Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:51

Solaxaylıq və kəşfiyyatçılıqdan "Qeyblər aləmi"nə gedən yol?!...


Nərgiz Cabbarlı
Nərgiz Cabbarlı

-

Tənqidçi Nərgiz Cabbarlı yazıçı Həmid Herisçinin "Solaxay" romanı haqda:

“Oxu zalı”nın roman müzakirəsinə qoşulduqdan bəri ikinci əsərdir, sözün həqiqi mənasında, əsaslı təsir bağışlayır.

Yazıçı profesionallığı, formalaşmış üslub, dəqiq hesablanmış və reallaşdırılmış məqsəd, janrın tələblərindən doğan çoxqatlılıq, riyazi dəqiqliklə səpələnmiş simvolların, işarələrin, mənalandırmaların hörgüsü bu marağın təminatçısı oldu...

Amma əsərin əsas qayəsini təşkil edən “solluq” həm də onun qüsuruna çevrilir.

Bu təxminən sovet dövrünün “marşirovka”larını yada salır: “Addımla, marş! Bir, iki, sol! Sol!.. Sol!.. Sol!...”

Beləcə kəşfiyyatçılıqla övliyalıq arasında da paralel işərəsi yaranır. Doğrudanmı bu, müəllifin istədiyi nəticədir? Buna isə bir qədər şübhə etdim...

AzadlıqRadiosunun “Oxu zalı”nda qarşıdakı həftələrdə yaziçi Həmid Herisçinin “Solaxay” romanı müzakirə ediləcək. Romandan parçanı burda oxu.

Nərgiz Cabbarlı

SOLAXAYLIQ VƏ KƏŞFİYYATÇILIQDAN "QEYBLƏR ALƏMİ"NƏ GEDƏN YOL?!...

Ədəbiyyatın öz stixiyası, təbii inkişaf dinamikası var.

Bu prosesin qarşısını almağa, istiqamətini dəyişməyə çalışaraq nəsə əldə edə bilərsən, amma qazandığın əsaslı nəticə olmayacaq. Yalnız müəyyən zahiri keyfiyyətlər, bəzi “sintetik” çalarlar – vəssalam.

Son iyirimi ildir ki, ədəbiyyatımızın müşahidə olunan mənzərəsi elə bunu göstərir.

Dəyişiklik var, proses dayanmyıb, onun canlanması və yeni nələrsə qazanması üçün canfəşanlıq edilir.

Həmid Herisçi
Həmid Herisçi

Amma nəticə daxili qanunauyğunluqların deyil, kimlərinsə kənardan - dünya və rus ədəbiyyatından az qala “zor gücünə” qopararaq müəllifin qarşısına, ya da mətnin düz ortasına “atdığı”, “calaq etmək istədiyi” yeni keyfiyyətlərin varlığına dirənir (calağın da həmişə “tutmadığı” aydın məsələdi).

1990-cı illərdən üzü bəri “azadlığa çıxmış” (senzurasızlıq mənasında!) ədəbiyyatımız və ədəbiyyat yaradanlarımızla bağlı ümumi görüntü təxminən belədir: sanki Azərbaycan ədəbiyyatı “çöküş mərhələsi”ni də, avanqard meyllərin epataj əhval-ruhiyyəsini və eksperimenlər bolluğunu da, ənənəni inkar edən modernizmi də, onu yenidən özünəməxsus şəkildə dəyərləndirən postmodernizmi də gözlənilməz şəkildə - “işıq sürətilə” yaşayıb adladı. Əlbəttə, yaşananlar arasında təbii və qanunauyğun olan proseslər də vardı (məsələn ədəbiyyatın dekadans əhvalı, yaxud avanqard qrupların meydana çıxması və özünü təsdiqləyə bilməsi - ən çox da “Baca” əsasında və ətrafında və s.) Amma qeyd etdiyimiz kimi, müəyyən “qələbələr” olsa da, bu, ümumi görüntüdə “zorən tətbiq” faktını ört-basdır edə bilmir ...

Postmodernizm “azarı” da ədəbiyyatımıza bu cür “zorən” gətirilmiş tendensiya idi. Təsirsiz qalmadı.

