Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:59

Elçin Şıxlı: «Hüquq-mühafizə orqanlarının işi asayişi qorumaqdır, bizə təklif vermək yox»


Elçin Şıxlı
Elçin Şıxlı

-

Gözlə

No media source currently available

0:00 0:05:57 0:00
Direct-ə keçid

Son iki gündə Azərbaycanın hüquq-mühafizə orqanları dövlət sirrinin mühafizəsinin gücləndirilməsi ilə bağlı təkliflər hazırladıqlarını bəyan edirlər.

Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin mətbuata son xəbərdarlığından sonra «senzura bərpa olunurmu» sualının tez-tez verildiyi gündəmdə bu təşəbbüslər, təbii ki, diqqətdən qıraqda qala bilməzdi.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı baş verənlərə belə münasibət bildirdi:

- Hüquq-mühafizə orqanlarının bu təkliflərlə çıxış etməsini bir o qədər başa düşə bilmirəm. Çünki bu, onların işi deyil. İkincisi, Azərbaycanda dövlət sirrinin qorunması haqqında qanun var və həmin qanun işləməlidir. Dövlət sirrinin yayılmasına cavabdeh də həmin dövlət sirrinin daşıyıcılarıdır. Bilmirəm indi bir şəxsdirmi, qurumdurmu, nəmənədirmi? Jurnalist bu dövlət sirrindən xəbərdar olursa, deməli, bu artıq dövlət sirri deyil. Günah heç də jurnalistdə deyil, o dövlət sirrini qorumalı olan adamdadır. Mənə elə gəlir bütün bu təşviş onunla bağlıdır ki, biz cəbhədəki son gərginlikdə informasiya müharibəsini başdan ayağa uduzduq. İndi bir çox adam deyir ki, saytlarda neçə BMP hara getdi onu yazdılar, neçə tank sağa döndü, neçə əsgər sola döndü, nə bilim neylədi, nəmənə elədi, bunu jurnalistlər açıb deyiblər. Tankın sağa ya sola dönməsi dövlət sirri deyil. Hərbi əməliyyatlar gedirsə, biz müharibə vəziyyətdəyiksə, deməli, ölkədə müharibə elan olunmalıdır. Bu zaman da hərbi qanunlar işə düşür və hamı işini bu qanunlara əsasən qurur. Bizdə hərbi vəziyyət elan olunmayıb, ona görə də jurnalistlər gördüklərini, birinin üstünə də beşini qoymaqla yazdılar, yaydılar. Məncə, ən böyük səhvlərdən biri odur ki, bizim media o qədər yalan, böhtan, yoxlanılmamış informasiyalarla işləməyə öyrənib ki, bu halda da ciddi, yoxlanılmış xəbər yaymaq əvəzinə başqa yol tutdu. Az qala yazdı ki, nənəmin rəfiqəsi deyir ki, biz Qarabağın yarısını almışıq, bu səviyyədə xəbər yaydıq. Bizdə peşəkarlıq çox aşağı səviyyədədir. Bu da onu göstərir ki, bizdə yenə də KİV-lərlə işləyirlər, informasiya ilə deyil. İnformasiyaya cavabdeh strukturlar informasiya ilə işləməyi bacarsaydılar, heç kim ağlına gələni, nənəsindən-babasından eşitdiyini saytlara, qəzetlərə çıxarmazdı. Bu süni şəkildə yaradılmış ölü medianın, aşağısəviyyəli medianın gördüyü işin nəticəsidir. Peşəkarları vurub sıradan çıxaranda nəticə belə olur. Sonra da hüquq-mühafizə orqanları təklif verir. Məncə, hüquq-mühafizə orqanlarının işi asayişi qorumaqdır, təklif vermək deyil.

- Siz dediniz ki, yaranmış situasiya əslində dövlət qurumlarının günahı idi, çünki informasiya ilə işləməyi bacarmırlar...

- İşləmirlər yox, ümumiyyətlə, bacarmırlar, informasiyanın nə demək olduğundan xəbərləri yoxdur.

- Bəlkə elə işə burdan, dövlət qurumlarından başlamaq lazım idi, nəinki mətbuatdan? Çünki Ramiz Mehdiyevin müşavirəsindən sonra mətbuatda senzuranın bərpa olunması kim qorxu da sezilməkdədir.

- Sözün doğrusu, bu tərəfi məni maraqlandırmır. Özləri bilərlər. İşləyirlər, işləmirlər, haradan, necə başlayırlar özləri bilər. O toplantıya yığılanların yarıdan çoxu tanışımdır, dostumdur, həmkarımdır, amma böyük əksəriyyət onların əlinin altında işləyəndir. Demək işləməyi bacarmırlar. Dəqiq proqram yoxdur. Biz vaxtilə dedik ki, informasiya ilə işləməyin dövlət konsepsiyası olmalıdır, guya bir konsepsiya yaratdıq da. Amma yenə axırda adi bürokratik kağızdan başqa bir şey olmadı. Dövlətin KİV-lə işləmək konsepsiyası yoxdur. Bir-iki peşəkar struktur, bir-iki jurnalist vardı. Onlar da hər şeydən bezdi, o cümlədən də mən. İndi necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına.

- Senzuranın bərpası haqda yaranan narahatlıq haqda nə düşünürsüz?

- Düzü, əslində bu məni maraqlandırmır. Özləri bilərlər, buna gedərlər getməzlər. Mən artıq sözümü dedim. Şəraitə uyğun da addım atdım. Mən artıq fəal jurnalistikada yoxam! Neyləyirlər etsinlər, məni maraqlandırmır! İstəyir beşqat senzura olsun, istəyir iyirmi beş qat, istəyir olmasın. Peşəkarlara vaxtında qulaq asmadılar. Budur vəziyyət.

- Elçin bəy, demək olarmı ki, mətbuat təslimçilik bayrağını qaldırıb artıq?

- Azərbaycan mətbuatı qalıb ki, bayraq da qaldırsın?

XS
SM
MD
LG