Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:03

Novruz Məmmədov: «Avropa İttifaqına bildirdik ki...»


Novruz Məmmədov
Novruz Məmmədov

-

«Azərbaycan prezidenti İlham Əliyevin bu il ərzində xarici rəsmi səfərlərinin əksəriyyəti Avropa İttifaqı ölkələrinə olub».

apa-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, dövlət başçısı Fransa, Yunanıstan, İtaliya, Macarıstanda səfərdə olub:

«TAP, TANAP layihələri və gələn il istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmiryolu region, dünya ölkələri, həm də Avropa İttifaqı üçün böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə iştirakı və Avropa ölkələrinə səfərləri Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın bu ruha uyğun olaraq inkişafına təkan verir. Avropa ilə əməkdaşlıq prosesi ilə bağlı Azərbaycanın xüsusi mövqeyi var. Uzun illər proseslər getdi, müəyyən məsələlərlə bağlı narazılığımızı bildirdik. Ümumiyyətlə, ayrılıqda götürəndə, bizim Avropa İttifaqı ölkələrinin hər biri ilə ayrılıqda gözəl münasibətlərimiz var. Amma Avropa İttifaqı ilə əməkdaşlıqdan söhbət gedəndə, ortaya bir sıra məsələlər çıxdı və biz bu məsələlərlə bağlı xüsusi mövqeyimizi bildirdik».

N.Məmmədov qeyd edib ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı normal gedir:

«Lakin biz Avropa İttifaqına bildirdik ki, sizin təklif etdiyiniz Assosiasiya Sazişinin bir sıra müddəaları bizi təmin etmir, biz müstəqilliyimizi, suverenliyimizi tam qoruyub saxlamaq istəyirik. Xarici siyasət kursumuzun müstəqilliyini ona görə saxlayırıq ki, o, dövlətimizin, ölkəmizin, xalqımızın bütün maraqlarını qorumağa xidmət etməlidir».

N.Məmmədov bu baxımdan Azərbaycanın Avropa İttifaqına xüsusi strateji tərəfdaşlıq sazişi imzalamağı təklif etməsinin təsadüfi olmadığını vurğulayıb:

«Necə olur ki, Avropa İttifaqının hər bir ölkəsi ilə gözəl əməkdaşlıq edə bilirik? Avropa İttifaqı ilə də belə əməkdaşlıq qurulmasını istəyirik. Azərbaycan onsuz da hər mənada xüsusi ölkədir, əməkdaşlığımız da belə olsun, xüsusi strateji tərəfdaşlıq sazişi imzalansın. Düzdür, əvvəlcə Avropa İttifaqında bu təklifə bir qədər fərqli münasibət göstərdilər, amma görürlər ki, bu addım ən düzgün variant, ən düzgün seçim ola bilər».

XS
SM
MD
LG