Poeziyanın alt qatlarına işləyə bilməsə də, nəsrin dərin “laylarına” yol tapmağı bacardı (burada təbii ki, poeziyanın daha daşlaşmış “altyapısının” olması faktı var). İlk izləri 1990-cı illərin sonlarından görünməyə başlayan postmodernizm bir çox müəlliflərdə inkişaf etmiş, yaxud istiqamət dəyişmiş düşüncə formasının və dünyaduyumunun təbii nəticəsi olmadığından mətndə bir-iki zahiri əlamət şəklində göründü. Amma zaman keçdikcə o artıq mətnin və müəllifin ”qanına” hopmaqdadır və bəzi qələm adamlarının - məsələn, elə Həmid Herisçinin - “bitdi”, “getdi” deməsilə bitməz.

H.Herisçi öz yaradıcılığında postmodernin mövcudluğunu göstərən və hələ də müəyyən izlərini mühafizə edən müəllilərdəndir. Elə haqqında danışacağımız “Solaxay”ı da “uzaqlaşmaq” cəhdinin tam reallaşmamış göstəricisi kimi gördük. Iki yolun düz ortasında. Birinə üz tutulsa da, o birindən tam qopma baş verməyib (janrların sintezi, labirint “texnologiyası”, zaman və məkan sıçrayışları, ənənəvi dəyərə ironik yanaşma və s. ).

Amma bununla belə, “Oxu zalı”nın roman müzakirəsinə qoşulduqdan bəri ikinci əsərdir, sözün həqiqi mənasında, əsaslı təsir bağışlayır. Yazıçı profesionallığı, formalaşmış üslub, dəqiq hesablanmış və reallaşdırılmış məqsəd, janrın tələblərindən doğan çoxqatlılıq, riyazi dəqiqliklə səpələnmiş simvolların, işarələrin, mənalandırmaların hörgüsü bu marağın təminatçısı oldu...

Bir də faktalogiya... O da bu əsərin sənədli roman janrına bir qədər yaxınlaşmasının səbəbidir. Tam deyil, bir qədər... Ümumilikdə isə əsər yarı detektiv, yarı mistika, yarı tarixi roman hesab oluna bilər (U.Ekonun romanla bağlı konsepsiyasının tələblərindən birinə yaxınlıq) və ilk səhifələrindəncə oxucunu ardınca aparmağı bacarır. Bu da onun əsas uğuru. Amma təəssüf ki, ilk hissələrdə tutulan temp, getdikcə artan dinamika sonradan qismən itirilir. Bəzən yenidən əldə olunsa belə, sona qədər mətnin faktoloji ağırlığına davam gətirə bilmir.

Əsərdə hansı yolun hara aparıb çıxaracağı və hansı yolla kəsişəcəyi (labirintdə olduğu kimi) əvvəlcədən planlaşdırılmış bir sxemlə müəyyən edilir. Dünyanın, şüurun getmək istədiyi, maraq duyduğu, amma hər zaman gedib çıxa bilmədyi “qeyblər aləmi”, “mistik mənalandırma”, hər mövcudluğun alt qatında “səbəbiyyət arama” ... – bütün bunlar da mətnlə bağlı deyilənlərə əlavə edilməlidir.

Ümumi halda isə qeyd edə bilərik ki, Qərblə Şərq mətn daxilində bir araya gətirilir. Daha dəqiqi, Qərb fəlsəfəsi – Q.Yunqun, Z.Freydin yuxu, şüuraltı yaddaş, genetik kodlama ilə bağlı dedikləri və Şərqin təcrübədə yaşadıqları, inancı: yuxuya xüsusi anlam yükləmə, onu “qeybə aparan yol” kimi dəyərləndirmə ənənəsi, “yuxular arası bağlılıq inamı”, hər bir övladın öz nəslinin, şəcərəsinin genetik yaddaşını özündə daşımasına bəslənən əminlik, “müqəddəslik mərtəbəsi”nin mövcudluğu, “ruhların ölməzliyi” və s. və i.

