Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:16

10 il məhkəmə yollarında...


Arxiv fotosu
Arxiv fotosu

-

"O, bir ata kimi yalnız bir oğlu barədə düşünür. Məni isə ümumiyyətlə, övlad yerinə qoymur"

Saatlı sakini Eldar Məmmədov AzadlıqRadiosunun "Qaynar xətt”inə şikayət edib ki, atası onu yaşadığı mənzildən çıxarır, mənzili isə digər oğluna verir. O, bunu mülkiyyət hüquqlarının pozulması hesab edir. Deyir, mülk onun adından saxta yolla kiçik qardaşı Səbuhi Məmmədovun adına keçirilib. Məhkəmələr isə bu saxtakarlığa qanuni don geydirib.

“YAŞADIĞIM EVİ SAXTAKARLIQLA QARDAŞIMIN ADINA KEÇİRİBLƏR"

Eldar Məmmədov:

“1991-ci ildə ailəvi yığışıb mənim adıma ev aldıq. Təqribən 2004-cü ildə ailədə münaqişələr başladı. Mən həmin evdə yaşaya-yaşaya evi məndən gizlin və saxta yolla adımdan çıxarıb əvvəl başqa bir adama guya alqı-satqı etdilər. Sonra da həmin adamın adından kiçik qardaşımın adına keçirdilər. Qonşularım da təsdiqləyir ki, o evdə uzun illər mən yaşamışam, uşaqlarım o evdə doğulub, kommunal ödəmələri mən etmişəm. Bunlar da təsdiqləyir ki, evdə mən yaşamışam. Gördüm vəziyyət belədir, məhkəməyə üz tutdum”.

Şikayətçinin sözlərinə görə, 2004-cü ildən gah ailə üzvlərini məhkəməyə verir, gah da özü ailə üzvləri tərəfindən məhkəməyə verilir. Bu məhkəmələri gah udur, gah uduzur.

“Qazandığım qəpik-quruş da məhkəmə yollarında gedir. İş o yerə çatıb ki, yeməyə çörək tapmıram. Mülkiyyət hüquqlarımı necə bərpa edim, özüm də bilmirəm. Məhkəmələr də pul tələsidir”.

Eldar Məmmədov deyir ki, mülk mübahisəsi ailə üzvləri arasında necə münaqişəyə səbəb olubsa, ailə üzvləri onu polisə də veriblər:

"Polisə vermişdilər ki, guya əl qadırmışam, təhqir etmişəm. Bir müddət də başımı belə qatdılar”.

ATA NƏ DEYİR...

Eldar Məmmədovun atası Müslüm Məmmədov isə deyir ki, indiyə qədər topladığı sərvətini 4 övladı arasında bərabər bölməyə çalışıb. Eldar Məmmədovun yaşadığı ev kiçik oğlu Səbuhinin payına düşüb. Ancaq oğlu Eldar bərabər bölgüyə qarşı çıxaraq həm özünə çatan 4 hektara yaxın torpaq sahəsinin, həm də Səbuhinin payına düşmüş mənzilin ona verilməsini tələb edib:

Müslüm Məmmədov:

“Mən elə edə bilmərəm ki, bir oğluma hər şey verim, o birinə isə heç nə verməyim. Əvvəldən razılığa gəldik ki, Eldar torpağı götürəcək, ev isə Səbuhiyə çatacaq. Torpağın sahəsi azı 3 hektardır. Keçən il o sahəyə 400 min manat verirdilər, Eldar satılmasına razı olmadı. O torpağı satsa Saatlıda da, Bakıda da bir neçə ev ala bilər. Torpağı götürəndən sonra dedi ev də mənim olsun. İndi Eldar qardaşının payına göz dikməsi haqsızlıqdır”.

Ailə üzvləri arasında məhkəmə çəkişmələri davam edir.

XS
SM
MD
LG