri ilə paylaşması üçün yaradılıb. Bundan əlavə dərs vəsaitlərini, yaxud könüllü bağışlanılması mümkün olan kitabları toplayıb imkanı olmayan insanlara hədiyyə veririk. Hansı kitablarımızdan keçə biliriksə, onları başqalarına hədiyyə edirik.

Səadət A.

- Biz naşirlərdən eşidirik ki, kitab satışı zəifdir, kitab oxumurlar, bu, hiss olunurmu qrupda?

Faiq M.

- Hər gün qrupumuza orta hesabla 70-100 nəfər üzv olur. Son bir ildə sanki gənclər arasında kitaba maraq artıb. Bizim qrupda kitabların müzakirəsi geniş vüsət alıb. Çünki insanların vaxtı yoxdur hansısa kitab klubuna gedib kitablarla maraqlansınlar. Oxucular oxuduqları kitab haqda fikir mübadiləsi aparmaq ehtiyacı hiss edirlər. Ümumiyyətlə, çap olunan bütün kitablar müəyyən maraqla qarşılanır. Oxunmayan kitablara görə isə günahı oxucunun üzərinə atmaq lazım deyil, günah yazardadır. Hiss olunur ki, gənclər əsasən yeni dövrün yazarlarını oxumağı sevirlər, klassik ədəbiyyatı isə daha çox orta yaşlı adamlar oxuyur.

Elçin A.

- Mən fikir vermişəm, üzvlər daha çox xanım yazıçı-şairlərlə maraqlanırlar. Görürsən ki, xanımın şəkli bəyənilir, şeiri yox. Çox görmüşəm şərhlərdə “xanım, çox gözəlsiniz” yazırlar. Belə şübhə var ki, şeirləri oxumurlar...

Rəşad B.

- Biz bir müddət əvvəl öz üzvlərimizin əsərlərini toplayıb “İz” adlı bir kitab buraxdıq. Bizə göndərilən hekayələri özümüz seçib, redaktə edərək çap etdik.

Səadət A.

- Rəşad bəy, sizdə ədəbiyyat olaraq daha çox hansı əsərlər müzakirə olunur. Yerli ədəbiyyat, yoxsa dünya ədəbiyyatı?

Rəşad B.

- Bizdə yerli ədəbiyyat az müzakirə olunur. Daha çox yazarların köşə yazıları, yaxud gündəmdə səs-küy yaradan əsərləri müzakirə edirik. Ancaq tutaq ki, Seymur Baycanın hansısa kitabının müzakirə edildiyi görünmür. Məlum olub ki, yeni yazarlarımızı tanımayanlar da var. Özü də bu adamlar arasında çox kitab oxuyanlar da var.

Elçin A.

- Mən rayonlarımızı tez-tez gəzirəm, yay boyu Ucarda, Ağdaşda, Göyçayda oluram. O rayonlarda tanıdığım çoxlu gənclər var ki, dünya ədəbiyyatını başdan-ayağa oxuyublar, amma onlar Azərbaycan ədəbiyyatında Günel Mövludu, Seymur Baycanı tanımırlar. Bu yazarları ancaq paytaxtda tanıyırlar.

Faiq M.

- Oxucular arasında tanınan populyar yerli müəlliflər də var. Məsəlçün, Elxan Elatlının bütün külliyyatını, 13-14 romanını oxuyub qurtaranlar var.

Məsəlçün, Varis Yolçuyevi müzakirə edirlər. Deyirlər ki, bu müəlliflər bəsit yazır, kitablarında oxuyub altından xətt çəkəcək bir cümlə yoxdur, bir saat sonrakı həyat üçün lazım olacaq bir fikir yoxdur.

Rəşad B.

- Oxucuların çoxu gənc olduğundan sovet dövrü yazarlarımızın kitablarını tapa bilmirlər, kitablar ya kirilcədir, ya da satışda yoxdur. İnsanların klassik ədəbiyyatımıza əlləri çatmır. Həmçinin sovet dövrü reallığı da indiki gəncləri maraqlandırmır.

Faiq M.

- Bilirsiniz, sosial şəbəkədə kitab necə tanıdılır? Oxucunun biri maraqlı kitabdan bir sitat paylaşır, sonra bu başqa oxucuya təsir edir və o da kitabı tapıb oxuyur. Beləliklə, əvvəl iki təbliğatçısı olan kitabın indi onlarla təbliğatçısı olur. Kitabların belə təbliğ olunması və paylaşılması qanunauyğundur. Çünki əksər adamların kitab almaq üçün kitabxanaya getmək vaxtı yoxdur. Həm də kitablar çox bahadır. 300, yaxud 250 səhifəlik kitabın qiymətinin 11-15 manat arasında dəyişməsi kitab oxuyan adamların sayının azalmasına gətirib çıxarır. Orta əmək haqqı ilə kitabların qiymətini tutuşdursaq, məlum olar ki, bir adam ayda bir kitab ala bilər, ikincini almağa imkanı çatmaz. Tələbələr və şagirdlərin isə heç bir kitabı almağa da imkanı çatmır. Bu kimi problemlərin həllini asanlaşdırmaq üçün belə kitab paylaşım qruplarına ehtiyac var.

Proqramı tam izlə

XS
SM
MD
LG