Bir sözlə, Qərbin fəlsəfəyə çevirdiyi Şərq inancı. Qərbin nəzəriyyəsi və Şərqin təcrübəsi – reallığı. Əlbəttə ki, bu iki qütb bir məkanda məqsədli şəkildə “qovuşdurulur”. “Nə qədər təcrübələrə və sınaqlara məruz qoyursansa qoy, kökləri dərin olan genetik yaddaş ölmür” anlamında. Hətta iki qütb arasında paralellik kimi görünən cəhət Şərq təfəkkürünə və dünyaduyumuna verilən üstünlüklə nəticələnir. Xüsusilə dini bağlılıq xüsusiyətinin. Başdan-ayağa mistik əhval və simvolika ilə bağlılıq da mətnin Şərq ruhu və dünyaduyumu ilə əlaqəsini üst qata daşımış olur.

Əsərin daha bir xüsusiyyəti tarixilikdir. Müəllif üçün də, o dövrü yaşayanlar və yaşamayanlar üçün də hələ də öz alt qatı, üst qatı ilə birgə maraq kəsb edən sovet dövrünə qayıdış onun görünən tərəfidir. Bununla bərabər müxtəlif tarixi zamanlara və tarixi fiqurlara üz tutulması (məkan, zaman adlamaları, zülqərneynlər, herisçilər, Cənubi Azərbaycan, Almaniya, tarixi fiqurlar - Qazanxan, Pişəvəri və 21 Azər hərəkatı, onun müxtəlif simaları və s.) dinamik keçidlərin bir-birini əvəz edə bilməsi ilə bərabər həm də bir məqsədə çıxaran yollar kimi nəzərdə tutulub.

Bu cür gözlənilməz zaman və məkan adlamaları xəyalın “maraqlı uçuşunu” təmin edir, həm də zamanlar və seçilmiş, tarixin gedişatını dəyişən və ona təsir edən məkanlar arasında “bağın” qopmamasına şərait yaradır. Yəni müəllif bu anlamda öz məqsədinə çatır: ilk baxışdan tamamilə fərqli görünən hadisələr, proseslər, faktlar, tarixi fiqurlar, ölkələr bir-birinə yaxın gətirilə bilir.

Başqa bir qat - sovet quruluşunun məxfi agent hazırlığı prosesi, istifadə edilən fiqurlar və vasitələr, bunun insanların, hətta nəsillərin və şəcərələrin şəxsi taleyi fonunda nəticələri və s. ilə bağlıdır. Daha doğrusu, bu, mətnin əsas “layı”nı təşkil edir.

Əsərin çatdırmaq istədiyi əsas fikir “qeyb aləminə aparan yol soldan başlayır...”dır. Hətta müəllifin düşüncəsinə görə “Şəms Tərizidən üzü bəri bütün dərvişlər bunu deyir”. Müəllif artıq ilk cümləsindəncə özünü mətnin içində var edir. “Müəllifiin ölümü” mərhələsi sona yetmiş kimi görünür (əlbəttə, əgər həqiqətən də müəllifin ölümü olmuşdusa. Çünki bizim olan əksər postmodern mətnlərdə bu məqsədin reallaşdırılması mümkün olmayıb). İlk cümlədəncə o, oxucunu öz ardınca aparmaq üçün ipucu verir. “Öz həyat təcrübəmi... yox, belə deyək xatirələrimi qələmə alarkən, mən, qəfil dayandım, sükuta daldım bir müddət... ....hardan başlayım... sağdan, yoxsa soldan?.... soldan başlayıram yazmağa öz acı-şirin qeydlərimi”.

Həmid Herisçi uşaqlıqda
Həmid Herisçi uşaqlıqda

“Açar söz” istiqamətlə deyil (halbuki ilk vurğu elə buna edilir), subyektlə bağlıdır. Müəllifin mətndə öz varlığını elan etməsi də bu məqamda baş verir. Və beləcə böyrəyi xəstə olan bir uşağın son əlac kimi Moskva Pediatriya İnstitutunda “sınaq müalicə”yə qatılması hər şeyin başlanğıcı olur. Valideynlərinin Boris Nikolayeviç Ponomaryova, Mixail Suslova yazdığı məktublarından sonra bura gələn uşaq üçün həmin yol təkcə hansısa dərmanların, oyuncaqların, qələmlərin təcrübəsi ilə deyil, gələcəyin məxfi agentinin hazırlanması prosesi ilə də həyati əhəmiyyət daşıyır.

