Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:12

HRW: «Azərbaycan Avropa Şurasının səviyyəsini saldı»


Giorgi Gogia
Giorgi Gogia

-

Bu həftə, noyabrın 13-də Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində altı aylıq sədrliyi başa çatır.

“Şişirtmədən demək olar ki, bu dövrdə quruma, onun söykəndiyi dəyərlərə hücum baş verdi,” bunu Human Rights Watch hüquq-müdafiə təşkilatının böyük tədqiqatçısı, Cənubi Qafqazda insan haqları məsələləri üzrə ekspert Giorgi Gogia yazır.

Yazıda oxuyuruq:

“Azərbaycan rəhbərliyi uca səslə gənclər siyasətindən danışdı, ancaq ölkədə gənc fəalları həbsə atdı; Avropa İnsan Hüquqları Məhkəməsi barədə yüksək səviyyəli konfransa ev sahibliyi etdi, eyni zamanda ölkənin aparıcı hüquqşünası saxta vergi ittihamları ilə həbs olundu; Azərbaycan müxalifət fəalının siyasi motivli ittihamlarla həbs olunmasına dair çıxarılmış məhkəmə qərarını da yerinə yetirmədi”.

“HƏMKARLARIM ÜÇÜN QORXDUM”

“Prezident İlham Əliyev iyunda Strasburqda AŞPA-nın iclasında danışanda peşman görünmürdü. O, ölkədə insan haqları sahəsində hansısa problemi etiraf etmədi və onu tənqid edən hər kəsə yalançı dedi. Dinləyəndə sarsıldım, ölkədə və kənarda onu tənqid edən həmkar və dostlarım üçün qorxdum. Ən çox qorxduğum baş verdi: assambleyaya gəlib Azərbaycanda dəhşətli insan haqları pozuntularını ictimailəşdirən həmkarlarım indi ya həbsxanada əziyyət çəkir, ya gizlənir, ya da təqibdən qorxaraq ölkəni tərk edib”.

“Şuraya altı aylıq sədrliyi dövründə Azərbaycan təzyiqləri gücləndirdi, azı 11 nəfər saxlandı, azı 9 nəfər siyasi motivli ittihamlarla, qüsurlu məhkəmə prosesləri ilə müxtəlif cəzalar aldı”.

Müəllif hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərovİntiqam Əliyevin saxta ittihamlarla saxlandığını qeyd edir. Gogia yazır ki, hakimiyyətin QHT-lərə dair məhdudlaşdırıcı qanunvericilik dəyişikliklərində məqsəd müstəqil qrupları susdurmaq üçün beynəlxalq maliyyəni kəsməkdir.

İŞLƏR BELƏ GETMƏYƏCƏK

Giorgi Gogia yazını belə tamamlayır:

“Sədrliyi dövründə Azərbaycan hökuməti ölkədə və Avropa Şurasında insan haqları böhranı yaradıb. Bu, Avropada öncül insan haqları təşkilatı olan Şuranı sınağa çəkib. Avropa Şurasının rəhbərliyi Bakının davranışını ən güclü ifadələrlə pisləməli və aydın şəkildə bildirməlidir ki, siyasi motivlərlə həbs olunanlar buraxılana və təzyiqlər bitənədək işlər axarı ilə getməyəcək”.

Human Rights Watch Azərbaycanda ictimai-siyasi fəalların həbsi, vətəndaş cəmiyyətinə təzyiqlərlə bağlı vaxtaşırı bəyanatlar verir. Hakimiyyət təmsilçiləri bu və digər beynəlxalq hüquq-müdafiə təşkilatlarını ikili standartlarda, Azərbaycana qeyri-obyektiv münasibətdə, erməni lobbisinin təsiri altına düşməkdə ittiham edir.

XS
SM
MD
LG