Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:20

Türkiyə Qərbi qurudan müdaxiləyə çağırır


Türkiyə tankları Suriya sərhədində
Türkiyə tankları Suriya sərhədində

-

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bəyan edib ki, Syriyanın həmsərhəd ərazisində yerləşən və uzun müddətdir İŞİD-in mühasirəsində olan kürd şəhəri Kobani yaxın saatlarda süqut edə bilər.

Üç həftədir ki, davam edən mühasirə əsnasında gedən döyüşlərdə 400-dək həlak olan var, minlərlə insan evlərini tərk edib.

Əslində son həftələr ərzində bu şəhərin İŞİD-in əlinə keçə biləcəyi ehtimalı Türkiyənin İslam Dövləti təşkilatına qarşı beynəlxalq koalisiyaya qoşulmasında mühüm rol oynamışdı.

Reuters agentliyi bildirir ki, İŞİD Kobanini ələ keçirməklə Syriya-Türkiyə sərhədində və indiyədək zəbt etdiyi ərazilərdə möhkəmlənməyə çalışır.

Türkiyənin tələbləri

Ankara bölgəyə daha çox hava zərbələri endirməsi üçün Vaşinqtona təzyiq göstərir, lakin prezident Erdoğan bəyan edib ki, yalnız havadan zərbələr problemi həll etməyəcək və Suriya ərazisinə qurudan müdaxilə son dərəcə zərurirdir.

Bununla belə, Türkiyə Suriyaya təkbaşına müdaxilə etməyəcəyini bildirib.

Suriya qaçqınlarının düşərgəsində çıxış edən Erdoğan deyib: “Biz Qərbə xəbərdarlıq etmişdik. Biz demişdik ki, bizə üç şey lazımdır: Uçuşların qadağan edildiyi hava məkanı, buna paralel təhlükəsizlik zonası və mötədil Suriya qiyamçılarının təlimləndirilməsi”.

Türkiyə Süleyman şaha görə müdaxilə edə bilər

Prezident deyib ki, əgər Suriya ərazisindəki Süleyman şah türbəsini mühafizə edən Türkiyə əsgərləri üçün təhlükə yaranarsa, Ankara real hərəkətə keçəcək.

Bununla belə Türkiyə, Suriya ərazisinə hərbi müdaxiləyə hazırlaşdığını göstərən hərəkətlər etməyib.

BMT-nin Suriyadakı nümayəndəsi Staffan de Mistura Kobanidən olan minlərlə qaçqını qəbul etdiyi üçün Türkiyəyə təşəkkürünü bildirib, lakin əlavə edib ki, beynəlxalq icma bu şəhəri müdafiə etməlidir.

O bildirib ki, indi konkret hərəkətə ehtiyac var.

Paris-Ankara məsləhətləşmələri

Fransa hökuməti bəyan edib ki, İslam Dövlətinin Kobani üzərinə hücumunu dayandırmaq lazımdır və Paris hazırda Ankara ilə bu məsələni müzakirə edir.

Fransanın xarici işlər naziri Laurent Fabius ölkə parlamenti qarşısında çıxış edərkən vəziyyəti “faciəli” adlandırıb.

Bununla belə, siyasi şərhçilər Qərb müttəfiqlərinin Kobaninin müdafiəsi üçün konkret addımlar atacağına inanmırlar.

Könülsüzlərin koalisiyası

“Bu könülsüzlərin koalisiyasıdır. Hər bir ölkə, xüsusən də Suriya barəsində minimum səy göstərir” – deyib Londondakı Chatham House Tədqiqatlar Mərkəzindən Fadi Hakura.

Xəbər verilir ki, hazırda Türkiyə sərhədindən Kobaninin şərq tərəfində iki İslam Dövləti bayrağının dalğalandığı görünür.

ABŞ hərbiyyəsi bildirib ki, müttəfiqlər Suriyada İslam Dövləti üzərinə hava zərbələrini ötən bazar ertəsi və çərşənbə axşamı da davam etdiriblər.

Kobani ətrafında cihadçıların zirehli maşınları, bir tank və təyyarələrə qarşı artilleriya qurğusu məhv edilib.