Müəllifin hər faktın arxasında bir məna axtarışı, səbəb gəzişi, simvol yaradıcılığı da (sənəd formasında) elə bu məqamdan “start götürür”: “Deyirəm qəribədir, eləmi? Bir tərəfdən Praqaya ordu göndərən partiya rəhbərliyi digər tərəfdən ürəyiyumşaqlıq göstərir, bir xəstə uşağın taleyini də unutmur. Bu xeyirxahlığıyla Praqa faciəsi qarşısında özünə bəraət qazandırmaq istəyir bəlkə? Hə... Sov.İKP-nin gizli arxivində iki sənəd bir gündə imzalanaraq bir qalın qovluğa tikilb – birindən zirehli texnika tırtıllarının səsi gəlir, digərindən xəstə bir uşağın boğuq iniltisi...”.

Beləcə müəllifin öz qəhrəmanı üçün seçdiyi “qeyblər aləminə gedən yol” Pediatriya İnstitutundan başlayır. “Urbazon” adlı preparatın təcrübəsi üçün “sınaq obyekti” olan bu uşaq və institutun digər sakinləri yalnız fiziki deyil, psixoloji təcrübəyə də məruz qoyulurlar. Gələcəyin agentləri olacaq (ola biləcəklərsə?!) seçilmişlər kənar dünyadan və valideynlərindən təcrid edilmiş həyat sürsələr də, keçmişlərindən, xatirələrindən, genetik yaddaşlarından, onunla “bağ” olan yuxularından qopmayıblar. Yeri gəlmişkən, mətndə uğurlu təsvir olunan hadisələr arasında uşağın “xəstəxana həyatı” xətti xüsusi yer tutur.

Bu məqamda iki istiqamət – agentlik və müqəddəslik anlayışları arasında qəribə bir paralellik meydana çıxır. Buna səbəb olan ilk fakt – yuxudur. Müəllif hər iki istiqamətli araşdırmasının əsasında bir özül daşından – yuxudan istifadə edir.

Birinci “xətt”də təcrübə aparılarkən uşaqların yuxuları və bu yuxular arasında əlaqənin mövcudluğu eyni yuxunu görənlər (Ambudekstr və Qabriel – kod adlardır), onların gətirdiyi məlumatlar əsasında müəyyən edilərək “sirr aləmi” ilə əlaqələndirilirsə, 2-ci xəttdə 1300 il əvvəl baş vermiş hadisənin yenidən “oyadılması” təsvir edilir. İran-SSRİ sərhəddində yerləşən ucqar Dədəli kəndində 12 yaşlı bir qızın gördüyü yuxu “analizə cəlb olunur”.

Birinci xəttdə “Semyon Nikolayeviç, demək əlifbaların mənbəyi də elə göylər, yuxu aləmidir, hə?” sualının səslənməsi ilə səbəblərin və sirrlərin açıldığı məkana işarə olunursa, ikinci xəttdə “Kötük.... bir başa səngərə yuvarlanır - Şərq dünyasının sirlər xəzinəsinə. Vaxtilə Azərbaycanla İranda itmiş məzarları, xəzinələri, sirli məkanları, bax, bu cür oxşar kəramət nəticəsində akalayarmışlar”.

Beləliklə, bütün sirrlərin açarının o aləmdə olması inamı sərgilənir. Və birinci xətt alman dərmanı olan ”Urbazon”la müalicə görən uşaqlar və həkimlərin təcrübə reallığı ilə bağlıdırsa, ikinci xətt qanında minillərlə “yuxu inamı” qoruyan Şərqlə, müqəddəsliklə, mənəvi dəyərlərlə bağlıdır: “1300 il əvvəl əsgələr bu imam övladlarını diri-diri torpağa basdırmışdılar, elə indi də. O vaxt da indki kimi camaat bir kənara çəkilib qorxudan səsini çıxarammırdı, elə indi də. O vaxt da, Zərifə kimi bir başqa qızcığaz gecəykən məzarları açmış, içəridəkilərin ölmədiyini, sadəcə dərin yuxuya getdiklərini görmüşdü”. Və buna “qeyblər aləminə aparan yol” olan yuxu səbəb idi.

