Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:23

Müəllimlərin maaşı 2015-də artırıla bilər


Deputat Vahid Əhmədovun fikrincə müəllimlərin maaşının artırılması onların iş keyfiyyətinə uyğun olaraq nəzərdə tutulur
Deputat Vahid Əhmədovun fikrincə müəllimlərin maaşının artırılması onların iş keyfiyyətinə uyğun olaraq nəzərdə tutulur

-

DÖVLƏT BANKLARININ ARTMASI YAXŞIDIR, YOXSA PİS?

Azər-Türk Bank səhmlərinin 50 faizini Əmlak Məsələləri Dövlət Komitəsinə satmaqla statusunu dəyişdi, özəl bankdan dövlət bankına çevrildi. Beləliklə, ölkədə ikinci dövlət bankı yarandı. AzərTürk Bankın bank sektorunda bazar payı 0,5 faizdir. Digər dövlət bankının - Beynəlxalq Bankın bazar payı isə 40 faizdir. İqtisadçı ekspert Samir Əliyev “Media forum” saytına açıqlamasında deyib ki, dövlət banklarının sayının artması təhlükəli olmasa da, rəqabət mühitinin pozulması baxımından qeyri-məqbuldur:

“Çünki bank sektorunun inkişafı üçün onun liberallaşdırılması vacibdir. Azərbaycan büdcəsi faktiki olaraq neftdən asılıdır. Bu gün dövlətin imkanı var, banklara maliyyə yardımı göstərə bilir. Amma sabah neftin ucuzlaşması səbəbindən gəlirlər azalanda iqtisadiyyat üçün risklər yaranacaq. Ona görə dövlətin öz yükünü azaltmaq əvəzinə daha da artırması narahatlıq doğuran bir hadisədir. Digər tərəfdən Azər-Türk Bank ASC-nin dövlətin idarəçiliyinə keçməsi özəl banklarla müqayisədə daha çox güzəştlər əldə etməsinə gətirib çıxara bilər. Biz bu güzəştləri Beynəlxalq Bankın timsalında görürük”.

DEVİD LİDİNQTON: “BRİTANİYA PARLAMENTİNİN ÜZVLƏRİ AZƏRBAYCANDA İNSAN HÜQUQLARININ VƏZİYYƏTİNDƏN NARAHATDIR”

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri David Lidington bu həftənin əvvəlində Bakıda səfərdə olub. O, Turan agentliyi və BBC Azərbaycanca-ya müsahibəsində ölkə qanunvericiliyin sərtləşdirilməsi, insan hüquqlarının pozulması, vətəndaş cəmiyyəti fəallarının həbsi ilə bağlı sualı belə cavablandırıb:

“Mən bu məsələləri, əsasən insan hüquqları məsələsini qaldırdım. Bakıya gəlişimdən öncə bu məsələləri Britaniya parlamentində deputatların qarşısında qaldırmışdım. Bundan əlavə, mən Azərbaycanda və bir sıra başqa ölkələrdə vətəndaş hüquqları ilə bağlı vəziyyətə aydınlıq gətirilməsi xahişilə deputatlardan yazılı sorğu almışam. Mənim mövqeyim belədir ki, sağlam, müxtəlif vətəndaş cəmiyyəti ölkəni güclü edir. Fəal müxalifət və güclü vətəndaş cəmiyyəti hökumətin zəifləməməsinə və cəmiyyətə hesabatlı olmasına yardım edir”.

İNKİŞAFIN AZƏRBAYCAN FENOMENİ İQTİSADİ YÜKSƏLİŞLƏ YANAŞI, MƏNƏVİ TƏRƏQQİINİ DƏ EHTİVA EDİR

“Azərbaycan” qəzeti Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, AMEA-nın həqiqi üzvü Kamal Abdullayevlə müsahibə dərc edib. K.Abdullayev ölkədə fəaliyyət göstərən məscidlərlə bağlı deyir ki, Azərbaycanda məscid ancaq məscid olmamalıdır.

“Bu gün məscid həm də mədəniyyət ocağı olmalıdır. Həm də mənəviyyat ocağı olmalıdır. Dövlətçilik, azərbaycançılıq ocağı, vətənpərvərlik məbədi olmalıdır. Bir yeniyetmə məscidə gələrkən məktəbin gözü bu uşağın arxasında qalmamalıdır ki, ay aman, məscid əhli çalışacaq ona təcili namaz qılmaq öyrətsin!

Bilirsinizmi, əgər bu yeniyetmənin alnında varsa ki, o, namaz qılmalıdır, o, namaz qılacaq. O uşaq məscidə bir kitab dalınca gələ bilər. Və məsciddə bu kitab olmalıdır. Özünü "hüsni-xuda şairi" sayan Hüseyn Cavidin tutulub məhv edilməsinin bir səbəbi də "Peyğəmbər" kimi əsər yazması idi. Nə üçün onun əsərləri məscidlərimizdə olmasın?! Füzuli ömrü boyu həyatının mənasını İmam Hüseynin məqbərəsinə xidmətdə görürdü, özü də ölərkən İmam Hüseynin ayaqları altda basdırılmasını vəsiyyət etmişdi. Kərbəla şəhidlərindən ürək yanğısı ilə bəhs edən "Hədiqətüs-süəda" ("Xoşbəxtlər bağı") kimi bir əsər yazan dahi şairimizdir. Nə üçün Füzulinin əsərləri məscidlərimizdə olmasın?!