Kobanidəki kürd rəsmi nümayəndə Asya Abdullah Reuters agentliyinə deyib ki, İŞİD ağır silahlardan və artilleriyadan istifadə edir və şəhərdə qalan mülki əhalinin sayı bir neçə yüz nəfərdən çox deyil.

İŞİD Kobaniyə daxil olub

ABŞ və koalisiya müttəfiqlərinin hava zərbələrinə baxmayaraq, İŞİD döyüşçüləri Kobani üzərinə tələsmədən hücumu davam etdirirlər.

Suriya Müşahidə Qrupunun rəhbəri Rami Abdulrahman deyib ki, İŞİD qüvvələri şəhərin içərilərinə doğru 50 metr irəliləyə biliblər.

Kobani regionundan Türkiyəyə 180 min sakinin qaçdığı təxmin edilir.

Bu da xəbər verilir ki, əvvəllər İŞİD-ə qarşı vuruşan qruplaşmalardan bəziləri onun tərəfində keçməyə başlayıblar.

Prezident Assad-a qarşı ən qızğın döyüşən qruplaşma kimi tanınan Əhrar əş-Şam özünü xəlifə elan etmiş Abu Bakr al-Baghdadi-yə sədaqət andı içib.

Kürdlərin sıralarında qərblilər var

Reuters xəbər verir ki, İŞİD-ə qarşı vuruşan kürdlərin də sıralarında qərblilər var.

Agentliyə müsahibəsində özünü Brian Wilson kimi təqdim edən şəxs İŞİD-ə qarşı vuruşmaq üçün Ohayo ştatından gəldiyini söyləyib.

Bu arada Amerika hərbiyyəsi İraqdakı əməliyyatlarda ilk dəfə olaraq “Apache” helikopterlərindən istifadə etməyə başlayıb.

Assad, yoxsa İŞİD?

Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan Amerika Birləşmiş Ştatlarını hava bombardmanlarını intensivləşdirməyə çağırıb.

NATO üzvü olan Türkiyə İŞİD-ə qarşı koalisiyanın məqsədlərinə Suriya prezidentinin devrilməsinin də əlavə edilməsində israrlıdır.

Reuters yazır ki, bu, real münaqişədə prezident Assad-ın hərbi hava donanmasına zərbələrin endirilməsi ilə nəticələnə bilərdi, lakin Vaşinqton bundan qətiyyətlə imtina edir.

Kürdlər Ankaraya etiraz edirlər

Hazırda Türkiyə-Suriya sərhədinə çox sayda kürd yığılıb və onlar Ankaranın fəaliyyətsizliyinə qarşı etiraz edirlər.

Ölkənin digər şəhərlərində də kürdlərin zorakı etiraz aksiyaları keçirilib.

Etirazlar zamanı polis nümayişçilərə qarşı gözyaşardıcı qazlardan istifadə edib.

Kürd etirazçılar və polis arasında toqquşmalar İstanbul və Ankara şəhərlərində də yer alıb.

Avropada kürd etirazları

Cenevrədə kürd etirazçılar BMT nümayəndəliyi qarşısında aksiya keçiriblər. Brüsseldə etiraz edənlər Avropa Pralamentinin binasına daxil olublar.

Etirazçıların əllərində üzərində PKK lideri Abdullah Ocalan-ın portretləri olan plakat və bayraqlar olub.

Bundan bir qədər əvvəl hazırda həbsxanada olan Ocalan xəbərdarlıq etmişdi ki, Kobanidə qətliam baş verərsə, onun təşkilatı Ankara ilə bütün sülh danışıqlarını dayandıracaq.

Siyasi təhlilçilər deyirlər ki, kürd separatizmindən ehtiyatlanan Türkiyə kürdlərə İŞİD-lə mübarizədə həvəssiz dəstək verir.

“Bizi Türkiyə mühasirəyə salıb…”

“The İndependent” qəzeti yazır ki, Kobaninin süqutu Ankara ilə Türkiyə, İraq və Suriya kürdləri arasındakı münasibətləri həmişəlik poza bilər.

Kürdlər inanırlar ki, Kobaninin İŞİD-in əlinə keçməsində yalnız Ankara günahkar olacaq.

“Bizi Türkiyə mühasirəyə salıb, bu təzə bir şey deyil” – deyib Kobani regionu kürdlərinin hərbi komandanı İsmet Sheikh Hassan.

XS
SM
MD
LG