Hətta müəllif bu prosesin elmi izahını verməyə də çalışır: “Bu cür 1300 illik yuxulara elmdə anabioz deyirlər. Siyasi silkələnmələr zamanı bir də görürsən bu mumiyalarda həyat təzahürləri artır”.

Bİrincidə proses dərmanın hesabına – o dərman ki, şüura da, onun alt qatlarına da mənfi təsirləri mövcuddur – baş verir. Ikinci proses altşüurun təbii oyanışı əsasında.

Amma vasitələr fərqli olsa da (dərman və iman!) məqsəd eynidir: Qeyblər aləmindən xəbər almaq.

“Ambidekstr” (yəni həm sağ, həm də sol əlini işlədə bilən, beyninin hər iki yarımkürəsi inkişaf etmiş) solaxay oğlan təkcə müəllifin “xatirələr aləmindən” gətirdiklərinin yazılması üçün deyil, həm də “qeyblər aləminə” gedə bilməsi üçün vasitəçiyə çevrilir.

Əsərin süjeti çox gözlənilməz gedişlərlə zəngindir. Bu gedişlər labirint şəklini alır. Bir xəstə uşağın əhvalatı ilə başlayan hadisələr 21 Azər hərəkatına, onun Almaniyaya üz tutumuş üzvlərinə, sovet kəşfiyyatına, Təbrizə, İçərişəhər “dünyasına”, 1300 il əvvəl torpağa diri-diri gömülmüş övliyalara, hətta yadplanetlilərə qədər gedib çıxır.

Əsas koordinant Qeyblər Aləmi olsa da, sirlər dünyasına aparan yol da, “qeybin” yerləşdiyi son nöqtə də Cənubi Azərbaycana doğru tuşlanır. Hətta personajlardan biri – Tatyana Vasilyevna da bunu deyir: “Semyon Nikolayeviç, qeyri-bioloji ekizləri, solaxayları öyrənə-öyrənə yolumuz, görərsiz, düşəcək İrana, Azərbaycana. Xahiş edirəm, Ambidekstrin atasına xüsusi fikir verəsiniz. Dünya sol hərəkatəndan fərqli olaraq oradakı solaxayların həmişə öz rəhbəri, öz başçısı olub”. Hətta “əlaqələndirici” personajlar da oradandır.

Mirzə İbrahimov
Mirzə İbrahimov

Bu əsərdə yazıçı məqsədi olaraq “müəllif dirilib”. Avtobioqrafik cizgilərin verilməsi oxucuya “mən burdayam” mesajını yollayır. Ilk bölümdə yazıçı M.İbrahimov qəhrəmana “Bu Herisçi soyadıynan bil, sən burda heç nə əldə etməyəcəksən”, - deyərək bu “dirilmə”nin ilk ştrixini vurur. Sonra Qafar Kəndli (müəllifin atası), anası, dayısı, müəllifin öz həyatından əvvəllər də yaradıcılığının müxtəlif sahələrində dönə-dönə toxunduğu faktlar mətnə gətirilir. Bir sözlə əsər həm də avtobuoqrafik səciyyə daşıyır.

Əsərin diqqət çəkən əsas xüsusiyyəti simvollaşdırılma ilə bağlıdır. Hər hadisədən konkret simvolikaya, konkret mənalandırmaya yol gedir. “Ambidekstrlərdə iki saç buruğu (hər iki yarımkürənin işləklyi) var” deyilir. Daxili mənanın zahiri əlamətləri axtarılır. “Beşbarmaq” dağı iki aləm arasında keçid kimi simvollaşdırılır: “burdan o yana solaxaylar dünyası, məmləkəti başlayır”. Hətta diyircəkli qələmlər belə “sürüşkənliyin” simvoluna çevrilir: M.İbrahimov qarısında oturan qəhrəmana deyir: “Doğmaca dayın Ağasəf Axundov... Onun təzə, diyircəkli qələmləri... hə, aləmi qatıb-qarışdırdı. Yamanca sürüşkəndi həmin qələmlər... Mən də rəhmətlik dədən kimi, tam əleyhinəydim bu təzə qələmlərin. Mənfi rəy vermişdim bu barədə. Noolsun? O zəhrimarlara görə əvvəl yazarlarımızın əli sürüşdü, sonra... Sonra ölkəmiz... SSRİ...”.