Nizami Şeyx rütbəsinə yüksəlmiş və dövrünün ən ali mənəviyyat, elm sahiblərindən biri olmuşdur. Hər poemasını Allaha, peyğəmbərə sevgi dolu müraciətlə başlayır. Varmı Nizaminin əsərləri bizim məscidlərimizdə?! Onlarla, yüzlərlə bu cür misallar yada salmaq olar.

Arzum budur ki, məscidlərimizdə dünyəvi kitablar olsun və bu kitabları həm gənclər oxusun, həm də, vacibi də elə budur - məscid əhli oxusun."

MƏŞHUR ŞİRKƏTLƏR ARD-ARDA KÜLLİ MİQDARDA CƏRİMƏLƏNİR

«Bizim Yol» sahibkarların üzləşdiyi problemi, reklam mətninə görə milyonlarla cərimənin ədalətli olub-olmamasını araşdırıb. Belə ki,

Procter&Gamble.
Procter&Gamble.

Azerbaijan Services" MMC şirkətini 2 milyon 163 min manat cərimələnib.

“Bu distribütor şirkətinin bazarı inhisarlaşdırmasının miqyasını müəyyən etmək üçün onun tərəfdaşı olan məşhur şirkətlərə nəzər salaq. Onların sırasında "The Procter&Gamble Company", "Gillette", "Walkers", "Lorenz Snack-World", "Wella", "Ferrero", "Uni" və başqaları var. Lisenziyalı mallar bazarının yarıdan çoxu bunların payına düşür. MMC-nin təsisçisi Anar Akif oğlu İbrahimov, nizamnamə kapitalı 463 min dollardır. Çeşiddən görünür ki, şirkət ölkənin bütün ticarət məntəqələri ilə işləyir. Amma o, ictimaiyyət üçün qapalıdır. Şirkət iri vergiödəyicisi deyil, bu da "yuxarıdan" dəstək olduğunu göstərir. Şirkətin İqtisadi İnkişaf və Sənaye Nazirliyi ilə münaqişəsinin səbəbi aydın deyil... Nazirlik son 2 ayda artıq üç böyük şirkəti reklam qaydalarını pozduğuna görə cərimələyib... Sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Məmmədov isə Facebook hesabında məşhur xarici şirkətin cərimələnməsinə belə münasibət bildirib:

"Monopoliya yaradıb Azərbaycan dövlətinə meydan oxuyan "Baku Steel Company"yə gücü çatmayan İqtisadiyyat və Sənaye Nazirliyi, arxasında oliqarx-məmur olmayan dünya şöhrətli şirkətlərin nümayəndəliklərinə astronomik cərimələr yaza bilir".

MÜƏLLİMLƏRİN MAAŞI 2015-DƏ ARTIRILA BİLƏR

“Yeni Müsavat”a açıqlamasında, növbəti ilin dövlət büdcəsi haqqında fikirlərini səsləndirən MM-in İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, 2015-ci ilin büdcəsində xərcləri və gəlirləri ilə bağlı hər hansı problem yoxdur:

“Təxminən 19 milyard gəlir, 21 milyarda yaxın da xərc nəzərdə tutulub. Neftin qiyməti dövlət büdcəsində 90 dollar nəzərdə tutulub. Bu məsələ daha çox müzakirəyə səbəb olub. Çünki dünya bazarında neftin ucuzlaşma prosesi gedir. Ancaq düşünürəm ki, neftin ucuzlaşması Azərbaycanda neftdən gələn gəlirlərə təsir etməyəcək”.

Vahid Əhmədov onu da bildirdi ki, büdcə əsasən sosial yönümlüdür:

“Büdcənin 32%-i investisiya layihələrinə, 21%-i sosial sahə üçün nəzərdə tutulub. Bir sıra məsələlər var ki, bizi narahat edir. Bunlar əsasən əhalinin mənzillə təmin edilməsi və ipoteka kreditlərinin verilməsi ilə bağlıdır. Biz təklif etdik ki, ümumiyyətlə dövlətin mənzil planı işlənib hazırlansın, əhalinin mənzillə təminatı yalnız Bakıda və mərkəzi şəhərlərdə yox, o cümlədən rayonlarda da həyata keçirilsin. Bu məsələ hazırda müzakirə obyektidir. O cümlədən, müəllimlərin və həkimlərin maaşlarının artırılması məsələsi gündəmdədir. Müəllimlərin maaşlarının artırılması ilə əlaqədar Maliyyə Nazirliyinə məlumat verilib, hazırda bu məsələ razılaşdırılır. Müəllimlərin maaşının artırılması onların iş əmsalına, iş keyfiyyətinə uyğun olaraq nəzərdə tutulur. Sosial müavinətlərin, ehtiyac miqdarının və yaşayış minimumunun artırılması dövlət büdcəsində nəzərdə tutulub. Pensiyaların artırılması ilə bağlı hələ ki müzakirələr getmir. Ancaq dövlət büdcəsindən maliyyələşən qurumlarda maaşların artırılması nəzərdə tutulur”.

XS
SM
MD
LG