Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:36

Avropa Şurası Rusiya həbsxanasındakı ukraynalı pilota toxunulmazlıq verdi


Italiya - Nadiya Savchenko-nu azad etməyə çağıran plakat, 11 yanvar 2015
Italiya - Nadiya Savchenko-nu azad etməyə çağıran plakat, 11 yanvar 2015

-

Avropa Şurasının Parlament Assambleyası həbs edilmiş Ukrayna pilotu Nadia Savchenko-ya beynəlxalq toxunulmazlıq verib və onun Rusiya həbsxanasından dərhal azad edilməsinə çağırıb.

Savchenko 45 gündür aclıq edir, səhhətinin təhlükəli həddəcən pisləşdiyi deyilir. Onun azadlığa buraxılması tələbilə etiraz aksiyaları keçirilir, Twitter-də ona dəstək kampaniyası aparılır.

Pilotun vəkili Mark Feigin Rusiya prezidenti Vladimir Putin-ə məktub yazlb. “ Ekho Moskvy” radiosunun saytında çap olunan məktubda deyilir ki, Savchenko-nun həyatını xilas etmək üçün “dəhşətli dərəcədə az vaxt qalıb”.

AŞPA-nın qış sessiyasının ilk iclasında Savchenko-nun Ukrayna nümayəndə heyətinin üzvü olaraq səlahiyyətləri təsdiqlənib və ona toxunulmazlıq hüququ verilib.

Sergei Naryshkin AŞPA-nın iclasında, 26 yanvar 2015
Sergei Naryshkin AŞPA-nın iclasında, 26 yanvar 2015

Assambleya bildirir ki, bu toxunulmazlıq Rusiya üzərinə öhdəlik qoyur ki, Savchenko-nu Moskvadakı təcridxanadan azadlığa buraxsın. Onu Ukraynanın şərqində 2 rusiyalı jurnalistin ölümündə ittiham edirlər.

Bundan əvvəl Rusiya Dövlət Dumasının spikeri Sergei Naryshkin demişdi ki, Savchenko-nun aqibəti ilə bağlı qərar vermək Rusiyanın ədliyyə sisteminin işidir:

“Kiminsə günahkar olub-olmamasını məhkəmə müəyyən edir. Əgər məhkəmə qərar versə ki, o günahsızdır, onda azadlığa buraxılacaq”.

33 yaşlı SavchenkoUkraynada aviasiya akademiyasını bitirmiş ilk qadınlardandır. O deyir ki, Ukraynanın şərqində rusiyameylli separatçılar tərəfindən oğurlanaraq qanunsuz olaraq Rusiyaya verilib.

Moskvada onu təcridxanaya salmamışdan əvvəl 1 ay ruhi xəstəxanada saxlayıblar.

Keçmiş baş nazir Yulia Tymoshenko-nun “Batkivshina” Partiyasından qiyabi olaraq deputat seçilmiş Savchenko təcridxanada ölüm aclığı aksiyası keçirir. Ona zorla ilıq su və qlükoza qəbul etdirilir.

Vəkili və yanında olmuş yaxınları deyirlər ki, pilot qadın çox arıqlayıb və xəstəhaldır, amma aksiyasını davam etdirir.

Ukrayna - Savchenko-ya dəstək aksiyası, 26 yanvar 2015
Ukrayna - Savchenko-ya dəstək aksiyası, 26 yanvar 2015

AŞPA-nın sessiyasının başlandığı gün həm Fransada, həm də başqa ölkələrdə Rusiyanı Savchenko-nu, eləcə də 100-dən çox başqa siyasi məhbusu azadlığa buraxmağa çağıran aksiyalar keçirilib.

Sessiyadakı çıxışında Britaniyadan olan deputat Robert Walter təklif edib ki, Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin dondurulması ilə bağlı məsələyə baxılsın.

Onun fikrincə, Avropa Şurasının baza prinsiplərinin Rusiyada pozulmasında bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin də günahı var.

Assambleya Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənib-təsdiqlənməməsi məsələsinə yanvarın 28-də baxacaq.

XS
SM
MD
LG