Yaxud əsərdə Ağasəf dayının öz bacısı Tamilla ilə birlikdə tısbağa yeməsi ilə bağlı əhvalat var ki, ayrıca bir xətti təşkil edir. Onun da öz gizli alt mənası var. Yəhudilərə tısbağa satması, onlarla birlikdə tısbağa şorbası yeməsi Ağasəfi sovet sənayesinin idarə olunmasında əsas fiqurlardan birinə çevirə bilir: “Yediyi tısbağa şorbası sanki Ağasəfi tam dəyişir. Ağasəf dönür olur sovet vaxtlarındakı kölgə iqtisadiyyatının ən vacib, həlledici gizli siması”. Bundan başqa, 21 Azər, 99 fədai Avestada göstərilən 9999 fravaşay - əbədi ruhla əlaqələndirmələr rəqəmlərə belə simvolik-mistik anlam yükləyir. Hətta çamodan kimi detallara belə.

Simvolika o həddə çatır ki, milliləşdirilmə məsələsi də öz simvolunu tapır. Amma bu məqamda müəllifin gizləyə bilmədiyi ironiya üst qata çıxır: aftafa şəklində. “Stalin öləndən çox sonra, 1956, bəlkə də 1957-ci illərdə Ağasəf hiss etdi ki, yox... ölkə artıq əvvəlki deyil, camaatın üst-başı da dəyişib, beyinlərdəki fikirlər də. Milliləşmə, milli özünüdərk cərəyanı gündən günə canlanır. Mirzə İbrahimovun təkidi ilə əlifbada bəzi rus hərflərini dəyişiblərsə, bu bir Allah bilir axırda nəylə nəticələnəcək...”

Bu, fakt olsa da, zamanın maraqlı xarakteristikası verilsə də, müəllif postmodern ironiyanı qova bilmir: “Ölkədə milliləşmə kabusu xortlayıb çıxır üzə, şairlər milli ruhlu şeir-poema, dastan-mastan başlayırlar yazmağa, küçələrin, kinoteatrların, insanların adları milliləşir. Yazarların ən tündü, necə deyərlər, ən “pürrəngi”si “Kommunist” qəzetinə açıq məktub göndərir ki, bəs niyə bizim şəhərdə milli ağaclar əkilmir, niyə armudu stəkanın istehsalına başlanmır....”. Fikir-fərziyyə axını Ağasəfa verilən məsləhətlə nidalanır: “Heç nə.... başla aftafa istehsalına. Dünyanın pulunu qazanarsan... Qədim taleyini bərpa edərsən həm də bu zavallı millətin. Hə... bu söhbətdən sonra nöyütlü şalban Bakı mənzərələrinin baş qəhrəmanı mövqeyini itirir, keçir arxa plana. Bir başqa əşyalar, mənzərələr çıxır önə”.

Həmid Herisçinin əvvəlki kitabı
Həmid Herisçinin əvvəlki kitabı

Əsərdə simvolikaya maraq o həddə çatır ki, hətta insanlar belə onlarla yadda qalır. Məsələn, əsərin əsas prsonajlarından biri olan Kötük. Onun faciəsi, taleyi açılsa da, “adı” həm həyatını, həm gördüyü işin alt qatını özündə mənalandıra bilir.

Bəzən bu cür mənalandırmalar yersiz, uğursuz da alınır. Məsələn, müəllifin milçəkdə məna araması kimi: “Bayaqkı sükutu biz deyil, milçək pozur. 7 şagirdin arasında fırlanıb, gəlib mənə dəyməsi Kötüyün diqqətindən yayınmır”. Amma bir qədər sonra müəllif bu diqqətayırmanın qəribəliyini bir qədər yumşaldaraq mənalandırmanın istiqamətini dəyişir: “Hələ müharibə günlərindən xatirəsinə ilişmiş “vur, öldür” əmrini indi o bir başqa cür tədris edir bizə. Hələ ki milçəkdən başlayırıq biz”.

Bu cür “sintetik çalarlar” əsər boyu səpələnib. Bu da əlbəttə ki, mətnin təbii “axınında” maneəyə çevrilir. Məsələn, zamanın dəyişməsi, epoxanın başqa biri ilə əvəzlənməsi o qədər zahiri qata ötürülür və elə faktlarla əlaqələndirilir ki, həddindən artıq kiçik detal kimi görünür: “Dəfələrlə sınanıb, zaman ki dəyişdi, hazır olun, Bakıda qəribə silsilə hadisələr baş verəcək. Əvvəlcə bir çox evlərin kanalizasya xəttində nasazlıq yaranacaq... ..Bakıda zamanın dəyişməyi bir təzə meyxana, bir təzə zay mahnıyla da müşayət olunar adətən”. Yəni prosesin mahiyyəti, xarakteriloloji çaları deyil, ötəri və zahiri əlamətinin diqqət mərkəzinə çəkilməsi mətnə qazandırmır.

Əsərdə yaradılan bütün simvolkanın başında SOL məsələsi durur. Ambidekstr bütün dünya solçular hərəkatının da, solaxaylarının da, sol düşüncələrinin də simvolizə olunmasına xidmət edən obraz kimi ortaya çıxır. Keçidlər isə belədir: Anadangəlmə solaxaylıq → Sol siyasi düşüncə → Sollar hərəkatı. Və bu məntiqlə deyil, təhtəlşurla bağlıdır. Sol meyli şüurun deyil, təhtəlşurun diktəsi şəklində meydana çıxır. Kötüyün verdiyi dərslər də bunu deyir: “Yaddaşınıza birdəfəlik həkk edin, xahiş edirəm. Bizim sahəmizdə insan beyninə güvənmək bağışlanılmaz səhvdir.... İnsanın təkcə beyni deyil, onun ayaqları da ağıllıdır... Həm də əlləri... Xüsusən sol ayağı, sol əli... sol ayağın hərəkət trayktoriyası, yaddaşı, nişanladığı ünvanlar, xülasə insanı sola dartan bütün sehrli cazibə qüvvələri bizimçün hədsiz dərəcədə maraqlıdır...”

Amma əsərin əsas qayəsini təşkil edən “solluq” həm də onun qüsuruna çevrilir. Çünki hər addımda “sol məsələsi”nin qabardılması bir az sintetik keyfiyyət almağa başlayır. Öz təbii məxrəcindən uzaqlaşdırılır. Bu təxminən sovet dövrünün “marşirovka”larını yada salır: “Addımla, marş! Bir, iki, sol! Sol!.. Sol!.. Sol!...” Müəllif də sanki “sol” kəlməsini tez-tez mətndə təkrarlamaqla, tez-tez oxucunun diqqətini ona yönəltməklə ritmin pozulmamasına - əsas məqsəddən yayınmanın baş verməməsinə çalışır.

Amma əksinə alınır. Daha doğrusu – qıcıq doğurur. Çünki solluğu mətnin, personajın, situasiyanın özü irəli sürmür (əlbəttə, bəzi istisnalar var), müəllif göstərir. “Sorğu zamanı Semyon Nikolayeviç akarladı ki, Zərifə solaxaydır. Onu gecələr yerindən qaldırıb laməkan ünvanlara aparan qüvvə isə göydəki ay da deyil, Zərifənin məhz “ağıllı” sol ayağıdır”. Yaxud “Sağ ayağımı atan kimi yad qüvvələrin ixtiyarına keçdiyimi hiss edirəm”, “Sol əlim – dəfələrlə sınamışam – taleyimin əlidir. Özü yaxşı bilir nə vaxt həyatıma müdaxilə edir. Görünür, şükür, məni həmişə ən ağır imtahanlarda xilas edəcək, o. Vallah, sehrli çubuğumdur sanki o mənim, sehrli çubuğum!” və s. və i. Hətta ”bütün yadplanetlilər solaxaydır” iddiasına kimi yol alınır. Burada “yadplanetli” mətnə kod ad kimi daxil olsa da, sonra yenə yadplanetlilər məsələsi bu “şəbəkənin” əsas atributlarından birinə çevrilir.

Solaxaylıq adi xüsusiyyət, zahiri fərqlilik deyil, batini fərqlilik göstəricisi kimi təqdim olunur (şairlərin peyğəmbərliyi kimi?!). Əsərin bədii qayəsi budur: “... solaxaysansa, taleyin digər hədiyyəsini də qəbul etməyə hazırlaş – gizli məlumatlar bir də gördün öz-özünə kənar müdaxilələr olmadan, özü gəlib səsləndi qulağında... Sağəllilər isə, bil, Allahın lütfündən məhrumdurlar...”. Beləcə solaxaylıqla Qeyblər aləmi arasında əlaqənin mövcudluğu ortaya çıxır və hər addımda sübut olunmağa çalışılır...

Əsərdə əsas diqqət çəkən xüsusiyyətlərdən biri də psixoloji portretlərin və Bakı həyatının koloritli təsviridir ki, müəllifin ümumiyyətlə, yaradıcılığında bu, həmişə duyulub. Bakı, İçəri şəhər, orada yaşayanlar, məscidlər, pirlər, gizli ayinlər və s. Psixoloji ovqat dəqiq tutulur. Eyni fikri Təbriz, fədailər, ailələri, ailə arası bağlar və s. haqqında da demək olar.

Əsərdə janr qarışımı da var. Bəzən nəsrin ortasında səhnə effektləri yer alır. Amma bu, ötəri xarakter daşıyır.

Daha bir diqqətçəkən keyfiyyət tarixi və elmi faktalogiyadır. “Qazan xan Azərbaycanda islamı qəbul edərək tarixin çərxini bir başqa istiqamətə çevirmiş dünya cahangirlərindəndir” kimi bircə cümlə ilə islahatlarla öz adını tarixə yazmış şəxsiyyəti yada salan faktlar da var, “Sarabski 1919-da əmisioğlu tərəfindən məhz bu hamamın qarşısında qətlə yetirilib” kimi faktlar da... 1962-ci ildə “dünyanın atom müharbəsi astanasında” olması kimi faktlar belə müyyən məqamlarda mətnə “yüklənir”. Və bu cür “yükləmələr” arasında prezident Kennedinin də, NASA rəhbərliyindən Karl Saqanın, Douq Vokaçın da adlarına rast gələ bilirsiniz.

Həmid Herisçi (Arxiv foto)
Həmid Herisçi (Arxiv foto)

Amma bunlar əsas məqsədin, əsas ideyanın reallaşdırılması, dövrün zahiri və “alt qatı”nın effektli təsəvvürünün yaraılması üçün vurulmuş ştrixlərdir və mətndə öz rollarını oynaya, yəni ona maraq qata bilirlər. Ümumiyyətlə, müəllif əl atdığı priyomlar, yaratdığı labirintlər və “mərhələdən mərhələyə adlamalar” ilə mətnin maraqlılığını təmin edə bilib.

Təmin olunmamış və inandırıcılıq səviyyəsini yaxalaya bilməmiş bir şey varsa, o da nəticə ilə bağlıdır. Bu, “Ər-rakit adını daşıyan kəşfiyyatçıya” aid edilsə də müəllfin ümumlikdə kəşfiyyatçı haqqında inamıdır: “Kəşfiyyatçının öhdəsinə düşən ən birinci vəzifə bu dünyadan deyil, o biri aləmdən, qeybdən xəbər verməkdir”. Bunun üçünsə ilk növbədə solaxay olunmalıdır. Yəni solaxaylıq və kəşfiyyatçılıq bir müstəvidə, solaxaylıq və qeyblər aləminə birbaşa yolu olan övliyalıq başqa müstəvidə eyniləşdirilir.

Beləcə kəşfiyyatçılıqla övliyalıq arasında da paralel işərəsi yaranır.

Doğrudanmı bu, müəllifin istədiyi nəticədir? Buna isə bir qədər şübhə etdim...

XS
SM
MD
LG